Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə


Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir: • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla); • İstirahət və əyləncə məkanları üzrə xidmətlər; • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; • Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət); • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • Fərdi mənzillərdə təmizlik xidmətləri; • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar. 2. Səhiyyə və sosial sahə üzrə: • Elmi-tədqiqat və laborator xidmətləri • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər • Baytarlıq xidmətləri • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı • Sosial xidmətlər • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti 3. İnfrastruktur sahəsi üzrə: • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması) • Elektrik enerjisinin istehsalı və təchizatı • Su təchizatı və meliorasiya • Telekommunikasiya və rabitə xidmətləri 4. Nəqliyyat və logistika sahəsi üzrə: • Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları • Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri • Logistika xidmətləri • İctimai nəqliyyat və taksi xidmətləri 5. Əsas istehsalat növləri: • Müdafiə sənayesi məhsullarının istehsalı • Neft avadanlıqları və qurğularının istehsalı • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı • Kimyəvi məhsulların istehsalı • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti • Əkinçilik və məhsul yığımı • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı • Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi • Metallurgiya sənayesi üzrə fəaliyyət • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri • Mühəndislik və layihələndirmə xidmətləri • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri • Qablaşdırma məhsullarının istehsalı • Daş, metal və taxta məhsullarının istehsalı • Mebel istehsalı və təmiri • Diri heyvanların kəsimi 6. Pərakəndə və topdansatış üzrə: • Ərzaq məhsullarının satış məntəqələri • Apteklər • Yanacaqdoldurma məntəqələri • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri 7. Məişət xidmətləri üzrə • Məişət tullantılarının yığılması və utilizasiyası • Poçt xidmətləri • Kimyəvi təmizləmə • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi • Avtomobillərin təmiri • Avtomobil yuyulma məntəqələri • Tərcümə xidmətləri • Heyvan sığınacaqları • Dizayn xidmətləri 8. Kütləvi informasiya vasitələri 9. Maliyyə təşkilatları üzrə • Banklar və valyuta mübadiləsi məntəqələri • Sığorta təşkilatları • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar 10. Xüsusi xidmət növləri üzrə • Çatdırılma xidmətləri • Məişət avadanlıqlarının təmiri • Dezinfeksiya xidmətləri Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir. Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir. COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.
Hamısını oxu
Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir. Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir. Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”. Məşhur Məmmədov,Milli Məclisin deputatı
Hamısını oxu
Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb. Sammitlə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov sammitin əhəmiyyəti, eləcə də Türkiyənin NATO-da artan rolu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Ankarada NATO-nun 36-cı sammitinin keçirilməsi ABŞ və Qərbin gələcək təhlükəsizliyi baxımından mühüm əhəmiyətə malikdir. Sammitdə NATO-nun hərbi-siyasi qurum kimi qorunub saxlanılması, onun imkanlarının genişləndirilməsi, təhlükəsizliklə bağlı təhdidlərə qarşı önləyici addımların atılması kimi mühüm məsələlər müzakirə edilir. Bizim üçün qürurverici məqamlardan biri sammitdə Türkiyəyə aparıcı NATO dövləti kimi xüsusi diqqətin göstərilməsi, qardaş dövlətin bu alyansdakı əhəmiyyəti haqqında yüksək fikirlərin səsləndirilməsidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin hərbi gücünü təqdir edən önəmli fikirlər səsləndirdi. Baş katib qeyd etdi ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atıb və bu istiqamətdəki səylərini qətiyyətlə davam etdirməkdədir. Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen də Türkiyənin NATO üçün əhəmiyyətinin inkaredilməz olduğunu bildirdi. Qeyd etdi ki, Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir və alyansın həyatında hər zaman mühüm rol oynayıb. Şübhəsiz, Türkiyənin NATO-dakı rolunun güclənməsi qardaş ölkə olaraq Azərbaycanı da qürurlandırmaqda, bizdə fərəh hissi oyatmaqdadır. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür. Bu mənada Türkiyənin hərbi gücünün artması bütün türk dünyasının təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Onu da xatırladım ki, Azərbaycanla Türkiyə arasıdna uzun illərdir ki, sıx hərbi əməkaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək, mütəmadi şəkildə genişləndiriləcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Bakı səmasının maviliyindən şəhərə boylananda bəlkə də bir çoxu bu şəhərin yalnız neftlə dolu torpağını görür. Amma bu torpağın altı qədər üstü də qiymətlidir. Çünki bu torpaq təkcə maddi sərvət deyil, həm də müdriklik, elm və fədakarlıq yetirib. O müdriklərdən biri də Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, alim, dövlət və elm adamı Vəli Yusif oğlu Axundovdur. Onun həyatı XX əsr Azərbaycan tarixinin, xüsusilə də elmi və siyasi