Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir

Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib. Bu, minlərlə insanın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etmək deməkdir. Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O qeyd edib ki, Ağdam rayonu üzrə mina xəritəsi əsasında Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi deməkdir. Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq. Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına şahid olacağıq. Polkovnik qeyd edib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır: “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin daha bir əhəmiyyəti həm də bilavasitə iqtisadi qazancla bağlıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmçinin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir”. C.Xəlilov Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsinin mühüm diplomatik zəfər olduğunu və milli dövlətçilik tariximizdə də məhz bu cür əks olunacağını vurğulayıb. O, qeyd edib ki, digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir.

2021-06-13 00:00:00
3110 baxış

Digər xəbərlər

Yüksəliş müsabiqəsi DMX rəisinin təqdimatında vebinar təşkil edib

Sentyabrın 18-də  “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən İdarəçi Rəhbərlər heyətinin üzvü,  Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təqdimatında “Dövlət sektorunda strateji idarəetmə” mövzusunda vebinar keçirilib.   APA-nın məlumatına görə, Vüsal Hüseynov vebinar iştirakçılarına idarəçilik bacarıqlarının əhəmiyyəti, strateji idarəetmə, səmərəli kommunikasiya işinin təşkili, bu kateqoriyaların əsas tərkib hissələrindən danışıb. DMX-nin rəisi qeyd edib ki, xüsusən strateji idarəetmə alətlərin düzgün seçilməsi,  bununla bağlı məqsəd, həfədlərin müəyyən edilməsi, tədbirlər planının hazırlanması, lazım olan resurslardan doğru istifadə komandanın görüləcək işə, xüsusilə böhran vəziyyətə  daha hazırlıqlı olması üçün vacib amillərdir. O, həmçinin strategiyaların, fəaliyyət planlarının icrasında  monitorinq və qiymətləndirmənin də əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət sektorunda olan idarərçilər üçün tələblərin özəl sektordan fərqli olmasını, bu halda dövlət qulluğunun fəlsəfəsinin mənimsənilməsi, dövlət qulluqçularına qarşı müəyyən edilmiş tələblərin diqqətdə saxlanılması, fəaliyyətin ictimai rifahı, təhlükəsizliyin artması, vətəndaşlara xidmətin yüksəldilməsi kimi yüksək maraqlara xidmət etməsini diqqətə çatdırıb. Dövlət sektorunda olan idarəçinin  ictimai hesabatlı  şəxs olmasını bildirərək fəaliyyətində qaydaları, rəhbərliyin tapşırıqlarını daim prioritet tutmasının vacibliyini qeyd edib.   Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi yeni layihələr, təlimlər, bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb.  Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.  “Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

Hamısını oxu
Şirvan şəhərində veteranlarla görüş keçirilib

9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar. Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkivnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər. Öncə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ uğrunda gedən döyüşlərdə Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində Şirvan şəhərində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun şəhərin İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanın büstü qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq ailələrinin yaşadıqları ərazidə, təhsil aldıqları məktəblərdə xatirə lövhələri ucaldılıb, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilmiş, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi inşa edilib. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində dövlət başçısı ətrafında dəmir yumruq kimi birəşdiyini bildirən polkovnik Cəlil Xəlilov, bu gün də milli maraqların müdafiəsi, ölkəmizin çiçəklənməsi baxımından dövlətimizin ətrafında sıx birləşməyin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, gənc nəslin nümayəndələri, o cümlədən qazi və veteranlar milli maraqların müdafiəsində yaxından iştirak etməli, Prezident İlham Əliyevin tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib. Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, hörmətli polkovnik Cəlil Xəlilova Fəxri Fərman təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.  

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub

Bu gün Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatının qonağı olub. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə tanış olan səfir, təşkilatın muzeyinə də maraqla tamaşa edib, oradakı eksponatlar haqqında ətraflı məlumat alıb.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Andrey Ravkov, Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov, bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.   Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib və bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir.   Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan Fatma Səttarova, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən Müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib.   Cəlil Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur.   Səmimi qəbula görə Respublika Veteranlar Təşkilatının sədrinə təşəkkür edən səfir Andrey Ravkov, Fatma Səttaroviya Belarus istehsalı olan simvolik hədiyyə - gəlincik təqdim edib.   Respublika Veteranlar Təşklatının mətbuat xidməti 

Hamısını oxu
QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADI

Hamısını oxu