Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı beynəlxalq qurumları Ermənistanın təxribatlarına hüquqi qiymət verməyə çağırır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi növbəti təcavüz aktına görə işğalçı ölkə rəhbərliyini sərt şəkildə qınamağa çağıran bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması dünyada sülhə və əmin-amanlığa növbəti təhdiddir. Son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması hərbi qulluqçularımızın ölümünə və yaralanmasına səbəb olub. Eyni zamanda, Ermənistan məkrli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən kəndlərin dinc əhalisini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub. Nəticədə dinc sakinlər arasında da həlak olan və yaralananlar var. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib”. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrı-seçkilikdir. Azərbaycan Respublikası tolerant və multikultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbir və qətiyyətlə yanaşıb. Ərazisi işğal altında olan və erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirib, münaqişənin dinc yolla həllinə çalışıb. Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə edib. “Biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.

2020-07-17 00:00:00
3491 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı

Qəhrəmanlar unudulmur!       Fəxrəddin Musayev: Zirvələrin Qartalı Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.  Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır,  etiramla anır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il  iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi...  Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur.  Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur.  Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri  qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib.  Cəlil Xəlilov                   Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Prezident Administrasiyası və QHT Agentliyinin yetkililəri Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı təbrik ediblər. Təbrikə görə Vüsal Quliyev və Aygün Əliyevaya təşəkkürünü bildirən Fatma Səttarova, bunu bütün Azərbaycan qadınlarına göstərilən diqqət kimi dəyərləndirib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb. Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Çıxış edənlər qürur hissi ilə bildiriblər ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

Hamısını oxu
İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az    

Hamısını oxu