Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib

 

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli Konfrans iştirakçıları,

Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.

Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır.

Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.

Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir.

Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir.

İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir.

Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər.

Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub.

Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir.

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir.

Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək.

Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

https://president.az/az/articles/view/73412

 

2026-09-07 15:52:00
484 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub. Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:

Hamısını oxu
Sambo və cüdoçu Hacı Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Respublika Veteranlar Təşkilatının akt zalında samboçu və cüdoçu Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  video Moderator.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Hacı Məhəmməd Müslümzadənin sambo və cüdo üzrə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, M.Müslümzadə ömrünün əlli ildən çox hissəsini Azərbaycanda idmanın inkişafına və təbliğinə həsr edib. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, veteranlar, idman təşkilatlarının və ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycanda dövlətin ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.  Qeyd edilib ki, yubilyar ölkəmizdə sambonun və cüdonun inkişafına töhfə verib. Sambo və cüdo üzrə SSRİ İdman ustası, usta cüdoçular arasında dünya çempionu olan M.Müslümzadənin idman nailiyyətləri gənc nəslə örnəkdir. Qeyd edək ki, 1961-1972-ci illərdə idmançı, sonrakı dövrdə isə məşqçi və hakim kimi fəaliyyət göstərən M.Müslümzadə 2002-2005-ci illərdə sambo, 2009-2018-ci illərdə cüdo üzrə veteranların dünya və Avropa çempionatlarında qalib və mükafatçı olub.  O, 1974-cü ildə sambo, 1976-cı ildə cüdo üzrə SSRİ İdman ustası, 2007-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.

Hamısını oxu