Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı nefti qələbənin açarı

“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib. Z.Səmədzadə kitabın Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gətirildiyini deyib. Bildirib ki, kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)” və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır.   Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov deyib ki, Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin əməyi kitabda öz əksini tapır. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft tarixindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan danışıb. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Fəzail İbrahimli, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər. Respublika Veteranlar Təşkilatının sədr müavini e.o polkovnik Cəlil Xəlilov tədbirdə çıxış etmişdir. O, kitabı Azərbaycan tarixinin işıqlandırılması baxmında yüksək dəyərləndirdi. Daha sonra Cəlil Xəlilov çıxışında qeyd etdi: “Bu gün təqdimatı keçirilən “Bakı nefti qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabı Azərbaycanın və onun xalqının İkinci Dünya Müharibəsində faşizm üzərində böyük qələbənin əldə olunmasında iştirakının bir sıra mühüm məqamlarına işıq salır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, görkəmli akademik Ziyad Səmədzadənin rəhbərliyi altında ərsəyə gəlmiş bu kitab ümumiyyətlə, neft amilinin dünya siyasətində, bu və digər ölkələrdə hakimiyyət uğrunda mübarizələrdə oynadığı rolun üzə çıxarılması baxımından da olduqca əhəmiyyətlidir. Bu mənada Bakı neftinin bir əsrdən artıq müddətdə Azərbaycanın və ümumən regionun taleyinin müəyyənləşməsinə ciddi təsirləri tədqiqat süzgəcindən keçirilmiş, böyük dövlətlərin neft siyasətinin nəticələri təhlil edilmişdir. Əlbəttə, başlıca diqqət Bakı neftinin 1941-1945-ci illərdə müharibənin gedişinə göstərdiyi təsirə yönəldilmiş, haqlı olaraq faşizm üzərində böyük qələbədə onun əvəzolunmaz rolu tarixi faktların dili ilə çatdırılmışdır. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində faşizmin məğlub edilməsinə həqiqətən də böyük töhfələr vermişdir. Bu barədə kifayət qədər yazılmış, deyilmiş, sənədli və bədii filmlər çəkilmişdir. Ancaq bu elə zəngin və əhatəli mövzudur ki, nə qədər araşdırılsa, yazılsa, çəkilsə də bitib-tükənən deyil. Qələbənin 70 illiyi münasibəti ilə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş və nümaişi baş tutmuş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film bunu bir daha sübuta yetirdi. Film qeyd edilən sahədə indiyədək az məlum olan həqiqətləri üzə çıxarmaqla hələ neçə illər sonra da bu mövzunun öz aktuallığını saxlayacağını göstərdi. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində təkcə cəbhəyə yola saldığı 720 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. 300 mindən çox soydaşımızın o cümlədən partizan hərəkatlarının apardığı qanlı döyüşlərdə həlak olmaları, minlərlə azərbaycanlının qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, cəbhəyə yola salınan neçə adda silah və sənaye məhsulları, min tonlarla ərzaq, paltar karvanları, ökə hospitallarında cəbhədə yaralanmış 440 min nəfərin müalicəsinin təşkil və s. onlarla digər faktlar Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə xalqların birgə nailiyyətinə verdiyi töhfələrdir. Tarix bunları unuda bilməz və bu gün bizlərə təqdim olunan kitabın başlıca missiyası da budur: tarixin yaşadılması, həqiqətlərin uca səslə bəyan olunması. Bizim buna hazırda daha böyük haqqımız çatır. Çünki, faşizmin məğlub olmasına böyük qurmanlar və əvəzsiz töhfələr vermiş bir xalq bu gün özü alman faşizmindən daha amansız olan ermənin faşizminion təcavüzünə məruz qalıb. Bu gün 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan tərəfi özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Hətta bunula da qalmır, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dronun, Qaregin Njdenin bəraətinə çalışır. Ötən il Təşkilatımız Azərbaycan veteranları, ümumən cəmiyyəti adından bu cinayətləri birmənalı şəkildə qınayan və rədd edən, ermənilərin faşızmi dirçəltmək, onun əil qana batmış nümayəndələrinə bəraət qazandırmaq cəhdlərinin ifşasına biganə qalmamağa səsləyən müraciət hazırlayaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq təşkilatlara göndərdik. Müraciətimizə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət rasmilərindən, parlament üzvlərindən, ictimaiyyət nümayəndələrindən və s ünvanlardan cavablar aldıq. Həmin müraciətin mətnini əməkdaşlarımız xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə də səsləndidilər. Ancaq təbii ki, bütün bunlar erməni faşizminin ifşasına yönəlmiş ardıcıl fəaliyyətimizin yalnız bir hissəsidir. Bu fəaliyyət torpaqlarımız işğal altından azad ediləcəyi gününə qədər  daim gücləndirilərək aparılmalıdır. Bu məqsədlə möhtərəm Prezident Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Ötən ilin aprelində cəbhə xəttində baş verən hadisələr Azərbaycanın güclü orduya malik olduğunu, qəhrəman Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha sübut etdi. Vaxtınızı çox da almadan onu da qeyd etmək istərdim ki, gənclərin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində apardığımız işin səmərəin daim yüksəltməyə çalışmağımızın əsasını da məhz onların hər an Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə hazır olmalarıdır. Təqdimatına toplaşdığımız kitabın bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirlərdə geniş istifadəsinə görə də biz onu ərsəyə gətirənlərə, xüsusilə hörmətli Ziyad müəllimə çox sağ olun deyir və yeni elmi yaradıcılıq uğurları arzulayırıq”. Kitabın təqdimetmə mərasimi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində sərgi də təşkil olunub. Sərginin “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərində ümummilli lider Heydər Əliyevin veteranlarla görüşləri, onlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə və imzaladığı sənədlərdə öz əksini tapır. “Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stenddə Bakı neftinin dünya siyasətində və Sovet dövlətinin bu müharibədə qələbə qazanmasında danılmaz rolu dövrün ayrı-ayrı siyasətçilərinin fikirlərində yer alır.

2017-02-17 00:00:00
2021 baxış

Digər xəbərlər

Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirilib

25 fevral 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirildi. Əməkdar artistimiz, kamança ustası Fəridə Məlikova tədbiri açıb qonaqları salamladıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Kolleci müəllimi Rafail Həsənovun Xocalı faciəsinin tarixi və səbəbləri haqqında çıxısından sonra  balaca ifaçı Ülvi Ağamalızadənin ifasında  “Sarı gəlin” xalq mahnısı dinlənildi. Şəhid anaları və bacılarının dəvətli olduqları tədbirdə kollecin tələbələri – Əliyeva Rəna və Quliyeva Fidan şeir kompozisiyaları ilə  çıxış etdilər. Şəhid bacısı İnci Şirvanlının şeiri, həmçinin can yanğısı ilə ifa etdiyi mahnısı hər kəsi göz yaşlarına boğdu. Professor Arif Ağayev və Fəridə Məlikovanın ifasında səslənən kompazisiyaların hər birində hiss olunan ürək yanğısı tədbir iştirakçılarını biganə qoymadı. Sumqayıt Musiqi Kollecinin kamera orkestrinin ifasında səslənən Ə.Səlimi, R.İbrahiminin “Ayrılıq” mahnısı isə soyqırımın, o qaranlıq gecənin ağrı-acısını xatırladaraq daha çox ürəkləri dağladı. Şəhid Elton Əliyev və Nadir Rzayevin anaları da danışıb ürək sözlərini bildirdilər və kollecin rəhbəri Səbinə xanıma dəvət üçün minnətdarlıqlarını çatdırdılar. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru Fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva Xocalı soyqırımının və umumiyyətlə, müharibənin acı nəticələrinin unudulmamayacağını  qeyd edərək,  prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi “Xocalıya ədalət” istədiyini, bütün dünyanın bu soyqırımın tanımasının vacibliyini də nəzərə çatdırdı. Gələn qonaqlara -Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Fərman Kazımov, Bülbül adına 2 saylı uşaq Musiqi məktəbinin direktoru Samir Ismayılov, 3 saylı Musiqi məktəbinin direktoru  Elnarə Vidadi  və gələn şəhid anaları və bacılarına öz minnətdatlığını bildirdi. Tədbir Fəridə Məlikova, Arif Ağayev və bütün orkestrin ifasında “Azərbaycan” mahnısı ilə, gələcəyə ümid və əzm notlarında, bütün iştirakçıların qürurla ifa etdikləri “Azərbaycan!” sədaları altında bitdi.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Asəf İsmayılovun yubiley tədbirini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Asəf İsmayılovun 50 illiyi münasibəti ilə tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə  veteranları, yaradıcı ziyalılar, bələdiyyə sədrləri və ictimayyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək Qarabağ qazisi Asəf İsmayılovun keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Asəf İsmayılov doğulduğu Kövüzbulaq kəndində orta məktəbi bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Bir ay hərbi təlim keçdikdən sonra ön cəbhədə mənfur düşmənlərə qaşı igidliklə vuruşub. O, 1994-cü il yanvar ayının 31-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində gedən hərbi əməliyyatlar zamanı minaya düşüb, sol qıçını itirib. Vətənpərvərliyi ilə gənc nəslə örnək olan Asəf bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. O, həm də 11 kəndi əhatə edən Ağdaş bələdiyyəsinin sədridir.  Ədalət müəllim çıxışının sonunda yubilyara rayon Veteranlar Təşkilatının Fəxri Fərmanını təqdim edib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradov,  şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyinin rayon filialının sədri Maşalla Əliyev, Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov,  Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas,  İman Abdulla, Qurban Əhməd, Masallı Regional Meşə Təsərrüfatı idarəsinin direktor müavini, müharibə iştirakçısı Emin Əhmədov, Cəlilabad şəhər bələdiyyəsinin sədri Özüxan Niftiyev və başqaları çıxış edərək yubileyinə yığışdıqları Qarabağ qazisi Asəf İsmayılov haqqında səmimi ürək sözlərini söyləyib, onu yubileyi münasibəti ilə təbrik ediblər. Sonda yubilyar, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəlkür edib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə minnətdarlığını bildirib.

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır. Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır. Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək. Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir. Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur. Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli? Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük. Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub? Prezident İlham Əliyev: Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir. Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun. Mümkündürsə lap qısa cavab verin: hə, ya yox. İndi cəbhədə Suriyadan olan muzdlular varmı? Prezident İlham Əliyev: Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin. Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdan əlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Görüşənədək. Aparıcı: İndi biz Yerevanla əlaqəyə çıxırıq. Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizə qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi nələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlər gəlir. Nikol Paşinyan: Bu gün səhər belə bir xəbər aldıq ki, Azərbaycan bilavasitə Ermənistan Respublikasının ərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıblar. Onlar artıq üç gündür ki, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təəssüf ki, bizdə həm hərbçilər, həm də mülki əhali arasında həlak olanlar var. Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Bizdə olan mötəbər informasiyaya görə, hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatda çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar və s. və ilaxır. Aparıcı: Cənab Paşinyan, indicə xəbər gəldi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistan silahlı qüvvələrinin Su-25 təyyarəsini vurub. Özü də bu xəbər Ermənistan Müdafiə Nazirliyinə istinadla gəlib ki, pilot həlak olub. Bu xəbər sizə məlumdurmu? Yəni, Ermənistan və Türkiyə təyyarələri artıq göydə toqquşur? Nikol Paşinyan: Bu, artıq faktdır və mənim dediyimi bir daha sübut edir. Bilirsinizmi aşkardır ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Bizdə olan məlumata görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır. Bizdə olan məlumata görə, onlar öz qoşunlarını Naxçıvana gətirmək üçün bəhanə axtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermənistan və İranla həmsərhəd anklavıdır. Hərçənd bizdə məlumat var ki, Türkiyə Ordusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətlə, burada heç bir sirr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqust ayından Azərbaycandadırlar. Onlar birgə hərbi təlimlərə başlayıblar və bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb. Aparıcı: Nikol Vovayeviç, indi artıq bir çox ekspertlər Dağlıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildə ifadə və izah edirlər. Müharibə sözü səslənir. Bu sözdən istifadə etmək nə dərəcədə korrektdir, nə dərəcədə yerinə düşür və indi qan tökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etmək olarmı? Nikol Paşinyan: Əlbəttə, sualınız korrektdir. Ona görə ki, müharibə gedir. Çoxlu dağıntılar, insan tələfatı var və olduqca çox sayda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çox mühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk soyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və bu soyqırımının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunu xalqımız üçün ekzistensial təhdid kimi qəbul edirik. Faktiki olaraq biz bunu erməni xalqına elan edilmiş müharibə kimi qəbul edirik. İndi bizim xalqımız, sadəcə, özünümüdafiə hüququndan istifadə etməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlik Azərbaycanın təcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir. Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki, Türkiyə ümumiyyətlə bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir. Aparıcı: Cənab baş nazir, sizi daha ləngitməyəcəyik. Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsməlisiniz. Çox qısa bir sual. Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsa bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə hələ hərəkət etmək olar? Nikol Paşinyan: Bilirsinizmi, danışıqların formatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki, danışıqlar prosesi harada başlanmışdısa elə orada davam etməlidir. Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkret danışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır. Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə, xüsusən onların məzmunu barədə danışmaq çox çətindir. İlk növbədə, zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki, Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axı, bu müharibə sıfırdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdir ermənilərə qarşı nifrət ritorikasını inkişaf etdirir və beynəlxalq çağırışlara rəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heç olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı inandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirə bilməyiblər. Mənə belə gəlir ki, hərbi-siyasi rəhbərlik hərbi mənada cəbhədə heç bir uğur qazana bilməyib. Yəni, onlar öz məsələsini həll edə bilməyiblər. Ümidvaram, bu, Azərbaycanı inandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var. İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün, Dağlıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mən baş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklif edirdim və yenə davam edirəm, istənilən həll Ermənistan üçün, Dağlıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrin adlarının çəkilməsi ardıcıllığının heç bir mənası yoxdur. Mən onu nəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır və təəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti yalnız Azərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkün deyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bunun üçün Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzü dərhal dayandırmalıdır. Çünki bunu Azərbaycan başlayıb. Yeri gəlmişkən, bu, əvvəlcədən planlaşdırılmış əməliyyat idi. Əsla şübhə yoxdur ki, bu əməliyyat Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər zamanı planlaşdırılıb. Sağ olun. Aparıcı: Çox sağ olun. Gəlin bunu əsas götürək ki, həll variantı Ermənistan və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbul olmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variantı yoxdur. Yalnız siyasət və diplomatiya. Sağ olun. X X X Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi. Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak etdilər. “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko: - Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır. video

Hamısını oxu
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir. Erməni separatçılarının ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması, yeni təxribatlara cəhd etməsi Ermənistanın məkrli niyyətlərindən xəbər verir və regionun təhlükəsizliyi baxımından ciddi təhdid yaradır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini diqqətə çatdırıb ki, Ermənistanın təxribatları bu ölkəni uçuruma sürükləyir. Ötən il 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya imza atan Ermənistanın hazırda ordumuzun mövqelərini atəşə tutması, yenidən təxribatlara əl atması məntiqlə anlaşılan deyil. Qırx dörd günlük Vətən müharibəsi Ermənistanın hərbi potensialı ilə yanaşı, onun zəif iqtisadiyyatını da sıradan çıxartdı. Bu gün Ermənistan nə hərbi, nə iqtisadi, nə də digər baxımdan hər hansı qarşıdurmaya hazır deyil. Amma buna baxmayaraq, təxribatlarından da əl çəkmək, öz məğlubiyyəti ilə barışmaq istəmir. Hansı ki, Ermənistanın bu təxribatları bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərir, bölgədə vəziyyəti gərginləşdirir. “Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan bu təxribatlara sonsuzadək səssiz qala bilməz. “Dəmir yumruq” əməliyyatı göstərdi ki, ordumuz sözün həqiqi mənasında qarşısıalınmazdır və istənilən missiyanı uğurla yerinə yetirməyə qadirdir. Bu isə o deməkdir ki, yeni bir qarşıdurma Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər. Ola bilsin ki, Ermənistan indiki məqamda Azərbaycanı yeni hərbi əməliyyatlara sövq etməklə özünü dünya ictimaiyyətinə qurban kimi təqdim etməyi planlaşdırır. Ermənistan belə təxribatlarla Azərbaycanın səbrini tükətməyə, onu yenidən anti-terror əməliyyatlarına başlamaq məcburiyyəti ilə üz-üzə qoymağa çalışır. Çalışır ki, Azərbaycan separatizmə qarşı yeni bir mübarizəsə start versin və yenə özünü bütün dünyaya qurban kimi təqdim edərək bildirsin ki, “məzlum xalq” Azərbaycanın hücumuna məruz qalıb. Hesab edirəm ki, Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır və məqsəd Azərbaycanın imicinə kölgə salmaq, onun zorakı, militarist obrazını yaratmaqdan ibarətdir”, - deyə C.Xəlilov vurğulayıb. Ehtiyatda olan polkovnik qeyd edib ki, rəsmi İrəvan mövcud reallığı dərk etməli, öz xalqının taleyi ilə oynamamalıdır. Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməkdə, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməkdə nə qədər qərarlı olduğunu bütün dünyaya göstərdi. “Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərməkdədir. Belə olan halda rəsmi İrəvanın yenə də təxribatlara əl atması, onun hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir anti-terror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu demək olacaq”, - deyə Cəlil Xəlilov əlavə edib.

Hamısını oxu