Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun abidəsi ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin valideynləri ilə görüşüb. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı və digər rayon rəhbərlərinin də iştirak etdiyi görüşdə Azad Hümbətovun döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının hər zaman Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə yad ediləcəyi vurğulanıb.

 

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub.

 

2021-09-22 15:47:00
878 baxış

Digər xəbərlər

Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Gələcəyimizə çıraq ol” sosial layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.  

Hamısını oxu
Qara Qızılın İşığında – Akif Əmənovun Şərəfli Həyat Yolu

Azərbaycanın neft tarixində neçə-neçə adlar var ki, onların alın təri, zəhməti, cəsarəti bu torpağın dərinliklərindən gələn qara qızılı xalqın rifahına çevirib. Bu adlar sırasında bir neftçinin ömrü zəhmətin mənəvi ucalığını özündə cəmləyib. Həmin ad Akif Əmənov adıdır. O, həyatını neftə, əməyə, xalqa və Vətənə həsr etmiş nəsil təmsilçilərindəndir. 12 aprel 1942-ci ildə Cəlilabad torpağında dünyaya göz açan Akif Əmənovun uşaqlıq illəri müharibə dövrünün çətinlikləri ilə yoğrulmuşdu. Amma o illərin çətinliyi onun ruhunu sındırmamış, əksinə möhkəmləndirmişdi. Əməksevərlik, sədaqət, təmkin - bu keyfiyyətlər onda hələ o illərdə formalaşmağa başlamışdı. Gənc Akif təhsilini başa vurduqdan sonra taleyini neftlə bağladı. Bu sahə o dövrdə həm ölkənin, həm də xalqın taleyini müəyyənləşdirən mühüm sahələrdən biri idi. 1962-ci ildən etibarən “Şirvanburneft” Trestinin 3 saylı Qazma İdarəsində usta köməkçisi kimi fəaliyyətə başlayan gənc neftçi qısa zamanda özünü peşəkar kimi təsdiqlədi. Neft quyularının dərinliklərində, isti səhralarda, küləkli düzənliklərdə qazma aparmaq təkcə texniki bilik deyil, həm də iradə, məsuliyyət, fiziki güc və mənəvi dözüm tələb edirdi. Akif Əmənov isə bütün bunlara malik idi. Onun rəhbərlik etdiyi komsomol-gənclər komandası 1966-cı ildə neftçilərin ümumittifaq yarışında illik planı cəmi yeddi ayda yerinə yetirərək ikinci yerə layiq görüldü. Bu, o dövrdə həm texniki, həm də mənəvi baxımdan böyük nailiyyət idi. Gənc ustanın uğurları artıq təkcə bölgə səviyyəsində deyil, ümumittifaq miqyasında tanınmağa başlamışdı. Əmənovun qazma işlərində tətbiq etdiyi yeniliklər də diqqətəlayiq idi. Onun rəhbərlik etdiyi briqada qazmada üç qanadlı, üç pilləli LIR qazma bitini ilk sınaqdan keçirənlərdən oldu. Bu, o dövr üçün texniki irəliləyiş idi ki, bununla da həm məhsuldarlıq artmış, həm də iş təhlükəsizliyi təmin edilmişdi. Onun rəhbərliyi altında 1962–1972-ci illərdə 60 kilometrdən artıq qazma işləri aparıldı, 16 neft quyusu uğurla qazıldı. Bu zəhmətin, yeniliyə meylin, əməyə hörmətin nəticəsi idi. Akif Əmənov zəhmətinin qarşılığı olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu ad o dövrün ən yüksək fəxri adı idi və yalnız xalqın etimadını, dövlətin dərin təşəkkürünü qazanmış insanlara verilirdi. Neft buruqlarından yüksələn bu zəhmət adamı tədricən ölkənin ictimai-siyasi həyatında da fəal rol almağa başladı. O, 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. Azərbaycan KP Əli Bayramlı Şəhər Komitəsinin büro üzvü seçilməsi, partiya qurultaylarında nümayəndə kimi iştirakı onun ictimai etimad qazandığının göstəricisi idi. Akif Əmənov təkcə partiya və dövlət tədbirlərində iştirak etmirdi, həm də sadə neftçilərin hüquqlarını, mənafelərini müdafiə edən səs idi. O, 8, 9, 10 və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, daha sonra isə SSRİ xalq deputatı seçildi. 