Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qalib komandanın qələbə diplomatiyası

lqar RÜSTƏMOV, jurnalist-politoloq Müharibə şəraitində olan dövlətin rəhbəri dərin zəkaya, dəmir iradəyə, qətiyyətə sahib olmalı və hərb sənətinin incəliklərini yüksək səviyyədə bilməlidir ki, qarşıya qoyduğu məqsədə çata bilsin. Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçil dövlət xadimləri ilə siyasətçilər haqqında danışarkən yazırdı: “Dövlət xadimi ilə siyasətçi arasındakı fərq ondadır ki, siyasətçi növbəti seçkini, dövlət xadimi isə gələcək nəsilləri düşünür”. Bu rakursdan yanaşdıqda aydın görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri və həqiqi lider kimi hakimiyyətdə olduğu 17 ildə bütün fenomenal keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişdi. İkinci Qarabağ savaşı, Vətən müharibəsi başlayandan isə O Ali Baş Komandan olaraq hərb sənətində də yüksək sərkərdəlik məharətini Ordumuzun və dövlətimizin hərb meydanındakı parlaq qələbəsi ilə təsdiqlədi. 28 il işğal damğası daşıyaraq mənən əzilən Azərbaycan cəmi 44 gündə, hələ illər sonra öz ədalətli və real qiymətini alacaq möhtəşəm və fövqəladə bir qələbəyə imza atdı. Bu qələbəni qazanan Qalib sərkərdənin, Vətən üçün Şəhid olmağı şərəf bilən minlərlə cəsur, mərd və mübariz Azərbaycan əsgərinin, zabitinin ağlasığmaz qəhrəmanlığı sayəsində xalqımızın məğlub ruhu dirçələrək qalib kimi bütün dünyaya hayqırdı. İllərlə həsrətində olduğumuz bu qələbənin ölkə üçün siyasi və hərbi əhəmiyyətini dərk etməmək, ya da dərk edərək gözdən salmağa çalışmaq ən azından siyasi nadanlıq və əxlaqsızlıqdır. Anlaşılan və görünən odur ki, siyasi yöndən yanaşanda bu siyasi əxlaqsızlar, sadəcə 30 il işğal faktına dözən Azərbaycan üçün bu, möhtəşəm, fövqəladə hadisəni cılız təkəbbürlərinə sığışdıra bilmir və bunudan siyasi dividend qazanacaqlarına, miskin vəziyyətdə olan siyasi təşkilatlarının ətrafına müəyyən qüvvələr toplamağa ümid bəsləyirlər. Narazılıqlar və nadanlıqlar nədən irəli gəlir və nə üçündür? Əslində sualı bu şəkildə qoymaq da düzgün deyil və məsələyə yanaşmada cavab axtarılası sual bu narazılıqlar təsadüfdürmü, yoxsa düşünülmüş və məqsədli xarakter daşıyırmı? Son iki ayda baş verənləri siyasi yöndən araşdırmağa və dəyərləndirməyə çalışdıq. Ordumuzun müzəffər yürüşü ilə ağlasığmaz döyüş qələbələrinə imza atılandan 44 gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları məlum bəyanatla, Azərbaycan 30 il əvvəl, hərb meydanında məğlub olmuş ölkə kimi diktə olunan tərəfdən, indiki halda hökmünü diktə edən tərəfə çevrilərək, sözün həqiqi mənasında Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı ermənilərin öz müqəddəratını təyinetmə arzusunun üstündən birdəfəlik xətt çəkdi. Bu saziş müəyyən mənada Ermənistanla Azərbaycan arasında üçüncü tərəfin- Rusiya Federasiyasının iştirakı ilə imzalanmış bir sülh sazişi kimi qiymətləndirilsə də, əslində Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Ermənistanın təslim olması aktı idi. Bu sazişdə Azərbaycandakı bəzi siyasi qüvvələri qane etməyən Dağlıq Qarabağ bölgəsinin, Xankəndi də daxil olmaqla, çox az bir hissəsində ermənilər yaşayan ərazilərdə əmin-amanlığı təmin edəcək, xüsusilə Xankəndinin Ermənistanla nəqliyyat əlaqələrini tənzimləyəcək Laçın dəhlizində 5 kilometrlik təhlükəsizlik zolağını mühafizəyə götürəcək Rusiya sülhməramlıları kontingentinin yerləşdirilməsi faktıdır. Özlərini milli mənafeyin “ultra cəfakeşləri” kimi göstərən Azərbaycanın daimi və bəlkə də əbədi