Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib.

Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar.

Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər.

Seymur ƏLİYEV

2026-03-04 13:55:00
1988 baxış

Digər xəbərlər

S.Osmanqızı və C.Həsənli cəhalət rekordu vurdular

Ağıllı insanın demokratik yollarla idarə etdiyi hər müxalifət partiyası, hərəkatı və ya qrupunun öz bəxtəvərliyi var. Siyasi fırıldaqçıların müstəbid idarəçiliyində olan müxalifət qruplaşmaları və strukturları isə ecazkar şəkildə bir-birlərinə bənzəyirlər. Onlar hər kəsin və hər şeyin yalnız bir məqsədə - bir insanın ambisiyalarının təminatına tabe edilmiş eybəcər mikrodiktatura tipidir.   Bütün radikal müxalifət təşkilatları fəaliyyətləri boyunca bir neçə mərhələdən keçirlər və hər bahardan sonra yay, sonra da payız gəldiyi kimi, hər belə təşkilat sonda qürubuna doğru gedir. Bir qayda olaraq, həminq proses "sədr", "lider, "başqan" və s. adlandırılan cib diktatorunun taleyi ilə paralel olur. Çürüyən və quruyan, rəhbərinə tam bağlı olan struktur beləcə, həmin adamın əqli və mənəvi imkanlarının girovuna çevrilir. Balaca diktator zəiflədikcə, təşkilatı da heydən düşür. Bizdə problem odur ki, radikal müxalifətin halından kimsə xəbərdar deyil. Son illərdə həmin hal pisləşib və radikalların bəlalarının real, effektiv müalicə yolu da bilinmir. Axı radikal müxalifəti parlaq intellektli insanlar idarə etmirlər. Və cahillik... Bu məcaz bir para  insanlar üçün səadət olsa da, tam bəxtəvərlik üçün cəhalət o səviyyədə olmalı ki, cahilin özü kim olduğunu dərk etməməlidir. Elə də cahil yox ki, ən bilikli insanın çözə biləcəyindən artıq suallar verməyi bacarmasın. Cəhillər sarıdan da bəxtimiz gətirməyib. Müxalifət, guya "müstəqil jurnalistlər", bu müxalifətlə həmin "qələm əhli"ni himayə edən kəslər, stəkanda fırtına yaratmağa çalışanlar sarıdan olduğu kimi. Ölkə müxalifətinin ifrat dərəcədə radikallaşmış hissəsi indi insan və pul kisəsi ovlarına çıxıblar: AXCP sədri Əli Kərimli və mətbəx siyasətxanasına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli kimilərini indi əvvəlki qüdrətinin kölgəsində qalmış sabiq məmurlar maraqlandırırlar. Amma onlar unudurlar ki, ən böyük və pis cahillik insanın özünü tanımamasıdır. Bu, radikal müxalifətin əsas problemidir. Gerçəyin yanlış dəyərləndirilməsi, hadisələrin səhv anlaşılması, siyasi və iqtisadi proseslərin normal təhlilinin olmaması. Bəhs etdiyimiz şəxslər prinsiplərlə yanaşı, elementar siyasi məlumatlardan da xalidirlər. Son günlərdə isə ahıl Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi sözçüsü Sevinc Osmanqızı xüsusilə fərqlənirlər. Hətta onlar bizi "İqtisadiyyatın əsaslarını necə anlamırıq və bununla fəxr edirik" mövzusunda duet ifa ilə də sevindiriblər. Adını verdiyi YouTube kanalın rəhbəri və yeganə aparıcısı olan S.Osmanqızı Dünya Bankının yeni reytinqini şərh etmək fikrinə düşmüşdü. S.Osmanqızının sözlərinə görə, sən demə, Dünya Bankının ekspertləri bilərəkdən saxtakarlıq edərək 4 ölkənin göstəricilərini dəyişiblər və bu minvalla, məşhur reytinqdə həmin ölkələrin mövqelərini yaxşılaşdırıblar. O dörd ölkədən biri də Azərbaycandır. Cəmil Həsənli də dərhal bəyan edib ki, aman, qoymayın, rəsmi Bakı saxtakarlıq edir, Dünya Bankının ekspertlərini ələ alıb, reytinqdə yerini yüksəldib və s. Osmanqızı və Həsənli səs-səsə verib söylədilər ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir. Onların ikisi də Wall Street Journal-da dərc olunmuş yazıya istinad edirdilər. Lakin yumşaq desəm, bu adamlar həqiqəti deməyiblər. Daha dəqiq olsam, S.Osmanqızı və C.Həsənli yalan danışıblar. Gerçək tam fərqlidir. Bəli, Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər. Bankın baş ofisindən bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb. Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək. Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir. Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub. Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib. "Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi. Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək. Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir. Azərbaycan iqtisadiyyatındakı vəziyyətə gəldikdə isə, Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq. Artımın belə kiçik olmasının səbəbi bəllidir: COVİD-19 koronavirus pandemiyası nəticəsində Avropa və Mərkəzi Asiya ölkələrində də dünya miqyasında olduğu kimi, xammal, enerjidaşıyıcılarını qiymətləri ucuzlaşıb, qlobal və regional istehsalat-satış sıralamalarında fasilələr yaranıb, maliyyə bazarlarında yüksək risklərdən yayınma istəyi artıb. Buna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı ölkənin pul-kredit sisteminin dəstəklənməsinin miqyasını artırır, hakimiyyət isə suveren fonddan valyutanı, yəni manatı stabil saxlamaq üçün istifadə edir. Ölkədə vergi-büdcə dəstəyi tədbirləri görülür. Lakin qlobal pandemiya səbəbindən ili ümumdaxili məhsulun azalması olmadan başa vurmaq mümkün deyil. Bu səbəbdən 2020-ci ilin sonuclarına görə, ÜDM-in 2,6 azalması gözlənilir. Pandemiya iqtisadiyyatla bahəm, vətəndaşların sosial rifah durumuna da pis təsir edir. Həmin təsiri azaltmaq üçün dövlət praktik addımlar atır. Artıq 5 milyon vətəndaşımız sosial yardım paketləri proqramının təsirini görüblər. Büdcədən maliyyələş təşkilatlarda və özəl müəssisələrdə çalışanlar, işsizlər, aztəminatlı ailələr - bütün kateqoriyalardan olan vətəndaşlar dövlətin maddi dəstəyini hiss edirlər. Bu isə bir daha sübut edir ki, vətəndaşların rifahı, onların durumu və təbii ki, sağlamlığı Azərbaycan hakimiyyəti üçün əsas məsələdir. Sevinc Osmanqızı və Cəmil Həsənli üçünsə əsas məsələ ambisiyaların təminatıdır. Xüsusilə də yaşlı professor cənab Həsənli: indi Çindəki uyğurların yaşamını, onların hüquqlarının pozulmasını araşdıran adam. Pis iş deyil, amma bir şərtlə ki, Vaşinqtondakı ağaların sifarişi ilə edilən əməl olmaya. Elçin Alıoğlu Milli.A

Hamısını oxu
“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”

“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir: “Dünən Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir. Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”. Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub: “Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir. Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib. Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq. Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram. Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Ulu Öndər Heydər Əliyev mayak kimi daim xalqımıza xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir

Artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Zaman keçdikcə Ümummilli Liderimizin dahiliyi  daha da aydın görünür. Ulu Öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında deyilmiş bu tarixi fikirlərin həyata keçdiyini, həmin qürurlu günləri gördükcə Ulu Öndərin uzaqgörən fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov Ümumilli Lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş nankor qonşularımız yenə baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Beləliklə, 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyun - Qurtuluş Gününə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə biz xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, müstəqilliyimizin təhlükə altına düşməsi, iqtisadi tənəzzül, çörək növbələri, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması və bu kimi bir çox çətinlikləri  yaşamışıq. Nə yaxşı ki, Azərbaycanın müdrik ağsaqqalları, o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə muraciət edərək Azərbaycanı bu bəlalardan ancaq onun qurtara biləcəyini söylədilər. Səriştəsiz AXC-müsavat cütlüyünün idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Ümummilli Liderimizi  xalqı bu bəlalardan xilas etmək üçün ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbini və Azərbaycanın düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə Azərbaycanı bu çətin, böhranlı  vəziyyətdən çıxartmağa başladı. Bu yolda düşmənlərimiz tərəfindən ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin ona qarşı davamlı təzyiqləri, hətta sui-qəsd və çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, sözün həqiqi mənasında Ümummilli Lider, Ulu Öndər, xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi. O demişdir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”  Prezident olduğu dövrdə Ulu Öndər Heydər Əliyev 60-dan çox ölkəyə səfər etmiş, həmin səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev haqqında dünyanı idarə edən ölkələrin liderləri, dünya şöhrətli tanınmış şəxslər, hətta nüfuzlu din xadimləri çox müsbət və dəyərli fikirlər söyləmişlər. 1978-2005-ci illərdə Roma Papası olmuş II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur.” ABŞ-ın Prezidenti (2000-2008) Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.” Fransa Respublikasının Prezidenti (1995-2007) Jak Şirak: “...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Bu iqtibas siyahısını səhifələrcə davam etdirmək olar, yüzlərlə tanınmış şəxsiyyətin  Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi dəyərli fikirləri burada qeyd edə bilərik. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə 300 milyonluq ittifaqa rəhbərliyi zamanı onu şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların Azərbaycana və azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişmişdir. 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”ni bağlaması ilə nəinki gələcəkdə ölkəmizə böyük valyuta axınının təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. İllər ötəcək, əsrlər keçəcək Ümummilli Lider Heydər Əliyev bir mayak kimi Azərbaycan xalqını və digər xalqları xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli xəzinəsidir, milli sərvətidir. Arximed demişdir: “Mənə istinad nöqtəsi göstərin, yer kürəsini yerindən tərpədim.” Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin istinad yeridir. Azərbaycan xalqı və digər xalqlar istənilən mövzuda Heydər Əliyev xəzinəsinə istinad edərək özlərinə lazım olan müsbət cavabı ala bilərlər. Müasir Azərbaycanın banisi, qurucusu, memarı olan Heydər Əliyev xəzinəsindən istər siyasi, istərsə də iqtisadi, mədəni, hərbi, humanitar, o cümlədən elm, təhsil, incəsənət və digər bütün sahələr üzrə bəhrələnmək olar. Heydər Əliyevin həyatı və fəaliyyəti insanlar tərəfindən öyrənilməsi labüd olan ali bir məktəbdir. Bu məktəbin daimi dinləyicisi və bilicisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Azərbaycan xalqına xilaskar kimi bəxş etdiyinə görə də xalqımız Ulu Öndər Heydər Əliyevin ruhuna daim  dualar oxumalıdır. Ümummilli Liderin cənab İlham Əliyev haqqındakı tarixi fikrini hamımız  yaxşı xatırlayırıq: “Mən ona  özüm qədər inanıram”. Bu sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi, bu bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hakimiyyətdə olduğu elə ilk günlərdən, özü dediyi kimi, hər  bir azərbaycanlının Prezidenti olmaqla Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Azərbaycanda olan siyasi və iqtisadi stabillik, hərtərəfli inkişaf, iş yerlərinin açılması, Olimpiya İdman Kompleklərinin tikilib istifadəyə verilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, o cümlədən də Bakının gündən-günə gözəlləşməsi Ümummilli Liderimiz Heydər Əliyev kursunun inamla və böyük uğurla davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Prezident olduğu zamandan başlayaraq hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, dünya ölkələri ilə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulmasi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq səviyyədə özünə layiqli yer tutması, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və digər uğurlarımız 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməli idi. Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlayır, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Böyük sərkərdə cənab İlham Əliyevin, eləcə də igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının qamətini düzəltdi. Bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, igid qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq. Bu Qələbə şanlı tariximizə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə qızıl hərflərlə yazılacaq.  Qızıldan imza atdın Tarixin yaddaşına, Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Qarabağı almağı Məqsəd qoydun qarşına, Dəmir yumruq endirdin Düşmənlərin başına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Fəaliyyəti dövründə Azərbaycan Ağsaqqallar Şurası da hər zaman  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi Ümummilli Liderin dirçəliş və iqtisadi inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun dəstəklənməsi və vətəndaşlarımız arasında təbliğ edilməsi missiyasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat  Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə də gənc nəslə aşılayır. Paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən nüfuzlu ağsaqqalların, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir. May ayının 2-də növbəti  belə bir tədbir, möhtəşəm konfrans baş tutmuşdur. Belə ki, Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış elm adamlarının, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin SSRİ  Nazirlər Sovetinin sədrinin 1-ci müavini işlədiyi dövrlərdə Sovet İttifaqının tərkibindəki türk dövlətlərinə və digər  respublikalara göstərdiyi dəstəkdən, Türkiyə ilə olan dostluq və qardaşlıq  münasibətlərindən söhbət açılmış, onun bütün Türk dünyası üçün böyük şəxsiyyət olması çıxış edən natiqlər tərəfindən xüsusi vurğulanmışdır. Bu məsuliyyətli və şərəfli yolda, cəmiyyətimizin, xüsusilə də gənclərimizin dövlətimizin  və dövlətçiliyimizin inkişafı naminə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, Azərbaycanımızın dünyada daha şöhrətli, qalib bir ölkəyə çevirilməsi üçün Respublika Ağsaqqallar Şurasının üzvləri  hər zaman olduğu kimi bu gün də öz müdrikliyi və həyat təcrübələri ilə əllərindən gələn dəstəyi və köməkliyi göstərməkdədirlər. Biz unutqan olmamalıyıq. Bu günün qədrini bilməliyik. Gənc nəslə bu xoşbəxt günə hansı çətin, keşməkeşli yollarla gəlib çıxdığımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Bu gün biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçısı, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni  parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində  inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!  Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Hamısını oxu
“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”   Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:   “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.   Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.   DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları   Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:   “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.   DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.   Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.   “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...   Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:   “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.   AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.   Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...   Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:   “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.   Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.   Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.   “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”   Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:   “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.   DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.   “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”   DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:   “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.   Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.   Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.   Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu