Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Xalq Cümhuriyyətinin bütün hökumətlərində xidmət etmiş yeganə nazir - Xudadat bəy Məlikaslanov

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev həmişə bu dəyərləri yüksək dəyərləndirirdi. “Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu, müdafiə məsələləri siyasəti dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib. Cümhuriyyətin liderlərindən biri olan Xudadat bəy Ağa oğlu Məlikaslanov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə fəaliyyət göstərmiş beş hökumətin hamısında nazir vəzifəsini tutan yeganə şəxs olub. Birinci hökumət kabinəsində yollar, poçt və teleqraf, beşincidə yollar naziri, eyni zamanda, ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir, qalan kabinələrdə isə yalnız yollar naziri, həmçinin ölkənin müdafiəsi ilə bağlı məsələləri həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin sədr müavini olmuş Xudadat bəy Məlikaslanov ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayevin məqaləsində Azərbaycanın görkəmli dövlət və ictimai xadimin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilir. AZƏRTAC arxiv materialları əsasında hazırlanan məqaləni təqdim edir. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Xudadat bəy Məlikaslanov 1879-cu ildə Şuşa qəzasında dünyaya gəlib. Hərtərəfli təhsil almaq imkanı olan Xudadat bəy Şuşa realnı məktəbinə daxil olub və 1899-cu ildə oranı bitirib. O, ali təhsilini isə Peterburq Yol Mühəndisliyi İnstitutunda birinci dərəcəli diplomla başa vurub. Bu vaxt Voloqda-Petrozavodsk dəmiryolu çəkilirdi. Bununla əlaqədar bir sıra tələbə yoldaşları kimi o da institutu bitirib altı ay Peterburqda işləməyə məcbur olur. 1905-ci ilin əvvəlində Tiflisə köçən Xudadat bəy burada Zaqafqaziya dəmir yolu idarəsində işləyir. İşə stansiya rəisinin köməkçisi kimi qəbul olunan gənc mütəxəssis sonralar Zaqafqaziya dəmir yolunun ən ağır hissəsi sayılan Suram aşırımı keçidində yol xidməti rəisinin müavini, sonralar isə rəisi təyin edilir. Bu dövrdə mükəmməl biliyini əvəzsiz təcrübə ilə zənginləşdirən X.Məlikaslanovun Peterburqda yayımlanan jurnallarda dörd elmi məqaləsi dərc olunur və təmsil etdiyi sahədə ixtiraçı kimi məşhurlaşmağa başlayır. Bir müddət sonra istedadlı mühəndis dəmir yolu texnikası sahəsində yeni ixtiraların müəllifi kimi dünyada tanınır və bu sistemdə uzun illər məsul vəzifələr tutub. Bütün bunlarla yanaşı, Xudadat bəy 1920-ci ilin oktyabrında talenin amansız sınaqlardan birinə məruz qalıb. Xudadat bəy yol mühəndisi kimi nadir mütəxəssis və ixtiraçı idi. Məhz bunları və artıq kifayət qədər təcrübəyə malik olmasını nəzərə alıb mühəndis ixtiraları ilə məşhurlaşmış bu şəxsi 1917-ci ilin martında Rusiya müvəqqəti hökuməti özünün Zaqafqaziya dəmiryolu üzrə səlahiyyətli nümayəndəsi təyin etmişdi. 1917-ci ilin noyabrından 1918-ci ilin mayınadək isə Xudadat bəy Məlikaslanov Zaqafqaziya Federativ Respublikasının Zaqafqaziya komissarlığında yollar naziri olmuşdu. Bu uğurlar mütəxəssis kimi özünütəsdiqin, çətin bir dövrdə son dərəcə məsuliyyətli sahənin həqiqi iş biləni kimi qəbul edilməsinin nəticəsi idi. 1920-ci ilin aprelindən sonra adı milli hökumətlə hər hansı şəkildə bağlı olan, başqa sözlə, 1918-ci ilin mayından 1920-ci il aprelin 27-dək mövcud olmuş ilk Cümhuriyyətimizin dövlət qurumlarında təmsil edilmiş bütün şəxslərin barəsində yeni quruluşun mahiyyətinə və məramına uyğun tədbirlər görülməyə başlanıldı. Aprelin 27-dən etibarən işə salınmış repressiya maşını özünün ilk qurbanlarını məhz həmin