Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışında deyilir:

 
“Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq. Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular. Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.

2020-07-13 00:00:00
3539 baxış

Digər xəbərlər

Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
9 dekabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir

9 dekabr 2016-cı tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. C.Xəlilov demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Yaxın vaxtlarda biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan xalqı tarixi nailiyyəti olan Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini bayram etdi. Ancaq hamənıza yaxşı məlumdur müstəqilliyinin bərpası ərəfəsundə Azərbaycan hansı çəlalarla qarşılaşmışdı. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı  Azərbaycandan qoparmağa çalışırdılar. Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ancaq İmperiyanın tankları da azadlığa gedən yolun qarşısını kəsə bilmədi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında yanvarın xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”.   Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbir digər çıxışlarla davam etdirilmişdir.  

Hamısını oxu
Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.   Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.   Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.   Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.   “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.  

Hamısını oxu
“DTX-nın keçirdiyi bu görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır”

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən, bu tarixi qələbənin hərbi-siyasi, iqtisadi-mənəvi əhəmiyyətindən danışılıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  Ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb:: “Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi həm qazilərimizə hörmət və ehtiram göstəricisi, həm də vətənpərvərlik tərbiyəsinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Bu, dövlət başçısının şəhdilərimizə, qazilərimizə verdiyi yüksək qiyməti, sonsuz ehtiram və məhəbbəti göstərir. Bu baxımdan, şəhid ailələrinə, eləcə də müharibə iştirakçılarına daim qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur. DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə belə bir görüşün keçirilməsi hər şeydən öncə mənəvi baxımdan böyük önəm kəsb edir. Bu, dövlətimizin bir an belə olsun qazilərimizi diqqətdən kənarda qoymadığını, onların qəhrəmanlığının, tarixi xidmətlərinin təbliğinə xüsusi önəm verdiyi göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbayacan xalqı öz qəhrəmanlarını unutmur və onlarla ünsiyyətə mənəvi ehtiyac hiss edir. Mən belə bir görüşü təşkil etdiyinə görə DTX-ya, onun rəhbərliyinə təşəkkür edirəm. Qürur hissi ilə vurğulayıram ki, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi DTX-da ənənə halını alıb. Hansı ki, bu tendensiya milli-mənəvi dəyərlərimizin təbliği, qəhrəmanlarımızın gənclərə tanıdılması baxımından həyati əhəmiyyətə malikdir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır”. Seymur ƏLİYEV

Hamısını oxu