Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 02

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir.

Qeyd edək ki, layihə həyata keçirildiyi dövrdə ilk dəfə “ Vətən və zəfər nəğmələri” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. Kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.

Təşkilatın növbəti tədbiri iyun ayının 17-də Bakı şəhərində yerləşən 18  nömrəli Baki Pese Liseyindedə oldu. Tədbiri çıxış sözü ilə açan liseyin Tərbiyə işləri üzrə müavin Oksana Ömərova tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Sonra tədbir layihəyə qonaq kimi dəvət olunan Vəfa Salehova tərəfindən davam etdirildi. O,  iştirakçılara layihənin ideyası və məqsədi haqqında danışarkən bu gün yeniyetmələrin öz Vətənləri, dövlətləri ətrafında bir yumruq kimi birləşmələrinin zəruriliyini qeyd etdi. Layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq I Qarabağ müharibəsi zamanı jurnalist kimi göstərdiyi fəaliyyətdən, əsgərlərimizin şücaətindən danışdı. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, t.ü.f.d., I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, iştirakçıların suallarına cavab verdi. O, tələbələrə müharibənin başlama səbəblərini sorduqdan sonra bu barədə ətraflı danışaraq, Azərbaycan dövlətinin gücünün, möhkəmliyinin səbəblərinə toxundu. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət haqqında da ətraflı danışdı. Sonda tələbələrin sualları cavablandırıldı. Ümumilikdə tədbir çox maraqlı, disskusiya şəklində keçdi.  

 

 

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları

Təşkilatı”İctimai Birliyinin layihə rəhbəri: prof. Bədirxan Əhmədli

   «17»  iyun 2025- ci il                                                               

  

Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 34

Əlaqə: (+99450) 5545982

e-mail: bedirxan@mail.ru

2025-06-18 09:58:38
3734 baxış

Digər xəbərlər

16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür!

16 dekabr - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Bu gün münasibətilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını təbrik edir, ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində apardıqları xidmətdə uğurlar arzulayır.

Hamısını oxu
Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun, urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal rolunun növbəti nümayişi oldu. 182 ölkədən 45 mindən çox iştirakçının qatıldığı forum təkcə şəhərsalma məsələlərinin müzakirə edildiyi beynəlxalq platforma deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təqdimatı baxımından mühüm siyasi və strateji hadisə kimi yadda qalacaq.Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də siyasi mesajları baxımından xüsusi diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətini tarixi irsin qorunması, müasir urbanizasiya, postmünaqişə bərpası və ekoloji transformasiya kimi əsas istiqamətlər üzərindən təqdim etdi.Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Bakı qədimliklə müasirliyin harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. Dövlət başçısı İçərişəhərdən başlayaraq Bakı bulvarına, XIX əsr Avropa memarlığına qədər paytaxtın memarlıq müxtəlifliyini Azərbaycanın tarixinin və sivilizasiya kodunun göstəricisi kimi təqdim etdi. Prezidentin “qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur” fikri Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas tezisi kimi ön plana çıxdı.Çıxışda diqqət çəkən mühüm məqamlardan biri 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması oldu. Bu qərar dövlətin urbanizasiya siyasətinə strateji səviyyədə yanaşdığını göstərir. Prezident İlham Əliyev forumun Azərbaycanda keçirilməsini ölkəyə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdi və UN-Habitat ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığını, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Prezidentin təqdim etdiyi rəqəmlər həyata keçirilən quruculuq prosesinin miqyasını açıq şəkildə nümayiş etdirdi: son beş ildə 70 kilometr tunel çəkilib, 500 körpünün 435-i inşa olunub, beynəlxalq hava limanları, dəmir yolları, enerji və su infrastrukturu yaradılıb.Bu hissədə Prezident İlham Əliyevin əsas siyasi mesajlarından biri diqqət çəkdi: “Torpağın həqiqi sahibi yalnız qurur və yaradır”. Dövlət başçısı bununla Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi yanaşmanı – dağıntı deyil, quruculuq və reinteqrasiya siyasətini ön plana çıxardı. Hazırda 85 mindən artıq insanın keçmiş işğal olunmuş ərazilərdə yaşaması Böyük Qayıdış proqramının artıq real nəticələr verdiyini göstərir.Prezident İlham Əliyev şəhərsalmanı yalnız tikinti və memarlıq məsələsi kimi deyil, sosial rifah və insan həyatının keyfiyyətini müəyyən edən strateji siyasət sahəsi kimi təqdim etdi. Dövlət başçısı vurğuladı ki, insanların rahat yaşayışı üçün məktəblər, xəstəxanalar, sənaye zonaları və məşğulluq imkanları paralel şəkildə yaradılır. Bu yanaşma müasir urbanizasiya konsepsiyasının əsas prinsiplərinə tam uyğun gəlir.Prezidentin çıxışında Bakının ekoloji transformasiyası da xüsusi yer aldı. Dövlət başçısı qeyd etdi ki, neft sənayesinin uzun illər yaratdığı ekoloji problemlərə baxmayaraq, son 20 ildə paytaxtın böyük hissəsi tamamilə yenilənib. Vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan “Qara şəhər”in bu gün “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın ekoloji şəhərsalma modelinin ən uğurlu nümunələrindən biri kimi təqdim olundu.İlham Əliyevin Formula 1 yarışını şəhər idarəçiliyi ilə müqayisə etməsi isə çıxışın ən yadda qalan siyasi-mənəvi mesajlarından biri oldu. Prezident bildirdi ki, şəhər rəhbərləri və qərar qəbul edənlər sürətli inkişafla tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar. Dövlət başçısının fikrincə, inkişafda cəsarətli olmaq vacibdir, lakin tarixi irs məsələsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.Forum çərçivəsində BMT rəhbərliyinin və UN-Habitat nümayəndələrinin çıxışları da Bakının beynəlxalq urbanizasiya gündəliyində mühüm mərkəzə çevrildiyini göstərdi. BMT Baş katibi Antonio Quterreş forumun qlobal şəhərsalma problemlərinin həllinə təkan verəcəyini vurğuladı. UN-Habitat rəhbərliyi isə Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi qeyd etdi.WUF13 forumu bir daha göstərir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində öz modelini təqdim edən dövlətlər sırasında yer alır.Prezident İlham Əliyevin çıxışında səslənən mesajlar Azərbaycanın urbanizasiya siyasətinin əsas prioritetlərini – tarixi irsin qorunması, müasir infrastrukturun qurulması, ekoloji transformasiya və insan amilinə əsaslanan inkişaf modelini aydın şəkildə ortaya qoydu.Bakıda keçirilən forumun nəticələri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində regional təcrübə mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu proses dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq qalır. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır. Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir. Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb. Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şosesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı anti-Azərbaycan paylaşımı ilə bağlı etiraz bəyanatı yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp  tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək. Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının  bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu