Ən son xəbərlər
Dünən Respublika Veteranlar Təşkilatında 28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib: “Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”. Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib: “Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir. Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 21-də videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr, həmin müzakirələr zamanı səslənən fikirlər və onlardan irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib. Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən tədbirdə səsləndirdiyi fikirləri geniş şərh edib, bu çıxışda irəli sürülən mülahizələrin sadəcə Azərbaycanın deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “30 illik işğal faktının bütün regionda sülh və tərəqqinin inkişafına mənfi mənada təsir göstrərdiyi, ciddi problemlərə səbəb olduğu məlumdur. Qürurvericidir ki, 30 ilə yaxın müddətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğaldakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bu gün regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektiv açılıb. Ölkə başçısı mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirələr zamanı da bu məsələyə diqqət çəkdi. Prezident qeyd etdi ki, məhz erməni işğalı son 30 ildə regionda sülh və əməkdaşlıq üçün əsas maneə təşkil edir, ciddi problemlər yaradırdı. Lakin artıq bu problem ortadan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi Qafqaza, bütün regiona sülh gətirib”. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın işğal siyasəti onun özü üçün acınacaqlı nəticələrə səbəb olub: “Məsələ bundadır ki, Ermənistanın işğal siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistan böhrandan çıxmaq, normal iqtisadi inkişafa nail olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməli, təxribatçı və məkirli addımlardan imtina etməlidir. Ermənistan anlamalıdır ki, regionda əməkdaşlıq hər kəsdən daha çox onun özü üçün gərəklidir. Çünki bu gün Ermənistanın necə ağır bir böhranla üzləşdiyi bütün dünyaya məlumdur”. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün geniş imkanlar yarandığını, bu imnkanları düzgün dəyərləndirmək üçün bütün region dövlətlərinin prezident İlham Əliyevin səylərini dəstəkləməsinin vacib olduğunu qeyd edib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının filial sədrləri də Prezident İlham Əliyevin sülh və əməkdaşlıq səylərinin bütün regionun bugünü və gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bakı, 21 may, AZƏRTAC Ermənistanın otuz il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı. İşğal və terror siyasəti hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə ağır böhran yaşayan Ermənistanın indiki acınacaqlı durumuna səbəb olan əsas amillərdir. Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib. Polkovnik bildirib ki, işğal siyasəti nəinki Ermənistanın inkişafının qarşısını alıb, hətta onu illərlə geriyə salıb. Bu ölkə son 30 ildə həyata keçirdiyi işğalçılıq siyasətinin region üçün ağır fəsadlara səbəb olduğu, özündən sonra ciddi problemlər qoyduğu birmənalıdır. Lakin bu bir həqiqətdir ki, işğal və terrorçuluq siyasətinin ən acınacaqlı duruma saldığı ölkə elə Ermənistanın özüdür. Baxın, son otuz il ərzində işğal faktına, bir milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, ölkəmiz bütün sahələrdə çox böyük inkişafa nail olub. İqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan çoxsaylı regional və qlobal layihələr həyata keçirib, bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilib. Ermənistan isə Qarabağdakı təbii sərvətlərimizi vəhşicəsinə istismar etməsinə baxmayaraq, ağır iqtisadi böhranla üzləşib. Kütləvi işsizlik, həyat səviyyəsinin sürətlə aşağı düşməsi, xarici borcun kəskin şəkildə artması, rüşvət və korrupsiyanın çiçəklənməsi, regional layihələrdən kənarda qalmaq Ermənistan üçün son otuz ildə xarakterik olan başlıca amillərdir. Bütün bu faktlar onu göstərir ki, bu ölkə işğalçılıq siyasəti həyata keçirməklə ən böyük ziyanı məhz özünə vurub. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan regionda yeni sülh və quruculuq mərhələsinin başlandığını elan etdi. Lakin görünən odur ki, Ermənistan hazırda Azərbaycanın əməkdaşlıq səylərini dəstəkləmək istəmir. Halbuki, Azərbaycanın əməkdaşlıq səylərini cavabsız qoymaq, torpaq iddialarını davam etdirmək, müxtəlif təxribatlara əl atmaq Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər. Çünki Azərbaycanın mövqeyi bəlli və birmənalıdır. Azərbaycan açıq şəkildə bəyan edib ki, o, hər cür terror və təxribatçılıq cəhdinə sərt reaksiya verəcək, bu kimi hallarda “Dəmir yumruq” özünü bütün əzəməti və sərtliyi ilə göstərəcək. “Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi onun məkrli niyyətindən xəbər verir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Bu isə mülki şəxslər və hərbçilərimiz arasında tələfatlara səbəb olur. Bu, faktiki olaraq mina terrorunun davam etdirilməsi deməkdir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın bu təxribatını davamlı şəkildə ifşa etməkdə və qınamaqdadır. Lakin beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də bu məsələdə Ermənistana təzyiq göstərməli, minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir. Çünki Ermənistanın Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməməsi, bədxah əməllərini davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına mane ola, bölgədə yeni bir gərginliyin meydana gəlməsinə səbəb ola bilər. Bunun olmaması üçün Ermənistana dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərin göstərilməsi vacibdir”, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.
Hamısını oxu
Moderator.az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Yazgül Abdıyeva ‘Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırıb. Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov ,Habil Alısoy və digər ziyalılar çıxış etdilər. Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılıb və çap olunub. Kitabın ərsəyə gəlməsində böyük əmək sərf edən Vahid Aslana da mnnətdarlıq ifadə olunub.
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir. Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək. Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur” “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”. Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir: “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur. Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi. Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər. Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır” Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir: “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”. Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib: “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır. 2020-ci ilin 10 noyabr bəyanatından sonra Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib. Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 14-də Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub. Tədbridə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını, onların daim minnətdarlıq hissi ilə yad ediləcəyini bildirib. Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanım, kompleksin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, bu cür addımların şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, o cümlədən rayon ziyalıları iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 15-də şəhid Muradov Elxan Murad oğlunun Sabirabad rayonu Əhmədabad kənd qəbiristanında məzarı ziyarət olunub. Şəhidin doğum günündə reallaşan ziyarətdə Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP-ın rayon təşkilatının sədri, kənd icra nümayəndəsi, rayonun axundu, şəhidin döyüş yoldaşları, müəllimləri və s. iştirak edib. Əslən Axıska türkü olan Elxan Muradovun məzarı önündə çıxış edənlər şəhidlərimizə olan sevgi və ehtiramın xalqımızın qəlbində sonsuza qədər yaşayacağını bildirib, onların gənclərimizə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir. Allah rəhmət eləsin!
Hamısını oxu
Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.
Hamısını oxu