Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

YAP İdarə Heyətində videokonfrans keçirildi

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. YAP-ın mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iclasda partiyanın pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxşaxəli tədbirlər barədə qısa məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər müsbət nəticəsini verib. YAP da öz növbəsində? Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib. İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətlərinə dair hesabatlar dinlənilib. İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib. İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

2020-09-24 00:00:00
3523 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Əməkdar jurnalist Ağahüseyn Hüseynovu 85 illik yubileyi münasibətilə təbrik edib

İyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Veteran.gov.az Azertac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynovun peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim-jurnalist Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəklərdən biridir. Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Azertac-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıçı-publisist, baki-baku.az saytının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, baki-baku.az saytının layihə rəhbəri Dəniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, Ağahüseyn Hüseynovun qızı, pedaqoq Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, baki-baku.az saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi sözün məsuliyyətini daim diqqət mərəzində saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub. Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib. Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, sözə məsuliyyətlə yanaşmaq, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuatın deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Afət Abbasova əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl surətdə davam etdirəcək.

Hamısını oxu
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək”

Bunu Təşkilatın sədr müavini Cəlil Xəlilov açıqlayıb. O, qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə MSK-ya təqdim olunacaq:  “Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”.

Hamısını oxu
Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib. Məlumat üçün bildirək ki, Baxışov Seyfulla Abdulla oğlu 1925-ci il iyunun 19-da Şamaxıda anadan olub. 1943-cü ildə hərbi xidmətə çağırılıb, 840-cı atıcı artilleriya alayında xidmət edib. İkinci Dünya Müharibəsində Qafqazın müdafiəsinə qatılan Seyfulla Baxışov, Moskva ətrafında, habale Ukrayna və digər ərazilərdəki hərbi əməliyyatlarda yaxından iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Seyfulla Baxışovun vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!      

Hamısını oxu