Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TƏBİB “Sağlam həyat - sağlam həyət” layihəsinə başlayıb

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə TƏBİB tərəfindən “Sağlam həyat - sağlam həyət” layihəsinə başlanılıb. 

Layihə çərçivəsində ilk dəfə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivində baş tutan tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laborator və s. tibbi xidmətlər göstərilib.

Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə 2 ədəd “Mobil klinika” avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub.

Tibbi aksiya zamanı cəmi bir həyətdə 230 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində 375 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 44 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 34 nəfərdə arterial hipertoniya, 26 nəfərdə miopiya, 17 nəfərdə böyrək daşları, 16 nəfərdə qalxanvari vəzin düyün, 14 nəfərdə şəkərli diabet, 6 nəfərdə katarakta, 7 nəfərdə vegetativ distoniya və kistaları, 8 nəfərdə stenokardiya və onlarla şəxsdə digər xəstəliklərin əlamətləri aşkarlanıb. 

Müayinələr zamanı 5 nəfərdə isə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid olan xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Qeyd edək ki, tibbi aksiya zamanı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları tərəfindən tibbi mövzular üzrə təqdimatlar edilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara ilkin səhiyyə xidmətinin əhəmiyyətindən və müxtəlif xəstəliklər, onlarla mübarizə yollarından bəhs edən təbliğat materialları paylanılıb.

Məlumat üçün bildirək ki, “Sağlam həyat - sağlam həyət” layihəsi insanların sıx məskunlaşdığı yaşayış komplekslərində, eləcə də məhəllələrdə səyyar tibbi xidmətin göstərilməsini və sakinlərin şifahi maarifləndirilməsi tədbirlərini özündə ehtiva edir. Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, səyyar müayinələr zamanı hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur.

Sağlam həyat-sağlam həyət” layihəsi bundan sonra da davam etdiriləcək.

Sağlamlıqla bağlı heç bir addımı ertələməyin! Çalışın sağlam qalın!

 

2024-07-30 10:35:50
2907 baxış

Digər xəbərlər

Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir. Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol... 26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir. İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir. Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur. İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir. İlk zabit rütbəsi və komandir kimi uğurları... Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir. O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Polis zabiti Qarabağ müharibəsində... Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir. İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib. Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Talıb Əliyev: "Heydər Əliyevin həyat yolu Vətənə xidmət nümunəsidir"

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu Vətənə, dövlətə, bayrağa xidmət nümunəsidir". Bunu Azərtac-a açıqlamasında Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Talıb Əliyev deyib. Qeyd edilib ki, Heydər Əliyev üçün harada çalışmasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, hər zaman bir amal olub. Bu, Vətənə, xalqa, dövlətə xidmət amalıdır. Ulu Öndər hesab edirdi ki, hər bir insan Vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutmalı, ilk öncə xalqın, dövlətin mənafeyini düşünməlidir. Heydər Əliyev bütün fəaliyyəti boyu Vətənin, xalqın maraqlarını digər maraq və mənafelərdən üstün tutmağın nə qədər vacib olduğunu öz şəxsi nümunəsində ortaya qoyub. Hər kəsi şəxsi maraqlardan ucada durmağa, əsl vətəndaşlıq mövqeyi sərgiləməyə çağırıb. “Bu gün Azərbaycan xalqı öz əbədi liderinin anadan olmasının 100-cü ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. Hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, dövlətimizin xilası, vətənimizin rifahı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq dar məqamda öz xalqının yanında yer aldı, ona rəhbərlik etməklə Azərbaycanı çoxsaylı fəlakətlərdən, labüd məhvolmadan xilas etdi. Bu gün – anadan olmasının 100-cü ildönümündə Ulu Öndəri sevgi və rəğbət hissi ilə anır, ona Allahdan rəhmət diləyirik. Əminliklə bildiririk ki, Azərbaycan bundan sonra da Heydər Əliyevin irsinə sadiq olacaq, onun qoyub getdiyi yoldan bir addım belə olsun kənara çıxmayacaq”, - deyə T.Əliyev bildirib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Gürcüstan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb.   AZXEBER.COM xəbər verir ki, təbrik məktubunda deyilir:   "Zati-aliləri, əziz Mehriban,   Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram.   Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir.   Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı.   Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır.   Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm.   Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəyliyik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək.   Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznlə başsağlığı verirəm.   İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.   Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım”.

Hamısını oxu