Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Aprel zəfəri – gücün, iradənin və Ali Baş Komandan amilinin təntənəsi

Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi.

Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi.

Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur.

Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi.

Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı.

Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi.

Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı.

Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir.

Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi.

Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq.

Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi.

Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı.

Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir.

Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır.

 

Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-04-03 12:41:00
2517 baxış

Digər xəbərlər

Ordumuz xalqımızın iftixar mənbəyi, təhlükəsizliyimizin qarantıdır!

Dünyanın müxtəlif regionlarında dövlətlərin bir-birlərinə qarşı mübarizədə istifadə etdikləri yeni müharibə üsulları, iqtisadi sankiyalar, törədilmiş terror aktları, separatizm, etnik-dini-siyasi qarşıdurmalar və s. proseslərin geniş vüsət alması, regiona dövlətlərin milli və hərbi təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Mövcud vəziyyətin mürəkkəbliyi problemin qarşısının alınması mexanizmlərinin səmərə vermədiyini deməyə əsas verir. Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən bir sistemi yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təmin olunması, həm sırf hərbi, həm də siyasi-diplomatik, iqtisadi, ideoloji və digər quruluşlu bütün komponentlər, dövlət qurumlarının məqsədyönlü və əlaqəli səyləri sayəsində əldə olunur. Hərbi təhlükəsizlik üç səviyyəyə bölünür: qlobal, regional və milli. Qlobal səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi kütləvi qırğın silahlarının yayılmamasına çalışmaq, strateji hücum silahlarının azaldılması və s. tədbirlərlə təmin edilir. Regional səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi Rusiya və NATO ilə hərbi əməkdaşlığı çərçivəsində ölkənin hərbi-strateji mövqeyini gücləndirməklə təmin edilir. Milli səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi əsasən ölkənin lazımi hərbi potensialının yaradılması ilə təmin edilir. Ordu – müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı! Ümumilikdə götürsək, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hərbi siyasətin məqsədi -  hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadənin mümkünlüyünü, zəruriliyini və hədlərini müəyyənləşdirmək; mövcud hərbi qüvvənin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi; hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadə yollarının və vasitələrinin müəyyən edilməsi, zəruri hallarda hərbi qüvvənin potensial düşmənə təsir etməsi. Bu baxımdan Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən hərbi təhlükəsizliyin təmin edilməsi sistemini yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təminində iqtisadi, hüquqi və digər amillərin rolu... Ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasında qanunverici aktların layihələrini hazırlayan və qəbul edilmiş qanunların icrasını təmin edən hüquqi təsisatlar böyük rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunmasında daxili siyasi strukturların rolu olduqca çoxşaxəlidir. Ölkənin müdafiəsi, əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı hökumətin bütün qanunvericilik aktlarını və qərarlarını səmərəli şəkildə yerinə yetirməli, iqtisadiyyatın və ölkə ərazisinin hərbi cəhətdən hazırlanması sahəsində fəaliyyətini təmin etməli, güclənməsinə və sabitləşməsinə töhfə verən sosial və milli siyasətləri praktikada həyata keçirməlidirlər. Hərbi təhlükəsizliyin təmin olunmasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır. Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün zəruri şərt hamı üçün təhlükəsizlik bərabərliyi prinsipinə əsaslanan qlobal və regional təhlükəsizliyin təmin edilməsi üçün bir modelin yaradılması olmalıdır. Hərbi təhlükəsizlik sistemi təkcə təhdid və çağırışlara cavab verməməli, həm də qabaqcadan düşünmək, mümkün təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək bacarığına sahib olmalıdır. Sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “monoetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir. Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər əsas götürülür. Ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan, məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi müasir və peşəkar ordu yaradılmışdır. Vahid hərbi komandanlığın formalaşması, idaretmə mexanizminin təşəkkül tapması, müasir ordu quruculuğu, ən son nailiyyətlərə əsaslanan silahların, peşəkar zabit kadrlarının mövcudluğu, ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyət onu deməyə əsas verir ki, artıq Azərbaycan Respublikası müstəqil hərbi siyasətinin həyata keçirməklə, özünün hərbi təhlüksizliyini təmin etməyə qadirdir. İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, bu tarixin qəhrəmanıdır Prezident İlham Əliyevin ölkə başçısı kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Lakin prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir. 8 noyabr qalibiyyəti sadəcə bu ilin deyil, bu əsrin ən böyük zəfər salnaməsidir Təbii ki, 2020-ci illə bağlı ən böyük və ən mühüm olay Azərbaycanın erməni işğalında qalan torpaqlarının azad edilməsi, düşmən üzərində 8 noyabr zəfərinin əldə edilməsidir. Bu, o qədər böyük hadisədir ki, onun böyüklüyünü bir günə, bir aya, yaxud bir ilə sığdırmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində o qədər parlaq, o qədər qəti və həlledici qələbə qazandı ki, bu qələbə və onun nəticələri haqqında əsrlər uzunu danışılacaq. Doğrudur, bu qələbə itkisiz başa gəlmədi. Üç minə yaxın hərbçimiz ərazi bütövlüyümüzün təmin olunması, erməni işğalının ordan qaldırılması üçün öz həyatını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi. Biz onları hər zaman dərin hörmət və ehtiram hissi ilə yad edəcəyik. Biz məhz onların qəhrəmanlığı sayəsində işğaldakı torpaqlarımızı azad etməyə, yağı düşməni diz çökdürməyə nail olduq. Ordumuzun əsgər və zabitləri şəhidlərimizin qisasını artıqlaması ilə aldılar. Erməni ordusunu Qarabağdan qovaraq bu torpaqlar üzərində dövlətimizin faktiki nəzarətini bərpa etdilər. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı, öz döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Azərbaycan ordusu ilə müharibədə rüsvayçı məğlubiyətə uğrayan Ermənistan, hərbçilərimizin ölümcül zərbələri qarşısında davam gətirməyərək işğal etdiyi torpaqlardan qaçmağa məcbur oldu. Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çox layihələrin icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. İşğaldan azad edilə ərazilər “ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında yenidən inşa ediləcək, müasir qaydada yenidən bərpa olunacaq. Artıq qardaş Türkiyənin bir çox şirkətləri bu quruculuq işinə cəlb edilib və Qarabağdakı abadlıq prosesində yaxından iştirak edir. Biz yaxın günlərdə iqtisadi müstəvidə böyük uğurlara şahid olacağıq. Bütün bu uğurlara zəmin yaradan isə Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətidir. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi Şübhəsiz, Azərbaycan ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Mən 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaqdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
“Şuşa ili” çərçivəsində keçirilən Forum Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığına mühüm töhfədir”

Cəlil Xəlilov: “Biz yaxın gələcəkdə hər iki dövlətin QHT-ləri arasında əməkdaşlığın yeni müstəviyə keçdiyinə şahid olacağıq” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb. Bu tarixi Forumla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məlum Forum və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında imzalanan “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”un mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilməsi olduqca mühüm bir hadisədir. Bu Forum Azərbaycan və qardaş Türkiyənin vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığın genişlənməsinə, bu əməkdaşlığın mahiyyət etibari ilə yeni mərhələyə daxil olmasına mühüm töhfə verəcək. Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalandı ki, bu Memorandum tərəflər arasındakı əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur. Hesab edirəm ki, bu Forum Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyətləri institutları arasında əməkdaşlığın inkişafına ciddi təkan verməklə yanaşı, iki qardaş dövlət arasında münasibətlərin digər müstəvilərdə də inkişafına öz töhfəsini verəcək. Digər mühüm bir məqam Azərbaycan və Türkiyənin belə bir Forum keçirməklə bütün dünyaya növbəti dəfə öz birlik və həmrəyliklərini nümayiş etdirməsi ilə bağlıdır. Bildiyiniz kimi, tarixin bütün dönəmlərdə Azərbaycan və Türkiyə bir-birlərinin yanında olub, dar məqamda bir-birlərinə dəstək veriblər. Bunun son örnəyi 44 günlük Vəətn müharibəsi oldu. Hansı ki, bu müharibədə qardaş Türkiyə Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan böyük dəstək verdi, onunla həmrəylik nümayiş etdirdi. Azərbaycan da bütün beynəlxalq platformalarda qardaş Türkiyəyə dəstək verməkdədir. Bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsini əlamətdar hadisə hesab edirəm. Forumun təşkilatçılığını yüksək səviyyədə həyata keçirdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”.

Hamısını oxu
Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq yarışda 10-dan  çox ölkədən idmançıların iştirakı gözlənilir. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.       Beynəlxalq karate turniri ilə bağlı fikirlərini bizimlə bölüşən Arpaçay İdman Birliyinin  birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, beynəlxalq karate yarışına hazırlıq işləri artıq başa çatmaq üzrədir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 30 yanvar 2026-cı il tarixində saat 17:00-da Sərhədçi İdman Mərkəzində olacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”. Y.Hüseynovun sözlərinə görə, XI “ARPACHAY OPEN” karate turnirində 10-dan çox xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1000-ə yaxın idmançının iştirakı gözlənilir.

Hamısını oxu
Tovuz istiqamətində döyüşlər davam edir - Ordumuz şəhid verdi, düşmənin 20-dək hərbçisi məhv edildi

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Hamısını oxu