müxalifəti bunu ölkəmizin məğlubiyyəti kimi gündəmə gətirir və dövlət müstəqilliyimiz üçün ciddi təhlükə hesab edirlər. Adama deyən lazım, 30 ilə yaxın bir vaxtda bu ərazilərdə erməni silahlı qüvvələr at oynadıb meydan sulayanda, “yallı gedib milli heysiyyatımızı təhqir edəndə”, bizim bu ərazilərə addım atmağa imkanımız olmayanda, görəsən bu müstəqilliyimiz üçün təhlükə deyildimi?! Elə bu aspektdən yanaşaraq, Azərbaycanın həm siyasi, həm də hərbi cəhbədə qazandığı zəfəri indiki reallıqlardan çıxış edərək pessimist mövqedən qiymətləndirən beşinci kolonun nümayəndələrinə 44 gün əvvəlki gerçəkləri və Şimal qonşularımızın, eləcə də bizim “ultra cəfakeşlərin” demokratik dəyərlərindən ilham aldıqları Qərb dövlətlərinin rəsmi mövqeyini ifadə edən bəzi məqamları xatırlatmaq istəyirəm. Qarabağda azadlıq müharibəsini
başlamaq belə asan idimi? Bu sualı təsadüfən vermədim. Çünki cəmi iki ay əvvələ qədər istər müxalifət düşərgəsində, istərsə də ictimaiyyət arasında, Prezident İlham Əliyev başda olmaqla dövləti Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün niyə Ermənistanla müharibəyə başlamamaqda qınayanlar kifayət qədər idi. Bəzən siyasi ambisiyalar naminə bu arqumentə istinad edərək, hakimiyyəti acizlikdə, bəzən də Azərbaycan Silahlı Qüvvələrinin azadlıq müharibəsinə lazımi səviyyədə hazır olmamaqda ittiham edir və siyasi dividend qazanmağa çalışırdılar. İnsafən cəmiyyətdə də torpaqlarımızın azad edilməsi ilə bağlı daxili bir narahatlıq var idi və xalq səbr nümayiş etdirsə də, hakimiyyətə mesajlar verilirdi. Amma heç kim müharibəyə necə başlamaq və necə hərəkət etmək, hansı addımı atmaq haqqında ağlabatan bir təklif irəli sürmürdü. Çünki münaqişənin, ümumiyyətlə namərd qonşularımızla 200 ildən artıq sürən ziddiyyətli tarixini az çox bilənlər, başa düşürdülər ki, hakimiyyətin səbrlə dözüm nümayiş etdirməsinə, beynəlxalq birliyin ikili standartlardan yanaşması ilə yanaşı daha ciddi amil Rusiyadır. Nədən bu amil hər dönəmdə ortaya çıxır və Azərbaycan öz işğal altında olan torpaqlarını almaq üçün niyə müharibə aparmağa tələsmirdi? Təbii ki, bunun səbəblərini anlamadan bugünki Qələbəmizə həm siyasi, həm də müharibə anlamında qiymət vermək olmayacaq. Azərbaycan siyasi isteblişmentinə, xüsusilə jurnalist, politoloq, konfliktoloq və ekspertlərinə yəqin ki, rus siyasi elitasının velikorus şovunizmi ilə süslənmiş filosofu, politoloqu və ideoloqu Aleksandr Duginin Şimal qonşumuzun dövlət siyasətində hansı mənsəbə sahib olduğu yaxşı məlumdur. Rəsmi Kremlin siyasi ideologiyasını formalaşdıran bu qatı velikorus ideoloqun elə bu ilin iyul hadisələri zamanı “ru.1in.am” internet nəşrinə müsahibəsində pafosla səsləndirdiyi bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Aleksandr Dugin erməni jurnalistin Azərbaycanın Dağlıq Qarabağda müharibəyə hazırlaşması ilə bağlı sualına belə cavab verirdi: “Əgər Azərbaycan Qarabağda müharibəyə başlasa, heç vaxt heç nə əldə etməyəcək. Qarabağın hərbi yolla ələ keçirilməsi mümkün deyil. Bu təkcə Ermənistanla yox, həm də Rusiya ilə münaqişədir. Həm də ermənilər çox yaxşı döyüşürlər və azərbaycanlılar bunu bilir. Azərbaycanlılara, hətta onların ordusunun istehkamları belə kömək etməyəcək...” Rus ideoloqunun belə düşünməsinə və bunu əminliklə dilə gətirməsinə əsas verən, heç şübhəsiz, ilk növbədə onun Kremlin münaqişə ilə bağlı illərlə formalaşan mövqeyindən yetərincə məlumatlı olması idi. Belə olmasa, Dugin müsahibəsində, azərbaycanlı kimi bizi qəzəbləndirən daha kəskin mövqe sərgiləməzdi. Rusiyalı ideoloq böyük əminliklə deyir: “Qarabağın Azərbaycanın ərazisi olmasını Rusiya da, beynəlxalq birlik də tanıyır. Saakaşvilinin nümunəsi onun (İlham Əliyevin -İ.R.) gözləri qarşısındadır. Rusiya Federasiyası da daxil olmaqla, beynəlxalq birlik Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıdı, əgər Saakaşvili və Tbilisi Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət etsəydi, Abxaziya və Cənubi Osetiya indiyə qədər də Gürcüstanın tərkibində ola bilərdi. Lakin Rusiyayla hesablaşmadan, Rusiyanı hesaba almadan, amerikalılara güvənərək problemi həll etmək istəyi, Saakaşvili kimi, hərəkətə keçərək birtərəfli qaydada ələ keçirmək istədiyi bu ərazilər, Rusiyasız problemi çözməyə cəhd etməyə başlayana qədər, yalnız hüquqi cəhətdən Gürcüstana məxsus olur. Əliyev bunu görməyə bilməz. Ona görə də, mən qəti əminəm ki, bu vəziyyətdə uduza biləcəyi səbəbindən Əliyev Qarabağ münaqişəsinin kəskinləşməsində maraqlı deyil”. Dugin hələ Ermənistanın Tovuz təxribatı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ümumiyyətlə, heç XXI əsrin üfüqündə görünmədiyini də gizlətmirdi. Təbii ki, bu təkcə, onun öz düşüncəsinin məhsulu deyildi və Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməyəcək ana xəttinin konturlarını nümayiş etdirirdi: “Elə münaqişələr var ki, onların həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi bunlardan biridir. Nə qədər ki, orada super güclərin maraqları toqquşur Qarabağ probleminin həlli yoxdur. Yalnız Ermənistan və Azərbaycan Avrasiya strukturuna daha fəal inteqrasiya etməyə başlayacaqları halda (Ermənistan artıq bu istiqamətdə addımlar atır), biz uzaq gələcəkdə, xüsusi vurğulayıram, bu gün deyil, sabah da, birisi gün də deyil, uzaq gələcəkdə bəzi hüquqi həllər təklif edə bilərik”. Dugin hələ o zaman açıq bəyan edirdi ki, Rusiyasız Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə bu bölgədə sülh, zatən mümkün olmayacaq. Dugin heç də sıradan bir sadə politoloq yox, Rusiya Federasiyasının sözçüsü kimi təmsil etdiyi dövlətin açıq mesajını verirdi: “Təsəvvür edin mavi dəbilqəli BMT sülhməramlıları əvvəlcə nə edəcəklər - onlar azərbaycanlıları öz ərazilərinə qaytaracaqlar və dərhal yeni zorakılıq dalğası başlayacaq. Yalnız münaqişəni çox yaxşı təsəvvür edən ruslar, rus qoşunları qan tökülməsinin qarşısını ala bilərlər. Biz nəyin necə olduğunu çox yaxşı bilirik. Elə problemlər var ki, Rusiyaya sülh faydalıdır, digər hallarda isə, etiraf edilməlidir ki, biz münaqişədə maraqlıyıq. Dağlıq Qarabağ məsələsində sülh bizim üçün həyati vacibdir. Qarabağda sülh - əgər açıq bilmək istəyirsinizsə, milli eqoizm maraqlarımızdır”. Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin mənzərəsini canlandıran Lavrov, Dugin, Jirininoski, Tolstoy, Solovyov və sair kimi diplomatların, Duma üzvlərinin, politoloq və jurnalistlərin ifadə etdikləri rəsmi və qeyri-rəsmi fikirləri böyük və irticaçı bir tarixə söykənir. Bütün bunları adlamaq və bu hegemon dövlətin təzyiqlərinə, müdrikliklə, Şimal qonşumuzu qəzəbləndirmədən, çox müdrik diplomatik gedişlərlə neytrallaşdıraraq, müharibəni Qələbəyə çatdırmaq, istinasız olaraq Prezident İlham Əliyevin xidmətidir. Dövlət başçısının bu xidməti, bu diplomatik qələbəsi nəinki etiraf edilməli, dəyərləndirilməli, eləcə də dövlətçilik tariximizin, diplomatiya tariximizin ən parlaq səhifəsi kimi gələcək nəsillərə tanıdılması üçün geniş araşdırılmalı və ali məktəb dərsliklərində yer almalıdır. Lakin özünü