Ən son xəbərlər
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.
Hamısını oxu
Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
Hamısını oxu
Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
Hamısını oxu
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi! Gözün aydın Azərbaycan! Yaşa, yaşa Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Hamısını oxu
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.
Hamısını oxu
Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanı azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Cənab Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barəsində verdiyi müjdə xəbəri hər birimizə möhtəşəm sevinc hissi yaşadır. 28 ildən sonra Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə gün münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Şuşanın azad olunması zəfər sevincini xalqımıza yaşatdığına görə sonsuz təşəkkürümü bildirirəm. Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğaldakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin, yaralı Əsgər və Zabitlərimizə şəfa versin. Qarabağ Azərbaycandır! Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov
Hamısını oxu
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.
Hamısını oxu
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır. Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident. Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm
Hamısını oxu
Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur! Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik. Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir. Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır. Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır. Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir. Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik. Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir. Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək. Sahil Kərimli,Trend BİA-nın Baş redaktor müavini
Hamısını oxu
Bakı, 7 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.
Hamısını oxu
Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. – Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. – Bu imkana görə təşəkkür edirəm. - Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir? – Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik. – Siz işğal olunmuş 7 rayonun - 5 üstəgəl 2 azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmisiniz? – Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq. – Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib. Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaq mümkün olmamışdır? – Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq. – Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki, kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslim etməyə yox. Siz də kompromisə hazırsınız? Bu kompromis necə olacaq? – İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik. – Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur? – Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir. – Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur? – Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır. – Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir? – Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər “münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək. – Mən Sizdən “Amnesty International”ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz? – Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elan etmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm. - Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz? -Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik. -Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz? -Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər. -Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necə ki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət etmişdir. Siz müharibənin beynəlmiləlləşdirilməsindən qorxursunuz? -Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir. -Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı? -Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar. -Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız? -Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm. -Çox sağ olun, cənab Prezident. Mən bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. -Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.
Hamısını oxu