adamların arasında axtardı. Dövlət və hökumət rəhbərlərindən tutmuş, adi məmuradək bir nəfər də kənarda qalmadı. Haqqında “tədbir” görülənlər sırasında Azərbaycanın yollar naziri, parlamentin üzvü Xudadat bəy Məlikaslanov da var idi. X.Məlikaslanov Azərbaycanda aprel çevrilişindən sonra qısa müddətdə zahirən sərbəst buraxılsa da, əsl həqiqətdə çevrilişin ilk günlərindən onu da izləyir, hər bir hərəkətinə və davranışına göz qoyurdular. Məqsəd müstəqil dövlətin ən stajlı naziri olmuş nümayəndəsini həbs edərkən ona qarşı əksinqilabi fəaliyyətlə bağlı ittiham irəli sürülməsi üçün əlavə faktlara və dəlillərə malik olmaq idi. Əlbəttə, əslində belə fakt və dəlillərə heç ehtiyac da yox idi. Çünki əvvəl XI Qızıl ordunun xüsusi şöbəsi, sonra Azərbaycan SSR Fövqəladə Komissiyası və nəhayət, Xalq Daxili İşlər Komissarlığı istədiyi adama qarşı istədiyi ittihamı irəli sürə, barəsində istədiyi hökmü çıxara bilərdi. Hətta birinci mərhələdə öz cinayətkar hərəkətlərini hakimiyyət dəyişikliyi pərdəsi altında yerinə yetirən qaniçən cəlladlar, Pankratov və onun köməkçiləri heç bir ittiham irəli sürmədən yüzlərlə, minlərlə insanı, xalqın say-seçmə nümayəndələrini güllələyərək Azərbaycanın milli genefonduna ağır və sağalmaz zərbələr vurdular. Ancaq Xudadat bəy Məlikaslanov kimi açıq siyasi fəaliyyətlə məşğul olmamış, hökumətin tərkibinə hansısa firqənin daxilində deyil, fərdi təqdimat yolu ilə təyin edilmiş, həqiqi peşəkar olan şəxsləri asanlıqla ittiham etmək, günahlandırmaq mümkün deyildi. Buna görə də, planlaşdırılmış cəzanın verilməsi üçün müəyyən müddət gözləmək və irəli sürüləcək ittihamın “əsaslandırılması” üçün yeni “faktlar” toplamaq lazım idi. Bu məqsədlə Xudadat bəy Məlikaslanov haqqında müxtəlif üsullarla, o cümlədən onun əvvəlki iş yerlərindən arayışlar alınmaqla məlumatlar toplanırdı. Bu məqsədlə istintaq işinə əlavə edilmiş Azərbaycan SSR Xalq Yollar Komissarlığının 1920-ci il iyulun 14-də verdiyi bir vəsiqədə göstərilir ki, “Xudadat Məlikaslanov yollar komissarlığında qeydiyyatdadır, ixtisası dəmiryolçudur” və s. bu tipli sənədlər... XI Qızıl ordunun xüsusi şöbəsinin Azərbaycanda çox qısa müddətdə törətdiyi qanlı cinayətlərin davam etdirilməsi məqsədilə atılmış növbəti addımlardan biri 1920-ci ilin oktyabrında onlarla millətsevərin, o cümlədən Xudadat bəy Məlikaslanovun həbsə alınması oldu. Xalqa saxta vədlər verməklə onun milli hökumətini devirib, yalan və zorakılıq üzərində öz hakimiyyətini qurmaqdan çəkinməyən bolşeviklərin xislətindən irəli gələn riyakarlıq istintaq materiallarının elə ilk səhifəsində özünü açıq-aydın göstərir. Belə ki, Xudadat bəy Məlikaslanov oktyabrın 30-da həbs edildiyi halda onun həbsi ilə bağlı order bir gün sonra - oktyabrın 31-də imzalanıb. İstintaq-arxiv işində də qeyd edildiyi kimi, ömrünün dörd ilə yaxın dövrünü yüksək vəzifələrdə keçirsə də, heç bir əmlakı olmayan bir şəxsin xalqa təmənnasız və ləyaqətlə xidmət göstərməsini sübut etmək üçün bu faktdan tutarlı dəlil gətirmək bəlkə də mümkün deyil. Çünki Xudadat bəy haqqında həmin sözləri onun əleyhdarları, xalqa xidmət baxımından əqidə və mənafe düşmənləri qeyd ediblər. Xudadat bəy kimi insanlar hansı dövrdə və mühitdə yaşamalarından asılı olmayaraq, ən yaxın ətraflarından belə fərqlənmiş, öz vəzifə səlahiyyətlərindən istifadə etmədikləri üçün çoxlarının həsəd apardığı sözübütöv şəxsiyyətlər sayılmış, hamının yanında daim başlarını uca tutmuşlar. Onun Cümhuriyyət hökumətində fasiləsiz nazir vəzifəsi tutması yalnız peşəkarlıq keyfiyyətləri və intellektual səviyyəsi