Ən son xəbərlər
Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur. Xalq bildirir ki, Ali Baş Komandan bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdi. Onlar Prezidenti qızıl qəlbli rəhbər adlandırıb. Prezidentə müraciət edənlər qeyd edir ki, Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdı. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdı. Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.
Hamısını oxu
Bütün Azərbaycan o FOTOlara baxır... Hətta bütün dünya baxır... O qədər heyrətamiz, doğma və misilsizdir ki... Sanki həyatımızın, taleyimizin, şərəfimizin, qürurumuzun, dünənimizin, bu günümüzün, gələcəyimizin, ən önəmlisi, Qələbəmizin fotolarına baxırıq. Bəli, o fotolardan Vətən görünür. Vətənimiz... Prezident İlham Əliyev Bayraqdır, Dövlətdir, Millətdir o görüntülərdə. Sülh sazişi hələ bağlanmayıb. Yalnız atəşkəs elan olunub. Erməni silahlı dəstələri hələ torpaqlarımızı tərk etməyib. Hətta rusiyalı sülhməramlılarla erməni başıpozuq dəstələrinin atışmaları barədə sosial şəbəkələrdə xəbərlər dolaşır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənmə prosesinə başlanılmayıb. Belə bir riskli və təhlükəli şəraitdə Prezident Füzuli və Cəbrayıla – işğaldan azad olunmuş rayonlarımıza səfər edir. Daha da heyrətamizi: Tək deyil, həyat yoldaşı, həm də sözün bütöv mənasında silahdaşı, Birinci xanım, Birinci vitse-prezident da yanındadır. Təsəvvür edin, biz media rəhbərləri olaraq o bölgələrə səfərimizin təşkil olunması üçün cəmi 1 gün öncə müraciət etmişik. Bizə cavab verilib ki, hələ təhlükəlidir, gözləyin. Amma İlham Əliyev Mehriban xanımla birlikdə həmin o təhlükəli ərazilərdədir... O qədər əzəmətlidir ki... Prezident İlham Əliyevin əzmini, əzəmətini, cəsarətini və miqyasagəlməz qəhrəmanlığını gördükcə sevinc və fərəhdən adamın ayaqları yerdən üzülür. Bir insan Vətənini və Torpağını necə bu dərəcədə, bu səviyyədə, bu böyüklükdə sevə bilər? Bu nə sevgidir, bu nə inamdır, siz nə edirsiniz, Cənab Prezident! Dünənəcən qanlı döyüşlərin getdiyi ərazilərdir bura. Terrorçu mahiyyətli ölkəylə düşmənik... Hələ üstəlik, Mehriban xanım deyir ki, “maşını saxla, piyada gedək”... Mən əminəm ki, dövlət rəhbərliyinin təhlükəsizliyinə məsul olanlar da ən azı bizim qədər şokdadır... Hər şey spontandır. Görünən odur ki, heç nə, heç bir şey uzun-uzadı, öncədən planlaşdırılmayıb. Füzuli... Şəhidlərimizin qanıyla suvarılan torpaq. Prezidentin Füzuli müjdəsini verdiyi çıxışı yadınızdadır? Demişdi ki, Füzuli döyüşlərini dünya hərb elmi araşdıracaq, öyrənəcək. Bu, o Füzulidir. Ali Baş Komandan məhz orada maşını saxlayır, enir və sonsuz sevgiylə, ehtiramla, şövqlə onu alqışlayan insanları salamlayır. İnsanlara yaxınlaşır. Heç bir narahatlığı yoxdur. İnsanlara səmimiyyətlə, sevgiylə, inamla baxır... İnsanlar “İlham” qışqırmır, insanlar İlham Əliyevi görən kimi “Qarabağ” deyir, “Vətən” qışqırır. Bilirsinizmi bu nə deməkdir? Bu, İlham Əliyevin Yurd, Vətən, Qarabağ olması deməkdir! O səhnəyə dəfələrlə, təkrar-təkrar baxdım. Nə gördüm, nə hiss etdim, bilirsiz? Bir yazar üçün gördüklərini yazmaq çox asandır. Amma hiss etdiklərini qələmə almaq, sözə çevirmək o qədər çətindir ki... Ürfani Sevgi var İlham Əliyevə. Bu, alışdığımız, təsəvvür etdiyimiz və ya etməyə çalışdığımız o məlum duyğulardan daha fərqli, daha ötə və daha üstün Sevgidir. Yaxın-uzaq keçmişimizə, tariximizə nəzər salaq, xatırlamağa çalışaq. Kimə qarşı olub bu sevgi? Tariximizin ən şanlı səhifələrini yazan Nadir Şaha olmayıb. Dilimizin əzbəri deyil bu isim. Baxmayaraq ki, Hindistanı fəth etmişdi. Sələflərindən qalan dövlət ərazilərini ikiqat artırmışdı, böyütmüşdü. Milyon kvadratkilometrlərlə ölçülən torpaqlar qatmışdı torpağımıza. Böyük Sərkərdəmizə sayğı vardı, etimad vardı, sevgi də vardı. Ancaq... İlham Əliyevə olan Sevgi Selindən fərqli... İlham Əliyevə olan sevgini yalnız Şah İsmayıl Xətaiyə olan xalq məhəbbəti ilə müqayisə etmək olar. Şah İsmayıla ürfani sevgi vardı. Bu, bir şaha, fatehə, sərkərdəyə olan münasibət deyildi. Mistik idi. Göylərlə əlaqəliydi, İlahi qatları vardı. Ona görə də 500 ildir dəyişmir, unudulmur, itmir, o enerji qəlbimizdədir. Məhz qəlbimizdə... Qarabağda “yüksək”, “uca”, “yuxarı” sözlərini adətən belə ifadə edirlər: “qəlbi”. Yəni ən yuxarı, ən üstün, ən uca. Şah İsmayıl ürəyimizin, qəlbimizin ən uca yerində olub həmişə. Əsrlərdir belədir... İndi İlham Əliyev həmin o QƏLBİ yerə - qəlbimizin ən UCA yerinə taxt qurub. Ürfanla, mistika ilə real qəhrəmanlığın - yeri gəlmişkən, mənim düşüncəmdə İlham Əliyev yalnız Milli Qəhrəman deyil, bu rütbədən, bu addan, bu fəxarətdən daha yuxarıdadır – cəsarət və əzəmətin mücəssəməsi kimi... Biz onu Prezident, Ali Baş Komandan kimi yox, ən başlıcası, öz doğmamız, əzizimiz, ciyərparamız kimi sevirik! Və o da bunu hiss edir. Şuşanı niyə aldı? Niyə Xankəndini yox, məhz Şuşanı?! Çünki bilirdi ki, Şuşa mənəviyyat paytaxtımızdır. Şuşasız bu toplum yarımçıq olar, dolu olmaz, bütöv olmaz. Ən ağır, ən çətin, hətta ağlasığmaz döyüşlər gedib Şuşa uğrunda. Canımızla, qanımızla, qəlbimizlə, qolumuzun, dizimizin gücüylə, təpəriylə almışıq Şuşanı. Şuşa qələbəsi, Şuşa döyüşü fərqlidir, çox fərqlidir. Bu yerüstü döyüş deyil. Bu, Göy döyüşüdür. Heç təsadüf deyil ki, Ali Baş Komandan bu savaşı iki dövlət arasında gedən müharibə adlandırmır, “Xeyirlə Şərin mübarizəsi”, Xeyirin Şər üzərində Qələbəsi adlandırır... Təəccüblənməmək, heyrətlənməmək, sevməmək mümkün deyil. Ali Baş Komandanım xanımının əlindən tutaraq Xudafərinə doğru gedir. Çünki o bilir ki, Şuşa nə qədər ruhumuzun paytaxtıdırsa, Xudafərin də bir o qədər Ruhumuzun birliyidir. Milli birliyimizdir, milli qürurumuzdur, milli dirçəlişimizdir Xudafərin. Xudafərinin mesajları bütün Azərbaycan türklərinədir – 50 milyon insanımıza yönəlik çağırışdır, ismarışdır, sevgi və həmrəylik mesajıdır. Bütün bunlar təsadüfdür? Yox. 30 illik arzularımızın məhz indi reallaşması təsadüf ola bilərmi? Niyə 10 il öncə yox, 10 il sonra da yox, məhz indi? Çünki İlham Əliyev hesablamışdı bütün bunları. Dövlətin gücləndirilməsi, ordunun gücləndirilməsi, bütün resursların Qələbə üçün toparlanması və yönəldilməsi, dəqiq hesablamalar və Zəfər. Xarici ekspertlər deyir, “İlham Əliyev xəritəni düzgün oxumağı bacardı”. Yalnız xəritənimi? Harda başlayıb harada bitirməyi, dünyanın supergüclərini, ermənipərəstləri, düşmənin havadarlarını mat qoyaraq, hər kəsi və şeyi son dərəcə dəqiqliklə, əminliklə hesabladı və müharibəni uddu. İndi o Qalibdir, o diktə edir, o həll edir bundan sonra olacaqları... Xankəndiylə bağlı dediklərinə diqqət edin... Yollarla, yeni yollarla bağlı planlarına diqqət edin. “Hələlik...” deyir. “Hələ ki...” Ərazi bütövlüyümüz deyir. Ermənilərə heç bir statusun verilməyəcəyini deyir. Ermənistana təzminat davası açılacağını deyir... Yəni müharibə bitməyib Azərbaycan Prezidenti üçün. Müharibə başlayır. Ən çətin və ən ağır müstəvidə... İlham Əliyevlə Mehriban Əliyevanın – Prezidentlə Birinci vitse-prezidentin əyinlərindəki hərbi geyim həm də bunun işarətiydi. İşğaldan azad olunan bölgələrimizə - erməni vandalizminin həyat izlərini sildiyi o torpaqlara Can, Həyat və İşıq aparmaq missiyasıydı... Gözəl günlər yaşayırıq... Ağrılarımız keçəcək... Yaralarımızı sarıyıb sarmalayacaq, sağaldacağıq... Bütün savaşlarımızın sonu Qələbəylə bitəcək... Qələbə Azərbaycana o qədər yaraşır ki... Aynur Camalqızı
Hamısını oxu
"Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir". Publika.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter" səhifəsində yazıb. Ölkə başçısı bildirib ki, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir: "Hər şeyi dağıdıb, mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır. Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".
Hamısını oxu
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Prezident İlham Əliyev dedi: - Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir. Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq. Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər. x x x Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyata qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev dedi: -Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik. Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar. Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! x x x Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü. x x x Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir. Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır. Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır. x x x Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər. Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər. Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir. Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər. Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Gedək baxaq bəzi binalara. Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir. Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar. Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb. Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! xxx Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, səfərdən qısa video yayılsa da, daha geniş məlumat sabah ictimaiyyətə təqdim olunacaq.
Hamısını oxu
Azərbaycan və məqsədlərinə çatan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində mütləq qalib oldu. Bunu jurnalist Vladimir Solovyovun Yutub kanalında İsrailin “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi deyib. “O, ermənilər tərəfindən tutulan Azərbaycan ərazilərini fəth etdi. Bu gün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi müzakirə edilmir, statusun necə saxlanılması məsələsi müzakirə olunmur. Bu müəyyənləşdirilməmiş statusun necə dəyişdiriləcəyi sualı müzakirə olunur. Və Ermənistanda quduz insanların istəklərinə əsasən statusun dəyişməyəcəyi də aydındır. Onların fürsəti var idi, Azərbaycanla razılığa gəlib, belə biabırçı məğlubiyyətə uğramadan orada qala bilərdilər”, - Y.Kedmi bildirib. Solovyovun “Əliyev Paşinyanı tamamilə məhv etdi və ölkə prezidenti kimi göründüyü halda , Paşinyan nədənsə Şuşada qastrol səfərini təşkil edən pis rəqqasa oxşayırdı” ifadəsinə cavab olaraq Kedmi bu iki nəfəri müqayisə etməyin ümumiyyətlə yersiz olduğunu qeyd edib. “Onlar nə təhsildə, nə təcrübədə, nə də dövlət düşüncəsində müqayisə edilə bilməz. Əliyev əvvəllər heç kimin bacarmadığını edib. O, Azərbaycanın milli problemlərindən birini həll etdi. O, Azərbaycanı həm beynəlxalq, həm də milli nöqteyi-nəzərdən gücləndirdi. Və o sübut etdi ki, hakimiyyət Azərbaycan xalqının maraqlarına xidmət edir”, - İsrail xüsusi xidmətinin keçmiş rəhbəri deyib. (oxu.az)
Hamısını oxu
Ветеранам Организации Ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики Глубокоуважаемые Ветераны Азербайджанской Республики! Поздравляем Вас и весь Азербайджанский Народ с возвращением своих исторических территорий. Благодаря тому, что Вы Ветераны и в первую очередь Ветераны Вооруженных сил Вашей страны с успехом передали свой военный опыт и боевой дух нынешним военнослужащим Азербайджанской Республики позволило им вместе с Народом и Руководством Вашей страны одержать важную ПОБЕДУ. Желаем Вашей стране успехов во всех делах. Организации ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики желаем и в дальнейшем достойное воспитание молодого поколения страны. С уважением и наилучшие пожелания, Председатель Комитета «Ветеранов Чернобыльцев» Владимир Каменков Минск, Беларусь 14.11.2020 года
Hamısını oxu
Bakı, 12 noyabr, AZƏRTAC Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndləri Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şəxsi təşəbbüsü ilə hazırlanmış əklil “Əbədi məşəl” abidəsinin önünə qoyulub.
Hamısını oxu
Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir: “Əziz həmvətənlər! Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi! Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir! Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq! Əziz qardaşlar və bacılar! Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı! Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik! Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin! Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır! Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram! Əziz həmvətənlər! Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Hamısını oxu
Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi. Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq. Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik. Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Hamısını oxu
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər. Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər. Artıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq. Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan? Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi. Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq! Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir. Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Baş leytenant Mail Əsgərov: “Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar. Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm. Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik. Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”. Prezident İlham Əliyev: “Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”. 14:06 Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Hamısını oxu
Bakı, 10 noyabr, AZƏRTAC Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti -Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim: “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. 2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. 5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. 7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. 8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”. X X X Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar. Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır! Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır artıq ümidlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi! Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq. Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da! Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik. Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir. Mən demişəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam. Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir. Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Bu, nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik. Ona görə məsələnin həlli artıq təmin edilib. Əlbəttə, əgər Ermənistan atəşkəsə əməl etsə, - mən artıq bütün əmrlərimi vermişəm, - komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq. İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atəşkəsi pozub. Birinci dəfə kim pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə kim pozub beş dəqiqə atəşkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Ona görə biz istədiyimizə nail ola bilmişik. Biz düşməni məcbur edə bilmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandıra bilməz. Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu. Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır. Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər. Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi. Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər. Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir. Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Hamısını oxu