Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq  olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb. Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.

2020-08-18 00:00:00
3694 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Konstitusiya Günü münasibəti ilə xalqı təbrik edib

Bakı, 12 noyabr, AZƏRTAC  Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
Azərbaycan bayrağını 5 müxtəlif idman növündə zirvədə dalğalandıran əfsanə yeniyetmə...

Emili Rzayeva dəstək bayrağımızın bundan sonra da bir çox mötəbər yarışda ucalmasını təmin edə bilər Bugünlərdə DİN-in İdman Cəmiyyətinin yetirməsi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, uşusanda üzrə dünya kubokunun qalibi, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, Azərbaycan Respublikasının idman ustası Emili Rzayeva, atası Emil Rzayevlə birlikdə “CBC TV Azerbaijan” kanalının qonağı olublar. Veriliş çərçivəsində Rzayevlər ailəsi ilə 2022-ci ildə keçiriləcək  beynəlxalq idman arenalarında yarışlar, məşqlər və sair mövzuda geniş fikir mübadiləsi aparılıb. Cari ilin fevralında İstanbulda muay-tay üzrə Avropa çempionatı, apreldə Ukyanada kikboks K-1 versiyası üzrə beynəlxalq turnir, may ayında Moskvada uşusanda üzrə dünya çempionatı və İslam oyunları, iyunda Serbiyada boks üzrə Avropa çempionatı, noyabrda İstanbulda kikboks K-1 üzrə dünya çümpionatı keçiriləcək. Qeyd edək ki, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayev idmançımızın atasıdır və baş məşqçisidir. Onlar daha da əzmlə və səylə məşq edirlər ki, DİN-in yetirməsi Emili Rzayeva beynəlxalq turnirlərdə himnimizi səslədirsin və bayrağımızı dalğalandırsın. Xatırladaq ki, Emili Rzayeva bir çox mötəbər turnirlərin qalibidir və beş idman növü üzrə yarışlara qatılır. Məlumat üçün qeyd edək ki, Emili Rzayeva 23 avqust 2006-cı ildə Bakı  şəhərində anadan olub. Yasamal rayon 158 nömrəli orta məktəbin 10-cu sinifin şagirdidir. 11 yaşından cüdo idman növü ilə məşqul olmağa başlayıb. Cüdo üzrə 2 dəfə şəhər, 1 dəfə ölkə çempionu olub. Türkiyədə keçirilən  Tokat böyük beynəlxalq turnirin 60 kq qızıl mükafatcısı, 09.12.2017-ci ildə Bakı Dünya kuboku Budo  uşusanda 60 kq. üzrə I yerin sahibi, 05.10.2019-cu ildə 63 kq-da yenidən qalib olmaqla ikiqat çempionluq tituluna yüksəlib. Emili Rzayeva 02.04. 2017-ci ildə kunqfusanda respublika cempionu, 2018-də Kempo döyüşü üzrə 63 kq-da Kempo kəmərinin qalibi olub. 2019 kikboks üzrə 63 kq-da ölkə cempionu, 2017, 2018, 2019-cu illərdə uşusanda üzrə 63 kq-da Bakı və  Respublika cempionluğunu qazanıb. 07.06.2021-ci il tarixində Minsk şəhərində boks üzrə 63 kq-da Beynəlxalq turnirin qızıl mükafatçısı olan Emili Rzayeva 05.09.2021-ci ildə Kazan şəhərində boks üzrə 63 kq-da MDB ölkələrarası festivalın beynəlxalq turnirin III olub. 05.11.2021-ci ildə Monteneqro Budva şəhərində kiqboks K-1 versiyası üzrə Avropa cempionatın II kimi mühüm uğura imza atıb. Emili Rzayeva 2021 ildə 15 yaşında idman ustası adına,  2019-cu ildə isə Azərbaycan Respublikasında ilin ən güclü idmançısı adına layiq görülüb. 2022-ci ildə Emili Rzayevanın bir çox beynəlxalq yarışda iştirakı planlaşdırılır. Lakin yeniyetmə idmançımızın bu yarışlarda iştirakının təmin olunması üçün ona müvafiq dəstəyin göstərilməsi zəruridir. Əgər belə bir dəstək olarsa, o zaman əfsanə yeniyetməmiz Azərbaycan bayrağını bundan sonra da bir çox mötəbər turnirdə zirvədə dalğalandıra bilər ki, bu da hər birimizin, ilk növbədə, dövlətimizin uğuru deməkdir. İnanırıq ki, əlaqədar qurumlar, o cümlədən xeyirxah iş adamları Emili Rzayevanın bu turnirlərdə iştirakını təmin edəcək və biz yaxın gələcəkdə idmançımızın yeni-yeni uğurlarına şahid olacağıq. Qeyd edək ki, yeniyetmə idmançımıza dəstək olmaq istəyən hər kəs bu telefon nömrəsi ilə əlaqə saxlaya bilər:  055 213 78 98  

Hamısını oxu
Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

Hamısını oxu
15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu