Ən son xəbərlər

"Təhlükəsizliyimizin, stabitliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın gələcəyi üçün çox vacibdir". Bunu Qlobal.Az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov aprel ayının 11-ə təyin olunan Prezident seçkilərinə münasibət bildirərkən deyib. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən də söz açıb:" Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatına Prezident İlham Əliyev cənabları daim xüsusi diqqət bəsləyib. Möhtərəm Prezidentimiz çıxışlarında da daim deyir ki, veteranlar, şəhid ailələri dövlət orqanlarının diqqət və qayğısı ilə əhatə olunmalıdır. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə davam edir. İnsanlar asanlıqla işləyə, yaşaya, yarada bilirlər. Azərbaycan artıq regionun super dövlətinə çevrilib. Regionumuzda heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyev cənablarının yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasəti nəticəsində nail olunub". Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının iki aydan sonra Respublikada baş tutacaq Prezident seçkilərində aktiv iştirak edəcəyini vurğulayan polkovnik C. Xəlilov İlham Əliyevi dəstəkləyəcəklərini deyib. "Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan respublikasının Prezidentliyinə İlham Əliyev cənablarının namizədliyini irəli sürəcək. Bilirik ki, həm ölkəmizin daxilində, həm də ki, xaricdə ölkəmizdəki siyasi sabitliyi pozmaq istəyən, iqtisadi cəhətdən ölkəmizi özlərindən asılı vəziyyətə salmaq istəyən məkrli qüvvələr var. Biz veteranlar imkan verməyəcəyik bu stabillik pozulsun. İlham Əliyev cənabları beynəlxalq səviyyədə qəbul edilən, hörmət bəslənən, intellektual, dünyanın siyasi fəlsəfəsini bütünlüklə dərk edən və dəqiq qərarları ilə həmişə bir addım öndə olmağı bacaran liderdir. İlham Əliyev idarəetmə sisteminə çoxlu yeniliklər gətirib, bunlar da cəmiyyətin inkişafı üçün çox vacib məsələlərdir. Dünyada gedən proseslərə özünəxas yanaşması onu həmişə digər siyasi xadimlərdən ciddi olaraq fərqləndirə bilib. Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə fəxr edirik. Təhlükəsizliyimizin, stabilliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Prezident olması Azərbaycanın gələcəyi üçün çox vacibdir"-deyə, polkovnik C. Xəlilov qeyd edib.
Hamısını oxu
Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub Bakı, 5 fevral, AZƏRTAC Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulandı, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olundu, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirildi. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulandı və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Hamısını oxu
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.
Hamısını oxu
Yanvarın 22-də Şəhidlər xiyabanında Azərbaycanın hərb tarixinə adı qızıl hərflərlə həkk olunan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.Əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verib. Müasir gəncliyimizin qəhrəman döyüşçüdən çox şey öyrənməli olduğunu deyən idarə rəisi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunun yuksəldilməsində mühüm rol oynayır.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov da H.Aslanovun hərbi xidmətlərindən danışıb. O, sərkərdənin ömür yolunun hər bir gəncə ən dəyərli nümunə olduğunu qeyd edib.Qəhrəmanın nəvəsi Emin Aslanov ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. * * * Azərbaycan Hərb Tarixi Muzeyində də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım günü qeyd edilib
Hamısını oxu
Bu qeydləri uzun illər ərzində ən məhdud auditoriyada belə üzə çıxarmağa, nə də geniş ictimaiyyətə çatdırmaq üçün çap etdirməyə ehtiyac duymamışam. Bəlkə də ixtisasımdan irəi gələn bir vərdişdur. Özümlə bağlı olanlardan yox, başqalarının xidmətlərindən yazmağı üstun tutmuşam. Beləcə iştirakçısı olduğum, fəallıq göstərdiyim hadisələrin indi nəinki təfərrüatını, hətta bəzən ən mühüm məqamlarını xatırlamaq çətin olur. Bir çox detalları dəqiqləşdirmək üçün arxiv adı ilə topladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələri, qeydləri yenidən ələk-vələk etməli oluram. Bəzi məqamlarını sizə çatdırmaq istədiyim hadisələrə gəlincə, onlar barəsində yazmaq qərarım bu gün müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə, xalqa, hərəkata xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az dəhşətli deyil. Belələrinin məntiqinə görə, layiq olmadıqları mərtəbələrə yüksəlmələri xalq qəhrəmanına çevrilmələrinə də tam haqq qazandırır. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Ancaq nədənsə bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakı şəhərinə şamil olunmamışdı. Bunun əslində məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın qısa müddətə arxayın salınması məqsədi güddüyü sonradan məlum oldu. Həmin günlərdə, Bakıda baş verən hadisələr, SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq 1990-cı ilin yanvar günlərində Azərbaycanın rayonlarında gedən proseslər, baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. Həmin vaxt mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 6 ilə yaxın müddət idi ki, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, ümumən Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda rayonumuzun bir sıra fəalları da iştirak edirdilər. Biz həm respublikada, həm rayonda, həm də onun ətrafında baş verən hadisələrdən operativ məlumat alır, prosesləri mümkün qədər nəzarətdə saxlamağa çalışırdıq. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin bir çox rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi. 1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Qağlıq Qarabağ ətrafında proseslərin Azərbaycana zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi real olduğundan rayonun hücumları intensivləşmiş erməni yaraqlılarından qorunması ilə yanaşı, əhali arasında ardıcıl iş aparılması tələb edilirdi. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının vaxtında alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu daha çox xüsusi orqanların işi olsa da, əhalinin heç olmasa mitinqlər vasitəsilə düzgün məlumatlandırılması lazım gəlirdi. Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Qayda-qanuna, əsasən əməl olunmasına baxmayaraq, bütövlükdə əhalinin cəzalandırılması, başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əlyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Bu vəziyyət Azərbaycanın bütün İranla sərhəd ərazilərində tətbiq edilmişdi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (onlar başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda, Zəngilan rayon partiya komitəsi binasının yaxınlığında mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar, daha çox da müəyyən səlahiyyət sahibi olanlar rayonda heç bir qeyri-qanuni hərəkətin törədilməyəcəyinə təminat verir, bu məhdudiyyətləri özləri üçün təhqir hesab etdiklərini bildirirdilər. Onlar, “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda icrası dayandırıldı. Bu barədə qərarı xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı. Həmin hadisələr barədə rayon qəzetində səhəri gün 2 nəfər həmkarımla «Xalq birliyinin gecəsindən reportaj»ımız dərc edildi. Mitinqdəki çıxışlardan ikisini qəzetin həmin sayına istinadən diqqətinizə çatdırmaq istəyirəm. Mincivan qəsəbə sakini, İkinci dünya müharibəsi veteranı Musa Əliyev demişdi: “Mən müharibə iştirakçısıyam, o vaxtlar ərazimizdə əlavə sərhəd rolu oynayan tikanlı məftillər yox idi. Amma sərhəd lazımi qaydada qorunurdu. İndi 5 gün əvvəl əlavə zonaları xalqın iradəsi ilə götürüb, sonra yenə bağladılar. Bizi İran sərhədindən yox, Ermənistan sərhədindən təhlükə gözləyir. Bu təhlükəni qeyrətli oğullarımız öz sinələri ilə dəf etməyə hazırdırlar. Bizə xüsusi vəziyyət, qadağan saatı lazım deyil.”. Maşinist Abış Qasımov: “Həyatım boyu bu qədər adamın rayonumuzda etiraz səslərini ucaltmaq üçün bir yerə toplaşdıqlarını görməmişəm. Körpə uşaqlar da, xəstə, qocalar da bu meydana gəliblər. Gəliblər ki, qadağan saatını qadağan etsinlər”. O şaxtalı, soyuq havada mitinq keçirilən meydanda istədikləri qərarı alana qədər insanlar gecəyarısına qədər dağılmadılar. Meydanda 25 yerdə tonqal qalayıb ətrafında qızındılar, soyuqdan aclıqdan yoruldular, birinci katib də olmaqla, neçələrinin “sabah həll edilər, dağılın” vədinə aldanmayıb dözdülər, geri addım atmadılar. Yerli dövlət orqanlarının tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə erməni işğalı vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq o dövrdə hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Rayonda ikinci çoxsaylı mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya qoşun, daha doğrusu, cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs mərkəzi hakimiyyətin əsas təmsilçisi Kommunist partiyası rəhbərlərinin Azərbaycana qarşı törətdiyi qanlı cinayətə, əslində soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Mitinqin respublikanın paytaxtı Bakıda və bir çox ərazilərdə fövqəladə vəziyyətin tətbiqinə başlandığı bir vaxtda, həbs və təqib təhdidlərinin real olmasına baxmayaraq, keçirliməsi insanların cəsarətindən, vətənpərvərliyindən xəbər verirdi. Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar günün səhəri ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Rayonda olmadığım vaxt qəbul edilmiş həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. Qeyd edim ki, ikinci mitinqin də videoçəkilişi üzə çıxarılmadı. 20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqi daha sərt şəkildə həyata keçirilməyə başlandı. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar. Onlardan 6-7 nəfəri Rusiyanın müxtəlif ucqar ərazilərində bir neçə müddət həbs həyatı yaşadılar... Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.
Hamısını oxu
Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından ilk kitabın - “Gözlə gələcəyəm” sənədli povestinin təqdimatı keçirilib. Əsərin müəllifi tanınmış publisist İradə Sarıyevadır. Nəşrin rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev, redaktoru Zülfüqar Şahsevənlidir. Kitab redaktorun “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var...” sərlövhəli qeydləri ilə başlanır. AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verib. Bildirib ki, sənədli povestdə Vətən uğrunda döyüşlərdə şəhid olmuş, 23 yaşlı kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır. Son dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin xatirəsinə yazılmış elegiyaya bənzətmək olar. Zülfüqar Şahsevənli povestin çox kövrək hisslərlə qələmə alındığını söyləyib. Diqqətə çatdırıb ki, istedadlı qələm sahibi İradə Sarıyeva bir şəhidin harayına səs verərək, onun həyatını əks etdirib, gələcək nəslə örnək qoyduğunu vurğulayıb. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov və başqaları gizir Aydın Abdullayevin şərəfli döyüş yolunu işıqlandıran bu cür kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Aydın Abdullayevin bir idmançı kimi qazandığı qələbələrin, döyüş cəbhəsində göstərdiyi qəhrəmanlığın povestdə çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alındığını söyləyiblər. Tədbirdə layihə rəhbəri, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın ssenarisi əsasında çəkilmiş, şəhidin ömür yolunu işıqlandıran “Gözlə gələcəyəm” adlı film nümayiş olunub. Sonda şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Dəyanət Səlimxanlı, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Təşkilatın əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, professor İzzət Rüstəmov, ziyalılar, elm ictimayyətinin nümayəndələri, veteranlar və gənclər iştirak etmişdirlər. “İlahi Nur” kitabı Paşayevlər nəslin min illik tarixinə, bugününə və bu nəslin layiqli davamçılarına, görkəmli yazıçı, böyük ədəbiyyatçı alim Mir Cəlal Mir Ələşrəf oğlu Paşayev, akademik Arif Paşayev və nəslin şərəfli ömür yoluna həsr olunmuşdur. “İlahi Nur” poemasında nəsilin şəcərəsindən olan Mir Məhəmməd, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzin və nəslin sonra gələn nümayəndələrinin fəzilətindən bəhs olunur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi şərəfli həyat yolu haqqında danışdı. “Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Mir Cəlal Paşayevin çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına Azərbaycanın tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir”. Cəlil Xəlilov həmçinin Mir Cəlal Paşayevin davamçılarının onun yolunu uğurla davam etdirdiyini, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə əlindən gələni əsirgəməyən insanların heç bir zaman unudulmayacağını vurğuladı. Cəlil Xəlilov Mir Cəlal Paşayev və onun nəsil şəcərəsi haqqında yazılan “İlahi Nur” kitabını Azərbaycan oxucuları üçün dəyərli mənbə və gözəl poeziya nümunəsi adlandırdı. Təqdimatı keçirilən kitabı Azərbaycanda dini tolerantlığın və eləcə də, İslam dininin yüksək səviyyəli inkişafının bariz nümunəsi kimi dəyərləndirdi. Professor İzzət Rüstəmov “İlahi Nur” kitabını dini baxımdan gözəl nümunə kimi qiymətləndirdi. Mir Cəlal Paşavin nəsil şəcərəsinin İslam dininin və Azərbaycan elminin inkişafındakı fəalliyyətlərini qeyd etdi. Sonra çıxış edən müəllif tədbirin təşkilatçılarına və bütün iştirakçılarına təşəkkürünü bildirdi. O kitabın ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı. Digər çıxış edənlər - xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, Yadulla Cümşüdov və digərləri “İlahi Nur” kitabının ədəbi və dini əhəmiyyətindən, Mir Cəlal Paşayevin və onun davamçılarının xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətlərindən danışdılar.
