Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans təşkil olunub, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və bir sıra QHT sədrlərinin gənclərlə görüşü keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Prezident İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyəsinin dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub. Konfransda erkən nigahın yolverilməzliyi, narkomaniya, şiddət və aqressiya kimi mənfi tendensiyalara qarşı mübarizəni gücləndirmək məqsədi ilə qanunvericiliyin daha da sərtləşdirilməsinin zəruriliyi vurğulanıb.

Konfransda gənclər, ziyalılar, veteran və ağsaqqallar, dövlət qurumlarının, media və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, habelə  Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov iştirak edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarını salamlayııb, konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra mövzu ilə bağlı ətraflı çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siaysətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini qeyd edib:

Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin gənclər siyasətində ilk mühüm addım kimi, 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirib, onlara böyük sevgi və etimadla yanaşıb. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız – ailə institutu mühüm rol oynayıb. Lakin biz dövlətimizin daha da inkişaf etməsini, çiçəklənməsini,  özünəməxsusluğunu qoruyub saxlamasını istəyiriksə, gənclərimizin bundan sonra da milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsini diqqətdə saxlamalıyıq. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsın, milli dəyərlərin, milli maraqların keşiyində dayansın.

Təəssüflər olsun ki, bu gün bəzən yeniyetmələr, gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Bu isə biz veteranları narahat edir. Bunlardan biri erkən nigahla bağlıdır. Bəzən yeniyetmələr erkən nigaha təhrik edilir ki, bu da qanunun tələbinin pozulması ilə yanaşı, həm də əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Bu cür hallara qarşı mübarizədə cəmiyyətimiz aktiv iştirak etməli, belə hallara qarşı güclü ictimai qınaq olmalıdır. Habelə, hüquq-mühafizə orqanları bu cür hallarla bağlı dərhal məlumatlandırılmalıdır. Ümumilikdə isə hesab edirəm ki, erkən nigaha qarşı effektiv mübarizə məqsədi ilə  mövcud qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var.

Biz gənclərimizi narkomaniya, digər zərərli vərdişlərdən də qorumalı, bu sahədə maarifçilik işini genişləndirməli, dövlətimizə bütün digər sahələrdə olduğu kimi bu məsələdə də ciddi dəstək verməliyik”.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb: “Gənclər bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz cəmi 44 gün ərzində düşməni darmadağın etdi, işğaldakı torpaqlarımızı azad etdi. Gənclərimiz öz cəsarətləri ilə düşmənə layiqli yerini göstərdi. Ancaq təəssüflər olsun ki, bəzən gənclər arasında aqressiya, şiddət, Azərbaycan insanına, Azərbaycan ailəsinə yaraşmayan qəddarlıq nümunələri də görürük. Erkən nigah, narkomaniya, boşanmaların artması kimi hallar da müşahidə edilir ki, bu da narahatlıq doğurur. Bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik”.

Müdafiə Nzirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov da çıxışlarında dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər.

44 günlük Vətən müharibəsi qazisi mayor Elşad Təhməzov isə müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu ruhu, milli-mənəvi dəyərlərə bu bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb.

Çıxş edən natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafımızın etibarlı təminatına yönəlib.

Tədbir hərbi vətənpərvər mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.

Seymur ƏLİYEV

 

2024-03-01 13:35:34
3107 baxış

Digər xəbərlər

Xəzər rayonunda 28 may Müstəqillik Günü qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində  Xəzər rayonunda   tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər   rayon  VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra  torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük  tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan  Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.      

Hamısını oxu
Şəhidimiz dəfn olundu

Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi Tovuz şəhərində - Şəhidlər Xiyabanında torpağa tapşırılıb.  38 yaşlı şəhidimizin dəfn mərasimində rayonun Qazıqulu kənd sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları iştirak ediblər. 15:31   Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonu Qazıqulu kəndində torpağa tapşırılacaq.  Hazırda 38 yaşlı şəhidimizin nəşi dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. 13:58 Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli oğlu Məmmədov son mənzilə yola salınır.  Rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.   Dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. video-1, video-2,  Könül Cəfərli   

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova general Vladimir Timoşenko ilə görüşüb

Bu gün sabiq millət vəkili, ehtiyatda olan general Vladimir Timaşenko Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova ilə görüşüb. Görüş əsnasında Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizəsindən danışan general Timoşenko, azərbaycanlıların bu mübarizədə göstərdiyi fədakarlığın bütün bəşəriyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.   Gəlişinə görə general Timoşenkoya təşəkkürünü bildirən Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizəni XXI əsrdə də davam etdirdiyini, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı erməni faşistlərindən azad etdiyini bildirib. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun böyük şücaət göstərdiyinə diqqət çəkən Fatma Səttarova, dövlətimizin və xalqımızın bundan sonra da öz maraqlarını qətiyyətlə müdafiə edəcəyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə bildrib ki, Azərbaycan xalqı hər zaman regionda və dünyada sülh və təhlükəsizliyə ciddi töhfələr verib və erməni faşizmi üzərində əldə edilən qələbə də bu qəbildəndir.   Görüşdə Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov  da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat katibi

Hamısını oxu
Veteranlar cəmiyyətdə birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir

Dekabrın 30-da Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Daxili Qoşunların Baş İdarəsində olub. Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, C.Xəlilov daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov ilə görüşüb. Daxili Qoşunların Komandanı Respublika Veteranlar Təşkilatının bütün üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Ümummilli lider Heydər Əliyevin veteranları cəmiyyətimizin dəyərli üzvləri kimi daim diqqət mərkəzində saxladığını vurğulayan general-leytenant Ş.Məmmədov diqqətə çatdırıb ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində onların fəaliyyəti böyük əhəmiyyətə malikdir. Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev veteranlara həmişə diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir çox fərman və sərəncamlar imzalayır. Bu gün Daxili Qoşunların veteranlarını birləşdirən ictimai təşkilat olaraq, Daxili Qoşunların Veteranlar Şurasının da fəaliyyət göstərdiyini deyən komandan bildirib ki, veteranlarımız dövlətimizin hər bir çağırışına daim hazırdırlar. C.Xəlilov qeyd edib ki, veteranlar həmişə Vətənimizə, dövlətçiliyimizə sadiqdirlər. Veteranların cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyən sədr müavini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkilat adından Daxili Qoşunlar Komandanlığını və şəxsi heyəti təbrik edib, xidmətdə nailiyyətlər arzulayıb.

Hamısını oxu