Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gücümüz silahımızdan öncə ruhumuzdadır”

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciətində bir sıra məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin önəminə diqqət çəkib, əldə edilən uğurların məhz bu faktordan qaynaqlandığını bildirib. 

Maraqlıdır, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində təhsil müəssisələrinin üzərinə hansı vəzifələr düşür və təhsil ocaqları hazırda bu missiyanın öhdəsindən lazımınca gəlirmi?

Saytımıza açıqlama verən sabiq millət vəkili, təhsil eksperti Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Milli-mənəvi dəyərlər dərslikdə yazılan-öyrədilən mövzu deyil, uşağın hər gün gözü ilə gördüyü real həyat olmalıdır. Doğrudur, məktəblərimiz bu missiyanı daşıyır, amma hələ ki daha çox sözlə və az nümunə ilə. Açıq danışsaq, məktəbdə formal tərəf var, ruh isə hələ tam formalaşmayıb.

Prezidentin Zəfər Günü müraciətində məhz bu mövzunu önə çəkməsi təsadüfi deyil. 44 günlük müharibə bütün dünyaya göstərdi ki, bizim gücümüz silahdan əvvəl ruhumuzdadır. Dağlara, sıldırım qayalara dırmaşıb Şuşanı azad edən o gənclər dünən məktəb partasında oturan uşaqlar idi. Onların qəlbindəki vətən sevgisi, ölümün gözünə dik baxan cəsarəti və silah yoldaşına sədaqəti boşluqdan yaranmamışdı. Onlar bunu ailədən, müəllimdən, böyüdükləri mühitdən götürmüşdülər. Deməli, bu gün qarşımızda duran sual çox sadə, həm də çox ağırdır. Zəfəri qazanan nəslin ruhunu ondan sonra gələnlərə necə ötürək?

Məktəbin bu yoldakı ən böyük vəzifəsi dəyəri əzbər materialına çevirməməkdir. Uşaq vətənpərvərliyin tərifini yaxşı bilə bilər, amma bu, onun vətənpərvər olduğu demək deyil. Psixologiya elmi çoxdan sübut edib ki, insan dəyəri öyrənmir, mənimsəyir. Mənimsəmə isə nümunə ilə baş verir. Uşaq müəlliminin ədalətli olduğunu, zəifin müdafiə edildiyini, verilən sözün tutulduğunu görəndə dəyər onun daxili qanununa çevrilir. Görmədiyi şeyə isə inanmır, nə qədər danışsan da.

Ədəbiyyat və tarix dərsləri də yalnız tarix və ad sadalayan dərslər olmamalıdır. Şagird Nizamini, Füzulini, Cavidi, Müşfiqi oxuyarkən öz köklərinə toxunduğunu hiss etməlidir. Şəhidlərimizin həyat yolu isə bayram tədbirinin ssenarisində bir abzas olaraq qalmamalıdır. Bu, hər uşağın qarşısında dayanan canlı bir sualdır: o, bu torpaq üçün canını verdi, bəs sən nə edəcəksən?

Bu gün işimiz həm də ona görə çətindir ki, uşağın dünyagörüşünə müəllimdən və valideyndən çox telefon ekranı təsir edir. Burada qadağa ilə heç nəyə nail olmaq mümkün deyil. Öz kimliyini tanıyan, dəyərlərini dərk edən uşaq yad dəyərlərin hücumuna qarşı daha davamlı olur. Kökü dərində olan ağacı külək yıxa bilmir. Dünya təcrübəsi də bunu təsdiqləyir. Yaponiya əxlaq tərbiyəsini 2018-ci ildən ibtidai, 2019-cu ildən isə orta məktəbdə ayrıca fənn kimi tədris edir. Lakin orada dərsin mərkəzində nəsihət yox, müzakirə dayanır: uşaq özü düşünür, özü seçir. Cənubi Koreya xarakter tərbiyəsini 2015-ci ildə qəbul edilmiş qanunla dövlət siyasətinə çevirib. Sinqapur isə xarakter və vətəndaşlıq tərbiyəsini bütün məktəb həyatının əsas xəttinə qoyub. Bu ölkələrin ortaq qənaəti budur: dəyər bir dərsin deyil, bütün məktəb mühitinin işidir.

