Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər. Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını, eləcə də, veteranları Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın sülh və tərəqqi yolunda qətiyyətlə irəlilədiyini bildirən polkovnik Cəlil Xəlilov, bu yolun dövlətimizin və xalqımızın gələcək uğurlarının qarantı olduğunu vurğulayıb, xoş arzularını ifadə edib.
Hamısını oxu
Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib. “Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək. Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində qaliblər Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyev ilə görüş keçirib. Görüş zamanı iştirakçıların fərdi inkişaf planları müzakirə olunub, peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib. Mentorluq proqramı çərçivəsində iştirakçıların mövcud bacarıq və potensialının qiymətləndirilməsi məqsədilə SWOT təhlili aparılıb, onların güclü və inkişaf etdirilməsinə ehtiyac olan tərəfləri, eləcə də gələcək inkişaf imkanları müəyyənləşdirilib. Zakir İbrahimov iştirakçılarla idarəetmə, liderlik və peşəkar inkişaf sahələrində təcrübə və tövsiyələrini bölüşüb. O, mövcud bacarıqlardan səmərəli istifadə etməyin, eyni zamanda davamlı özünüinkişaf və sistemli yanaşmanın əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində mentilərin gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, onların peşəkar inkişafına dəstək məqsədilə müvafiq tövsiyə və tapşırıqlar verilib. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və praktik təcrübələrinin artırılmasına xidmət edir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub. Aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər. Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər. Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək. Qeyd edək ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara dəstək yönümlü layihə və aksiyaların təşkili davam etdiriləcək.
Hamısını oxu
Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir. Görüş barədə redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən məlumat verilmişdir. Cari ilin 26 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə digər məsələlər ilə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri haqqında danışılmış və bildirilmişdir ki, bilavasitə ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən sözügedən tədbirin qlobal informasiya məkanında təbliğində siyasi partiyalar tərəfindən aktiv mövqeyin nümayişi təqdirəlayiq haldır. Görüş zamanı xüsusi olaraq vurğulanmışdır ki, partiyaların ölkənin siyasi həyatında aktiv iştirak etməsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin təzahürüdür. Bu mənada demokratik ənənələrin inkişafında ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun rolu əvəzolunmazdır. Formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini vurğulayan Partiya sədri bildirmişdir ki, mövcud istiqamətdə atılan təşəbbüslər sayəsində partiyaların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir. A.Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyası tərəfindən həyata keçirilən cari layihələr və Partiyanın gələcək planları haqqında geniş məlumat vermişdir. Görüş əsnasında həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülmüş misilsiz layihələr barəsində söhbət aparılmışdır. Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu vurğulayan A.Bakuvi dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd etmişdir. Sonda Prezident Administrasiyasının rəsmisi Vəhdət Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulamışdır. Vəhdət Partiyasının Mətbuat xidməti
Hamısını oxu
Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.Görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.
Hamısını oxu
Onlar sərhədlərimizlə yanaşı, həm də tarix və mədəniyyətimizin keşiyində dayanır... Məlum olduğu kimi, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı böyük maraqla qarşılanıb. Xüsusilə də, DSX Hərbi Orkestri tərəfindən milli musiqi elementlərimizin yüksək peşəkarlıqla ifası ölkəmizə olan heyranlığın daha da artmasına səbəb olub. Almaniyanın Aachen şəhərində keçirilən tədbir bir daha sübut etdi ki, DSX Hərbi Orkestri milli musiqi mədəniyyətimizin təbliğində yaxından iştirak edir və bu sahədə mühüm xidmətlərə malikdir. Beynəlxalq tədbirlərdə DSX Hərbi Orkestrinin uğurlu çıxışları, klassik musuqilərlə yanaşı, həm də milli musiqi elementlərimizi ifa etməsi milli mədəniyyətimizin təbliğinə böyük töhfələr verməkdədir. Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev milli mədəniyyətimizin qorunması və təbliğinə mühüm önəm verib, bunu milli özünəməxsusluğumuzun əsas göstəricisilərindən biri kimi dəyərləndirib. Bu baxımdan DSX Hərbi Orkestrinin beynəlxalq müstəvidəki uğurları xüsusi əhəmiyyətə malikdir. Çünki bu uğurlar xalqımızın milli musiqisini təbliğ etməklə, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin mədəniyyətinə cəlb edir, bu mədəniyyətin ümumdünya mədəniyyəti baxımından necə böyük önəm kəsb etdiyini onlara əyani şəkildə göstərir. Eyni zamanda, DSX Hərbi Orkestrinin uğurları göstərir ki, sərhədçilərimiz yalnız sərhədlərimizin deyil, həm də tarix və mədəniyyətimizin keşiyində sayıqlıqla dayanmaqda, milli maraq və mənafeyimizi bütün müstəvilərdə müvəffəqiyyətlə müdafiə etməkdədirlər. İnanırıq ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalındna azad olunmasında yaxından iştirak edən sərhədçilərimiz, bundan sonra da beynəlxalq tədbirlərdə doğma Azərbaycanımızı uğurla təbliğ edəcək, onun hərbi qüdrəti ilə yanaşı, qədim tarix və zəngin mədəniyyətinin təbliğinə yeni-yeni töhfələr verəcəklər. Fərid İmranlı
Hamısını oxu
Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən bildirir ki, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak etmişdir. 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak etmişlər. Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalmışdır. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunmuş, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatmışdır. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşatmışdır. Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurmuş, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşımışdır. Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcəkdir. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.
Hamısını oxu
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxış edib. Çıxışında Ermənistanın mina terroruna diqqət çəkən ANAMA yetkilisi ermənilərin ən çox mina basdırdığı ərazilərdən birinin də qəbiristanlıq olduğunu qeyd edib: “Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi”. Samir Poladovun sözlərindən məlum olub ki, ermənilər həm də meşə sahələrində, su quyularında mina-tələlər basdırıb, partlayıcı mexanimzlər quraşdırıblar: “Mina və partlayıcı qurğular təkcə torpağın altında deyil, həmçinin meşəlik sahələrdə, ağacların üzərində və budaqlarında da yerləşdirilib. Daha bir fəlakətli məqam isə kəhriz quyuları ilə bağlıdır. Vaxtilə yerli əhalinin yeganə içməli su mənbəyi olan bu kəhriz quyularının içərisində, xüsusi şüşə butulkaların daxilində partlayıcı mexanizmlər quraşdırılıb. Üstəlik, demək olar ki, hər bir kəhriz sisteminin yaxınlığında qanunsuz hərbi bunkerlər yerləşdirilmişdi ki, bu da bərpa və təmizləmə işlərini ciddi şəkildə çətinləşdirir”. Samir Poladovun WUF13 çərçivəsində təşkil olunan tədbirdə səsləndirdiyi bu fikirlər erməni faşizminin terrorçu xislətini ifşa etməklə yanaşı, həm də son dərəcə anti-insani mahiyyət kəsb etdiyini isbat edir. Minaların cəbhə xəttində - hərbi əməliyyat meydanında deyil, qəbiristanlıqlarda – insanların öz doğmalarının məzarlarını ziyarət etdiyi müqəddəs bir məkanda basdırılması sübut edir ki, erməni vəhşiliyi heç bir sərhəd tanımır. Erməni faşizmi öz bədxah niyyətinə çatmaq üçün bütün insani-mənəvi prinsiplərə asanlıqla arxa çevirir, ən ikrahedici vasitələri belə bu yolda məqbul sayır. ANAMA nümayəndəsinin açıqlaması bu həqiqətin ən bariz nümunəsidir. Ermənilərin qəbiristanlıqları minalaması onların, onun həm də anti-dini mahiyyətinə dəlalət edir. Hər kəsə məlumdur ki, səmavi dinlərin hamısında qəbiristanlıqlar müqəddəs sayılır. Heç bir din ölülər üçün son mənzil, dirilər üçün görk olan bu məkanda nəinki kimisə qətlə yetirməyi, ümumiyyətlə, hər hansı zülm, zorakılıq və s. sərgiləməyi qəti qadağan edir. Lakin ermənilərin qəbiristanlıqları mina zonalarına çevirməsi göstərir ki, özlərini “antik xristian” adlandıran ermənilər, əslində, “din” və “Allah” məfhumundan tamamilə uzaqdırlar. Erməni faşizmi üçün yeganə “din” “Böyük Ermənistan” xülyasıdır. Hansı ki, bu xülya qurulduğu ilk gündən ölümə məhkumdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi 8 Noyabr zəfəri bunun ən böyük isbatıdır. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb. İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.
Hamısını oxu