ilə bağlı deyildi, bu, həm də onun mənəvi təmizliyi, dövlət mənafeyini hər şeydən üstün tutması ilə əlaqədar idi. Həbs olunduğu 1920-ci il oktyabrın 30-da Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılır və heç nə tapılmır. Xudadat bəy Məlikaslanov yollar naziri kimi, 1919-cu ilin iyununda xarici müdaxilə və daxili təzyiqlər qarşısında qalmış Azərbaycanda milli hakimiyyəti möhkəmləndirmək, ölkənin müdafiəsi ilə bağlı məsələləri hərtərəfli və operativ surətdə həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin üzvü, şəxsi nüfuz və iş qabiliyyətinə görə isə həmin Komitədə sədrin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır dövründə müstəsna səlahiyyətlərə malik belə bir orqanın təşkil edilməsi qısa bir müddətdə özünü doğrultdu. Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli ali orqanı olan Dövlət Müdafiə Komitəsi ölkə həyatının ən mühüm sahələri üzrə vəziyyətə hərtərəfli nəzarət etməklə gənc dövlətin bütün potensialının strateji məqsədlərin həyata keçirilməsinə istiqamətləndirə, xüsusilə müdafiə məsələləri ilə bağlı qəbul edilmiş qərarların operativ surətdə yerinə yetirilməsinə, bu sahədə vahid siyasi xəttin hazırlanması və yeridilməsinə nail oldu. Bütün bu işlərin görülməsində Xudadat bəy Məlikaslanov da iştirak edirdi. O, sədr müavini kimi öz müstəsna səlahiyyətlərindən istifadə etməklə Dövlət Müdafiə Komitəsinin digər üzvləri ilə yanaşı, ölkənin müdafiə qüdrətinin artırılması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, hökumətin ayrı-ayrı nazirlikləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün çalışırdı. Məhz bu mühüm dövlət orqanının gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, 1919-cu ilin sonlarına doğru Azərbaycanda hərbi qurumların fəaliyyəti və müdafiə məsələlərinin təşkili sahəsində xeyli iş görülmüş, Muğanda və Lənkəranda milli hakimiyyətin dayaqları kifayət qədər möhkəmləndirilmiş, gənc respublikanın hakimiyyət qurumlarının ilk aylarda, yaxud müstəqilliyin nisbətən əvvəlki dövrlərində fəaliyyətə başladıqları ərazilərdə isə vəziyyət tam nəzarət altına götürülmüş, ölkəyə müxtəlif istiqamətlərdən gözlənilən müdaxilələrin qarşısının alınması üçün zəruri addımlar atılmışdı. Əlbəttə, bu ardıcıl tədbirlər sonrakı dövrlərdə, xüsusilə 1920-ci ildə də eyni səviyyədə davam etdirilsə idi, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün daha müvafiq imkanlar əldə edilə və əlverişli şərait yaradıla bilərdi. Ancaq çox təəssüf ki, bolşeviklərin milli xəyanətkar mövqeləri və onların ölkə daxilindəki hakimiyyəti zorla ələ keçirmək səylərinə XI Qızıl ordu tərəfindən dəstək verilməsi nəticəsində Azərbaycan Parlamenti dövləti təslim etmək məcburiyyəti qarşısında qaldı. X.Məlikaslanov rəhbərlik etdiyi sahədə işin ümumi təşkili ilə kifayətlənmir, Azərbaycanda yolların, xüsusilə dəmiryollarının tikilməsində, müasir layihələrin hazırlanıb həyata keçirilməsində israrlı təşəbbüslər göstərirdi. Dövlət büdcəsinin müdafiə tədbirləri sahəsində ən mühüm işlərin görülməsinə yetərli vəsaitlər ayrılmasına kifayət qədər qadir olmadığı bir vaxtda Xudadat bəy hökumət qarşısında yol tikintisi və bərpa işləri üçün böyük həcmlərdə vəsaitlər ayrılması təşəbbüsləri qaldırırdı. Təbii ki, ölkənin qan damarları sayılan dəmiryolları şəbəkəsinin yaradılmasında hökumət bu nadir mütəxəssisin tövsiyələrini imkan daxilində nəzərə alır, Azərbaycanın gələcəyinə istiqamətlənmiş bu strateji addımları dəstəkləyirdi. 