siyasətçi adlandıran qismlər dövlət başçısının bu müstəsna xidmətlərinə münasibətlərini açıqlayarkən ifadə etdikləri fikirləri xalqın fikri ilə eyniləşdirməyə çalışır və öz iddialarından doğan niyyətlərini xalqın adına yazırlar. Bu yüz illərlə sınaqdan çıxmış bir üsuldur və müasir dünyada belə üsulu yalnız siyasi cəhətdən avam olan kütləyə sırımaq olar. Azərbaycan xalqı bu avamlıqdan çoxdan xilas olub və müasir dünyagörüşə malik bir xalq kimi ən azından regionda özünü təsdiq etmişdir. Əslində, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın Vətən müharibəsində əldə etdiyi Qələbəyə kölgə salmaq istəyənlər uzun illərdir ki, Azərbaycanda siyasət hesabına yaşayan müxalifət liderləridir və siyasət onların dövlətə fayda verməsinə deyil, cəmiyyətdə üzdə qalmasına, yaxşı yaşamalarına və müəyyən imtiyazlar əldə etməsinə xidmət etməkdən başqa bir şey deyil. Onların qərəzli mövqeyi və Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgər və zabitlərinin Qələbəsinə kölgə salmaq cəhdləri ilə tanış olduqda ortaya belə bir sual çıxır: Azərbaycan doğurdanmı noyabrın 10-da müharibənin dayandırılması haqqında razılaşma imzalamaqla uduzubmu? Uduzubsa, demək ki, o zaman Ermənistan qalib gəlib, deyilmi? Buna ən obyektiv cavabı Azərbaycan ictimai fikrində yer alan rəylər və şərhlərdə deyil, beynəlxalq aləmdə, ilk növbədə ermənilərin siyasi elitasının mövqeyini göstərən Ermənistan mətbuatında axtarmağa qərar verdim. Ermənistanın “Armenian report” nəşrinin müxbiri Qalust Qriqoryan hadisələrdən dərhal sonra yazır: “...baş verənlərin hesabını yalnız bir adamdan soruşmaq lazımdır – Rusiya prezidenti Vladimir Putindən. Ancaq o, Ermənistanı və Artsaxı (Dağlıq Qarabağı-red.) satıb, Türkiyə -Azərbaycan təxribatının reallaşmasına o razılıq verib, bizim qəhrəmanlarımızın ölümündə o, günahkardır”. Eyni nəşrin digər bir müxbiri Nils Arutunyan isə daha hiddətli və qəzəblə yazır: “Mahiyyətcə Artsax artıq yoxdur – biz üç tərəfin sevincinin şahidiyik – Azərbaycan, Rusiya və Türkiyə...Ermənistanın rəhbərliyi bizim hamımızı satdı, göstərdi ki, asanlıqla hər bir erməninin qəlbinə tüpürə bilər. Biz hamımız düşünürdük ki, elə xətt var Nikol Paşinyan onu adlaya bilməz. Heç demə elə bir şey yox imiş. Biz biləvasitə özümüz, şadyanalıqla və özümüzün hazırki rüsvayçılığımızla, hakimiyyəti satqının, qorxağın və əclafın əlinə verdik. O, təkcə öz adını deyil, həm də yeddi arxasını rüsvay etdi. O, bizim hamımızı alçaltdı. Azərbaycan tərəfi toy-bayram edir. Bakının buna səbəbi var. Onlar iki ay əvvəl heç ağıllarına belə gətirə bilmədiklərini əldə ediblər... ... İlham Əliyev özünün çoxsaylı müsahibələrində bizim ordumuzu bizim torpaqlardan çıxartmaqla bağlı Paşinyandan qrafik tələb edirdi və nəticədə bunu aldı! Döyüşsüz, bir güllə atılmadan belə Ağdam rayonu və Azərbaycan Respublikasının Qazax ryonunun bizim nəzarətimizdə olan əraziləri təhvil verilir...” Nils Arutunyan Azərbaycanın işğal altında olan qalan rayonların boşaldılmasının da qrafikinin verildiyini qeyd edərək sual edir: “Ermənistanın Artsaxdan qalan ərazi ilə əlaqəsi Laçın dəhlizi vasitəsi ilə olacaq və bu, artıq hüquqi cəhətdən də itirdiyimiz Şuşaya aid olmayacaq!” Ürəyindən qara qanlar axan erməni müxbiri daha sonra yazır: “Qalır Stepanakert (Xankəndi-rued.). Axı yeni şəraitdə, qələbə dadı damağında qalan və onların yeni bir hərbi təxribat törətməkdən açıq-aşkar çəkinmədiyi halda, orada yaşamağa kim cəsarət edər?! Rusiyanın belə açıq bir xəyanətdən və Türkiyənin güclənməsindən sonra kim orada yaşamağa cürət edə bilər?” Erməni müəllif bildirir ki, əgər Paşinyan Kremlin təzyiqlərinə daha tez, bizim xalqa qarşı hərbi təxribat başlamamışdan tabe olsaydı, ən azından bu qədər itgilər olmazdı, Şuşa və daha iki rayon bizdə qalardı. “Ancaq nəticədə biz nə qazandıq – minlərlə həlak olanlar və rüsvayçı təslim aktı”. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə “168.am” saytına müsahibəsində özünü keçmiş günahlardan sığortalamq üçün də olsa, silahlı qüvvələr rəhbərliyinin təklifi ilə müharibəyə son qoymaq qərarının düzgün olduğunu etiraf edib. “Bununla belə, ordunun deyil, dövlətin məğlub olması birmənalıdır, həmçinin, bunun erməni xalqı üçün çox pis bir sənəd olması da birmənalıdır,”- deyə Ohanyan vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 44 gün böyük qəhrəmanlıqla, heç bir dövlətdən, hətta Rusiyadan belə çəkinmədən ordusuna qətiyyətlə rəhbərlik etməsinin səbəblərindən biri də Cənubi Qafqazda sülhün açarının Azərbaycanda olmasıdır. (ardı var)

2020-11-23 00:00:00
948 baxış

Digər xəbərlər

“Onun əlləri uşaq və qadınların qanına batıb”

Asim Mollazadə: “Ruben Vardanyanla bağlı verilən qərar haqqın, ədalətin təntənəsidir” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan bakı Hərbi Məhkəməsinin qəararı ilə 20 il azadlıqdan məhrum edilib.  Məhkəmə sübut edib ki, Ruben Vardanyan  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törədib. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökmü ədalətin tənətənəsi kimi dəyərləndirib: “Şübhəsiz, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən Ruben Vardanyanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi haqqın, ədalətin təntənəsidir və alqışlanmalıdır. Çünki bu şəxs mülki insanlara qarşı dəhşətli cinayətlərə yol verib, bir-birindən qorxunc əməllər törədib. Onun əli günahsız insanların - uşaq və qadınların qanına batıb. Bu səbəbdən onun cəzalandırılması həm qanunun, həm də ədalətin öz yerini tapması baxımından zəruri idi. Hesab edirəm ki, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsinin verdiyi qərar digərləri üçün də görk olmalı, Azərbaycana qarşı bədxah, məkirli niyyət güdən hər kəs baş verənlərdən nəticə çıxarmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti Azərbaycan xalqına qarşı törədilən heç bir cinayəti cavabsız qoymur və gələcəkdə də bütün cinayətkarlara münasibətdə eyni qətiyyəti sərgiləyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu
Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.   Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:   “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.   Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.   Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.   Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir:   “Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir.   Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar.   1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.   Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.   İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.       Hörmətli Baş direktor.   Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.   Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.   Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.     Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.    Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.     UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.

Hamısını oxu