Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi

Bakı, 25 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Sabahınız xeyir. - Sizin də sabahınız xeyir. - Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. - Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq. - Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtınızı müasirləşdirməklə gözəl iş görmüsünüz. - Təşəkkür edirəm. -Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir. - Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam. - Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz? - Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik. - Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu, münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız. - Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur. - Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi? - Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi ki... - Muxtariyyət. - Xeyr, xeyr. Əsla. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur. Mənim dediyim.... - Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz. - Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. - Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi. - İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar. - Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmi? - Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə, Ermənistan... - Lakin Siz də atəşkəsi pozmusunuz. - Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur. - İcazənizlə belə bir sual verim. Bu gün Dövlət Katibi Sizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz daha bir dəfə cəhd edərsiniz? - Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. - Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı? - Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir. - Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək texnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb. - Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib. - Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz. - Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü? - İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız? - Xeyr, biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. - Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundan istifadə edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz? - Xeyr, bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır. - Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür? - Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb. - Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər. -Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə.... - Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır? – Bəli, tamamilə doğrudur. - Sual olunur niyə? - Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir. - Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz. - Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir. - Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil? - Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir. - Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər. - Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş. - Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident. - Bilirəm. Mən hazırlıqlı adamam. - Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət Katibi Pompeonun nə etməyini görmək istəyərdiniz? Dövlət Katibi Pompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görübmü? Siz ABŞ-ın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz? - Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir. - Bu məsələ ilə bağlı Dövlət Katibi Pompeonun tənqidi fikirləri var. O, açıq şəkildə deyir ki, əlbəttə, ABŞ-ın və Türkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki, Türkiyənin Sizin səylərinizi dəstəkləməyi problemə səbəb olur, məsələni daha da alovlandırır. Sizin buna münasibətiniz necədir? – Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. – Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır. – Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır. – Bir müddət əvvəl Sizinlə söhbət edərkən mühüm bir fikir irəli sürmüşdünüz, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı? – Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. – Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var? – Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. – Ölkənizin, regionun hüdudlarından kənarda olan bəzilərinin narahatlıqları var. Bəlkə də bu, Sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münaqişə regional problemə çevrilə bilər. Türkiyənin real maraqları var, Rusiyanın real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskə atmırsınızmı? – Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik. – Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil. - Bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı inandırmalıdırlar ki, - ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək, - təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər. - Körfəz müharibəsi zamanı belə fikir var idi ki, bütün bunlar neftə görədir. Döyüş bölgəsinin təqribən 50-60 mil yaxınlığında Sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Siz çox mühüm enerji kəmərləri və qovşaqlarının bu və ya digər dərəcədə zərər çəkə biləcəyindən narahatsınızmı? Faktiki olaraq bu, bəlkə də, Sizin ordunuzu bu müharibəni aparmağa vadar edir? – Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə bir hadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. – Beləliklə, hazırda Sizin etdikləriniz bu cür təhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək üçündür? – Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. - Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir? – Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir. – Cənab Prezident, Siz siyasəti bilirsiniz və hesab edirəm ki, Amerika siyasətini də bilirsiniz. On gündən sonra mühüm prezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, Sizcə “bəlkə diplomatik uğur ola bilər” ideyası Vaşinqtondakı siyasətçilərin ağlındadır və bunu nəzərə alaraq, prosesi irəli aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsiniz? – Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizim tərəfimizdən dəstəklənir. Düşünürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün. - Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair siyasət ilə əlaqəlidir? - Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır. - Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi ABŞ insanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəm ki, Sizi qarşıda prezident seçkiləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən keçirməliyik? - Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır. - Beləliklə, Sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sair nöqteyi-nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər. - Bəli, Amerika super gücdür. Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir. - Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş Ştatlarında Ermənistanı çox dəstəkləyirlər. - Bəli. - Orada xristian dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə qarşı yaxşı emosional münasibət var. - Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır. - Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinə qayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək? - Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var. - Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşı çıxacaq. Yəqin ki, o, atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə, bu, normal yanaşma olacaq? - Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik. -Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdə tuturam. Ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərinin əvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs, indi necə? Əlavə on minlərlə insan öldürüləcək? Daha çox dağıntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necə görürsünüz? - İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə... -Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz? - Bəli, əlbəttə ki. - Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz? - Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər? -Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər? - Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür. -Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq.

2020-10-25 00:00:00
2290 baxış

Digər xəbərlər

Qadın Qəlbinin Cəbhə Səsi: Cəvahir Abbasovanın və Azərbaycan Xalqının Şanlı Mübarizəsi

Tarixdə elə dönəmlər olur ki, bir xalqın yalnız həyatı deyil, vicdanı, iradəsi, ruhu da sınağa çəkilir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi məhz belə bir dövr idi. Qan və barıtın içində bəşəriyyətin sarsıldığı, amma eyni zamanda insan ləyaqətinin, vətən sevgisinin ucaldığı illər idi. Bu müharibədə Azərbaycan xalqı təkcə səngərdə deyil, neft buruqlarında, zavodlarda, hospital və məktəblərdə, ürəklərində, dualarında döyüşdü. Azərbaycan bu müharibədə təkcə ön cəbhədə vuruşmadı. Arxa cəbhə qəhrəmanlığı ilə də ad yazdı tarixə. Bu xalqın övladları torpağın müdafiəsinə silahla, zəhmətlə və inamla qoşuldular. Xüsusilə Azərbaycan qadınlarının müharibədəki rolu zamanın yaddaşına əbədi həkk olundu. Onlar həm analıq etdilər, həm də cəbhə yoldaşı oldular. Ərini, oğlunu, qardaşını cəbhəyə yola salan qadın, sonra onun yerini zavodda, neft mədənində, hospitallarda, bəzən isə birbaşa döyüş meydanında tutdu. Bu qəhrəman qadınların sırasında Cəvahir Abbasova Rza qızının adı qürurla çəkilir. O, 1919-cu ilin oktyabrında Şəkidə dünyaya göz açdı. Uşaqlıq və gənclik illərinin sakitliyi 1943-cü ilin fevralında yerini fırtınaya verdi. Cəvahir könüllü olaraq cəbhəyə yollandı. Və o gündən etibarən artıq təkcə bir qadın yox, bir xalqın əzmini təmsil edən sima oldu. O, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəldi, 95-ci Hava Hücumundan Müdafiə Diviziyasında fədakarlıqla xidmət göstərdi. Qan içində, yaralıların harayları içində, bombalanmış hospitalların dağıntıları arasında o, həyat xilas edirdi. Zərif əlləri ilə sarıdığı hər yara əslində bir xalqın sağalmağa doğru atdığı addım idi. Onun qəhrəmanlığı dövlət tərəfindən bir neçə medalla təltif olundu: ·         “Qafqazın müdafiəsinə görə” ·         “Yaponiya üzərində qələbəyə görə” ·         “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” Amma bu mükafatların ən böyüyü xalqın qəlbində qazanılan hörmət idi. Onun adı yaddaşlarda, irsi isə tarixdə yaşayır. Cəvahir Abbasova tək deyildi. Azərbaycan xalqı bu savaşda saysız qəhrəmanlar yetirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general Həzi Aslanov, Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyova, döyüş təyyarəçisi Züleyxa Seyidməmmədova kimi fədakarlar bir millətin necə ayağa qalxa bildiyini sübut etdilər. Onların igidliyi ilə 1944-cü ilin sonlarında düşmən SSRİ ərazisindən qovuldu. Bu zəfər təkcə silahın yox, inamın, ruhun, vətən sevgisinin qələbəsi idi. Azərbaycanın arxa cəbhədəki rolu isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bakı nefti Sovet ordusunun döyünən ürəyi idi. Faşist Almaniyasının Qafqaz uğrunda apardığı mübarizənin əsas səbəbi məhz bu idi. 1941-ci ildə SSRİ-nin ümumi neft hasilatının 75%-i Azərbaycana məxsus idi. Bu zəfərin arxasında qadınlarımız dayanmışdı ki, onlar kişi işi hesab edilən sahələrdə - neft quyularında, metallurgiya zavodlarında, o cümlədən tikiş fabriklərində çalışmışdılar. Bunlar bəlkə də səssiz qəhrəmanlıqlar idi, amma böyük tarixlər məhz belə səssizliyin içində yazılır. Böyük Vətən Müharibəsi bir xalqın ruhunun, vicdanının imtahanı idi. Və Azərbaycan bu imtahandan alnıaçıq, başıuca çıxdı. Bu xalq Cəvahir Abbasova kimi qadınların, əməkçi neftçi qadınların və sadə kəndli analarımızın əli ilə öz şərəfini, ləyaqətini, torpağını qorudu. Bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin içində Cəvahir Abbasovanın tərləri, əsgərlərimizin qanı, analarımızın duaları var. Hər nəfəsimiz tarixlə yoğrulub, mübarizə ilə bəzənib, zəfərlə tamamlanıb. Unutmayaq: Bu tarix bizimdir. Bu zəfər bir millətin birlik ruhunun, bir xalqın vicdanla döyüşən qəlbinin nəticəsidir. Cəvahir Abbasova sadə bir Şəki qızı, lakin əzəmətli bir millətin qeyrət nümunəsidi. Bu gün gənc nəsil aynaya baxanda yalnız öz simasını deyil, Cəvahir Abbasova kimi qəhrəmanların əksini də görməlidir. Onun kimi olmaq cəsarətli olmaqdır, vicdanla yaşamaqdır, vətən üçün lazım gəldikdə hər şeydən keçməkdir. Çünki bəzən bir qadının əliylə sarılan yara, bir xalqın sağalmağa başlayan tarixidir. Və o tarix bizim tariximizdir. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Vəli Axundov – Elmin və Vətənin Sədaqətli Övladı

