Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənilərə köləlik edən

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır. Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum. Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin. Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu. Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli. O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq. Belə deyir Vidadi İsgəndərli. İkinci məxluq Arif Məmmədovdur. 56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır. Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır". Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi. İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib". Səbəb? Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş. "Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib. Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər. Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.  

2020-07-28 00:00:00
1228 baxış

Digər xəbərlər

Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatl

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az

Hamısını oxu
AR Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Biz veteranlar Ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə veteranlara göstərilən yüksək qayğı və diqqəti bu gün də minnətdarlıq hissi ilə xatırlayırıq. Müstəqilliyimiz bərpasından sonra da öz humanist siyasətinə sadiq qalan Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” Qanun oldu. Həmin qanunla müstəqil Azərbaycanda veteranlara hərtərəfli qayğının hüquqi bazası yaradılmış, bu istiqamətdə dövlət siyasətinin əsası qoyulmuşdur.   Cənab Prezident! Ulu öndərin veteranlara göstərdiyi qayğı və diqqətin bu gün Sizin tərəfinizdən ardıcıllıqla davam etdirilməsi Vətən, xalq yolunda xidmətlər göstərmiş, yaşının ahıllıq dövrünə çatmış insanları qəlbən sevindirir, onların həyat eşqini artırır. Biz bunu Sizin bu gün 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız sərəncamda da görürük. Bu sərəncam  İkinci Dünya Müharibəsi iştirakçıları, eləcə də bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdalığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.              Dərin  hörmətlə,          Respublika  Veteranlar  Təşkilatı            Rəyasət  Heyəti  adından                                                                  eo general-mayor   Dadaş  Rzayev 

Hamısını oxu
Xocalı soyqırımı ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.  

Hamısını oxu
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

- Əziz həmvətənlər. 2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır. Bizim beynəlxalq əlaqələrimiz bu il daha da genişləndi. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də. Bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir. Azərbaycan bu il İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini vermişdir. Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Eyni zamanda, bu il Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. Bildiyiniz kimi, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir. Mən bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlər çərçivəsində Azərbaycanın milli maraqlarını müdafiə etmişəm. Deyə bilərəm ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır. Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır. Hesab edirəm, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir. Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Qeyd etməliyəm ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır. Bizim hərbi potensialımız bu il də diqqət mərkəzində olmuşdur. Ordumuz üçün nə lazımdırsa onu da biz həll etdik. Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır. Əlbəttə ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir. Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir. Azərbaycanın regionları bu il sürətlə inkişaf etmişdir. Mən bu il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır. Bu il neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. Cənub Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir. Bu il digər tarixi layihə öz həllini tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir. Bu il idmançılarımız bizi qələbələrlə sevindirmişlər. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə İslam həmrəyliyinin güclənməsinə öz töhfəsini verir. Bu il də istisna olmamışdır. Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm. Hörmətli həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!

Hamısını oxu