Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov

“Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur: “Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”. Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır: “Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır. Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özünə od vurardın, etiraz edərdin. Canını çox sevirsənsə, bir şüar hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa gətirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürlər”.
Deputat vurğulayıb ki, istər millətin ziyalıları, alimləri, millət vəkilləri, siyasi partiyalar, istərsə də sadə vətəndaşlar bu cür anormal davranış və mövqeyə reaksiya verməlidirlər: “Adekvat cavab olmadıqca daha da kəskin formada xalqı aşağılayırlar. Adama sual verərlər ki, sən bu millət üçün nə etmisən axı? Özün üçün dissertasiya, kitab yazmısan. Heç onların çoxu da öz maraqlarına xidmət edir, satmaq üçün yazılan kitablardır. Dəllalsan, bu millətə xeyrin də dəyməyib. Nəinki Cəmil Həsənli, orada toplaşanlardan hansı biri göstərə bilər ki, indi bəyənmədikləri bu xalqın yolunda, torpaq uğrunda döyüşüb. O qrupdan Vətən uğrunda, can qoyan varmı? Yaxud da bu xalqın haqq işinin hansı təbliğatını aparmısınız axı? Öz fəaliyyətinizlə dünya ölkələrinə nələri çatdırmısınız? Erməni adı gələn kimi hamısı qorxusundan səsini çıxarmır. Çünki artıq erməni qabından yemək yedikləri üçün, ermənilərə bağlı təşkilatlardan qrantlar aldıqları üçün onların qarşısında başıaşağıdırlar”. Siyavuş Novruzov AXCP və digər radikal müxalifətçilərdən Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: “O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəçilər zamanında dağılışıb getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onların da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerləri, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyələr ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sırf Əli Kərimliyə bağlı adamlardılar, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısası milli şuraçılar qarışıq azsaylı cəbhəçilər hazırda virtual fəaliyyət göstərirlər, canlı fəaliyyətləri də yoxdur”. (trend)

2020-08-13 00:00:00
3522 baxış

Digər xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub. Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, müasir inkişaf reallıqları və  bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən müəssisə və təşkilatlarda işləyən veteranların da sosial müdafiəsi üçün konkret addımlar atılır, istirahət və müalicələri üçün güzəştli yollayışlar verilir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Veteranlara olan yüksək münasibətdən danışan Konfederasiya sədri onlara ayrılan birdəfəlik maddi yardımları, pensiyaların ildən-ilə artırılmasını, mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicəsini dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın veteranlara xüsusi qayğısının göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib. Həmçinin görüşdə tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
“Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır”

Məşhur Məmmədov: “Rəsmi İrəvan etdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir”   “XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır”   "Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir".   Bu barədə “Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.   Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına, habelə, xalqımıza qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə görə beynəlxalq məhkəməyə verilməsi, günahkarlaırn məsuliyyətə cəlb olunması, rəsmi İrəvanın etdiyi əməllərə görə təzminat ödəməsi ədalətin bərqərar olunması baxımından nə dərəcədə zəruridir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu istiqamətdə sistemli addımların atılmasının vacibliyini vurğulayıb:   “Heç kimə sirr deyil ki, beyhnəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar hər zaman ermənilərin törətdiyi cinayətlərə o qədər də diqqət yetirməyib, Ermənistanın özünü cəzasızlıq mühitində hiss etməsinə şərait yaradıb. Biz Ermənistanın xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməli, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etməliyik. Bu baxımdan Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edilməsi üçün gərəkli addımların atılması vacibdir və XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır.   Hesab edirəm ki, Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır. Belə olarsa, Ermənistan o zaman etdiyi əməllər, törətdiyi cinayətlər haqqında daha çox düşünər. Bəlkə yalnız o zaman nəyisə anlayar, başa düşər. Görünən odur ki, onlar başqa cür başa düşmür.   Bu yöndə addımlar atmağa bizim mənəvi haqqımız çatır. Çünki illərdir ki, bu proses davam edib. Azərbaycanın torpaqlarını viran qoyan, insanlarını şəhid edən, hətta qəbirləri belə dağıdan bir dövlət mütləq beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmalıdır. Ermənistan etdiyi əməllərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir və verəcəkdir də!”   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

9 may 2026-cı il tarixində  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər. Veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xairəsini ehtiram hissi ilə yad ediblər. Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri qoyulub. Ziyarətçilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir. Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Mehdi Hüseynzadənin xatirəsi ehtiramla yad edilib.

Hamısını oxu
İlhamə Abdullayeva buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, Təhsil İdarəsinin müdiri Sumqayıt şəhəri 37 nömrəli məktəbin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə görüş keçirib Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Aynur Rüstəmova və Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüşdə iştirak ediblər. Məktəbin tədris mühiti ilə tanışlıq aparılıb, X siniflərdə dərs prosesi izlənilib. Dərslərin təşkili, müəllim-şagird münasibətləri, tətbiq olunan müasir təlim metodları və şagirdlərin fəallığı yerində müşahidə edilib. Daha sonra XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə buraxılış siniflərinin əsas hədəfləri, imtahanlara hazırlıq səviyyəsi, gələcək təhsil planları və motivasiya məsələləri müzakirə olunub, şagirdlərə müvafiq tövsiyələr verilib. Qeyd edək ki, buraxılış imtahanlarında iştirak edən 96 şagirdin nəticələri yüksək olub. Şagirdlərin 44%-i 200 və daha yüksək bal toplayıb, 45%-i isə 150–200 bal aralığında nəticə göstərib, 100 baldan aşağı nəticə isə ümumiyyətlə qeydə alınmayıb. Maksimum nəticə 292 bal, minimum nəticə isə 121 bal olub. Eyni zamanda, şagirdlərin 89%-i 50%-dən yuxarı nəticə əldə edib. Fənlər üzrə göstəricilər də müsbət dinamikanı əks etdirir: tədris dili üzrə 74, riyaziyyat üzrə 52, xarici dil üzrə isə 71 orta nəticə qeydə alınıb. Xüsusilə qeyd olunmalıdır ki, IX siniflə müqayisədə orta balda 29 ballıq artım müşahidə olunub və şagirdlərin 52%-i nəticələrində irəliləyiş göstərib. Bu statistik göstəricilər “Tam orta məktəb” layihəsinin məktəbdə uğurla tətbiq olunduğunu, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdiyini və tədris prosesinin keyfiyyətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu aydın şəkildə nümayiş etdirir. İdarə müdiri məktəbin pedaqoji kollektivi ilə də görüş keçirib. Görüş zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, tam orta təhsil layihəsinin effektiv tətbiqi və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.    

Hamısını oxu