Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qədim dostlar”ın Ermənistana gətirdiyi yeni bədbəxtliklər

Fransa və Hindistanın hərbi dəstəyi erməni toplumunun sabahına nə vəd edir?

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial mediada Ermənistan və onun “qədim dostları” ilə bağlı paylaşım edib. Səfir qeyd edib ki, “Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc və Ermənistanın iki köhnə dostudur”.

Olivye Dekottininin dediyi kimi, Fransa və Hindistanı həqiqətən də Ermənistanla qədim təmaslara malik dövlətlər adlandrımaq olar. Çünki hər iki dövlət uzun müddət Ermənistanla sıx münasibətdə olub, ona siyasi-diplomatik, mənəvi-psixloji, bəzi hallarda isə hərbi baxımdan yardımlar edib. Və nə qədər qəribə görünsə də, Ermənistanın başına gələn bütün müsibətlərdə, üzləşdiyi bütün məğlubiyyət və uğursuzluqlarda hər iki dövlətin böyük rolu mövcuddur. Çünki məhz Fransa və Hindistanın İrəvana verdiyi hərbi-siyasi dəstək Ermənistanın anti-Azərbaycan siyasətinin geniş vüsət almasına səbəb olmuş, onu ölkəmizə qarşı yeni terror aktları və qarşıdurmalara həvəsləndirmişdir.

44 günlük Vətən müharibəsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan bu müharibə zamanı da öz ordusundan daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiya, Fransa və s. kimi dövlətlərin dəstəyinə ümid etmiş, məhz bu səhvi onun faciəsinə çevrilmişdir.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistana siyasi baxımdan dəstək ifadə edən Fransa və bəzi ölkələr proseslərə əməli baxımdan müdaxilə etməyə cəsarət etməmiş, nəticədə Ermənistan “qədim dostlarının” – Fransa və Hindistanın gözü önündə rüsvayçı məğlubiyyətə uğramışdır. Bu fakt bir daha sübut edir ki, Fransa və Hindistan tarixən Ermənistanı yeni avantüralara qızışdırmaqla onun ağır məğlubiyyətlərə düçar olmasına bais olmuşdur.

Bu mənada, Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Fransa və Hindistanı Ermənistanın “qədim dostları” adlandırması, hər iki ölkənin İrəvanı dəstəklədiyini gündəmə gətirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu açıqlama onu göstərir ki, hər iki dövlət Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün Ermənistandan alət kimi istifadə etmək siyasətinə sadiqdirlər və bu kimi açıqlamalarda məqsəd erməni toplumunu “qədim dost” nağılına inadırmaq, onlara cəsarət verərək yeni oyunlara daxil olmasını təmin etməkdir. Odur ki, erməni toplumu əsrlədir boyu davam edən bu nağıla inanmamalı, sabahlarına qan və göz yaşı vəd edən “dostların” onların ən böyük düşmənləri olduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Fransa və Hindistan kimi dostu olan ölkəyə düşmən lazım deyil. Nə indi, nə də heç vaxt...

Seymur ƏLİYEV

2026-02-18 16:11:00
1943 baxış

Digər xəbərlər

Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.   Ruslan Vəliyev, polis baş leytenantı  

Hamısını oxu
28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı 8 Mart münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı evində ziyarət edib. Müharibə veteranını 8 mart münasibətilə təbrik edən Cəlil Xəlilov və Təhmiraz Tağıyev ona gül dəstəsi və hədiyyə verib, ən xoş arzularını bildirib.  Anna Xarkovskaya göstərdiyi diqqətə görə qonaqlara təşəkkür edib, minnətdarlığını bildirib. Xatırladaq ki, polkovnik Cəlil Xəlilov bir müddət öncə  Anna Xarkovskayanı xəstəxanada da ziyarət etmiş, onun müalicəsi ilə maraqlanmışdı. (https://veteran.gov.az/az/news/2382-polkovnik-celil-xelilov-baki-saglamliq-merkezinde-mualice-alan-ikinci-dunya-muharibesi-veterani-anna-xarkovskaya-bas-cekib ).

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, ona yeni prezidentlik dönəmində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!  Fevralın 7-də keçirilən növbədənkənar Prezidenti seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi Respublika Veteranları Təşkilatının Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm can sağlığı, uzun ömür, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram. Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində son 20 ildə Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir. Sizin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyiniz qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində düşməni ağır məğlubiyyətə uğradaraq Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Böyük Qələbədən sonra işğaldan azad olunmuş doğma Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri də məhz Sizin gərgin fəaliyyətinizin, yaradıcı təfəkkürünüzün bəhrəsidir. Bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş, dünya birliyindəki mövqeyini daha da gücləndirmişdir. Qalib xalq bu misilsiz tarixi xidmətləri unutmadığını, onun 30 illik yurd nisgilinə son qoyan liderini yüksək qiymətləndirdiyini fevralın 7-də Sizi öz Prezidenti kimi növbəti dəfə dəstəkləməklə bir daha qətiyyətlə ifadə etdi. Bu, həm də müdrik rəhbərliyinizlə aparılan ölkənin hərtərəfli tərəqqisinə, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmiş uğurlu quruculuq siyasətinizə verilən yekdil dəstək idi. Bir sözlə, seçkidə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur. Hazırda dünyanın bir çox bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda, Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin inamlı qələbəniz biz veteranların da böyük sevincinə səbəb olub. Azərbaycanın veteranları Sizin uzaqgörən daxili və xarici siyasətinizi daim və qətiyyətlə dəstəkləyir. Siz daim veteranlara, bizim Təşkilatımıza və şəxsən mənə hərtərəfli qayğı və diqqət göstərmiş, hamımızın xeyirxahı olmusunuz. Bu səmimi və yüksək münasibətə görə Sizə bütün veteranlar adından öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın xöşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova Cəlil Xəlilov  

Hamısını oxu