Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır: 1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:  

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
  • Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
  • mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
  • İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
  • dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
  • dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
  • dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
  • hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
  • kütləvi informasiya vasitələrinin əməkdaşları;
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
  2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:  
  • dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
  • fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.
  3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:  
  • təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
  • ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
  • yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
  Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:  
  • Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
  Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. 1 nömrəli əlavə Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

2020-04-02 00:00:00
3594 baxış

Digər xəbərlər

DSX-nin 104 yaşı tamam olur - REAL İNTERVYU

Hamısını oxu
Rusiya Federasiyasının Azərabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir.   Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.

Hamısını oxu
Zakir Həsənov əmr verdi - Təxribatların qarşısı alınsın

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb. Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib. Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib. Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hamısını oxu
Suraxanı rayonunda şəhid Osman Manafovun xatirəsinə inşa edilən bulaq-abidə kompleksinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 13-də Suraxanı rayonunda Vətən müharibəsinin növbəti şəhidi, əsgər Manafov Osman Natiq oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq-abidə kompleksinin açılışı olub.   Açılışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin əməkdaşları, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər, eləcə də Şəhidimizin ailə üzvləri və yaxınları iştirak etmişlər.   Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.   44 günlük Vətən müharibəsində öz canından keçərək şəhidlik məqamına ucalan Osman Manafov da adını əbədiyaşarların cərgəsinə yazdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Osman Manafov Xocavənd döyüşləri zamanı şəhid olub. İllər keçsə də, gələcək nəsillər Osman kimi vətən oğullarımızı hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Qeyd edək ki, Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.  

Hamısını oxu