Bakı səmasının maviliyindən şəhərə boylananda bəlkə də bir çoxu bu şəhərin yalnız neftlə dolu torpağını görür. Amma bu torpağın altı qədər üstü də qiymətlidir. Çünki bu torpaq təkcə maddi sərvət deyil, həm də müdriklik, elm və fədakarlıq yetirib. O müdriklərdən biri də Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, alim, dövlət və elm adamı Vəli Yusif oğlu Axundovdur. Onun həyatı XX əsr Azərbaycan tarixinin, xüsusilə də elmi və siyasi proseslərin güzgüsüdür. Onun həyatı, təcrübəsi və yaradıcılığı yalnız bir insanın uğurları ilə məhdudlaşmır; əksinə, xalqın, millətin və bütöv bir cəmiyyətin inkişafına xidmət edən bir örnəkdir. O, tibb elminin incəliklərinə hakim olduğu qədər ədəbiyyatın, musiqinin və mədəniyyətin dərin qatlarına da nüfuz etmiş bir alim və ictimai xadimdir. Bu gün biz Böyük Vətən Müharibəsində əldə edilmiş şanlı Qələbənin 80 illiyini ehtiramla qeyd edərkən yalnız silahla döyüşən qəhrəmanları deyil, həm də canla-başla hərbi xəstəxanalarda həyat qurtaran, səngərdə insan ömrünü qoruyan, döyüş meydanında böyük insanlıq nümunəsi göstərən şəxsiyyətləri də xatırlayırıq. Onlardan biri də akademik Vəli Axundovdur. O, 1916-cı ilin mayında Bakı şəhərinin Saray kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı və gəncliyi çətinliklər içində keçmiş, lakin bu çətinliklər onun əzmini qırmamış, əksinə daha da möhkəmləndirmişdir. Orta təhsilini başa vurduqdan sonra sənət məktəbində, ardınca isə Bakı Sənaye Texnikumunun kimya şöbəsində təhsil almışdır. Lakin o, bununla kifayətlənməmiş, 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və həkimlik peşəsinə yiyələnmişdir. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. Vəli Axundovun həyatı gəncliyindən vətənlə çarpazlaşdı. 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirakçılarından birinə çevrilmişdir. Böyük həkimlik istedadına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. Onun rəhbərliyi altında minlərlə yaralı döyüşçü sağaldıldı, yenidən cəbhəyə qaytarıldı, ya da evinə dönə bildi. Müharibənin qan və tər içində keçən illərində o, həm həkim, həm psixoloq, həm də döyüşçü idi. Yaralı bir əsgərin gözlərinə baxıb “Sən sağalacaqsan” deyə bilmək, yalnız peşəkarlıq yox, sarsılmaz inam və vətən sevgisi tələb edirdi. Bu inamın adı o illərdə çox vaxt “Doktor Axundov” idi. Cəbhədə qazandığı təcrübə və etimad onun sonrakı elmi və dövlətçilik fəaliyyətinə bünövrə oldu. Səngərdə döyüşkənlik, laboratoriyada elmi dəqiqlik, rəhbərlikdə isə insanlıq və ədalət onun həyat devizinə çevrildi. Müharibə onun iradəsini bərkidib, ruhunu möhkəmləndirmişdi. O, öz xalqına səhiyyə sistemində, elmi institutlarda, rəhbər vəzifələrdə bu ruhla xidmət etdi. Lakin onun gerçək savaşı müharibədən sonra başladı. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış tibb tarixi kafedrasında assistent işləmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra isə direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır. Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində onun metodikası SSRİ-nin bir çox bölgələrində tətbiq olunmağa başlamışdır. Vəli Axundovun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilirdi. Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: “Su sağlamlığın aynasıdır.” Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlara başladı. Sututarlarının sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri bütün bunlar onun rəhbərliyi altında araşdırılır, elmi həllər tapılırdı. Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktoru elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru kimi çalışmışdır. Onun xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. Belə ki, yaşı yetmişə yaxın olsa da, ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən Axundov təkcə kabinet alimi deyildi. O, 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958–1959-cu illərdə isə Nazirlər Sovetinin sədri olmuşdur. 1959–1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmiş, ölkənin iqtisadi və elmi inkişafı üçün müəyyən addımlar atmışdır. Onun rəhbərliyi dövründə neft sənayesi və kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, sosial və elmi infrastruktur genişlənmişdir. Vəli Axundovun həyatı sadə kənd uşağından xalqına xidmət edən böyük şəxsiyyətə gedən yoldur. O, həm elm, həm də siyasət sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan xalqına uzun illər vicdanla xidmət etmişdir. 1986-cı ilin avqustunda dünyasını dəyişən Vəli Axundov Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elmi və siyasi tarixində dərin iz buraxmış şəxsiyyətlər sırasında hörmətlə anılır. Hazırda 300-dən çox elmi əsəri, 6 monoqrafiyası və onlarla kitabçası gənc tədqiqatçılar tərəfindən araşdırılır. Onun elmi məktəbindən çıxan doktorlar və alimlər bu gün də onun adını fəxrlə daşıyırlar. Vəli Axundovun həyatı yalnız elmlə yox, həm də əqidə ilə yazılmış bir dastandır. SSRİ-nin yüksək ordenləri, medalları və fəxri fərmanları onun fədakarlığının nümunəsidir. Amma onun ən böyük təltifi xalq yaddaşında əbədi qalmasıdır - bir alim, bir vətənpərvər, bir insan kimi. Bu gün biz Qələbənin 80 illiyini qeyd edərkən həm döyüş meydanında, həm də elmin səngərində vuruşan Vəli Axundovun adını sadəcə yad etmirik, ona haqqını qaytarırıq. Çünki bu bayramın qeyd olunmasında onun da haqqı vardır. Vəli Axundovun ömrü tamamlandı, amma o ömürdə yazılmış izlər silinmədi. O izlər laboratoriya masasındakı saralmış bir qeyd dəftərində, bir əsgərin sağalmış yarasında, bir kəndin təmizlənmiş suyunda, bir tibb tələbəsinin əzbərlədiyi monoqrafiyada yaşayır. Çünki elmin sükutuna bəzən bir insanın ömrü işıq saçır. Vəli Axundov o işıqlardan biri idi. Və bu işıq yalnız bir ömrün deyil, bir xalqın sağlam gələcəyinin işığıdır. Bu işıq illər keçsə də sönməyəcək. Bu ad hər zaman aydınlıq gətirəcək. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycanın hərtərəfli inkişafına dəstək olmalıyıq

  Cəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb? Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik. 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz? - Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir”  tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq.  Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı? Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq. Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır.  Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır. Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər. - Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin  əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir. Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi? - Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı  döyüşçülərə  xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi  ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı  döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr  aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur. Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi? - RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir.                                                                                                  MEHPARƏ  Əliyeva

Hamısını oxu