Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İrəvan dövlətinin bayrağı qəbul edildi

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir. Publika.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib. “4 iyun - Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, - deyə o qeyd edib. Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib. Artıq mühacir hökumət də formalaşıb.

2020-07-05 00:00:00
3131 baxış

Digər xəbərlər

“Aprel döyüşləri düşmənə tarixi gözdağı, əbədi ibrət dərsidir”

Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi”   2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib:   “2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir.  Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.   Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.   Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.   Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Ulu Öndər Heydər Əliyev mayak kimi daim xalqımıza xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir

Artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Zaman keçdikcə Ümummilli Liderimizin dahiliyi  daha da aydın görünür. Ulu Öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında deyilmiş bu tarixi fikirlərin həyata keçdiyini, həmin qürurlu günləri gördükcə Ulu Öndərin uzaqgörən fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov Ümumilli Lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş nankor qonşularımız yenə baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Beləliklə, 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyun - Qurtuluş Gününə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə biz xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, müstəqilliyimizin təhlükə altına düşməsi, iqtisadi tənəzzül, çörək növbələri, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması və bu kimi bir çox çətinlikləri  yaşamışıq. Nə yaxşı ki, Azərbaycanın müdrik ağsaqqalları, o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə muraciət edərək Azərbaycanı bu bəlalardan ancaq onun qurtara biləcəyini söylədilər. Səriştəsiz AXC-müsavat cütlüyünün idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Ümummilli Liderimizi  xalqı bu bəlalardan xilas etmək üçün ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbini və Azərbaycanın düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə Azərbaycanı bu çətin, böhranlı  vəziyyətdən çıxartmağa başladı. Bu yolda düşmənlərimiz tərəfindən ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin ona qarşı davamlı təzyiqləri, hətta sui-qəsd və çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, sözün həqiqi mənasında Ümummilli Lider, Ulu Öndər, xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi. O demişdir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”  Prezident olduğu dövrdə Ulu Öndər Heydər Əliyev 60-dan çox ölkəyə səfər etmiş, həmin səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev haqqında dünyanı idarə edən ölkələrin liderləri, dünya şöhrətli tanınmış şəxslər, hətta nüfuzlu din xadimləri çox müsbət və dəyərli fikirlər söyləmişlər. 1978-2005-ci illərdə Roma Papası olmuş II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur.” ABŞ-ın Prezidenti (2000-2008) Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.” Fransa Respublikasının Prezidenti (1995-2007) Jak Şirak: “...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Bu iqtibas siyahısını səhifələrcə davam etdirmək olar, yüzlərlə tanınmış şəxsiyyətin  Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi dəyərli fikirləri burada qeyd edə bilərik. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə 300 milyonluq ittifaqa rəhbərliyi zamanı onu şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların Azərbaycana və azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişmişdir. 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”ni bağlaması ilə nəinki gələcəkdə ölkəmizə böyük valyuta axınının təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. İllər ötəcək, əsrlər keçəcək Ümummilli Lider Heydər Əliyev bir mayak kimi Azərbaycan xalqını və digər xalqları xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli xəzinəsidir, milli sərvətidir. Arximed demişdir: “Mənə istinad nöqtəsi göstərin, yer kürəsini yerindən tərpədim.” Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin istinad yeridir. Azərbaycan xalqı və digər xalqlar istənilən mövzuda Heydər Əliyev xəzinəsinə istinad edərək özlərinə lazım olan müsbət cavabı ala bilərlər. Müasir Azərbaycanın banisi, qurucusu, memarı olan Heydər Əliyev xəzinəsindən istər siyasi, istərsə də iqtisadi, mədəni, hərbi, humanitar, o cümlədən elm, təhsil, incəsənət və digər bütün sahələr üzrə bəhrələnmək olar. Heydər Əliyevin həyatı və fəaliyyəti insanlar tərəfindən öyrənilməsi labüd olan ali bir məktəbdir. Bu məktəbin daimi dinləyicisi və bilicisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Azərbaycan xalqına xilaskar kimi bəxş etdiyinə görə də xalqımız Ulu Öndər Heydər Əliyevin ruhuna daim  dualar oxumalıdır. Ümummilli Liderin cənab İlham Əliyev haqqındakı tarixi fikrini hamımız  yaxşı xatırlayırıq: “Mən ona  özüm qədər inanıram”. Bu sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi, bu bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hakimiyyətdə olduğu elə ilk günlərdən, özü dediyi kimi, hər  bir azərbaycanlının Prezidenti olmaqla Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Azərbaycanda olan siyasi və iqtisadi stabillik, hərtərəfli inkişaf, iş yerlərinin açılması, Olimpiya İdman Kompleklərinin tikilib istifadəyə verilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, o cümlədən də Bakının gündən-günə gözəlləşməsi Ümummilli Liderimiz Heydər Əliyev kursunun inamla və böyük uğurla davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Prezident olduğu zamandan başlayaraq hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, dünya ölkələri ilə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulmasi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq səviyyədə özünə layiqli yer tutması, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və digər uğurlarımız 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməli idi. Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlayır, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Böyük sərkərdə cənab İlham Əliyevin, eləcə də igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının qamətini düzəltdi. Bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, igid qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq. Bu Qələbə şanlı tariximizə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə qızıl hərflərlə yazılacaq.  Qızıldan imza atdın Tarixin yaddaşına, Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Qarabağı almağı Məqsəd qoydun qarşına, Dəmir yumruq endirdin Düşmənlərin başına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Fəaliyyəti dövründə Azərbaycan Ağsaqqallar Şurası da hər zaman  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi Ümummilli Liderin dirçəliş və iqtisadi inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun dəstəklənməsi və vətəndaşlarımız arasında təbliğ edilməsi missiyasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat  Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə də gənc nəslə aşılayır. Paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən nüfuzlu ağsaqqalların, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir. May ayının 2-də növbəti  belə bir tədbir, möhtəşəm konfrans baş tutmuşdur. Belə ki, Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış elm adamlarının, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin SSRİ  Nazirlər Sovetinin sədrinin 1-ci müavini işlədiyi dövrlərdə Sovet İttifaqının tərkibindəki türk dövlətlərinə və digər  respublikalara göstərdiyi dəstəkdən, Türkiyə ilə olan dostluq və qardaşlıq  münasibətlərindən söhbət açılmış, onun bütün Türk dünyası üçün böyük şəxsiyyət olması çıxış edən natiqlər tərəfindən xüsusi vurğulanmışdır. Bu məsuliyyətli və şərəfli yolda, cəmiyyətimizin, xüsusilə də gənclərimizin dövlətimizin  və dövlətçiliyimizin inkişafı naminə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, Azərbaycanımızın dünyada daha şöhrətli, qalib bir ölkəyə çevirilməsi üçün Respublika Ağsaqqallar Şurasının üzvləri  hər zaman olduğu kimi bu gün də öz müdrikliyi və həyat təcrübələri ilə əllərindən gələn dəstəyi və köməkliyi göstərməkdədirlər. Biz unutqan olmamalıyıq. Bu günün qədrini bilməliyik. Gənc nəslə bu xoşbəxt günə hansı çətin, keşməkeşli yollarla gəlib çıxdığımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Bu gün biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçısı, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni  parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində  inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!  Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Hamısını oxu
Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Yasamal rayonunda stolüstü tennis idman növü üzrə yarış keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində stolüstü tennis turniri keçirilib. 21.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan stolüstü tennis turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır. Məhz bu kurs nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin fiziki və mənəvi inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafı üçün yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara cavab verən idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar formalaşdırılır. Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər sağlam həyat tərzinin təbliği ilə yanaşı, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılmasına, onların fiziki hazırlığının gücləndirilməsinə və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Eyni zamanda bu yarışlar gənclər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin yaranmasına xidmət edir, onların sosial fəallığını artırır və ictimai həyata daha aktiv qoşulmalarını stimullaşdırır. Eyni zamanda vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində öz mövqeyini daha da gücləndirir. Ölkəmiz nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməklə yanaşı, idmançılarımızın qazandığı yüksək nailiyyətlər sayəsində dünya idman ictimaiyyətində böyük hörmət qazanır. Sonda çıxış edənlər yarış iştirakçılarına uğur arzulayıblar. Stolüstü tennis yarışı iştirakçılar arasında yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.  

Hamısını oxu