Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır

Musavat.com Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini təqdim edir: - Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımdan və oxucularımızın adından təbrik etmək istərdim. - Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm. - Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri buna parlaq sübutdur. - İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur. Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza minnətdaram. Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır. - Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir. - Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq normalarını tapdalayır. Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir. Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa son qoymalıdır. Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir. Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq olduğu cavab verilir. Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi. - Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş “Biz birlikdə güclüyük!” cümləsini hamımız xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir? - Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik. Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik. Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir. Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib. Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq. Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!

2020-10-22 00:00:00
3609 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Axar.az xəbər verir ki, Birinci vitse-prezident bu barədə rəsmi İnstaqram səhifəsində paylaşım edib. "Əziz həmvətənlərim! Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!" - təbrikdə qeyd olunub.

Hamısını oxu
“Qarabağda görülən işlər ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”

Aqil Şirinov: “Baş verənlər həm də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmi göstərir”   İşğaldan azad edilən ərazilərdə erməni vandalları tərəfindən dağıdılan məscidlərin bərpası, eyni zamanda yeni məscidlərin inşa edilməsi dövlətimizin əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməlinin qoyulduğunu, əsaslı təmir işlərinə start verildiyni bildirdi.   Dövlətimiz tərəfindən görülən bu işlər dini-mədəni tariximizin bərpası ilə yanaşı, həm də ümumislam mədəniyyətinə, ümumislam irsinə verilən töhfə hesab edilə bilərmi?   Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Cənab prezidentin məlum sözləri Azərbaycan dövlətinin bu sahədə əməli müstəvidə göstərdiyi fəaliyyəti əks etdirir. Şuşada və işğaldan azad edilmiş digər rayonlarımızda məscidlərin bərpası, yeni məscidlərin tikilməsi Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyəti göstərir. Bu, həm də dövlətimizin islami dəyərlərə verdiyi önəmin göstəricisidir. Bütün bunlar isə, təbii ki, yalnız Azərbaycan yox, ümumislam dəyərləri konteksində dəyərləndirilməlidir.   Ermənilər işğal dönəmində müsəlman abidələrini – məscidləri, türbələri donuz tövlələrinə çevirmişdi. Onlar bununla belə bir mesaj verirdilər ki, biz islami dəyərlərə hörmət göstərmirik. Azərbaycan dövləti isə bu abidələri yenidən bərpa edir. Hadrutda məscid yox idi. Amma indi Hadrutda da məscid tikilir. Şuşa şəhərindəki qədim məscidlər bərpa olunmaqla yanaşı, yeni məscid də inşa olunacaq. Hansı ki, bu məscidin təməlini cənab prezident qoydu. Yeni məscidlərin inşası, habelə dağıdılan məscidlərin bərpası istiqamətində atılan addımlar dövlətimizin islami dəyərlərə verdiyi önəmi gösrərir və ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Yeni Klinika Avropa brendinə çevrilir...

Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək  TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar. Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər. Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək. Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.  O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb: “Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək. Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”. Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib: “Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində  səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”. Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib: “Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.   “Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”. Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur: “Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”. Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək. Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.  

Hamısını oxu
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir. Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir. Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər... Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir. Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir. Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir. Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir. Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır. Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram... Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir. Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir. Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir. İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu