Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının müraciətinə əsasən təşkilatın bir qrup üzvü Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi veteranlar qrupu hərbi şəhərciyi gəzib, qərargah binasında və digər obyektlərdə yaradılmış yüksək xidməti şəraitlə tanış olub, hərbi aşpazlar kursunun məşğələsində iştirak edib və şəxsi heyətlə görüşərək onların problem və qayğıları ilə maraqlanıblar.
Akt zalında keçirilən görüş zamanı veteranlar bu hərbi hissənin timsalında müasir Azərbaycan Ordusunun son illərdəki inkişaf və qüdrətlənməsinin şahidi olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.
Laçın rayon Veteranlar Təşkilatının sədri, Böyük Vətən müharibəsi veteranı, 97 yaşlı Əlikişi Cümşüdov, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, İkinci Dünya müharibəsinin hərbi təyyarəçisi Damət Nəbiyev, idman veteranı, 16 qat dünya və Avropa çempionu olmuş Hacı Məhəmməd Müslümzadə çıxış edərək hərbi hissədə gördüklərindən məmnun qaldıqlarını vurğulayıb və Azərbaycan əsgərinin müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır olduqlarına əminliklərini qeyd ediblər.
Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik Adil Haqverdiyev 1994-cü ildə Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan və komandanlığı altında uğurla nəticələnən məşhur “Horadiz əməliyyatı”nda iştirakını yada salıb və bu qələbənin 22 ildən sonra, 2016-cı ilin aprelində cənab İlham Əliyevin rəhbərliyi altında yenidən təkrar olunduğunu iftixar hissi ilə qeyd edib.
 “Mən əslən Qusar rayonundanam. Vətən təhlükədə olanda ölkəmizin digər bölgələrinin igid oğulları ilə yanaşı biz qusarlılar da bir nəfər kimi ayağa qalxdıq. Qarabağ uğrunda döyüşlərdə 60 nəfərdən çox şəhid verdik. Onların sıralarında Milli Qəhrəmanlarımız da var. Biz bu gün də Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Silahlı Qüvvələrdən tərxis olunduğum üçün bir neçə ildir ki, hərbi hissələrdə olmurdum. Ancaq bu gün gördüklərim sözün həqiqi mənasında məni heyrətləndirdi. Kim ki, bu inkişafı, bu tərəqqini görmür, qiymətləndirmir yazıq onların halına. Heç olmasa, Ermənistan ordusunda nələr baş verdiyini, ölkəni bürüyən əsgər valideynlərinin etiraz dalğasını, ordudakı özbaşınalıqları görsün və ordumuzun qədrini bilsinlər. Azərbaycan inkişaf yolundadır və Ordumuz günü-gündən daha da qüdrətlənir, maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksəlir. Ordumuz dövlət başçımızın daim diqqət mərkəzindədir və Müdafiə Nazirliyinin rəhbərliyi qarşısına qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir”- ötən əsrin 90-cı illərinin əvvəllərində üç qardaşı ilə birlikdə Qarabağ uğrunda döyüşlərə könüllü yollanmış ehtiyatda olan polkovnik Bəhram Ağakişiyev deyib. 
Hərbi qulluqçulardan Ədalət Hacıyev, Əbülfət Xəlilov, Humay Akiyeva çıxış edərək qonaqları əmin ediblər ki, onlar ata və babaların qəhrəmanlıq ənənələrini bundan sonra da şərəflə davam etdirəcək, Azərbaycanın hərb tarixinə daha parlaq səhifələr yazacaqlar.
Tədbirin sonunda Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Respublika Veteranlar Təşkilatının növbəti təşəbbüsünü də yüksək qiymətləndirib və onlara minnətdarlığını bildirib. Qonaqlara hərbi hissənin komandanlığı adından xatirə hədiyyələri təqdim edilib.

2018-11-28 00:00:00
4116 baxış

Digər xəbərlər

Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu
İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Hamısını oxu
“Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır”

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”   Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir.   Tamamilə absurd və  xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib:   “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil,  türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.   Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib:   “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq.   Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı “Əməkdar mədəniyyət işçisi”nin yubileyi münasibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradovun 75 illiyi  münsibətilə tədbir keçirib. Tədbirdən öncə Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman yubilyar haqqında tədbir iştirakçılarına geniş məlumat verib, uzun müddət Mədəniyyət şöbəsində Həmkarlar Komitəsinin sədri kimi mədəniyyət işçilərinin sosial problemlərinin həllində böyük xidməti olmuş, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş Cahangir Muradovu yubileyi münasibətilə rayon veteranları adından təbrik edib. O, daha sonra yubilyara rayon təşkilatının Fəxri fərmanını təqdim edib və özünün yazdığı "Şəhidlik zirvəsinə ucalanlar" kitabını hədiyyə verib. ADPU Cəlilabad filialının baş müəllimi Aydın İbişov, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşallah Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış aparıcı aktyor Xeyrulla Şahbazov, "Qarabağ əlillərinin Qayğı" İctimai birliyinin sədri Asəf İsmayılov, Əmək və Müharibə veteranları Cankişi Seyfullayev, Mirzəbala Hüseynov, Dadaş Bayramov,  Qurban Əhməd, Adıgözəl Nuriyev, Muxtar Ağayev və başqaları çıxış edib Cahangir Muradovla bağlı xoş xatirələtindən danışıb və yubilyara sağlam və gümrah ömür arzulayıblar. Sonda xatirə şəkilləri çəkilib.    

Hamısını oxu