Hamısını oxu
Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, Ermənistanın həyata keçirdiyi mənfur düşmənçilik siyasəti Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasının daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a müsahibəsində deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Ordumuz Azərbaycan xalqının tarixi ənənələrinə sadiq qalmaqla gündən-günə daha da güclənir. Beynəlxalq reytinq göstəricilərində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında ən qüdrətli ordular sırasındadır. Bütün bunlar qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin, uğurlu ordu quruculuğunun və güclü iqtisadiyyatın sayəsində mümkün olub. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin gücünün artırılmasına daim xüsusi diqqət göstərir. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, ordumuzun peşəkarlığının artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin bariz nümunəsidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləyir, onları nəzarətdə saxlayır. Ehtiyatda olan polkovnik deyib: “Bunlar sübut edir ki, ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Silahlı Qüvvələrimiz peşəkar kadrlarla, yüksək hərbi təhsilli, vətənpərvər zabitlərlə komplektləşdirilib. Əsgərlərimizin döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Maddi-texniki baza daim yenilənir, gücləndirilir, daha yaxşı nəticələrin əldə edilməsi üçün müasir silah və sursatla təmin edilir. Ordunun təminatının ödənilməsi üçün lazım olan, müasir tələblərə cavab verən hərbi texnika, silah-sursatın böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Bu, ordumuzun hərbi-texniki təchizatı baxımından xarici dövlətlərdən asılılığını azalmaqla yanaşı, iqtisadiyyatımızın inkişafına da mühüm töhfə verir. Bu gün Ordumuzun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri hesab edilir. 2016-cı ilin aprel döyüşlərini bu uğurun göstəricisi hesab etmək olar. Ordumuzun qonşu dövlətlərlə birgə həyata keçirdiyi təlimlər də peşəkarlığın artırılmasına xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən mühüm amillərdir”. C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətin ölkəmizin tarixinə, qədim dövlətçilik ənənələrinə sadiqliyini sübut edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, ordu quruculuğu təcrübəsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımında “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi yüksək dəqiqliklə düşünülmüş addımdır.
Hamısını oxu
Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır. Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.
Hamısını oxu
“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir” “Ordumuz aprel döyüşlərindəki qəhrəmanlığı təkrarlamağa hazırdır” Cəlil Xəlilov: “Xarici dövlətlərdən hərbi-texniki təchizat baxımından asılılığımız sürətlə azalmaqdadır” “Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji uğurlarımızdan biridir” “SHXÇDX-nin hərbi vətənpərvərliklə bağlı keçirdiyi tədbirlər təqdirlayiqdir” Ordumuzun güclənməsi, onun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Hansı ki, 2016-cı ilin aprel döyüşlərini bu uğurun paraktiki isbatı hesab etmək olar. Lakin torpaqlarımızın hələ də işğal altında qalması, erməni təxribatının bu gün də davam etməsi ordumuzun hazırlıq səviyyəsini artırmaq səylərinin davam etdirilməsini zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla söhbətimizdə ordumuzun mövcud hazırlıq səviyyəsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi, milli hərbi-sənaye kompleksinin durumu və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq. -Cəlil müəllim, ordumuz 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də cəbhəboyu təşəbbüsü əldə saxladı. Bilmək istərdik ki, bunun qarşıda bizi gözləyən böyük qələbənin ilkin şərtlərindən biri hesab etmək mümkündürmü? -Təbii ki, bu, qələbə üçün vacib amillərdən biridir. Hazırkı vəziyyət bizə ordunun hər an müahribəyə hazır olmasının vacibliyini diktə edir. Biz torpaqlarımızı erməni separatçlarından azad etməyə hazır olmalıyıq. Ordumuz yüksək döyüş, eləcə də mənəvi-psixoloji hazırlığa malik olmalıdır. Ordu düşmən üzərində qələbəyə nail olmaq üçün xüsusi hazırlığını mütəmadi artırmalıdır. Təsadüfü deyl ki, Silahlı Qüvvələrimiz həm Ali Baş komandan, həm də ordu rəhbərliyi tərəfindən xüsusi diqqət var. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, peşəkarlığın artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin göstəricisidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləməli, onları nəzarətdə saxlamalıdır. Ordumuzun qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Gürcüstanla da birgə həyata keçirdiyi təlimlər də bu məqsədə xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən amillərdir. Biz hər an Ali Baş komandanın “hücum” əmrinə hazır olmalıyıq. Bunun üçün isə peşəkarlığın artırılması vacibdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mütəmadi surətdə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbirlər keçirir. Hansı ki, həmin tədbirlərdə Qarabağ müharibəsi veteranları da iştirak edir, yeniyetmələrə və gənc nəslin nümayəndələrinə öz xatirə və tövsiyyələrini dilə gətirir. Sizcə bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından nə dərəcədə zəruridir? -Hərbi vətənpərvərlik tərbiyəsi uşaq bağçalarından, orta məktəblərədn başlamalıdır. Mən SHXÇDX-nin keçirdiyi bu cür tədbirləri təqdirlayiq hesab edirəm. Respublika Veteranlar Təşkilatının həm Gənclər və İdman Nazirliyi, həm Hərbi Prokurorluqla birlikdə həyata keçirdiyi Tədbirlər Planı mövcuddur. Təhsil Nazirliyi ilə də birgə tədbirlər keçirmək niyyətindəyik. Bunda əsas məqsəd gənc nəslin nümayəndələrində orduya marağı artırmaq, hərbi-vətənpərvərlik tərbiyəsini yüksəltməkdir. Biz istəyirik ki, gənclərimiz həqiqi hərbi xidmətə, bir məcburiyyət olaraq yanaşmasınlar. Buna sevgi ilə, qəlbən can atsınlar. Gəncləri elə hazırlamaq lazımdır ki, onlar vətən borcunu ləyaqətlə yerinə yetirsinlər. Elə etmək lazımdır ki,mənəvi-psixoloji hazırlıq baxımından bizim əsgəri gücə bərabər güc olmasın. İstəyirik ki, hər bir əsgərimiz döyüşə Mübariz kimi, Fərid kimi köklənsin. Hər bir gənc torpaqları işğaldan azad etməyə hər an hazır olmalıdır. -Necə hesab edirsiniz, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində milli tariximizə müraciət etməyə, tarixi qəhrəmanlarımızın təbliğinə yer ayırmağa ehtiyac varmı? -Təbii ki, buna böyük ehtiyac var. Biz gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək üçün tarixi faktlardan istifadə etməliyik. Hansı ki, tariximiz bu baxımdan xüsusilə zəngindir. Hazırda 100 illiyini qeyd etməyə hazırlaşdığımız Xalq Cümhuriyyəti dövründəAzərbaycan Ordusu Qarabağda erməni separatçılarını məğlubiyyətə uğratdı. II Dünya Müharibəsində 124 nəfər Azərbaycan döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Minlərlə azərbaycanlı mühribədə göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Aprel döyüşlərində də əsgər və zabitlərimiz böyük qəhrəmanlıqlar ortaya qoydular. Bu gün ordumuz bu qəhrəmanlıqları təkrarlamağa hazırdır. -Azərbaycanda hərbi sənayenin inkişafı istiqamətində ciddi addımlar atılır. Necə hesab edirsiniz, müharibə şəraitində olan bir ölkə üçün hərbi sənayenin inkişafı nə dərəcədə vacibdir? -Prezidentimizin strateji addımlarından biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Bu, çox vacib bir məsələdir. Elə dövlətlər var ki, onlar müharibə aparan dövlətlərə silah-surat satışına qadağa qoyub. Bu gün ölkəmiz bu məsələdə digər dövlətlərdən çox da asılı vəziyyətdə deyil. Təbii ki, güclü dövlətlərdən müəyyən silah-sursat alırıq. Ancaq bu gün silahların çoxu ölkəmizin özündə istehsal edilir. Milli hərbi sənayenin inkişafı ölkəmizə həm hərbi, həm də iqtisadi maraqlar baxımından zəruridir. Bizim istehsal etdiyimiz bi çox silah növləri var ki, bu silahlar beynəlxalq sərgilərdə nümayiş olunur, onlara xarici dövlətlərin marağı böyükdür. Bu baxımdan ölkəmizdə milli hərbi sənayenin inişafı müstəsna önəmə malikdir. -Bəzən bu cür fikirlər səslənir ki, müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə ciddi ehtiyac olacaq. Sizcə Qarabağ uğrunda yeni bir müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə doğrudan da böyük ehtiyac yaranaqmı? Əvvəla mən bitməmiş Qarabağ müharibəsi deyərdim. Çünki Qarabağ uğrunda 100 ildən çoxdur ki aparılır, bu gündə davam edir. -Təbii ki, təcrübəyə hər zaman ehtiyac var. Keçmişin dərslərinə hər zaman müraciət etmək lazımdır. Həm Qarabağ, həm də Əfqanıstan müharibəsinin iştirakçılarının təcrübəsi bu baxımdan önəmlidir. 2016-cı ilin aprel döyüşləri zamanı yüzlərlə müharibə veteranı müraciət edərək ön xətdə getmək istəklərini bildirdilər. Ancaq onlara elə bir ehtiyac olmadı. Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Unutmayaq ki, bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik. Seymur Əliyev
Hamısını oxu