proseslərin güzgüsüdür. Onun həyatı, təcrübəsi və yaradıcılığı yalnız bir insanın uğurları ilə məhdudlaşmır; əksinə, xalqın, millətin və bütöv bir cəmiyyətin inkişafına xidmət edən bir örnəkdir. O, tibb elminin incəliklərinə hakim olduğu qədər ədəbiyyatın, musiqinin və mədəniyyətin dərin qatlarına da nüfuz etmiş bir alim və ictimai xadimdir. Bu gün biz Böyük Vətən Müharibəsində əldə edilmiş şanlı Qələbənin 80 illiyini ehtiramla qeyd edərkən yalnız silahla döyüşən qəhrəmanları deyil, həm də canla-başla hərbi xəstəxanalarda həyat qurtaran, səngərdə insan ömrünü qoruyan, döyüş meydanında böyük insanlıq nümunəsi göstərən şəxsiyyətləri də xatırlayırıq. Onlardan biri də akademik Vəli Axundovdur. O, 1916-cı ilin mayında Bakı şəhərinin Saray kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı və gəncliyi çətinliklər içində keçmiş, lakin bu çətinliklər onun əzmini qırmamış, əksinə daha da möhkəmləndirmişdir. Orta təhsilini başa vurduqdan sonra sənət məktəbində, ardınca isə Bakı Sənaye Texnikumunun kimya şöbəsində təhsil almışdır. Lakin o, bununla kifayətlənməmiş, 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və həkimlik peşəsinə yiyələnmişdir. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. Vəli Axundovun həyatı gəncliyindən vətənlə çarpazlaşdı. 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirakçılarından birinə çevrilmişdir. Böyük həkimlik istedadına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. Onun rəhbərliyi altında minlərlə yaralı döyüşçü sağaldıldı, yenidən cəbhəyə qaytarıldı, ya da evinə dönə bildi. Müharibənin qan və tər içində keçən illərində o, həm həkim, həm psixoloq, həm də döyüşçü idi. Yaralı bir əsgərin gözlərinə baxıb “Sən sağalacaqsan” deyə bilmək, yalnız peşəkarlıq yox, sarsılmaz inam və vətən sevgisi tələb edirdi. Bu inamın adı o illərdə çox vaxt “Doktor Axundov” idi. Cəbhədə qazandığı təcrübə və etimad onun sonrakı elmi və dövlətçilik fəaliyyətinə bünövrə oldu. Səngərdə döyüşkənlik, laboratoriyada elmi dəqiqlik, rəhbərlikdə isə insanlıq və ədalət onun həyat devizinə çevrildi. Müharibə onun iradəsini bərkidib, ruhunu möhkəmləndirmişdi. O, öz xalqına səhiyyə sistemində, elmi institutlarda, rəhbər vəzifələrdə bu ruhla xidmət etdi. Lakin onun gerçək savaşı müharibədən sonra başladı. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış tibb tarixi kafedrasında assistent işləmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra isə direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır. Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində onun metodikası SSRİ-nin bir çox bölgələrində tətbiq olunmağa başlamışdır. Vəli Axundovun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilirdi. Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: “Su sağlamlığın aynasıdır.” Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlara başladı. Sututarlarının sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri bütün bunlar onun rəhbərliyi altında araşdırılır, elmi həllər tapılırdı. Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktoru elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru kimi çalışmışdır. Onun xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. Belə ki, yaşı yetmişə yaxın olsa da, ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən Axundov təkcə kabinet alimi deyildi. O, 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958–1959-cu illərdə isə Nazirlər Sovetinin sədri olmuşdur. 1959–1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmiş, ölkənin iqtisadi və elmi inkişafı üçün müəyyən addımlar atmışdır. Onun rəhbərliyi dövründə neft sənayesi və kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, sosial və elmi infrastruktur genişlənmişdir. Vəli Axundovun həyatı sadə kənd uşağından xalqına xidmət edən böyük şəxsiyyətə gedən yoldur. O, həm elm, həm də siyasət sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan xalqına uzun illər vicdanla xidmət etmişdir. 1986-cı ilin avqustunda dünyasını dəyişən Vəli Axundov Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elmi və siyasi tarixində dərin iz buraxmış şəxsiyyətlər sırasında hörmətlə anılır. Hazırda 300-dən çox elmi əsəri, 6 monoqrafiyası və onlarla kitabçası gənc tədqiqatçılar tərəfindən araşdırılır. Onun elmi məktəbindən çıxan doktorlar və alimlər bu gün də onun adını fəxrlə daşıyırlar. Vəli Axundovun həyatı yalnız elmlə yox, həm də əqidə ilə yazılmış bir dastandır. SSRİ-nin yüksək ordenləri, medalları və fəxri fərmanları onun fədakarlığının nümunəsidir. Amma onun ən böyük təltifi xalq yaddaşında əbədi qalmasıdır - bir alim, bir vətənpərvər, bir insan kimi. Bu gün biz Qələbənin 80 illiyini qeyd edərkən həm döyüş meydanında, həm də elmin səngərində vuruşan Vəli Axundovun adını sadəcə yad etmirik, ona haqqını qaytarırıq. Çünki bu bayramın qeyd olunmasında onun da haqqı vardır. Vəli Axundovun ömrü tamamlandı, amma o ömürdə yazılmış izlər silinmədi. O izlər laboratoriya masasındakı saralmış bir qeyd dəftərində, bir əsgərin sağalmış yarasında, bir kəndin təmizlənmiş suyunda, bir tibb tələbəsinin əzbərlədiyi monoqrafiyada yaşayır. Çünki elmin sükutuna bəzən bir insanın ömrü işıq saçır. Vəli Axundov o işıqlardan biri idi. Və bu işıq yalnız bir ömrün deyil, bir xalqın sağlam gələcəyinin işığıdır. Bu işıq illər keçsə də sönməyəcək. Bu ad hər zaman aydınlıq gətirəcək. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu