Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən müharibəsi Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu”

Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür"

 

Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb. 

 

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və  NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır: 

 

“Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”. 

 

C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür: 

 

“Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi. 

 

Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu. 

 

Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq. 

 

Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”.

 

Sherg.az

 

2021-12-14 11:02:00
857 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Mingəçevirdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, şəhər Veteranlar Təşkilatının sədri Ələm Məmmədov Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Hikmət Kərimov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı qeyd etdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə, onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların baş verməsində maraqlıdırlar. Və nə qədər qəribə, məntiqə zidd olsa da, məhz bu ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər ki, bu da absurddur. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar onu deməyə əsas verir ki,  Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək. Ermənistan isə anlamalıdır ki, onu sıçrayışla silahlandıran, onu yeni təxribatlara həvəsləndirən bu dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Necə ki, Prezidentimizin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2020-ci ilin antiterror tədbirlərində şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan qəti qələbələr hesabına ədaləti bərpa etdi və sübut etdi ki, hər şey məhz onun istədiyi kimi olacaq. Bu səbəbdən də Ermənistan sözügedən dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatı İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.  Allah rəhmət eləsin!

Hamısını oxu
Cəlilabadda Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda yerləşən mərkəzi küçələrdən birinə  Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adı verilib. Həmin küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Veteranlar Təşkilatının  nümayəndələri,  idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov  bildirib ki, qəhrəman şəhidimiz Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon  Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə,  2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Tədbirdə şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər. Şəhid Elvin Şükürlünün atası  Azad Şükürlü çıxış edərək şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailə üzvləri adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Hamısını oxu