Bəs bizdə vəziyyət necədir? Reallıq ondan ibarətdir ki, məktəblərimizdə bu sahədə görülən işlərin böyük hissəsi hələ də tədbir xarakteri daşıyır. Bayram günlərində şeirlər oxunur, şəhidlər anılır, sərgilər açılır. Bunlar vacibdir, amma yetərli deyil. Tədbir bitəndə o ruh çox vaxt akt zalında qalır, sinif otağına keçmir. Səhər səhnədə “Vətən” şeiri deyən uşaq günortadan sonra məktəb həyətində zorakılığın şahidi olursa, ona hansı dəyəri öyrətmiş oluruq? Belə olan təqdirdə dəyər qəlbə yox, yalnız dilə yazılır. Bununla belə, ümidverici addımlar da var. Elm və Təhsil Nazirliyinin təhsildə vurğunu əzbərçilikdən müstəqil və tənqidi düşüncəyə keçirmək istəyi məhz düzgün istiqamətdir. Çünki öz ağlı ilə düşünən gənc öz dəyərlərini də şüurla seçir və onları heç kimə təslim etmir.

Fikrimcə, bu yükün ən ağır hissəsi müəllimin çiynindədir. Məktəb dəyəri müəllimin simasında ötürür. Peşəsini sevən, uşağın gözünə baxa bilən, cəmiyyətdə hörmət gördüyünü hiss edən müəllim bir dərsdə on tədbirin verə bilmədiyini verir. Yorğun, narazı, özünü qiymətsiz hiss edən müəllimdən isə uşağa ruh ötürməsini gözləmək real deyil. Ona görə də milli-mənəvi tərbiyə yalnız proqram məsələsi deyil, həm də müəllimə yatırımdır. Ailə də bu prosesdən kənarda qala bilməz. Məktəbdə eşitdiyini evdə görməyən uşaq iki dünya arasında qalır və sonda heç birinə inanmır.

Bir sözlə, təhsil ocaqlarımız bu missiyanı daşıyır, amma onun öhdəsindən tam gəldiyini söyləmək hələ tezdir. Dərslər var, proqramlar var, tədbirlər keçirilir. Çatışmayan isə məktəbin gündəlik həyatında dəyərin canlı nəfəsidir. Deməli, uşaqlarımıza nə qədər danışdığımız yox, onlara nə göstərdiyimiz həlledicidir. Zəfəri qazanan nəsil də vətəni kitabdan yox, həyatdan sevməyi öyrənmişdi”.

Seymur ƏLİYEV

2026-11-12 15:18:00
52 baxış

Digər xəbərlər

AR Dövlət Təhlükəsuzlik Xidmətinin rəisi cənab general-polkovnuk Əli Nağıyeva

Hamısını oxu
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışında deyilir:   “Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq. Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular. Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.

Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının yaranmasından 32 il ötür.

Respublika Veteranlar Təşkilatı öz sıralarında bütün təbəqələrdən olan insanları birləşdirir. Tarixən veteran hərəkatlarının yaranması müharibələrlə bağlı olmuşdur. Keçmiş sovetlər birliyinin tərkibində olan Azərbaycanda da bu hərakat eyni zəmində formalaşmışdır. İkinci Dünya Müharibəsinin faşizmi üzərində qələbə ilə başa çatmasına böyük töhfələr vermiş Azərbaycanda digər müttəfiq respublikalarda olduğu kimi, ötən əsrin 50-ci illərində veteran hərəkatının genişlənməsi 1960-cı ildə Bakı şəhərində ilk veteran təşkilatının yaradılması ilə nəticələnmişdir. Bu təşkilatın ilk sədri Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov olmuşdur. Ancaq həmin təşkilatın fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmışdır. Dövlət səviyyəsində müvafiq dəstək olmadığından hərakatın respublikanı tam əhatə etməsi mümkün olmamışdır. Bu məqsədə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə nail olunmuşdur. Həmin vaxt, xüsusilə 1970-80-ci illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, veteran təşkilatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Ulu Öndərin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, ölkənin bütün rayon və şəhərlərində veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərakatın yüksəlişində başlıca rol oynamışdır. Nəticədə 1987-ci il mart ayının 21-də Azərbaycanda Respublika Veteranlar Təşkilatı yaradılmış və onun ilk sədri general-mayor Mustafa Nəsirov olmuşdur. Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlaması ilə həm də neçə illik ağır müharibə yolu keçən, psixoloji durumu, yaşam tərzi dəyişən, mülki həyatdan müəyyən mənada uzaq düşmüş insanların cəmiyyətə inteqrasiyasındakı mövcud problemlərin həllində daha işlək mexanizmlər yaradılmışdır. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə Günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. qərarlarla təşkilata ciddi zərbə vurulmuş, veteranlar diqqət və qayğıdan kənarda qalmışlar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə Veteranlar Təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Ulu Öndərin sosial islahatlar sahəsində 1994-cü il iyun ayının 28-də imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu olmuşdur. Bunula da veteranlara dövlət qayğısının tam bərpası üçün hüquqi əsaslar formalaşdırılmış, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. İnamla demək olar ki, 1994-cü ilin 28 iyunundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Möhtərəm Prezidentin birbaşa veteranlarla bağlı imzaladığı qərar və sərancamlarla ölkədə bütün qruplardan olan veteranların maddi-rifah halı ildən-ilə yüksəlir, onların problemləri həll olunur. Sıralarında 1 milyondan artıq veteranı birləşdirən Respublika Veteranlar Təşkilatının fəaliyyəti Ulu öndər Heydər Əliyev prinsiplərinə əsaslanır. Hazırda Təşkilat gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlər görülür, xarici ölkələrin veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirir. Təşkilatın fəaliyyəti azərbaycançılığı, onun əsas istiqaməti olan vətənpərvərlik tərbiyəsinin gənc nəsildə təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verməkdən ibarətdir. Ömrünü xalq, Vətən yolunda xidmətdə keçirmiş, İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq, mərdlik nümayiş etdirmiş, canı, qanı bahasına, dünyanı alman faşizmindən xilas etmiş, arxa cəbhədə müxtəlif sahələrdə fədakarlıqla çalışmış, bu gün də sıralarımızda olan insanları təbrik edirik.   

Hamısını oxu
Cəlil Xəlilov: “Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının dəyərli ziyalısı Soltan Məmmədov vəfat edib. Moderator.az-a açıqlamasında bu hadisəyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sultan Məmmədovun vəfatının bütün ölkə üçün böyük itki olduğunu vurğulayıb: “Soltan İsrafil oğlu Məmmədov Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimidir. Soltan Məmmədov hər zaman xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq etdi. El arasında ağsaqqal kimi ali titul qazandı. Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Soltan Məmmədov Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak etmiş, müdrik ağsaqqal mövqeyi ilə seçilmişdir. O, Respublikamızın hər yerində hörmətli ağsaqqal kimi qəbul edilib, hörmət və ehtiramla qarşılanmışdır. O, ictimai xadim kimi respublikamızın inkişafi üçün əlindən gələni əsirgəməmiş, xüsusən Milli Məclisində İran İslam Respublikası ilə dostluq əlaqələrinin qurulmasında böyük rolu olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə, sədaqətlə daşımışdır. Respublika veteranlarının fəaliyyəti baxımından da Soltan müəllimin xidməti danılmazdır. Respublika Veteranlar Təşikilatı ilə hər zaman əlaqədə olmuş, Təşkilatın həyata keçirdiyi tədbirlərdə ağsaqqal ziyalı kimi iştirak edib, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində əlindən gələni əsirgəməmişdir. Soltan Məmmədovun vəfatı Azərbaycan xalqı və ictimaiyyəti üçün böyük itki oldu. Onun xatirəsi həmişə onu tanıyanlar tərəfindən yad ediləcək, yaşadığı şərəfli ömür yolu hər bir Azərbaycan gənci üçün örnək olacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu