Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib
Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə şair-pedaqoq İsmayıl Qocabəylinin "Heydərnamə" kitabının təqdimat mərasimini keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və qələm adamları iştirak ediblər. Tədbirdən öncə  ulu Öndər Heydər Əliyevin və canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman tədbiri giriş sözü ilə açaraq dahi rəhbər və müdrik siyasətçi Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, onun əbədiyaşar adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi vurğulayıb. Daha sonra o, dahi şəxsiyyətin nəsillərə örnək olan həyat yolundan bəhs edən "Heydərnamə" kitabının müəllifinə öz təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Heydər Ata mükafatı laureatı, şair Gülbala Teymur,  rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, YAP rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, şəhər 2 saylı məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, şəhid qardaşı, yazıçı Sakit Üçtəpəli, şəhid atası Fuad Vəlişov, Əfqaıstan müharibəsi veteranı Rəşid Mahmudov və başqaları çıxış edərək dünyanı heyran qoyan uzaqgörən lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətini yüksək qiymətləndiriblər  və onun  böyük bir şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını bildiriblər. Ulu Öndərə həsr olunmuş kitabın müəllifi şair-pedaqoq İsmayıl Qocabəyli öz çıxışında vurğulayıb ki, qələmə aldığım bu kitab ulu Öndərimizin  əziz xatirəsinə böyük  hörmət və ehtiramım olaraq veteran müəllim kimi töhfəmdir. Sonda tədbir iştirakçılarına təqdimatı keçirilən  ""Heydərnamə" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Hamısını oxu
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
ABŞ iki pilotun xilası üçün niyə milyonlar xərclədiyini açıqladı: “Onlara söz vermişdik!”
ABŞ iki pilotun xilası üçün niyə milyonlar xərclədiyini açıqladı: “Onlara söz vermişdik!”

Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib.  Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”
Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”

Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq. – Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür? – Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır. – Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur? – Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir. – Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür? – Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar  məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. – Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır? – Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər. – Bu məhsullar hormonal balansı da poza bilərmi? – Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər. – Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı? – Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır. – Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir? – Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər. Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir. Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər. – İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz? – İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. – Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz? – Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir. Seymur ƏLİYEV

Hamısını oxu
“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”
“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Bəylik Bağları”nın bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir”
“Bəylik Bağları”nın bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir”

Elman Məmmədov: “QDF və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin fəaliyyəti alqışlanmalıdır” Məlum olduğu kimi, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, tarixi bağlarımızın, meşələrimizin bərpası ilə bağlı maraqlı fikirlər səsləndirib, bunu dövlətimizin mühüm uğurlarından biri kimi dəyərləndirib: “Ermənilər işğal dönəmində yalnız əhalimizə qarşı soyqırımı törətməyiblər. Onlar eyni zamanda bütün tarixi, dini abidələrimizə, eləcə də təbiətimizə qarşı ciddi soyqırımı törədiblər. Meşələrin, nadir flora və fauna nümunələrinin məhvi işğal dövrünə xas rellıqlardır. İndi dövlətimiz işğaldan azad edilən ərazilərdə təbiətin bərpası, ekologiyanın yaxşılaşdırılması istiqamətində işlər görür. Bu gün bizim qarşımızda durn əsas vəzifələrdən biri yalnız tarixi binalarımızın deyil, eyni zamanda keçmişimizdən bizə yadigar qalan meşələrin, bağların bərpa edilməsidir. “Bəylk Bağları”nın bərpası istiqamətində atılan addımlar da bu qəbildəndir. “Bəylik Bağları”nın bərpa edilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən görülən işlər təqdir edilməli, alqışlanmalıdır. Bu, təbiətimizin bərpası istiqamətində atılan mühüm addımlardan biridir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpasında mühüm rol oynayır, çox vacib, həyati layihələr həyata keçirir. “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ də doğma Laçınımızın bərpa edilməsi, gözəlləşməsi ilə bağlı olduqca önəmli addımlar atıb, bu sahədə böyük uğurlar əldə edib. İnanıram ki, hər iki qurum bundan sonra da işğaldan azad edilən ərazilərimizin bərpasına, təbiətimizin yaxşılaşmasına yeni töhfələr verəcək, öz uğurları iə hər birimizi sevindirəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir
QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb. “İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir. “Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb. Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur. Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib. Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib. Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb. Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.  

Hamısını oxu
Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib
Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər.   

Hamısını oxu
“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”
“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”

Cəlil Xəlilov: “Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir”  “Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”. Bu sözləri saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca  dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir. Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir. Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur. Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır. Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı  arzuedilən olardı”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hikmət Hacıyevdən “sülhün Azərbaycan modeli” ilə bağlı tarixi mesaj... - TƏHLİL!
Hikmət Hacıyevdən “sülhün Azərbaycan modeli” ilə bağlı tarixi mesaj... - TƏHLİL!

Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol... Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”. Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib. Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir. Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir. Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”. Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir. Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur. Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür. Seymur ƏLİYEV  

Hamısını oxu
FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib
FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib. Dövlət Himninin sədləndirilməsi ilə tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirmiş, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik edib. Mehman İsmayılov çıxışı zamanı qeyd edib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Natiq, ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulamış, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumların böyük payı olduğunu diqqətə çatdırıb. Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev olkəmizdə son illərdə həyata keçirilmiş və hazırda davam etdirilən tikinti işləri barədə geniş məlumat veribdir. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atmış və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir. Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirmişlər. Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən agentliyin, aparat və qurumlarında həmçinin FHN-nin Əsaslı Tikinti İdərəsində çalışan, xidməti fəaliyyətində fərqlənən inşaatçılar, həmçinin yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 40 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.  

Hamısını oxu
“Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib
“Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib

10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri,  ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib. Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub. Seymur ƏLİYEV      

Hamısını oxu