Respublika Veteranlar Təşkilatı şəhid sərhədçilərin yaxınlarına və Dövlət Sərhəd Xidmətinin komandanlığına başsağlığı verib
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir. Allah rəhmət eləsin!