Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki... - TƏHLİL!

28 fevral 2026-cı il tarixindən etibarən ABŞ-İsrail koalisiyasının İranla bağlı başlatdığı hərbi əməliyyatlar davam edir. Müttəfiqlərin hücumuna cavab olaraq İran ABŞ-ın Yaxın və Orta Şərq ölkələrindəki hərbi bazalarına da zərbələr endirir ki, bu da müharibə arenasının daha da genişlənməsi deməkdir. 

Hələlik hərbi əməliyyatların nə zamana kimi davam edəcəyi bəlli olmasa da, müharibə milli, regional və qobal təhlükəsizliklə bağlı mövcud problemləri yenidən aktuallaşdırıb. Azərbaycanın cənub qonşusunda cərəyan edən hadisələr bir daha sübut edir ki, müharibə və münaqişələrin sürətlə artdığı dünyamızda heç bir dövlət tam olaraq hərbi müdaxilə və zorakılıqdan sığortalanmış deyil. Məhz bu reallıq hər bir dövlətin özlüyündə güclü olmasını, müdafiə və təhlükəsizlik qabiliyyətini dinamik şəkildə yüksəltməsini zəruri edir. Əslində ABŞ-İran müharibəsinin Prezident İlham Əliyevin uzaqgörənliyi ilə bağlı sübut etdiyi ən böyük həqiqət də məhz budur: Təhlükəsizlik bir nömrəli prioritetdir və heç bir halda ikinci plana keçirilə bilməz!

Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın 2025-ci il üçün hərbi büdcəni 8,4 milyard manata çatdırdığına diqqət çəkib, bunu zəruri edən səbəblərə toxunub:

“Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”. (https://azertag.az/xeber/azerbaycan_respublikasinin_prezidenti_ilham_eliyevin_dunya_azerbaycanlilarinin_hemreyliyi_gunu_ve_yeni_il_munasibetile_muracieti_video-3357987 ).

Dövlət başçısı 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı zamanı da güc faktorunun müasir dünyamızda əsas rol oynadığını, bu faktorun alternativinin olmadığını bildirib:

“Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq”. (https://president.az/az/articles/view/70689 ).

Prezident İlham Əliyev bu və digər çıxışlarında səsləndirdiyi oxşar fikirlər, o cümlədən bu fikirlər fonunda dünyada baş verən proseslər Müzəffər Ali Baş Komandanın beynəlxalq aləmdəki prosesləri necə  dəqiq dərk etdiyini, bu qavrayışı xalqa necə aydın təlqin etdiyini göstərir. Dövlət başçısı öz çıxışlarında açıq şəkildə bildirir ki, Azərbaycanın hərbi büdcəsini mütəmadi surətdə artırması beynəlxalq aləmdəki vəziyyətdən, beynəlxalq hüququn zəifləməsi və zorakılığın artmasından qaynaqlanır. Bu səbəbdən də, Azərbaycanın müdafiə qabiliyyətini artırması seçim deyl, bir məcburiyyət olaraq ortaya çıxır.

Bu gün cənub qonşumuzda davam edən müharibə - onun dağıdıcı təsirləri bir daha İlham Əliyevin təhlükəsizlik məsələsinə niyə bu qədər mühüm önəm verdiyini izah edir. Bu fakt sübut edir ki, çağdaş dünyamızda kimin haqlı olmasından daha çox, kimin güclü olması daha mühüm rol oynayır. Bu gün yalnız o dövlətlər pozulan hüquq və haqqını bərpa edə bilir ki, onun bunun üçün kifayət qədər gücü var. Və bu həqiqətin ən böyük örnəyi Azərbaycan, onun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdir.

Seymur ƏLİYEV

 

2026-03-04 15:21:00
1944 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Xocalı soyqırmı abidəsini ziyarət etdilər

 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmmişdir. Respublika Veteranlar Təşkilatının akt zalında baş tutmuş tədbirdə veteranlar, ziyalılar iştirak etmişdirlər. Tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ölməz xatirəsinin bir dəqiqəlik süküutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri eo general mayor Dadaş Rzayev açdı. Xocalının xalqımızın başına gətirilmiş faciələrin ən dəhşətlisi olduğunu qeyd etdi. “Erməni vandallarından və Rusiyaya məxsus 366-cı motoatıcı alayın törətmiş olduğu bu soyqrım dünya tarixində ən amansızlarından hesab edilir. Heç bir günahı olmayan dinc əhalinin vəhşicəsinə öldürülməsi, cəsədlərinin təhqir edilməsi erməni riyakarlığının, erməni xislətinin əsl simasını ortaya qoydu. Zori Balayan və onun  kimi mənfur və xəstə təfəkkürlü ermənilərin törətdiklərini insanlığa sığmır. Uşaqların amansızcasına qətlə yetirilməsi bu əsl canilik, əsl faşizm və cinayətdir. Lakin çox təssüf olsun ki ermənilərin törətmiş olduqları bu cinayətlər cəsazız qalmışdır. Həm torpaqlarımız işğal altındadır, həmdə Xocalını törədənlər öz layiqli cəzasını almamışdırlar. Amma artıq bir neçə ildir aparılan “Xocalıya Ədalət” kompaniyasında dünya içtimayyətinə həqiqətlər çatdırılır. Dünya dövlətləri Xocalıda baş verənlərin insanlıqdan uzaq olduğunu və bunun əsl soyqırım olması faktını qəbul edirlər.  Bu gün dünyanın bir sıra dövlətləri Xocalı soyqrımını tanıyır, eləcə də Amerika Birləşmiş Ştatlarının 20 ştatının Xocalı soyqrımını tanıyır. Əlbətdə bütün bunlar gərgin zəhmətin nəticəsidir, düzgün siyasətin nəticəsidir. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz inanırıq ki, heç zaman biz belə bir faciə ilə rastlaşmayacağıq çünki bizim güclü ordumuz var. Düşməni məhv etməyə qadirik. Günü-gündən qüvvətlənən ordumuz torpaqlarımızı azad edəcəkdir. Lakin bilməliyik ki, bizim erməni kimi mənfur qonşumuz var və onlar hər fürsətdə qara niyyətlərini həyata keçirməyə çalışırlar. Xocalıda ölənlərə və bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik”. Daha sonra çıxış edən digər veteranlar da Xocalı soyqrımı haqqında öz fikirlərini bölüşdülər. Tarixin dəfələrlə erməni mənfurluğunu təsdiqlədiyi və bu faciənin heç bir zaman unudulmayacağı diqqətə çatdırıldı. Tədbirin sonunda veteranlar Xocalı soyqrımı abidəsinin önünə qərənfillər düzdülər.

Hamısını oxu
“Milli təhlükəsizliyimizin peşəkarlara etibar olunması dövlətçiliyimizin xeyrinədir”

Prezident İlham Əliyevin son sərənacamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general Əli Nağıyev DTX-ya, general Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Uusbov isə prezident yanında Təhlküəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olunub. Moderator.az-a açıqlamasında məlum təyinatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təyinatların dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı: “Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyinə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək. Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir. Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Laçına Böyük Qayıdış – Beş İlin Bəhrəsi

İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir. 1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür. 1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır.  2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına  Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir.  Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”           Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu