Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.

 

Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq

 

Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.

 

Sabitlik və təhlükəsizlik adası

 

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.

 

Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş

 

Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir. 

 

Dövlətçilik tariximizin zirvə hadisəsi

 

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.

 

Yeni zirvələrə doğru

 

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2021-12-24 10:58:00
976 baxış

Digər xəbərlər

Veteranlar 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər.  Veteranlar və məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 20 Yanvar hadisələrinin əhəmiyyətindən  bəhs edib, xalqımızın  həmin çətin dönəmdə sərgilədiyi qəhrəmanlıqlardan danışıb. Təşkilat sədri qeyd edib ki, 1990-cı ilin 20 yanvar günündə öz azadlığı və müstəqilliyi naminə ölümə meydan oxuyan Azərbaycan xalqı, məhz öz cəsarəti sayəsində yeni bir dönəmin başlanğıcını qoymuş, imperiya asılılığından xilas olmuşdur. Tədbirdə çıxış edən digər veteranlar da xalqımızın 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib, bir-birindən maraqlı faktlara toxunublar. Seymur ƏLİYEV  

Hamısını oxu
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi. Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı. Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı. Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi. İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi. Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir. Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi. Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir. Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir. Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.  s.e.f.d., dos. Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsinin dekanı  

Hamısını oxu
Cəlil Xəlilov: “Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur”

Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur. Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”. “Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.  

Hamısını oxu
“Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:  “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.  

Hamısını oxu