Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında görüş keçirilmişdir

18 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşü keçirilmişdir. Əli Həsənov çıxışına başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin veteranlara xüsusi salamlarını və ən xoş arzularını çatdırmış, dövlət başçısının veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxladığını və bu gün də məhz Prezidentin tapşırığı ilə onlarla görüşə gəldiklərini bildirmişdir. Prezidentin köməkçisi bu il yanvar ayının 3-ü və 25-də 95 yaşları tamam olmuş İkinci Dünya müharibəsi veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Aleksandroviç Qritçenkonun və Səttarova Fatma Hüseyn qızının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 30 yanvar 2017-ci il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduqlarını xatırlatmışdır. O, hər iki qocaman veteranın bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görüldüklərini vurğulayaraq, veteranların daim fəal olmalarından qürur duyduqlarını, onların yalnız mənsub olduqları ailələrin deyil, bütün xalqın ağsaqqalı, ağbirçəyi olduqlarını  qeyd etmişdir. Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ə.Həsənov respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını, veteranlara münasibətin kardinal şəkildə dəyişməsinin şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu məqsədlə təkcə cari ilin əvvəlləindən artıq bir neçə sərancamın imzalandığını bildirən Ə.Həsənov bu günki təqdimatların da bu sahədə növbəti addım sübutu olduğunu vurğulamışdır.  Prezidentin köməkçisi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomlarını İkinci Dünya müharibəsi veteranları Səttarova Fatma Hüseyn qızına və Aleksandr Aleksandroviç Qritçenkoya təqdim etmiş, onlara  cansağlığı, gəlcək işlərində uğurlar arzulamışdır. Fatma Səttarova və Aleksandr Qritçenko çıxış edərək yüksək təltifə və diqqətə görə Azərbaycan Respublikası Prezidentinə öz dərin minnətdarlıqlarını buildirmiş, İkinci Dünya müharibəsi cəbhələrində qazandıqları yaraların bu gün göstərilən belə yüksək qayğıdan sonra sanki sağaldığını vurğulamış, ölkənin ictimai həyatında və gənclərin vətənpərvərlik tərbiyəsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəklərinə əmin etmişlər. Hər iki veteran dövlət başçısı, Ali Baş Komandana, şanlı ordumuza, eləcə də bütün xalqımıza Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətindəki fəaliyyətlərdə uğurlar arzulamışlar. Onlar bütün veteranlar adından Azərbaycan xalqının qələbə gününün uzaqda olmadığına inandıqlarını ifadə  etmişlər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır. C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir. Görüşün sonunda Əli Həsənov Veteran Təşkilatının qarşısında duran vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə inandığını, və bu gün də Təşkilatın fəaliyyətinin ümumən ölkə ictimayyəti tərəfindən razılıqla qarşılandığını qeyd etmişdir.  O, Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin xususi diqqətdə saxlandığını ifadə etmişdir. Görüşdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, İkinci Dünya Müharibəsi  veteranları və  Respulika Veteranlar Təşkilatının şöbə müdirləri iştirak etmişlər.

2017-02-18 00:00:00
3627 baxış

Digər xəbərlər

Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir

İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma "prezidenti" ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir. Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib. Leyla Abdullayeva deyib: "Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir. Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq". Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənova

Hörmətli Zakir müəllim! 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sizi və Nazirliyin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, çətin və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Xalq Cümhuriyyəti dövründən qurulan Silahlı Qüvvələrimiz həqiqətən şanlı, qurur doğurası tarixi yol keçib. İlk demokratik respublikasının müdafiəsindən başlanan bu yolun cığırdaşları olan insanlar çətin şəraitə baxmayaraq, qısa müddətdə həqiqətən güclü, nizami ordu yarada bilmişdilər. Son 28 ildə Silahlı Qüvvələr sıralarında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün müdafiəsində sayıq dayanan əsgər və zabitlər onların davamçıları olmaları ilə fəxr edə bilərlər. Azərbaycanın bu gün müasir, güclü orduya malik olmasında həmin ənənələrin də özünəməxsus yeri vardır. Xüsusilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə ölkədə digər sahələrdə olduğu kimi ordu quruculuğu prosesində də tarixi varislik prinsipi əsas götürülmüşdür. Məhz bunun, həmçinin beynəlxalq təcrübənin mənimsənilməsinin nəticəsidir ki, bu gün Azərbaycan istənilən vəzifənin öhdəsindən gəlməyə qadir nizami və peşəkar Orduya  malikdir. Hazırda bu proses Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə görülən işlərdə rəhbərlik etdiyiniz Nazirliyin xüsusi rolu və yeri vardır. Biz bunu yüksək qiymətləndirir və Qələbə naminə gərgin fəaliyyətinizi təqdirəlayiq hesab edirik. İnanırıq ki, Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir və həmin gün uzaqda deyil. Sizi və bütün şəxsi heyəti bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, xidməti işinizdə uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.   Hörmətlə,   Respublika Veteranlar  Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Qəhrəmanlar Unudulmur!

  Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Müharibə iştirakçılarına dövlət dəstəyi - REAL İNTERVYU

Hamısını oxu