Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”

 

Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:

 

“44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.

 

Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.

 

DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları

 

Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:

 

“Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.

 

DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.

 

Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.

 

“AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...

 

Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:

 

“44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.

 

AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.

 

Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...

 

Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:

 

“44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.

 

Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.

 

Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.

 

“DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”

 

Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:

 

“Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.

 

DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.

 

“Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”

 

DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:

 

“DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.

 

Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.

 

Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.

 

Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.

 

Seymur ƏLİYEV

2021-08-17 09:12:00
1194 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:  “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.  

Hamısını oxu
20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu
Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib. Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər. Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.   Baş Nazir Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir. Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu, ən mühüm məsələdir. Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları - Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Pezidentə məruzə edəcək. Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

Hamısını oxu