Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Enerjidən Qüdrətə: “Bakı Enerji Həftəsi”nin səhnəsində Azərbaycanın yeni tarixi

Bakı.Trend:

Bakının qəlbində, dənizlə səmanın qovuşduğu yerdə nəhəng bir səhnə qurulmuşdu. Bu səhnədə təkcə texnologiyanın səsi, sərmayənin hesabı və siyasətin bəyannamələri eşidilmirdi, burada tarix danışırdı. Burada bir xalqın enerji ilə yazdığı yeni doğuluş dastanı səslənirdi. 2025-ci ilin 2 iyununda Bakı Ekspo Mərkəzi Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərin canlı təcəssümünə çevrildi.

Bunu Trend-ə açıqlamasında Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 30-cu yubiley “Xəzər Neft və Qaz” sərgisi (Caspian Oil & Gas), 13-cü “Caspian Power” sərgisi və “Baku Energy Forum”-un açılışında çıxış edərkən sadəcə bir dövlət başçısı kimi deyil, tarixlə gələcəyi birləşdirən uzaqgörən liderin mövqeyindən çıxış edən bir şəxsiyyət kimi də danışdı. Onun nitqi həm siyasi bəyannamə, həm də strateji vizion idi. 1990-cı illərin səssiz və ağır Bakı günlərini xatırlayaq. Küçələrdə işsizlik hökm sürür, mağaza rəfləri boş qalır, elektrik və istilik çatışmazlığı gündəlik həyatın reallığına çevrilmişdi. Müharibədən yenicə çıxmış, iqtisadiyyatı çökmüş ölkə bir yolayrıcında dayanmışdı: ya dünya ilə əməkdaşlıq, ya da təcrid və xaos. Məhz belə bir kritik məqamda 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı siyasi xaosdan, vətəndaş qarşıdurmasından və iqtisadi tənəzzüldən xilas etdi. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində sabitlik təmin edildi, xarici siyasətdə açıq əməkdaşlığa əsaslanan strategiya quruldu. Elə həmin sabitliyin və uzaqgörənliyin nəticəsi kimi 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı.

Ekspert bildirib ki, bu anlaşmayla Azərbaycanın iqtisadi azadlığının, siyasi sabitliyinin və beynəlxalq enerji sisteminə inteqrasiyasının əsasını qoydu:

"Müqavilə “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üçün SOCAR ilə dünyanın 11 nüfuzlu neft şirkəti arasında imzalanmışdı. Onun dəyəri 7,4 milyard ABŞ dolları həcmində qiymətləndirilirdi.Prezident Heydər Əliyev həmin tarixi hadisəni belə dəyərləndirmişdi:“Bu müqavilə Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasını qoydu.” 30 il sonra bu sözlər tam təsdiqini tapdı. 1994-cü ildən bu günə qədər Azərbaycan:AÇG yatağından 600 milyon tondan artıq neft hasil edib; 50 milyard dollardan çox gəlir əldə edib; Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr reallaşdırıb; 12 ölkəyə qaz ixrac edir; Dövlət Neft Fondu vasitəsilə bu sərvəti xalqın rifahına yönəldib. Bu uğurların üzərində yüksələn “Bakı Enerji Həftəsi” artıq yalnız regional deyil, qlobal enerji düşüncəsinin mərkəzinə çevrilib. Azərbaycan təkcə neft və qazla deyil, bərpaolunabilən enerji ilə də tanınmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2030-cu ilə qədər 6,5 QVt yaşıl enerji gücü hədəflənir. Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Kəlbəcər və Laçında külək stansiyalarının tikintisi isə davam etməkdədir. “Bakı Enerji Həftəsi”ndə 39 ölkədən 267 şirkət iştirak etdi. Dünya nəhəngləri BP, TotalEnergies, ACWA Power, Masdar, Sinopec, Tatneft və başqaları öz texnologiyaları ilə gələcəyin enerjisinə Azərbaycanla birgə imza atdı. Xüsusilə TotalEnergies tərəfindən təqdim olunan “Metan Daimi Monitorinq Layihəsi” ekoloji şəffaflığın yeni mərhələsinin rəmzidir. Bu tədbir göstərdi ki, enerji sadəcə iqtisadi resurs deyil, enerji düşüncədir, strategiyadır, məsuliyyətdir. Dünya enerji nəhənglərinin fikirləri təkcə əməkdaşlıq çağırışı deyil, həm də gələcəyə ümid və inamın parlaq işıqlarıdır. BP-nin Baş İcraçı Direktoru Bernard Looney nitqində vurğuladı ki: “Azərbaycan regionun enerji təhlükəsizliyində aparıcı rolunu oynayır. Burada qurulan əməkdaşlıq və siyasi sabitlik enerji sektorunun inkişafı üçün möhkəm təməl yaradır. Azərbaycanın müdrik idarəçiliyi və strateji mövqeyi regional enerji xəritəsini yenidən formalaşdırır.” Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və İləri Texnologiyalar naziri Sultan bin Əhməd əl-Cəbəri isə Azərbaycanın enerji siyasətinin regionda necə parlaq bir işıq olduğunu belə ifadə etdi: “Azərbaycan dayanıqlı və yaşıl enerji məsələlərinin həllərinə doğru gedən yolda liderliyini nümayiş etdirir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və gələcəkdə daha sıx əlaqələr qurmaq niyyətindəyik. Bu, iki ölkənin enerji gələcəyini birgə qurması üçün əhəmiyyətli bir addımdır.” Bu fikirlər “Bakı Enerji Həftəsi”nin yalnız bir sərgi və forum olmadığını, həm də qlobal əməkdaşlıq, qarşılıqlı hörmət və yeni texnoloji dönüşlərin simvolu olduğunu göstərdi. Azərbaycanın enerji strategiyası bu gün dünyaya həm iqtisadi gücünü, həm də ekoloji məsuliyyətini nümayiş etdirir".

C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyev SOCAR-ın ExxonMobil və BP kimi qlobal enerji nəhəngləri ilə yeni strateji müqavilələrin imzalandığını xüsusi vurğuladı:

"Bu əməkdaşlıqlar Azərbaycanın enerji sektorunun inkişafını sürətləndirəcək, beynəlxalq mövqeyini daha da gücləndirəcəkdir:

"Bağlanan müqavilələrdə, çıxışlarda səsləndirilən ifadələrdə gələcəyə inam, dərin strateji düşüncə və qlobal əməkdaşlığa açıq olan Azərbaycan obrazı canlandı. Təbii qaz ixracının 8 milyard kubmetrə çatdırılması hədəfi Azərbaycanın enerji resurslarını yeni mərhələyə daşıyacaq və dünya bazarında daha da güclü iştirakını təmin edəcəkdir. Bu strateji mesajlar təkcə iqtisadi rəqəmlərdən ibarət deyildi; onlar Azərbaycanın gələcəyə baxışını, enerji siyasətindəki müdrikliyi və davamlı inkişafa olan sadiqliyi ifadə edirdi. Prezident İlham Əliyevin nitqi Azərbaycanın enerji tarixində yeni bir fəsil açdı, onu qlobal enerji arenasında aparıcı oyunçu kimi təsdiqlədi. Enerji ilə yazılan bu böyük hekayə həm də Azərbaycanın sabitliyi, rifahı və gələcək nəsillərin firavanlığı üçün qarantiyadır. Bu hekayənin qəhrəmanları isə uzaqgörən lider və bütün Azərbaycan xalqıdır. Azərbaycanın son onilliklərdə qazandığı bütün uğurların arxasında bir amal dayanır: dövlətçiliyə, torpağa və xalqa sadiqlik.Bu amal təkcə enerji siyasətində deyil, 44 günlük Vətən Müharibəsində də öz təcəssümünü tapdı.“Bakı Enerji Həftəsi” həm də qəhrəmanlıq ruhunun daşıyıcısıdır. Prezident İlham Əliyev həm döyüş meydanında, həm də enerji sahəsində ölkəsini uğurlara aparan Lider kimi tarixə adını yazdırıb. Veteranlar bu uğurları Lider – Xalq birliyinin ümumi zəfəri kimi qiymətləndirirlər. Onlar yaşıl enerjiyə keçidin, enerji təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığın fəal iştirakçılarıdır. Azərbaycanın dünyaya verdiyi mesaj aydındır: Enerji sadəcə resurs deyil, dəyərdir. Bu dəyəri gələcək nəsillərə daşımaq isə yalnız uzaqgörən, müdrik dövlət başçılarının işidir.“Əsrin müqaviləsi” ilə başlanan yol bu gün yaşıl enerjiyə uzanan körpü ilə davam edir. Bu körpünün üstündən keçənlərə Azərbaycanın səsləndirdiyi çağırış birmənalıdır".

“Biz sadəcə iştirakçı deyilik, biz aparıcı üzvlərdənik.”

2025-06-03 18:10:02
3791 baxış

Digər xəbərlər

Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı kitab təqdimatı keçirib

Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının  Cəlilabad Rayon Təşkilatının təşkilatçılığı ilə “Tut bağı” istirahət mərkəzində Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabının təqdimatı keçirilib. Tədbirdə təşkilatın idarə heyətinin üzvləri, şəhid ataları, qazilər, əmək və müharibə veteranları, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimat mərasimini Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov giriş sözü ilə açaraq təşkilatın gördüyü işlər barədə məlumat verdikdən sonra yazıçı Qurban Əhmədin həyat və yaradıcığı haqqında geniş  danışııb, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb və ona  Cəlilabad rayon Veteranlar Təşkilatının Fəxri fərmanını təqdim edib. Tədbirdə təşkilatın İdarə Heyətinin üzvləri Mirzəbala Hüseynov, Əfrahim Abbas, Yusif Əzimov, Mirdamət Muradov, şəhid atası Əsədxan Həşimov, əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Hüseynov, Sahib Əliyev, Həsən Mirzəyev, Cəlilabad şəhər nümayəndəliyinin rəsmisi İlqar Mirzəyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, pedaqoji işçilərdən Dadaş Bayramov, Xəlil Fərəməzoğlu, Tarix Vüsallı,  “Gücümüz dəmir yumruqdadır” ictimai birliyinin   Cənub bölgəsi üzrə sədri İlham Əliyev, “Cəlilabad Ziyalıları İctimai Mühitin Demokratik İnkişafına dəstək” ictimai birliyinin sədri Əzizxan Əzizxanlı, Maşlıq kənd məsçidinin axundu Kamran Sadıqov, mədəniyyət işçilərindən Xeyrulla Şahbazov, Ramin İbrahimov, Telman Əsgərov, şair-yazıçılardan Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Əfsanə Soltan, Məhəmməd Əliabadlı və başqaları çıxış edərək rayon Veteranlar Təşkilatının gördüyü xeyirxah işləri yüksək qiymətləndiriblər və Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabı  haqqında öz ürək sözlərini deyiblər, ona yaradıcılıq uğurları arzulayıblar. Veteran müəllim Yusif Əliyev isə bitki toxumları ilə hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” tablosunu yazıçıya hədiyyə edib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə tədbirdə iştirak edən İcra Hakimiyyətinin baş məsləhətçisi Varid Əsgərov rayon Veteranlar Təşkilatının fəaliyyəti haqqında xoş sözlər deyib, Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədə ədəbi və ictimai fəaliyyətində nailiyyətlər arzulayıb.. Sonda xatirə şəkilləri çəkdirildi.

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın inzibati binasında "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və bir qrup 44 günlük Vətən müharibəsi qazisi ilə görüşüb.  Görüşdə 44 günlük Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Təşkilat sədri bildirib ki, məhz bu zəfər dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ciddi şəkildə artmasına, siyasi mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Təşkilat sədri 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyin zəruriliyinə toxunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli, bu qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində aktiv iştirak etməlidirlər. Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri də çıxış edərək onları düşündürən məsələlərə toxunub, hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər. Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Hamısını oxu