Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə veteranlarına illik əmək məzuniyyəti ən azı 46 təqvim günü veriləcək

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib.

Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.

Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə,

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə,

- döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə,

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə,

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına,

- Azərbaycanın Milli Qəhrəmanlarına,

- Sovet İttifaqı Qəhrəmanlarına,

- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə,

- habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə. 

2026-01-23 14:46:00
4735 baxış

Digər xəbərlər

Döyüşçü fədakarlığı və silahdaş ləyaqəti ilə yaddaşlarda silinməz iz qoydu...

Tarix boyu güc amili döyüş meydanında qələbəni təmin etmək üçün həlledici rol oynayıb. Güclülər qalib olur və öz şərtlərini diktə edirlər, yeni reallıq yaradırlar. Bu gün güclü dövlətlər, habelə mübariz xalqların sırasında iki ad rəğbətlə qarşılanır: Azərbaycan və azərbaycanlılar. Azərbaycan ötən əsrin 90-cı illərində və sonrakı dövrlərdə torpaqlarının bir hissəsi işğala məruz qalmış ölkələr arasında yeganə dövlətdir ki, hərbi gücü sayəsində öz ərazi bütövlüyünün bərpası yolunda böyük zəfər qazanıb.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı apardığı döyüş əməliyyatlarının uğurla başa çatmasına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti layiqli töhfəsini verib. Dövlət başçısının çıxışlarında hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət nümunələri xüsusi vurğulanıb. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qoşunların 66 nəfər hərbi qulluqçusundan biri də baş çavuş Əkbərov Vüqar Seyid oğludur. O, 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Bu yurdun sakinləri mərddir və doğma torpağa mənəvi cəhətdən möhkəm bağlıdırlar. Birinci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə kənddən 19 nəfər şəhid olub, onlardan 6 nəfəri mülki şəxsdir. Vətən müharibəsində isə kənddən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Hər iki müharibədə ön cəbhədə vuruşmuş kənd sakinlərindən bəziləri qazi olaraq geri qayıdıblar.   Vüqarın babaları Məhəmmədəli Əkbərov və Cəfər Aslanov 1941-1945-ci illərdə ayrı-ayrı cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak ediblər. M.Əkbərov döyüşlərdən birində ağır yaralanıb, bir ayağı amputasiya olunub. Seyid Əkbərov və Xanım Aslanovanın üç övladından ortancılı olan Vüqar öz nəslinin yeganə şəhididir. Valideynləri, bacı və qardaşı Yuxarı Öysüzlüdə yaşayırlar. Zəhmətkeş ailədə böyümüş Vüqar valideynlərinin verdikləri tərbiyə əsasında ləyaqətli gənc kimi formalaşıb. Atası hazırda işləmir, anası tibb işçisidir. Qardaşı gizir Vüsal Əkbərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. 2016-cı ilin aprel döyüşləri vaxtı ön xəttə olub. 2020-ci ildə Tovuz rayonu ərazisində məlum döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərib. Vətən müharibəsi dövründə isə  Daşkəsən rayonunda ön mövqeyə göndərilib. Yuxarı Öysüzlüdəki Məmmədqara Məmmədov adına tam orta məktəbdə təhsil almış Vüqar çalışqanlığı ilə fərqlənib, müəllimləri dərslərə münasibəti və davranışından razı qalıblar. Orta məktəbdən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmağa hazırlaşıb, gələcəkdə bu sahədə işləməyi arzulayıb. Ancaq qəbul imtahanında lazımi bal toplaya bilməyib. Beləliklə, onun bu arzusu gerçəkləşməyib. Yeniyetmə yaşlarından fiziki hazırlğına xüsusi diqqət yetirib, müntəzəm şəkildə idmanla məşğul olub. Bu amil onun xaraktercə iradəli və qətiyyətli olmasının bünövrəsini qoyub. Ünsiyyətcil, səmimi, xeyirxah, dürüst, təmkinli olması da şəxsi keyfiyyətlərinə aid idi. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək Vüqar ev təsərrüfatı işlərində ailəsinə kömək edib. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayınadək Vüqar Goranboy rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini vicdanla başa vuraraq geri dönüb. Hərbçi peşəsinə marağı və həvəsi səbəbindən Vüqar bir neçə il sonra Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün komandanlığa müraciət etmək qərarını verib. Gəncin müraciəti müsbət cavablandırılıb. 2013-cü ilin may ayının 10-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taborun motoatıcı bölüyündə sürücü vəzifəsinə təyin edilib. Həmin hərbi hissədə motoatıcı taborun motoatıcı bölüyündə manqa komandiri-maşın komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan vəzifələri də hərbi qulluqçuya həvalə olunub. 2018-ci ilin may ayında qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsində də nümunəvi cəhətdən fərqlənib. 2019-cu ilin sentyabr ayında xidmətini Sumqayıtdakı “N” saylı hərbi hissədə davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Əzmkar hərbi qulluqçu olaraq tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün öz üzərində daim çalışıb. Xidmətdə və təlimdə göstərdiyi müsbət nəticələrə görə dəfələrlə mükafatlandırılıb. Şəxsi heyət arasında hörmət qazanıb. 2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə Daxili Qoşunların xüsusi təyinatlılarına ilk gündən döyüş tapşırıqlarının icrası həvalə olunub. Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti ön cəbhədə ayrı-ayrı qrupların tərkibində müharibə sınaqlarından keçib. Vüqar ruh yüksəkliyi ilə döyüşlərə atılıb. Halbuki, onun həmin vaxt sağlamlığında müəyyən problemlər vardı. Buna baxmayaraq, qəti mövqeyini bildirib ki, silahdaşlarının yanında olacaq. Xüsusi təyinatlı Cəbrayıl rayonundan başlayaraq Şuşa şəhərinədək igidliklə vuruşub. Məqaləni yazarkən silahdaşları məni Vüqarın şərəfli xidmət və döyüş yolu barədə ətraflı məlumatlandırıblar. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov bildirdi ki, Vüqar vətənpərvər, hərbi anda sadiq, yüksək döyüş qabiliyyətinə malik, intizamlı xüsusi təyinatlı idi. Komandirin sözlərinə görə, xüsusi təyinatlı onun tabeliyində 8 aya yaxın müddətdə xidmət edib, fəaliyyətində güvən qazanıb, hərbi kollektivdə yoldaşlıq münasibətlərinə ziyan vuran addım atmayıb. Xidməti tapşırıqların icrasında sayıqlıq göstərib, peşə bacarıqlarını təkmilləşdirmək üçün öz səylərini əsirgəməyib. Mayor Ə.Muxtarov məlumat verdi ki, Vətən müharibəsində Vüqar daim öndə gedib, mərmi və güllələrin atəşi altında düşmənin üzərinə cəsarətlə irəliləyib. Cəbrayıl rayonu ərazisində ermənilərin müdafiə xəttinin yarılması, atəş nöqtələrinin susdurulması, bu istiqamət üzrə, habelə Füzuli, Xocavənd, Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin, ayrı-ayrı yüksəkliklərin azad olunması, Şuşa uğrunda döyüşlərdə Vüqar təhkim olunmuş silahlarla işğalçılara qan uddurub. Düşmənin müxtəlif texnikasını atəş zərbəsi ilə yararsız hala salıb. Yaralılara ilk yardım göstərilməsi və onların təxliyyəsində silahdaşlarının köməyinə yetişib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı, Vətən müharibəsi iştirakçısı çavuş Kamal Məmmədli qeyd etdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi yaxınlığında düşmənin 2-ci müdafiə səddinin yarılması zamanı o, sağ ayağından güllə yarası alıb. Çavuş Orxan İbrahimov döyüşçü yoldaşına yardım edərkən onların bir neçə metrliyində minaatan mərmisi partlayıb və Kamalın sol ayağını, qolunu qəlpələr zədələyib. Həmin anda Orxan da yaralanıb və kömək çağırmaq üçün sürünərək oradan kənarlaşıb, Siruz adlı döyüşçüyə Kamalın yerini deyib. Siruz Kamala yaxınlaşmağı bacarıb, onu ərazidən çıxararkən Vüqar atəş altında Siruza köməklik edərək silahdaşlarını təhlükəli yerdən uzaqlaşdırıblar. Yoldaşlarının fədakarlığı sayəsində Kamal sağ qalıb. Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Rasim Hacıyev söylədi ki, Vüqarla Bərdə rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə birgə xidmət edib, dost olublar. Vətən müharibəsində qumbaraatan köməkçisi kimi Vüqarın döyüşkənliyi ilə silahdaşlarına örnək olduğunu vurğuladı. Hadrut istiqamətində döyüşdə dostunun qapalı kəllə-beyin travması aldığını və hərbi qospitala göndərildiyini diqqətə çatdırdı. Lakin o, qospitalda bir neçə gün qaldıqdan sonra müalicəsini könüllü olaraq dayandırıb. Beləliklə, Vüqar Qırmızı Bazar istiqamətində döyüşən silahdaşlarının yanına qayıdıb. Rasim Daşaltı kəndi ətrafında döyüşdə ağır dərəcəli kəllə-beyin travması aldığından təxliyyə olunub, onun qumbaraatan silahı Vüqara verilib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tahir Babayev bildirdi ki, Vüqar müharibənin əzab-əziyyətlərinə dözümlə yanaşıb, silahından başqa, üzərində tələb olunandan əlavə sursat ehtiyatı, əl qumbaraları daşıyıb. Döyüşlərdə qumbaraatanla sərrast atəş açaraq işğalçılara məxsus bir çox hədəfi məhv edib, həmçinin, qənimət götürülən silah-sursatdan məharətlə yararlanıb. Düşmənin pusquya salınması və onun qurduğu pusquların aşkarlanmasında döyüşçü bacarığı göstərib. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar vəzifəsindən hazırda ehtiyata buraxılan çavuş Orxan Həsənovun verdiyi məlumata görə, Şuşanın işğaldan azad olunması uğrunda vuruşarkən hər bir döyüşçüdə xüsusi bir coşqu yaranıb. Vüqar Şuşaya qədəm basacağı günü müharibənin əvvəlindən səbirsizliklə gözləyib. Şuşaya yaxınlaşmaq üçün bir neçə gün dağlıq ərazidən keçiblər, şəhərin ətrafındakı yüksəkliklər, Laçın-Şuşa və Xankəndi-Şuşa yolları nəzarətə götürülüb. Şiddətli döyüşlər nəticəsində Şuşa yaxınlığında mövqeləniblər. Noyabrın 6-da gecə saat 4-5 radələrində onların yerləşdikləri mövqe düşmənin zirehli texnikalarından, artilleriya vasitələrindən atəşə tutulub. Orxan bir neçə metrliyində kiminsə onu çağırdığını eşidib, yaxınlaşarkən Vüqarı üzü üstə uzanmış vəziyyətdə görüb. Onun kürəyindən qan axırmış, Orxan yoldaşının yarasına tampon qoyub, ağrıkəsici iynə vurub. Vüqar “bir az rahatlandım” – deyib, olduğu yerə mərmilərin az düşdüyünü söyləyərək, Orxana oradan getməyin təhlükəli olduğunu bildirib. Ancaq Orxan digər yaralılara yardım etmək üçün Vüqarın yanından getməli olub. Həmin məqamda yaralıları təxliyyə etmək mümkün deyildi. Səhər açılanda Vüqar aldığı yaradan əbədi olaraq gözlərini yumub. 18.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il noyabrın 9-da Şuşada hərbi əməliyyatda törənmiş zədələnmələrdən həlak olduğu yazılıb. Şəhid noyabrın 13-də Yuxarı Öysüzlü kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qənirə Paşayevanın müəllifi olduğu “Tovuz şəhidləri. 44 günlük Vətən müharibəsi” kitabında Vüqar haqqında məqalə öz əksini tapıb. Tovuz şəhərindəki Şəhidlər xiyabanında inşa olunan abidə kompleksində Vüqarın da şəkli var. Yuxarı Öysüzlüdə isə şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Kənddə Vüqarın şəkli əks olunan plakat quraşdırılıb. Məzunu olduğu orta məktəbdə 2 A sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidlərin xatirəsinə fotostend və guşə hazırlanıb. Əkbərovlar ailəsinin yaşadığı evdə mərhumun xatirə guşəsi düzəldilib. Xatirə guşəsində şəhidin şəkilləri, hərbi forması və şəxsi əşyaları qorunub saxlanılır. 2017-ci ildə ailə quran Vüqarın övlad yadigarı yoxdur. Doğmaları, dostları, həmyerliləri, silahdaşları, bütün onu tanıyanların yaddaşında Vüqar silinməz iz qoyub. İgid döyüşçü daim ehtiramla xatırlanacaq, gənc nəsil belə oğulların hünər nümunələri timsalında vətənpərvər ruhda tərbiyə olunacaqdır.  Allah rəhmət eləsin!   Yalçın  Abbasov DİN-in Daxili Qoşunlarının  veteranı, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  

