Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbənin 72-ci ildönümü münasibətilə Ukraynada görüşlər

Artıq bir neçə ildir ki, Ukraynanın “İnter” telekanalı İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər.  Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 may, xüsusi bayram verilişlərinin hazırlanması məqsədi ilə veteranlarla müxtəlif görüşlər təşkil olunur, onlardan keçdikləri döyüş yollarını, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının veteranlara münasibətini əks etdirən müsahibələr götürülür. İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı aprelin 17-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan növbəti tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak etmişlər. Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci dünya müharibəsi veteranı Bəkir Məmmədov və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil etmişlər. İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başladığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan bu cildə İkinci dünya müharibəsinin 100 nəfər günümüzə qədər sağ qalan (təəssüf ki, tədbirə qədər həmin veteranlardan 7 nəfəri vəfat etmişdi) iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. 212 səhifədən ibarət olan fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən mühüm və təsirli məqamlarını əks etdirir. 100 insan taleyindən söhbət açılan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. Respublika Veteranlar Təşkilatının şöbə müdiri Lətif Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir. Tədbirlərin 3-cü günü “İnter” telekanalının 9 may verilişlərində nümayiş etdiriləcək 4 saatlıq xüsusi konsert proqramı nümayiş etdirilmişdir. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və s. mövzuları əhatə edən bu mahnılar iştirakçıların ürəyincə olmuş, veteranlar dəfələrlə ayaqüstə onları alqışlamışlar. Müharibəyə aid təsirli səhnələrdən ibarət olan süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini daha da təsirləndirmiş, bir sıra nömrələr göz yaşları ilə müşayiət edilmişdir. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi qeyd edilmişdir. Azərbaycan nümayəndələri eləcə də, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. 20 aprel 2017-ci ildə Respublika Veteranlar Təşkilatının nümayəndələri Ukraynalı həmkarları ilə görüş keçirmişlər. Bu görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılmışdır.  Görüşün sonunda Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Veteran həmrəyliyi”, “İnter” telekanalının Multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya “Həzi Aslanov”, baş redaktoru Anton Nikitinə “Əliağa Şıxlinski” yubiley medalları təqdim edilmişdir. Tədbir iştirakçıları "Naməlum Əsgər" və "Ana Vətən" abidələrini ziyarət etmiş, hər iki abidənin önünə gül dəstələri qoymuşlar. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər.

2017-04-24 00:00:00
3776 baxış

Digər xəbərlər

"Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir"

Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir” “8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu: “8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir. Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin  keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların,  silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı. Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib. Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır. Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq. Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Bu gün vətənpərvər zabitimizə böhtan, yalan, hədiyan yazmaqla görəsən “nəyə” nail olmaq istəyirlər?..

  Son günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının  rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində  həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur. Cəlil Xəlilov 2014-cü ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır.          Bu gün Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəyinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir. O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə,  Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır. Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur. Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram. Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?..   Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti,  Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov

Hamısını oxu
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.  Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.   Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib. Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib. VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib. Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib. Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir. Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib. Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir. Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib. Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar. Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub. Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər. Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.   

Hamısını oxu
Gözdən Əlillər Cəmiyyətinin sədri: Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb

Bakı, 7 fevral, AZƏRTAC Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər. Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən AZƏRTAC-a deyib. Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir. Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”. S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib. “Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.

Hamısını oxu