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü kimi ölkənin siyasi və sosial həyatında fəal iştirak etdi. Akif Əmənovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni, eləcə də Ümumittifaq Lenin komsomolu mükafatı ilə təltif olundu. Hətta onun əməyinə beynəlxalq səviyyədə də dəyər verildi – Hindistanın fəxri vətəndaşı adına layiq görüldü. Bu fakt bir daha sübut edirdi ki, zəhmətin dəyəri millət və sərhəd tanımır. 1993–1996-cı illərdə Akif Əmənov “Azneft” İstehsalat Birliyinin Abşeron Qazma İdarəsinə rəhbərlik etdi. Onun təcrübəsi, idarəçilik bacarığı, işə yanaşması yeni nəslin yetişməsinə, qazma mədəniyyətinin təkmilləşməsinə böyük təsir göstərdi. 2002-ci ildən etibarən prezident təqaüdçüsü kimi ölkə rəhbərliyi tərəfindən diqqət və hörmətlə yad edildi. 25 iyun 2021-ci ildə Şirvan şəhərində dünyasını dəyişən Akif Əmənovun ömrü təkcə neftin qoxusu və alovun istisi ilə deyil, həm də zəhmətin, fədakarlığın və vətənə sonsuz məhəbbətin işığı ilə yoğrulmuş bir salnamə idi. O, ömrünün hər səhifəsini əməyin şərəfinə, insanın mənəvi ucalığına həsr etmişdi. Akif Əmənovun həyat yolu Azərbaycan neft sənayesinin ağır və şərəfli illərində parlayan bir işıq kimi həm dövrünün insanlarına, həm də gələcək nəsillərə örnək oldu. O, sadəcə bir neftçi deyildi, o, həm də əməyin qəhrəmanı, xalqın etimadını qazanmış böyük şəxsiyyət, əsl vətəndaş idi. Onun adını yüksəklərə daşıyan təkcə qazdığı quyular, əldə etdiyi göstəricilər deyil, həm də insanlara olan münasibəti, işə olan məsuliyyəti, doğma Vətənə olan sədaqəti idi. O, öz peşəsində səmimiyyətin və fədakarlığın simvoluna çevrildi, çünki Akif Əmənov üçün neft təkcə sərvət deyil, həm də xalqın gücünün, birliyinin və əməyinin təntənəsi idi. Bu gün onun haqqında danışarkən bir insanın ucalığını xatırlayırıq. Akif Əmənovun ömrü zəhmətin ucalığa, əməyin əbədiyyətə çevrildiyi bir ömür idi. O, Azərbaycan neftinin qürur simalarından biri, zəhmət və sədaqət rəmzi kimi yaddaşlarda əbədi qalacaqdır. Bu gün Azərbaycanın neftçiləri, qazma ustaları, gənc mühəndisləri onun kimi insanları xatırlayır və örnək götürürlər. Çünki Akif Əmənovun həyatı bir həqiqəti sübut etdi: əməyə sədaqət, xalqa xidmət və dürüstlük insanı unudulmaz edir. Akif Əmənovun adı Azərbaycan neft tarixində, xalqın yaddaşında və əməyin salnaməsində qızıl hərflərlə yazılıb. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
“Zərifə Quliyeva əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır”

Bu gün Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyevanın ad günüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə Veteran.gov.az-a açıqlamasında Zərifə Quliyevanı təbrik edib, onunla bağlı arzulrını dilə gətirib: “Hər şeydən öncə ad günü münasibətilə hörmətli Zərifə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Zərifə xanm əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır. Onun rəhbərlik etdiyi təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə aktiv iştirak etməkdə, Ümummilli Lider Heydər Əliyev ideyalarını və Prezident İlham Əliyevin siyasətini yolrulmadan təbliğ etməkdədir. Təsadüfi deyil ki, bu gün Zərifə xanım şəhid ailələrinin, müharibə əlillərinin, veteranların ən yaxın dostu kimi tanınmaqdadır. O, tez-tez həssas kateqoriyadan olan ailələrlə baş çəkir, onlara yardımlar edir, Prezident İlham Əliyevin siyasətini əməli şəkildə dəsəkləməklə gənc nəslə nümunə göstərir. İnanıram ki, Zərifə xanım bundan sonra da ölkəmizin çiçəklənməsinə böyük töhfələr verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətindəki fəaliyyətini eyni müvəffəqiyyətlə davam etdirəcək. Bir daha Zərifə xanımı təbrik edir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV      

Hamısını oxu