Hamısını oxu
Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.   İanə...   Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq.   Məqsəd…   Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.   Məkan…   “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar.   Qaçışdan əyləncəyə…   Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.   Qeydiyyat…   Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.   Hamı üçün…   “Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək.   Sağlamlığa faydalı…   Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.   Elə isə...   Qürurla irəli!   Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.

Hamısını oxu
Belarus Republikası polkovnik Cəlil Xəlilovu medalla təltif edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Belarus Respublikası tərəfindən xüsusi medalla təltif olunub. Veteran.gov.az xəbər verir ki, dünən Mühasribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olan  Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov  sözügedən medalı polkovnik Cəlil Xəlilova təqdim edib. Polkovnik Cəlil Xəlilov Azərbaycan və Belarus xalqları arasında əlaqələrin möhkəmlənməsi, habelə Belarus ərazisinin faşizmdən azad edilməsində iştirak edən soydaşlarımızın təbliğindəki xidmətlərinə görə bu etimada layiq görülüb. Təltifə görə konsul Aleksandr Arxipova öz təşəkkürünü bildirən sədr müavini, ötən əsrin 40-cı illərində faşizmə qarşı birgə mübarizə aparan Belarus və Azərbaycan xalqları arasında bu gün də tarixi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu əlaqələrin inkişafı üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının öz səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.  

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Veteran .gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 19 fevral 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva və müavini, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib. Xocalı soyqırımının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən şerlər yer alıb. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstəsi SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək XX əsin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədib: “İşğalçılar  uşaqlara, qocalara, qadınlara aman verməmiş, hətta şəhid  olanların meyitlərini təhqir etmişlər. Uzun sürən həsrətdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında erməni faşistlərinı torpaqlarımınzdan qovaraq haqq-ədaləti bərpa ediblər. İndi soydaşlarımız öz doğma ocaqlarına, yurd –yuvalarına  qayıdıblar .Artıq Xocalıya da dönüş başlayıb. Mən çıxışımın sonunda uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Daha sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu