Azərbaycan naminə birliyimizi qorumalı, milli həmrəyliyimizə sadiq qalmalıyıq
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Məmməd Araz
Əziz bacılarım, dəyərli həmvətənlərim!
Mən bu gün Vətən sevgisi, dövlətə sədaqət və hüquqa hörmət naminə düşüncələrimi qələmə almağı özümə borc bildim.
Sizə bir hüquqşünas kimi deyil, ilk növbədə bu Vətənin taleyinə biganə qalmayan, dövlətimizin gələcəyini düşünən bir Azərbaycan vətəndaşı kimi müraciət edirəm.
Bilirəm ki, hicab bir çox qadınlarımız üçün mənəvi dəyərlərin, inancın və şəxsi seçimin ifadəsidir. Hər bir insanın dini hisslərinə hörmətlə yanaşmaq, onun ləyaqətini qorumaq cəmiyyətimizin mənəvi borcudur. Lakin gəlin, bu gün məsələyə yalnız şəxsi inancımızın prizmasından deyil, övladlarımızın gələcəyi, dövlətimizin təhlükəsizliyi və xalqımızın birliyi baxımından da nəzər salaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarının və “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2026-cı il tarixli Qərarının ətrafında yaranmış müzakirələrdə emosiyalara deyil, hüquqi arqumentlərə, qarşılıqlı anlayışa və sağlam düşüncəyə üstünlük verək. Qərarla razılaşmamaq hüququmuz varsa, mövqeyimizi qanuni yollarla ifadə edək.
Amma bir həqiqəti də unutmayaq: Məktəb yalnız bilik verilən yer deyil, həm də gələcəyin vətəndaşlarının formalaşdığı məkandır. Orada uşaqlarımız təkcə elm öyrənməməli, həm də qanuna hörmət etməyi, fərqli düşüncələrə dözümlü yanaşmağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı bacarmalıdırlar.
Əziz valideynlər!
Bu müzakirələrin ən həssas tərəfi bizim övladlarımızdır. Uşaqlarımız böyüklərin fikir ayrılığının mərkəzinə çevrilməməli, onların təhsili və psixoloji rahatlığı zərər görməməlidir. Məktəbə getmək hər uşağın hüququdur və heç bir mübahisə övladımızı bu hüquqdan məhrum etməməlidir. Ona görə də övladlarımıza qanunlara hörməti, fərqli düşüncəyə dözümlülüyü və təmkinli davranışı öz nümunəmizlə öyrədək. Onları gərginliyə, qarşıdurmaya cəlb etməyək, qoy hər uşaq sakit və təhlükəsiz mühitdə oxusun.
Azərbaycan bizim ortaq Vətənimizdir. Bu dövlətin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı, övladlarımızın sabit və təhlükəsiz mühitdə təhsil alması hər birimizin məsuliyyətidir. Dövlətimizin möhkəmliyi və cəmiyyətimizin birliyi qorunmalı olan ümumi dəyərlərimizdir. Bu dəyərlərə sahib çıxmaq dini inancımızdan imtina etmək deyil; əksinə, vətəndaşlıq məsuliyyətimizi dərk etməkdir.
Unutmayaq ki, vətənpərvərlik yalnız Vətəni sevdiyimizi söyləməklə ölçülmür. Vətənpərvərlik çətin məqamlarda təmkinli olmaqda, hüquqa hörmət etməkdə, cəmiyyətdə qarşıdurma yaratmamaq üçün səy göstərməkdə və dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaqda da özünü göstərir.
Gəlin, heç kimin dini inancını alçaltmadan, heç kimin hüququnu tapdalamadan, bir-birimizi düşmən deyil, eyni Vətənin övladları kimi görək. Mövqeyimizi qanuni, mədəni və əsaslandırılmış şəkildə ifadə edək. Dövlət qurumları ilə vətəndaşlar arasında etimadın möhkəmlənməsinə töhfə verək.
Dövlətə hörmətlə hüquqa hörmət bir-birinə zidd deyil. Hüquqi dövlətin gücü həm qanunların aliliyində, həm də vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsindədir. Buna görə də mübahisəli məsələlərin həlli qarşılıqlı dinləmə, hüquqi əsaslandırma və dialoq yolu ilə axtarılmalıdır.
Mən sizi qarşıdurmaya deyil, anlaşmaya; emosional reaksiyaya deyil, düşünülmüş mövqeyə; ayrılığa deyil, milli birliyə çağırıram.Gəlin, hicablı və hicabsız olmağımızdan asılı olmayaraq, Azərbaycan naminə bir olaq! İnancımıza hörmət edək, qanunlarımızı öyrənək, dövlətimizin təhlükəsizliyini və xalqımızın əmin-amanlığını qoruyaq. Fərqli baxışlarımızı milli birliyimizə maneəyə çevirməyək.
Çünki bizim hamımızın bir adı var — AZƏRBAYCAN VƏTƏNDAŞI!
Və bizim hamımızın ortaq bir məsuliyyəti var — bu Vətəni qorumaq, dövlətimizin güclənməsinə töhfə vermək və gələcək nəsillərə sabit, təhlükəsiz, hüquqi dövlət miras qoymaq.
Allah birliyimizi, həmrəyliyimizi daim etsin. Dövlətimizi, xalqımızı və müqəddəs Vətənimizi hər cür bəladan qorusun.
Allah Azərbaycanımızı qorusun!
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatı” İctimai Birliyinin hüquq məsləhətçisi Vüsalə Cəfərli