1919-cu il martın 19-da Nazirlər Şurasında Xudadat bəy Məlikaslanovun Culfa-Bakı dəmiryolunun tikintisinin davam etdirilməsi ilə bağlı məruzəsi dinlənilmişdi. Hökumət tərəfindən bu dəmir yolunun birinci variantda tikintisi üçün parlamentə müvafiq qanun hazırlayıb təqdim etməsi və 100 milyon həcmində vəsait ayrılmasını xahiş etməsi qərara alınmışdı. Nazirlər Kabinetinin sədri Nəcəf bəy Yusifbəyli 1919-cu il mayın 5-də şəxsən hərbi nazirə çatdırılmalı olan 102 saylı məxfi məktubunda yazırdı: “Zati-aliləri, Sizin 21 aprel tarixli raportunuza uyğun olaraq bildirirəm ki, raportda deyilənlərlə mən şərikəm. Təcrübəli şəxsin - dəmiryol mühəndisinin ezam olunmasına gəlincə, Azərbaycan dəmir yollarının səfərbərlik planının tərtib edilməsi üçün tərəfimdən belə bir şəxsi tapıb Sizin sərəncamınıza ezam etmək tapşırığı verilmişdir”. Xudadat bəy ixtisası ilə birbaşa bağlı olmayan sahələrdə də böyük xidmətlər göstərməyə qadir bir şəxs idi. Təsadüfi deyildi ki, 1919-cu ilin aprelində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin göstərişi ilə latın əlifbasına keçilmək üçün yaradılmış xüsusi komissiyaya məhz o rəhbərlik etmişdir. Xudadat bəyin rəhbərliyi altında fəaliyyət göstərmiş bu komissiya səmərəli işləmiş parlamentə latın əlifbasına keçməklə əlaqədar layihə təqdim etmişdir. Təəssüf ki, bir sıra təşəbbüslər kimi bu layihənin də müzakirəsi yarımçıq qaldı. Arxiv-istintaq işindən daha bir səhifə qeyd edilir ki, Azərbaycan çekistləri tərəfindən 1920-ci il noyabrın 7-də istintaq işi üzrə müttəhim kimi dindirilən Xudadat bəyin bildirdikləri əsasında protokol tərtib edilir: “Mən hakimiyyətdə vəzifə tutarkən bolşeviklərə xeyirxah münasibət göstərmişəm, mənim yanımda Əli Bayramov və Çingiz İldırım xidmət etmişlər”. Daha sonrakı qeydlərindən aydın olur ki, o, iş adamı kimi siyasətlə az maraqlanmış, 1919-cu ilin dekabrında Dövlət Müdafiə Komitəsinə onun tərəfindən Azərbaycan əks-kəşfiyyatının ləğv edilməsi (Əksinqilab ilə mübarizə təşkilatı adlanan) haqqında məruzə təqdim olunub: “Bu orqan tərkibində sosialistlərin olmadığına və quberniyalarda fəaliyyət göstərmədiyinə görə ləğv edilməli idi. Qərara alındı ki, bu orqan ləğv edilsin və hərbi aparatın tərkibində yaradılsın. “İttihad” partiyasının kommunistlərlə fikir ayrılıqlarının nəzərə alınmayacağı təqdirdə, sonuncuları müdafiə edəcəyim qərarı düzdür. “İttihad” partiyasının əsas rəhbəri Qarabəyovla mən Behbud bəy Cəvanşirin mənzilində iki-üç dəfə görüşmüşəm. “İttihad” partiyasının üzvü olmamışam və keçmiş tarixi barədə heç nə bilmirəm. Siyasi baxışlarıma görə beynəlmiləlçiyəm və sosialist-marksistəm. Hər yerdə sosializm prinsiplərini yeritmişəm. Həbs edildiyim vaxtdan dörd ay əvvələdək evdən nadir hallarda, ən zəruri iş dalınca və sağlamlığımdan asılı olaraq çıxmışam”. Bununla da bütün dindirmələr başa çatdırılır və Xudadat bəyin adı bir də Cümhuriyyət hökumətinin başqa naziri Ə.Pepinov həbs edildikdən sonra onun ifadəsində çəkilir. Pepinov “Əksinqilabi millətçi təşkilatın sizə məlum olan üzvlərini sayın” sualına cavabında Xudadat bəy Məlikaslanovun da adını çəkir. Ancaq növbəti ittihamlar üçün əsas olacaq bu ifadə artıq gecikmişdi. Çünki iki ilə yaxın bir müddət idi ki, Xudadat bəy Məlikaslanov həyatda yox idi. Xudadat bəyin özünümüdafiə məqsədilə dediklərinə gəlincə isə bildirək ki, XI Qızıl ordunun xüsusi şöbəsinin və Azərbaycan çekanın tüğyan etdiyi bir dövrdə yalançı qəhrəmanlıq göstərilməsi dərhal güllələnmə ilə nəticələnə bilərdi. İkinci tərəfdən, Xudadat bəy həqiqətən də 1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Partiyasının üzvü olmuşdu və sonrakı dövrdə hər cür siyasi təmayüldən uzaq durmasına baxmayaraq, belə bir ağır məqamda özü barəsində siyasi baxışlarına görə “beynəlmiləlçiyəm və sosialist-marksistəm” deyəndə heç bir riyakarlığa yol vermirdi. Əksinə, bu təbiətinə xas bir uzaqgörənliklə və onu heç vaxt yanıltmamış fəhminin gücü ilə hansı rejimlə qarşılaşdığını duymaq, ətrafında nələr baş verdiyini düzgün qiymətləndirmək bacarığı idi. Bütün bunların məhz belə olduğunu sonrakı proseslər də sübuta yetirdi. İki ifadə arasındakı zaman kəsiyində Xudadat bəyin özünəbəraət, Ə.Pepinovun isə məcburiyyət qarşısında əksinqilabçı millətçilər sırasında Çingiz İldırımın adını çəkməsi sadəcə zamanın gərdişinin dəyişməsi ilə deyil, bolşevik xisləti, rejimin mahiyyəti ilə izah olunmalıdır və o, bu mahiyyəti ilk gündən görmüşdü. Dünənədək öz siyasətini yeritmək üçün milli qüvvələrə qarşı qoyaraq istifadə etdiyi Çingiz İldırım bu gün bolşevik sovet rejiminə lazım deyildi, indi onun özü də düşmən idi. Çünki rus-erməni qaragüruhunun millətin başına 20-ci illərdə gətirdiyi müsibətlərin birbaşa iştirakçılarından olmuşdu və 30-cu illərdə həmin proseslərin nə məqsədlə davam etdirildiyindən xəbərdar idi. Əsl həqiqətdə, Xudadat bəy Məlikaslanov kim idi, millətçi, yaxud, beynəlmiləlçi sualına ən obyektiv cavabı onun müasirləri verə bilərlər. Belə şəxslərdən biri - uzun müddət onunla bərabər çalışmış Məmmədhəsən Hacınski 1930-cu il dekabrın 29-da verdiyi ifadədə aşağıdakıları bildirirdi: “Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və aprelin 28-də bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan Komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, Azərbaycan SSR-in əksər müəssisələrində məsləhətçi idi, Azərbaycan SSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi... 1926-cı ildə Azərbaycan SSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan Komitəsinə sədr təyin etmişdi. Ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qərarın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şose yollarının tikintisi, elektrikləşdirmə və su təsərrüfatı maraqlandırmırdı. O, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu, onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi. Bir sıra faktları mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasilyevə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane olmur və gələcəkdə bu, hazır sistemdir. Şabanov da bu cür fikirləşirdi. Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqları üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələrin qurulması zərurətindən danışmışdı”. Məmmədhəsən Hacınski Xudadat bəy haqqında fikirlərini davam etdirərək bildirmişdi: “Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə o, ancaq bir müddət bu işlə məşğul oldu. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin Naxçıvanı Azərbaycanla birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim. Naxçıvanla bağlı bir dəfə şayiə yayıldı kı, onu Azərbaycan SSR-dən ayrı olduğu üçün Ermənistan SSR-lə birləşdirmək təklifləri olub. Bundan əlavə, Məlikaslanov Bakı-Culfa dəmiryolu haqında Azərbaycanın xarici bazara çıxışı kimi söhbət açırdı. O, dəmiryolu xətlərinin haradan keçməsi məsələsinə də milli yanaşmışdı. Məsələn, o, mənə demişdi ki, Yevlax-Şuşa dəmir yolunun elə istiqamətdən keçməsini planlaşdırır ki, əvvəllər, fərdi kompaniyalar tərəfindən inqilaba qədər erməni əsilli Saruxanovun çəkdiyi layihəni dəyişdirsin və xəttin Ağdamdan, türk rayonlarından keçməsinə nail olsun. Suvarma məsələlərində də hamımız kimi o da məsələyə milli mövqedən yanaşırdı”. Məlikaslanov yüksək səviyyəli, bacarıqlı mühəndis kimi sovet dövründə də öz ixtisası ilə birbaşa bağlı olmayan sənaye sahələrinin də inkişafı ilə əlaqədar həlledici söz demək səlahiyyətinə malik şəxs olub. Onun məsləhəti və tövsiyələri olmadan bu sahələrdə mühüm hesab olunan layihələrlə bağlı addım atılmasına risk edilməyib. M.Hacınski deyirdi: “Azhidromərkəz”in tikintisinə dair hələ 1927-ci ildə eskiz layihələrin bütün variantları hazır idi. Ancaq işə başlanmamışdı, çünki Məlikaslanov Tərtər variantını Dağlıq Qarabağ muxtar vilayətində yerləşdiyi üçün istəmirdi... Nuxa barama fabrikinin tikintisi onun təşəbbüsləri sayəsində baş tutmuşdu...”. Məncə, bu məqamlar həm mütəxəssis, həm də şəxsiyyət kimi müasirlərinin əksəriyyətindən yüksəkdə dayanan Məlikaslanovun milli mənafelərə sonadək sadiq qaldığını, öz millətinə bağlı olduğunu əyani surətdə nümayiş etdirir, əslində, əlavə nə isə deməyə ehtiyac qalmır. Xudadat bəy həmin vaxt həbsdən azad edilmiş və 1930-cu ildə yenidən cəza orqanlarının yadına düşmüşdür. Xudadat bəyin çalışdığı müxtəlif müəssisələrdən biri - 1921-ci ilin əvvəllərində əvvəlcə şöbə müdiri, sonra isə sədri olduğu Azərbaycan Dövlət Tikinti Komitəsi idi. Sonra isə o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında dəmir yolu tikintisi idarəsinin rəisi və şuranın məsləhətçisi, 1924-1930-cu illərdə Azərbaycan İnşaat İnstitutunun dekanı olmuş, 1922-1925-ci illərdə Zaqafqaziya Dəmir yolu İdarəsinin və Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat tikinti bölməsinin, 1921-1930-cu illərdə, eyni zamanda, RSFSR-in və Azərbaycanın bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının, 1927-1930-cu illərdə isə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü olmuşdu. Arxivdə saxlanılan “Azərbaycan Milli Mərkəzinin işi” və “Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi”ndən də aydın olur ki, Xudadat bəy 1930-cu ildə Azərbaycan Xalq Daxili İşlər Komissarlığının yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilib. “1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyalıların bazası” əsasında yaranmış bu mərkəzin üzvləri arasında ittiham edilən Xudadat bəy Məlikaslanov 1931-ci il sentyabrın 30-da mühakimə edilib. Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəməsi Milli Mərkəzin işinə baxaraq, Ə.Pepinova güllənmə, X.Məlikaslanova və digər tanınmış millətçi ziyalılara 10 il, bir qrupa isə beş il və üç il müddətinə azadlıqdan mərhumetmə cəzaları kəsmiş, ölümü ilə əlaqədar M.Hacınskinin işini ləğv etmişdi. Ancaq bu hökmün çıxarılmasından təqribən dörd ay sonra Zaqafqaziya Dövlət Siyasi İdarəsi kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə yenidən baxaraq, güllənməyə məhkum olunanların cəzasının 10 il işlə, Xudadat bəy Məlikaslanovun həbs cəzasını azaldıb beş il işlə əvəz edib. İkinci dəfə həbs edilən X.Məlikaslanov Azərbaycan SSR Cinayət Məcəlləsinin 64-cü, 65-ci, 66-cı və 68-ci maddələri üzrə cinayət törətməkdə ittiham olunub. O, qarşısına milli-müstəqil Azərbaycan qurulması məqsədi qoymuş Azərbaycan Milli Mərkəzin əksinqilabi mərkəzi komitəsinin üzvü olmaqda günahkar bilinmişdi. Ancaq istintaqın bütün təzyiqlərinə baxmayaraq, Xudadat bəy ittihamların heç birində özünü günahkar hesab etməyib. Özünü bəraət üçün beynəlmiləlçi və sosialist olduğunu söyləyən bir şəxsi millətçi ziyalı sayaraq bundan sonra ardıcıl iki dəfə həbs edilməsi təsadüfi idimi? İstintaq zamanı verdiyi bəzi ifadələr və üç il müddətinə sosial-demokrat partiyasının üzvü olması faktları istisna edilməklə, onun bütün həyatı millətçi olduğunu açıq surətdə ortaya qoymurmu? Yalançı beynəlmiləlçilər Xudadat bəy kimi millətini sevən, doğma Vətənin dirçəlişi yolunda əzmlə çalışan insanları repressiyaya məruz qoyaraq məhv edən, dünya proletariatını birləşdirmək uğrunda sərsəm ideyalarla nəfəs alan bolşeviklər idilər. On illər boyu siyasi ittihamlarda ən qatı cinayət kimi səslənmiş millətçilik, əslində qürur, iftixar hissi duyulacaq amal idi. Tale Xudadat bəyə də bu müqəddəs amal uğrunda öz xalqına şərəflə və fədakarlıqla xidmət göstərməyi qismət etmişdi.

2018-06-28 00:00:00
3034 baxış

Digər xəbərlər

Şəhidlər ölməz!

Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində  keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər. Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Hərbi qanunvericiliyin gənclər arasında təbliğinə dair müzakirələr aparılır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə “Hərbi vətənpərvərliyin və hərbi qanunvericiliyin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirib. AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, hərbi qanunların və hüquq normalarının möhkəmləndirilməsi, eləcə də Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Mediasiya haqqında” Qanunun tətbiqinə dair Fərmanın qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyətinin gənclərə çatdırılmasıdır. video Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Respublika Hərbi Prokurorluğu ilə müntəzəm keçirilən tədbirlərin əhəmiyyətindən, veteranların bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb. O, ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatların ulu öndər Heydər Əliyev dövlətçilik siyasətinin uğurla davam etdirilməsinin göstəricisi olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bütün sahələrdə vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli qorunduğunu, bu istiqamətdə məqsədyönlü islahatların gündən-günə dərinləşdirildiyini vurğulayıb. C.Xəlilov Azərbaycan Ordusunun əsgər və zabitlərinin qanunlara hər zaman əməl etdiklərini, nizam-intizamın daha da möhkəmləndiyini bildirib. Təşkilatın sədr müavini Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Fərmanın respublikamızın hüquq sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının, həmçinin prokurorluq orqanlarına göstərdiyi etimad və diqqətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb. X.Vəliyev Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin mühüm sütunlarından birinə, Respublika Hərbi Prokurorluğunun hərbi qanunçuluğun qorunması, gücləndirilməsinin təminatçısına çevrildiyini bildirib. Hərbi Prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda aparılan geniş islahatlardan, ordumuzun inkişafındakı xidmətlərindən danışıb. Bu siyasətin hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdıran X.Vəliyev deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Ordumuzda şəxsi heyət üçün hər cür şərait yaradılıb. Bu gün əsgərlərimiz orduda fəxr və şərəflə xidmət edirlər. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini, şəxsi heyətin qələbə əzmini və mənəvi-psixoloji hazırlığını düşmənlə yanaşı bütün dünyaya göstərdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı döyüşməyə, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünyada nüfuzlu dövlətə çevrilməsindən, ölkəmizdə hüquq təhsilinin inkişafı istiqamətində hər cür şəraitin yaradılmasından, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də həyata keçirilən mütərəqqi islahatlardan danışıblar. Çıxışlarda, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin, müstəqilliyimizin və ictimai-siyasi sabitliyin qorunmasının hər bir vətəndaşın müqəddəs vəzifəsi olmasının, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirmə, hüququ təbliğat işinin aparılmasının vacibliyi qeyd olunub. Natiqlər gəncləri Prezidentimizin ətrafında sıx birləşməyə və Vətənin müdafiəsinə hazır olmağa çağırıblar. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu
Düşmən 50-yə yaxın itki verib

“Ermənistan tərəfi aprel döyüşlərində olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Onlar öz məğlubiyyətlərini göstərməmək üçün bu məlumatları açıqlamır, ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”. Bunu Azvision.az-a Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Hərbi ekspert bildirib ki,düşmən son hadisələr zamanı 50-yə yaxın itki verib: “Düşmən bu barədə məlumat vermir. İtkilərin sayını gizli saxlayırlar. Ermənistan rəhbərliyi bununla xalqı aldatmağa cəhd göstərir. Düşmənin itkiləri bizdən qat-qat çoxdur”. C.Xəlilov qeyd edib ki,Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir: “Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması,yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir”.  

Hamısını oxu
“Milli media xalqımızın dostu, dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”

  “Milli media xalqımızın dostu, dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan mətbuatı xalqımızın və dövlətimizin həyatı üçün bütün kritik məqamlarda əsl fədakarlıq sərgiləyib, anti-Azərbaycan güclərinə qarşı cəsarətlə döyüşüb: “Qürurvericidir ki, Azərbaycan mediası tarixin bütün həlledici məqamlarında milli maraqlara, dövlətçilik maraqlarına sədaqət sərgiləyib, anti-milli qüvvələrin ifşa edilməsində, dezinformasiyaların və informasiya məkanında törədilən digər txəribatların qarşısının alınmasınmda ciddi aktivlik sərgiləyib. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində mediamızın fədaklarlığına bir daha şahid olduq. Müharibə dönəmində milli mediamız Azərbaycan Silahlı Qüvvələri ilə tam bir həmrəylik sərgilədi. Ordumuz hərb meydanında düşmənlə savaşanda, jurnalistlərimiz də media cəbhəsində döyüşür, düşmənin media və sosial mediadakı təxribatlarını uğrula ifşa edirdi. Bu mənada deyə bilərik ki, 8 Noyabr zəfərinin əldə edilməsində mediamızın da rolu böyük və danılmazdır”. Polkovnik qeyd edib ki, II Şuşa Qlobal Media Forumunda dövlət başçısı da medianın rolunu yüksək qiymətləndirdi: “II Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli mediamızın fəaliyyətini təqdir etdi, jurnalistlərimizin öz peşəsinə sədaqətlə yanaşdığını vurğuladı. Habelə, dövlət başçısı dezinformasiyaların qarşısının alınmasında jurnalistlərimizin xidmətlərini də yüksək qiymətləndirdi. Ölkə başçısının mediamızın mövcud durumu, peşəkarlığı, hadisə və proseslərə çevik reaksiyası ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan mediası sürətlə inkişaf etməkdə, öz peşəkarlığını artırmaqdadır. Əslində, Prezident İlham Əliyev mediamızla bağlı fikirləri jurnalisltərimizə, onların fəaliyyətinə verilən ən yüksək qiymət hesab oluna bilər. Jurnalistlərimizin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin işıqlandırılmasında da böyük rolu var. Jurnalistlər veteranların dostudur. Mən 22 iyul – Mili Mətbuat Günü ilə bağlı bütün jurnalistlərimizi təbrik edir, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, mediamız bundan sonra da mili maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, düşmən qüvvələrin informasiya müstəvisindəki təxribatlarını qətiyyətlə ifşa edəcək”.    

Hamısını oxu