Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistan ordusu ağ bayraq qaldırmaq ərəfəsində: Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir

Bakı, 17 oktyabr, AZƏRTAC Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər.

Erməni ictimaiyyətində “qalib ordu” obrazı
yaratmaq cəhdləri iflasa uğradı
Ötən 20 gün ərzində Ermənistan hakimiyyəti döyüş meydanındakı məğlubiyyətini etiraf etmək istəmir, əksinə, yalan məlumatlarla erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmağa çalışırdı. Lakin bununla belə, Paşinyanın müxtəlif ölkələrin dövlət və hökumət başçılarına ünvanladığı müraciətlər, onlara ard-arda zənglər edərək yardım dilənməsi, erməni lobbisinə edilən müraciətlər deməyə əsas verirdi ki, onun özü də yalanlarının ömrünün uzun olmayacağını dərk edir. Atəşkəs üçün dəfələrlə Rusiya Prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi. Moskva görüşündən sonra əldə edilən razılaşmaya əsasən oktyabrın 10-da saat 12:00-da etibarən humanitar atəşkəs təmin edilməli idi. Lakin Ermənistan humanitar atəşkəsin ilk dəqiqələrindən artıq “ənənə” halı almış davranışına “sadiq” qaldı. Müxtəlif bölgələrimizi atəşə tutaraq bir daha beynəlxalq razılaşmaların onlar üçün heç bir önəm daşımadığını göstərdi. Azərbaycan Prezidentinin Ermənistana verdiyi son şansı dəyərləndirmək iqtidarında olmayan Ermənistanın bu addımının əsas səbəbi isə çox sadədir: düşmən qüvvələri cəmləşdirib işğaldan azad edilmiş ərazilərimizi yenidən ələ keçirmək niyyətində idi. Lakin Ordumuzun ayıq-sayıqlığı, peşəkarlığı sayəsində düşmən ağır itkilər verərək geri çəkildi. Ordumuzla mübarizə meydanında açıq-aşkar məğlub olduğunu görən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc sakinlərimizi, yaşayış məntəqələrimizi daha intensiv şəkildə atəş altında saxlamağa başladı. Oktyabrın 11-də gecə saatlarında Gəncəyə atılan raket zərbələri nəticəsində 10 dinc sakin həlak oldu, həmçinin 30-dan çox Gəncə sakini yaralandı. Ordumuzun cavabı isə yenə də döyüş meydanından gəldi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının kəndləri ard-arda işğaldan azad edildi. Ermənistan Ordusunun yüksək rütbəli zabitlərinin, çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi ilə düşmənin silahlı qüvvələrində başlanan pərakəndəlik, fərarilik halları əlbəttə ki, Azərbaycan Ordusuna döyüşlərdə mütləq üstünlük qazandırdı.
Bütün ehtiyatları tükənən Ermənistan
ordusu ağ bayraq qaldırmaq ərəfəsindədir
Bütün baş verənlər fonunda Ermənistan silahlı qüvvələrinin rəhbərliyi nəhayət ordunun mövqelərdən geri çəkilməyə məcbur olduğunu ifadə etdi. Həmçinin Paşinyan bir daha dünya ermənilərinə müraciət edərək onlara döyüşlərdə iştirak etmək üçün çağırış etdi. Bunun ardınca son bir il ərzində ordudan tərxis olunmuşlar da hərbi komissarlıqlara çağırıldılar. Proseslərın davamlı hal alması düşmən düşərgədəki vəziyyətin acınacaqlı olduğunu açıq-aydın göstərir. Bütün bunlar bizə suda boğulanın saman çöpündən yapışmasını xatırladır. Bir neçə gün əvvəl isə qondarma rejimin rəhbərliyi daha gülünc bir addım atmağa məcbur oldu. Aralarında ahılların da olduğu birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə məcburi şəkildə cəlb olundu. Əlbəttə ki, ön xəttə peşəkar Ordumuza qarşı bu cür yaşlı döyüşçülərin vuruşaraq hansısa uğur qazanmaq imkanı sıfıra bərabərdir. Bundan əlavə, düşmən ordunun düşərgəsindən yayılan videogörüntülərdən də aydın şəkildə müşahidə olunur ki, erməni əsgərləri böyük sarsıntı içindədirlər və məcburi şəkildə döyüşürlər. Bir məqama da diqqət yetirmək yerinə düşər. Azərbaycan Ordusu tərəfindən azad edilən düşmən mövqelərindən yayılan görüntülərdə erməni əsgərlərinin mövqelərdən qaçmaması üçün onların ayaqlarının zəncirləndiyi faktı da artıq hər kəsə məlumdur. Yəni, erməni əsgəri də Azərbaycan torpağında ölmək istəmir. Oktyabrın 17-də isə düşmən yenə Gəncə şəhərini raket atəşinə tutdu. Dinc sakinlər arasında ölən və yaralananlar oldu. Artıq ağlını itirmiş Paşinyan hökumətinin bu cinayətinin cavabı isə daha ağır oldu. Azərbaycan Prezidenti bu gün səhər saatlarında xalqa müraciət etdi, Ordumuzun əldə etdiyi uğurlardan danışdı və Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin düşmən işğalından azad edildiyini elan etdi. Əlbəttə ki, bu, düşmənə ən layiqli cavab idi. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bizim məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsidir və Ordumuz düşmənə layiqli cavabı döyüş meydanında verir. Müdafiə Nazirliyinin bu gün ərzində yaydığı videolardan da görünür ki, düşmənin son hərbi resursları və canlı qüvvəsi artıq darmadağın edilib. Bütün bunlar göstərir ki, rezervləri, imkanları tükənən Ermənistan ordusu artıq ağ bayraq qaldırmaq ərəfəsindədir.
Paşinyanın reallıqla barışmaqdan
başqa çıxış yolu qalmayıb
“Qarabağ Ermənistandır və nöqtə”, “Şuşada yallı getmək”, “Şuşada qondarma rejimin başçısına “andiçmə” mərasimi keçirmək” və s. Paşinyanın cılız təfəkkürünün məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir. İqtisadi imkanları onsuz da məhdud olan Ermənistan döyüşlərdən sonra daha ciddi böhran vəziyyətinə düşüb. Ölkədəki ağır iqtisadi durum, sosial problemlər, döyüşlərdəki uğursuzluqlar Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə artıq Ermənistanda valideynlərin hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının döyüşlərə getməsinə etiraz etdikləri bildirilir. Valideynlər müxtəlif yollarla övladlarının döyüşlərdən yayındırmağa çalışırlar. Döyüş meydanında mövqeləri atıb qaçan erməni əsgərləri ölmək istəmədiklərini, hərbi təchizatın olmadığını deyirlər. Küçə yürüşləri ilə hakimiyyətə gələn Paşinyan artıq siyasi rəqiblərinin açıq-aşkar təzyiqləri ilə üz-üzədir. Onlar Paşinyanı düzgün siyasət yürütməməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti belə məqamda yenidən beynəlxalq aləmdən kömək istəməyə başlayıb. Paşinyanın səsinin eşidilmədiyini görən bu ölkənin keçmiş prezidentləri də artıq yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar. Belə ağır vəziyyətdə Paşinyanın məğlubiyyətini etiraf edib danışıqlar prosesinə qatılmaqdan başqa seçimi yoxdur. Azərbaycan Prezidentinin danışıqların bərpası üçün irəli sürdüyü şərtlər də artıq hər kəsə məlumdur. Ermənistan baş nazirinin siyasi iradə göstərib bu şərtləri qəbul edəcəyi təqdirdə Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında davam etdirəcək. Artıq Paşinyanın müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. Yəni, Paşinyan Azərbaycanın diktə etdiyi şərtlərlə danışıqları bərpa etmək üçün müraciətlər edir. Ölkəsindəki ağır böhrandan çıxış yolunu işğal altında olan ərazilərimizi boşaltmaqda görür. Bu, həm də Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülhə məcburetmə əməliyyatının məntiqi nəticəsidir. Əsəd Məmmədov AZƏRTAC-ın redaksiya müdiri

2020-10-17 00:00:00
3680 baxış

Digər xəbərlər

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub. Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb. Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər. “AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.

Hamısını oxu
“15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”

Cəlil Xəlilov: “Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi” “15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”.  Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi: “15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi. Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”. Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi: “1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki,  heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək. 1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Bu gün Tamerlan Əliyevin doğum günüdür

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu