Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı şanlı tariximizin parlaq səhifələridir”

Cəlil Xəlilov: “Dünya faşizm üzərindəki qələbəyə görə Bakı neftinə borcludur” 

“Soydaşlarımız post-sovet məkanı ilə yanaşı, bütün Avropanın faşizmdən azad edilməsinə böyük töhfələr verib”

Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 79-cu ildönümüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu tarixi qələbədən, onun əldə edilməsində Azərbaycan xalqının rolundan danışdıq:

-Cəlil müəllim, qarşıdan 9 may – böyük qələbənin 79-cu ildönümü gəlir. Öncə bu qələbədə Azərbaycan xalqının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik.

-İkinci Dünya müharibəsi bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsidir. Bu müharibə bir neçə qitə və onlarla ölkəni əhatə etmiş, milyonlarla insanın həyatına son qoymuşdur.

Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Dünya ya faşizmə qalib gələrək özünü xilas edəcək, ya da faşizmin əsarəti altında məhv olacaqdı. Məhz belə bir zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar və fədakarlıqar sərgilədi, bu mübarizənin taleyinə həlledici təsir göstərdi.

Xatırladım ki, Azərbaycan xalqının 700 mindən çox oğul və qızı  İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak etmiş, onların 300 min nəfər bu mübarizədə qəhrəmancasına həlak olmuşdur.

Müharibədə Azərbaycanın milli diviziyaları öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış, faşist işğalındakı onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad edilməsini təmin etmişdir.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin faşizmdən müdafiəsində də iştirak etdiyi məlumdur. Sizcə bu tarixi fakt dünyada yetərincə təbliğ olunurmu?

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində iştirak etdiyi, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmişdir.

Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almış, onları azad etmişdir.

Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur. 

Əslində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim əsas məqsəd və fəaliyyət istqiamətlərindən birini də məhz həmin azərbaycanlıların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsidir. Biz çalışırıq ki, yalnız post-sovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində, harada ki, azərbaycanlılar döyüşüb, məhz həmin yaşayış məntəqələrində onların adı əbədiləşdirilsin. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir. 

Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bu istiqamətdə səylərimizi davam etdiririk və təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var.

-Cəlil müəllim, müharibədə Azərbaycan həm də öz nefti və digər iqtisadi resursları ilə də iştirak etdi. Sizcə ölkəmizin cəbhə üçün ortaya qoyduğu iqtisadi resurslar, xüsusilə də Bakı nefti müharibənin gedişatına və taleyinə hansı miqyasda təsir göstərdi?

- İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğu birmənalıdır. Müharibədə cəbhənin yanacağa olan əsas ehtiyacını məhz Bakı neftçiləri qarşılayıb. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Bu gün bir daha bütün fakt və rəqəmləri təhlil edərək əminliklə deyə bilərik ki, müharibənin taleyini məhz Bakı nefti həll edib. Hansı ki, dünyanın bir çox hərbi-siyasi liderləri də Bakı neftinin həyati əhəmiyyəti etiraf edib, qələbəyə görə daha çox Bakı neftinə minnətdar olduqlarını bildiriblər. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir:

“Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

-Müharibə dönəmində Azərbaycanda silah-sursat və hərbi texnika istehsalı baxımından vəziyyət necə idi?

-Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı.

Müharibə dönəmində respublikamızdakı müəssisələr 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 

-Cəlil müəllim, Azərbaycan müstəqillik əldə edəndən sonra İkinci Dünya müharibəsi və Azərbaycanın bu müharibədə iştirakına fərqli münasibət bəsləyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyiniz kimi, 1991-ci ildə ölkəmiz ikinci dəfə öz müstəqilliyinə nail olduqdan sonra bəzi şəxslər gülünc və əsassız iddialarla çıxış etməyə başladılar. Onlar İkinci Dünya müharibəsinin mahiyyətini təhrif edərək bildirirdilər ki, guya Azərbaycanın bu müharibədə iştirakına heç bir lüzum olmayıb. Guya bu, Almaniya ilə Rusiya arasında gerçəkləşən bir müharibə idi və hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaqdı.

Bu, təbii ki, absurd bir iddiadır. Çünki faşizm yalnız post-sovet məkanının deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara da son qoyuldu. Heydər Əliyev haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli bir parçasıdır. Azərbaycan heç vaxt öz tarixindən imtina etməyəcək.

Beləliklə də, Heydər Əliyevin sayəsində ölkəmizdə 9 may Qələbə Günü yenə də qeyd edilməyə başladı, İkinci Dünya müharibəsi veteranlarına dövlət qayğısı ildən-ilə artdı. Bu gün bütün veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss edirlər. Bu baxımdan Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamı buna nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar verdi. Bu fakt bir daha döv lətimizin hər bir veteranına sahib çıxdığını, onlara qayğı ilə yanaşdığını sübut edir.

-Ölkəmizdə İkinci Dünya müharibəsində iştirak edən və bu gün də həyatda olan neçə veteran var?

-Hazırda 30 belə veteranımız var ki, onların hər biri Təşkilatımızın diqqət mərkəzindədir. Biz tez-tez onlarla əlaqə saxlayır, onları ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Onların müalicəsi, sosial durumu bizim diqqət mərkəzimizdədir.

Bu il fevralın 29-da Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı ziyarət etmiş, onun müalicəsini diqqət mərkəzində saxlamışıq. 2024-cü il martın 7-də Anan Xarkovskayanı evində də ziyarət etdik, qayğıları ilə maraqlandıq.

Digər veteranlarımız da tərəfimizdən diqqət mərkəzində saxlanılır, onların üzləşdiyi problemlər əlaqədar qurumların diqqətiə çatdırlır.

Bizim üçün qürurvericidir ki, bu işdə rayonlardakı təşkilatlarımız da aktiv fəaliyyət göstərir. Məsələn, bugünlərdə Cəlilabad Rayon Veteranlar Təşkilatının nümayəndələri bir sıra dövlət qurumlarının yetkililəri ilə birlikdə rayonun Abdullu kəndində  yaşayan İkinci Dünya müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət edib, onun arzu və istəkləri ilə maraqlanıblar.  

Əminliklə bildirirəm ki, bundan sonra da bütün kateqoriyadan olan veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları da Təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, onların düşündürən məsəllərin həlli üçün tərəfimizdən imkan və səlahiyyətlərimiz daxilində bütün gərəkli addımlar atılacaq.

Mən veteranlara göstərdiyi diqqət və qayğıya görə Təşkilatımız adından Prezident İlham Əliyevə təşəkkür edir, bütün veteranlar adından ona öz minnətdarlığımı bildirirəm. Xatırladıram ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da Prezidentin hər bir çağırışını dəstəkləməyə, dövlətimizin rifahı, təhlükəsizliyi və tərəqqisi üçün istənilən fədakarlığa hazırdılar.

 Seymur ƏLİYEV

 

2024-05-08 11:12:29
4396 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 02

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Qeyd edək ki, layihə həyata keçirildiyi dövrdə ilk dəfə “ Vətən və zəfər nəğmələri” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. Kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür. Təşkilatın növbəti tədbiri iyun ayının 17-də Bakı şəhərində yerləşən 18  nömrəli Baki Pese Liseyindedə oldu. Tədbiri çıxış sözü ilə açan liseyin Tərbiyə işləri üzrə müavin Oksana Ömərova tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Sonra tədbir layihəyə qonaq kimi dəvət olunan Vəfa Salehova tərəfindən davam etdirildi. O,  iştirakçılara layihənin ideyası və məqsədi haqqında danışarkən bu gün yeniyetmələrin öz Vətənləri, dövlətləri ətrafında bir yumruq kimi birləşmələrinin zəruriliyini qeyd etdi. Layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq I Qarabağ müharibəsi zamanı jurnalist kimi göstərdiyi fəaliyyətdən, əsgərlərimizin şücaətindən danışdı. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, t.ü.f.d., I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, iştirakçıların suallarına cavab verdi. O, tələbələrə müharibənin başlama səbəblərini sorduqdan sonra bu barədə ətraflı danışaraq, Azərbaycan dövlətinin gücünün, möhkəmliyinin səbəblərinə toxundu. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət haqqında da ətraflı danışdı. Sonda tələbələrin sualları cavablandırıldı. Ümumilikdə tədbir çox maraqlı, disskusiya şəklində keçdi.       “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”İctimai Birliyinin layihə rəhbəri: prof. Bədirxan Əhmədli    «17»  iyun 2025- ci il                                                                   Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru

Hamısını oxu
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”

Səmyar Abdullayev: “İlk dəfə məhz Ulu öndərin təşəbbüsü ilə bu siyasət sistemləşdirilib, prioritet istiqamətlərdən biri elan olunub” “Prezident İlham Əliyev Ümummilli liderin əlillərə dövlət qayğısı siyasətini uğurla davam etdirməkdədir” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin əlillərlə bağlı siyasətini şərh etməyə çalışdıq: -Səmyar müəllim, Ulu öndərin həssas kateqoriyadan olan bütün şəxslər kimi əlillərə də daim qayğı ilə yanaşdığı, onların sosial durumunu, mənzil-məişət şəraitini diqqət mərkəzində saxladığı hər kəsə məlumdur. Sizcə Heydər Əliyevin bu sahədəki çoxsaylı xidmətləri, bu xidmətlərin tarixi əhəmiyyəti qısaca necə xarakterizə edilə bilər? -Hər şeydən öncə qeyd edim ki, ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həssas kateqoriyadan olan bütün şəxslər kimi, əlillərə olan münasibətində diqqət çəkən ən mühüm amil Ulu öndərin bu sahədə bütöv bir dəyərlər sistemi yaratmasıdır. Ümummilli liderdən öncə də əlillərə dövlət qayğısı ilə bağlı bəzi nümunələr olsa da, bunlar pərakəndə xarakter daşıyır, nə hüquqi, nə də siyasi baxımından ciddi bir sistemə söykənmirdi. Məhz Heydər Əliyev bu sahədə aydın, qəti və mükəmməl bir sistem formalaşdırdı. Ulu öndər əlillərə dövlət qayğısını inkişaf etdirmək, bu qayğının miqyasını genişləndirmək üçün bir sıra addımlar atdı ki, bunlardan da biri bu sahədə hüquqi bazanın gücləndirilməsi oldu. Heydər Əliyevin təşəbbüsü və səyi ilə əlillərin hüquqlarının daha da genişləndirilməsi mümkün oldu. Onu da qeyd edək ki, Beynəlxalq Əlillər Günü məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən dünyanın sivil ölkələri ilə yanaşı, Azərbaycanda da qeyd olunmağa başlamışdır. Ümummilli lider həm dövlət, həm də cəmiyyət olaraq əlillərə sahiblənməyin, onların qayğısına qalmağın vacibliyini əməli fəaliyyəti ilə bütün xalqın diqqətinə çatdırdı, ictimai şüurda bu həqiqəti möhkəmləndirdi. Heydər Əliyev 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə demişdir: “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”. Heydər Əliyev bu sahədə şəxsi nümunə göstərərək bütün toplumu bu ideya ətrafında səfərbər edə bilmiş, əlillərə olan qayğı və diqqətin əhəmiyyətli dərəcədə artırılmasına müvəffəq olmuşdur. -Əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Ulu öndər tərəfindən görülən hansı işləri qeyd edə bilərsiniz? -Heydər Əliyev siyasi hakimiyyəti dönəmində əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün silsilə addımlar atmış, mühüm dövlət layihələrinin icrasına nail olmuşdur. Statistikaya nəzər salsaq, bu həqiqəti konkret faktların timsalında daha aydın görə bilərik. 1997-2003-cü illərdə Heydər Əliyevin qayğısı sayəsində 508 əlil ailəsi mənzil, 138 əlil ailəsi isə fərdi evlə təmin olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 1998-2002-ci illərdə yenə də Ümummilli liderin təşəbbüsü ilə 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu, elə bir dönəm idi ki, Qarabağ və ətraf ərazilər işğal altında idi. Büdcədə lazımi vəsait yox idi. Ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan ciddi təbəddülatlar içərisində idi. Lakin buna baxmayaraq Heydər Əliyev əlilləri dövlət qayğısından kənarda qoymur, əksinə, onlara qayğını artırırdı. Bu, Ulu öndərin əlillərə olan həssas, sevgi və humanistlik dolu münasibətini əks etdirir. -Bu gün ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti hansı səviyyədədir? -Sevindiricidir ki, Ulu öndərin əlillərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, miqyas və keyfiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Heydər Əliyevin bu sahədəki mirasına da bacarıqla sahiblənən Müzəffər Ali Baş Komandan, əlillərin sosial rifahını yaxşılaşdırılması üçün çoxsaylı təşəbbüslər irəli sürmüş, regional miqyasda böyük əks-səda doğuran sosial layihələr həyata keçirmişdir. Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalamış, bununla da əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sözügen Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılmışdır. 2019-cu ildən sonrakı 5 il ərzində əlillərin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən əlavə tədbirlər həyata keçirilmiş, mühüm uğurlara nail olunmuşdur. Bu, əlillərin reabilitasiyası ilə bağlı məsələdə də özünü aydın göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə son 5 ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq  60 minə çatıb. Həmçinin, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. Müharibə əlillərinin müasir protezləlrə təmin olunması da dövlətimizin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub ki, bu da dövlətimizin əlil vətəndaşlara olan qayğısına bariz nümunədir. -Səmyar müəllim, gözdən əlil vətəndaşlarımızla bağlı görülən işlər haqqında nə deyə bilərsiniz? -Bütün əlillər kimi gözdən əlil vətəndaşlarımız da dövlətimizin diqqət və qayğıısnı daim öz üzərlərində hiss edib. Ölkəmizdə gözdən əlil vətəndaşlar üçün binalar inşa edilib, onların mənzillə təminatı istqiamətində mühüm addımlar atılıb. Sevindiricidir ki, bu qəbildən olan binaların açılışında Prezident İlham Əliyevin özü şəxsən iştirak edir. Bu cür binalardan biri 2015-ci ildə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd etməklə yanaşı, onlarla bağlı istək və gözləntilərini də dilə gətirərək demişdir: “Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir. Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib. Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib. Mən əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi özümə borc bilirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində sağlamlıq imkanı məhdud hərbçilərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunub. Görülən bütün bu işlər Ulu öndər Heydər Əliyev siyasətinin davamı və inkişafı çərçivəsində həyata keçirilib. Əminəm ki, Azərbaycan dövləti bundan sonra da əlil vətəndaşlarımızın sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcək, hər bir əlil vətəndaşın ümid və sevinc mənbəyi olaraq qalacaq. Seymur ƏLİYEV   

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub

Bu gün Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatının qonağı olub. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə tanış olan səfir, təşkilatın muzeyinə də maraqla tamaşa edib, oradakı eksponatlar haqqında ətraflı məlumat alıb.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Andrey Ravkov, Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov, bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.   Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib və bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir.   Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan Fatma Səttarova, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən Müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib.   Cəlil Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur.   Səmimi qəbula görə Respublika Veteranlar Təşkilatının sədrinə təşəkkür edən səfir Andrey Ravkov, Fatma Səttaroviya Belarus istehsalı olan simvolik hədiyyə - gəlincik təqdim edib.   Respublika Veteranlar Təşklatının mətbuat xidməti 

Hamısını oxu