Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TƏBİB və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar.

Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb:

“Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”.

Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb.

İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir.

Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq.

Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.

 

2022-07-26 09:36:00
1614 baxış

Digər xəbərlər

Ağdamla bağlı beynəlxalq elmi-praktik konfransa məqalə və tezislərin qəbulu davam edir

  "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.   Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.   Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.   Konfransda: Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı   istiqamətlərində müzakirələr aparılacaq.   Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.   Tərtibat qaydası: "Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm); Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır; Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə; Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır. Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:- Problemin qoyuluşu (yaxud Giriş);- Təhlil və qiymətləndirmə;- Nəticə və təkliflər. Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)  

Hamısını oxu
Nərimanov rayonunda məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir.   Müsabiqənin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş Vətən oğullarının tanıdılması, Müzəffər Ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması, asudə vaxtının səmərəli təşkil edilməsidir.   Rəsmlər 29 sentyabr – 02 oktyabr 2021-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinə çatdırılmalıdır. Rəsmlər A3 formatda və çərçivədə olmalıdır.  

Hamısını oxu
“Ermənistana qarşı siyasi, iqtisadi, hərbi sanksiyalar tətbiq olunmalıdır”

Cəlil Xəlilov: “Minsk qrupu, BMT və aparıcı dövlətlər Paşinyanın təxribat xarakterli bəyanatına münasibət bidlirməlidir”   “Düşmən bizi məcbur edir ki, Qarabağ problemini hərbi müstəvidə həll edək”   Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri əsnasında Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi rezonansa səbəb olub. Baş verənləri rəsmi İrəvanın növbəti həyasızlığı kimi dəyərləndirən bəzi siyasətçilər, partiya sədrləri və vətəndaş cəmiyyəti nümayəndələri məlum bəyanatdan sonra Azərbaycanın Qarabağ probleminin həllində daha sərt addımlar atmasının vacibliyini vurğulamaqdadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Paşinyanın məlum bəyanatı və bu bəyanatın doğurduğu situasiyanı şərh etməyə çalışdıq.   -Cəlil müəllim, öncə Paşinyanın məlum bəyanatı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə Paşinyanın Qarabağı Ermənistan ərazisi adlandırmasından sonra beynəlxalq təşkilatlar, xüsusilə də BMT və ATƏT işğalçı ölkə ilə bağlı hansı addımlar atmalıdır?   -Hər şeydən əvvəl, ATƏT-in Minsk qrupuna həmsədrləri Paşinyanın bəyanatına çevik şəkildə münasibət bildirməlidirlər. Bu bəyanat sübut edir ki, Ermənistan heç də problemin sülh yolu ilə həllinə maraq göstərmir, təxribatçı fikirlərlə həm beynəlxalq ictimaiyyəti çaşdlrmağa çalışır, həm də danışıqlardan yayınmağa cəhd göstərir. Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əməli baxımdan separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Odur ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də Rusiya, ABŞ və Fransa, eləcə də BMT, ATƏT baş verənlərə münasibət bidlriməlidirlər.   -Xankəndi olayları Paşinyan və onun rəhbərlik etdiyi hökumətə qarşı cəza xarakterli hansısa sanksiya və qadağaların tətbiqini aktualalşdıra bilərmi?   -Təbii. Hesab edirəm ki, Paşinyan hökumətinə qarşı xüsusi sanksiyalar tərbiq edilməlidir. Onun bu addımına hüquqi qiymət verilməlidir. Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı siyasi, iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işağldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir.   -Sizcə Ermənistanın bütün region üçün təhlükə doğuran təxribatçı bəyanatlarına Azərbaycana qonşu olan dövlətlərin də münasibət bildirməsi məntiqli olmazmı?   -Şübhəsiz. Baş verənlərə qonşu ölkələr də münasibət bildirməli, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Ermənistanla siyasi-iqtisadi əlaqələrə malik olan İran və Rusiyanın belə bir mövqe ortaya qoyması xüsusilə vacibdir. Onlar erməni separatçılarına qarşı mübarizədə ölkəmizə dəstək verməli, ədalətin yanında yer almalıdırlar. Aparıcı dövlətlər də bu məsələdə susqunluq sərgiləməməlidir. Maraqlıdır, aparıcı dövlətlərin ərazisində hansısa xalq özünə ikinci bir dövlət yaratmaq istəsə, onların reaksiyası necə olar? Onlar buna razı olarlarmı? Əlbəttə, olmazlar! Əgər olmazlarsa, o zaman niyə Azərbaycanın haqlı mövqeyinə, haqlı tələbinə dəstək vermirlər? Onlar unutmasınlar ki, Qarabağ gərginliyi alovlana və beynəlxalq münaqişəyə çevrilə bilər. Bu isə bütün region, bütün dünya üçün ciddi təhlükə deməkdir.   -Respublika Veteranlar Təşkilatı olaraq Paşinyanın təxribatçı bəyanatı ilə bağlı hansı addlmlar atmağı düşünürsünüz?   - Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq, bəyanatlarla çıxış edəcəyik. Tələb edəcəyik ki, təcili olaraq aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirsinlər. Ermənistanı işğalçılıq iddiasından əl çəkməyə vadar etsinlər.   -Paşinyanın sözügedən bəyanatından sonra Azərbaycan cəmiyyətində müharibə çağırışlarının artması müşahidə edilir. Sizcə düşmənin öz işğalçılıq mövqeyində təkid etməsi, ölkəmizlə bağlı yeni təxribatlara əl atması Azərbaycanı Qarabağ probleminin həllində sülh variantından imtina etmək, müharibə variantına əl atmaq məcburiyyəti ilə üz-üzə qoya bilərmi?   -Əslində Ermənistan Azərbaycanı məcbur edir ki, danışıqları dayandırıb torpaqların hərbi yolla azad edilməsi istiqamətində addımlar atsın. Azərbaycanın öz torpaqlarının sahibi kimi belə bir addım atmağa hüququ var. Azərbaycan sülhməramlı ölkədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri ilə yanaşı, ermənilər də yaşaır. Onlar dövlət orqanlarında da təmsil olunur. Lakin Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunlarına əməl etməli, konstitusiyamızın tələblərini yerinə yetirməlidir.  Xalqın səbri tükənib. Biz problemin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq və praktikanın bütün imkanlarından istifadə etmişik. Ölkə başçımız problemin danışıqlar yolu ilə həllinə böyük qüvvə və enerji sərf edib. Bütün imkanlardan istifadə olunub ki, problem sülh yolu ilə həll edilsin. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan bununla beynəlxalq hüquqi normaları təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Bu isə Azərbaycanın səbrini daşırmaqdadır. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər.   Seymur ƏLİYEV

Hamısını oxu
Veteranlara ərzaq sovqatlarının çatdırılması işi davam etdirilir

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Aksiya çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və qurumun mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Quba, Qusar, Xaçmaz, Nabran və Siyəzəndə yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb. Veteranlarla görüşlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsinin, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayıblar. Təşkilatın nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək qiymətləndiriblər. Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Aksiya Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən keçirilən və Bakının rayonlarını da əhatə edəcək aksiya iyulun sonunda yekunlaşacaq.

Hamısını oxu