Ən son xəbərlər
Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində deyilir: “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb. Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”. Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.
Hamısını oxu
Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir. Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik. UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər: Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.
Hamısını oxu
Cəlil Xəlilov: “Dövlət Təhlükəsizliyi Xidmətinin bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağına əminəm” Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramıdır. Bununla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ona yönəlik təhdid və təhlükələrin önlənməsində mühüm rol oynadığını bildirib: “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizliyi Xidməti dövlət təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin tarixinə, keçdiyi yola nəzər salsanız görərsiniz ki, bu qurum dövlətçilik tariximizin ən çətin, keşməkeşli vaxtlarında təhlükəsizliyimizin qorunmasında, terror aktlarının, təxribatların qarşısının alınmasında mühüm rol oynayıb, istər ölkə daxilindəki, istərsə də ölkə xaricindəki terrorçu qüvvələrə qarşı uğurla mübarizə aparıb. 44 günlük Vətən Müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin öz işini yüksək səviyyədə təşkil etməsi, həm ölkə daxilində təhlükəsizliyi qoruması, həm də erməni işğalçılarına qarşı mübarizədə ordumuza ciddi dəstək verməsi adıçəkilən qurumun ölkəmiz üçün nə dərəcə mühüm rol oynadığını göstərir. Bu baxımdan həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti heç şübhəsiz alqışlanmalı və təqdir edilməlidir”. Cəlil Xəlilov son iki ildə Dövlət Təhlükəsizliyi Xidmətinin öz peşəkarlığını daha da artırdığını, dünyanın qabaqcıl dövlətlərinin xüsusi xidmət orqanları ilə müqayisəolunacaq səviyyəyə yüksəldiyini vurğuladı: “Dövlət Təhlükəsizliyi Xidmətinin inkişafı, onun maddi-texniki bazasının güclənməsi, öz fəaliyyətini müasir dövrün tələbləri əsasınd qurması, dəyişən dünyamızın modern tələblərinə sürətlə uyğunlaşması ölkə başçımızın hər zaman diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Məhz prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidməti bu gün bütün dünyanın ən qabaqcıl xüsusi xidmət orqanlarında birinə çevrilib. İstər Rusiya, istər ABŞ, istərsə də digər Avropa dövlətləri, bu dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığını yüksək səviyyədə qiymətləndirməkdədir. Medianın özündə bununla bağlı çoxsaylı informasiyalara, bəyanat və açıqlamalara rast gəlmək mümkündür. Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının artırılmasında bu sahədə həyata keçirilən kadr islahatlarının da mühüm əhəmiyyəti vardır. Xatırladım ki, təxminin iki il bundan öncə - dövlət başçısının 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə general Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində keyfiyyət etibarı ilə yeni dövr başladı. Son iki ildə Dövlət Təhlükəsizlik Xidmətinin sadəcə xarici təhdid və təxribatlara deyil, eyni zamanda ölkə daxilində rüşvət və korrupsiyaya qarşı apardığı uğurlu mübarizə buna sübutdur. Dövlət Təhlükəsizliyi Xidmətinin xalq arasında sürətlə artan nüfuzu, öz sıralarını əsl peşəkarlar hesabına möhkəmləndirməsi, beynəlxalq əlaqələri inkişaf etdirməsi yaxın keçmişimizin qürur duyulacaq mühüm olaylarından biridir”. Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini, xidmətdə fərqləndiyi üçün təltif edilən əməkdaşlarını təbrik edən Cəlil Xəlilov, adıçəkilən qurumun bundan sonra da vətənə layiqincə xidmət edəcəyinə inamını ifadə edib: “Mən peşə bayramı münasibəti ilə həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin bütün şəxsi heyətini təbrik edirəm. Ölkə başçısı bir neçə gün bundan öncə xüsusi xidmət orqanlarının peşə bayramı münasibəti ilə bu sahədə çalışan bir sıra şəxsləri yüksək hərbi rütbələr, orden və medallarla təltif edib. Mən həmçinin ölkə başçısının müvafiq Sərəncamı ilə təltif edilən, ali hərbi rütbələr, orden və medallar alan əməkdaşlaırnı təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, məkirli qüvvələrin hər cür təxribatının qarşısını çevik şəkildə alacaqdır. Mən bu müqəddəs, şərəfli işdə Dövlət Təhlükəsizliyi Xidmətinə, onun fədakar əməkdaşlarına uğurlar arzulayır, onların peşə bayramını təbrik edirəm”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir” Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb. Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib: “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur. Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir. Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, martın 18-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı gənclərlə görüş keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması idi. Tədbirdə ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Birinci Qarabağ müharibəsinin veteran iştirakçısı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev dəyirmi masa ətrafında çıxış edərək ilk öncə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə onlara öz təşəkkürlərini bildiriliblər. Qeyd olunub ki, Vətən müharibəsində qələbənin qazanılmasında Siyəzən gəncləri də böyük rəşadət və qəhrəmanlıq göstəriblər. Ölkəmizin digər bölgələrindən olan gənclər kimi Siyəzən gəncləri də yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Müddətli hərbi qulluqda olanlarla yanaşı cəbhəyə getmək üçün yüzlərlə könüllü gənc döyüşlərdə iştirak etmək üçün müraciət edib. Qismən səfərbərlik və könüllülük çağırışına 300-ə qədər gənc qoşulub. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsində 20 siyəzənli gəncimiz şəhid olub. 100-ə yaxın siyəzənli gənc yaralanıb. 130-dan çox müharibə iştirakçısı olan gəncimiz müxtəlif orden və medallara layiq görülüb. Tədbirin sonunda döyüşlərdə fəal iştirak etdiyinə görə idmançı gənclər idarə tərəfindən fəxri fərmanlarla təltif edilib və xatirə şəkli çəkdirilib. Tədbir “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2 və 5.1.10 yarımbəndlərinin icrasının təmin olunması ilə əlaqədar xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunub.
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Əli müəllim. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz. Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz. Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz. Hörmətli Əli müəllim, Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.
Hamısını oxu
Cəlil Xəlilov: “Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməməsini pisləyib, bunu məsuliyyətsiz davranış kimi şərh edib. Veteran.gov.az-a açıqlamasında Ermənistanın bu məkirli addımına toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, rəsmi İrəvanın yaxın tarixdən dərs çıxarmasının vacibliyini qeyd edib: “Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir. Bu, onu göstərir ki, rəsmi İrəvanın hələ də 10 noyabr üçtərəfli sazişinin şərtlərini tam olaraq yerinə yetirməklə bağlı müəyyən tərəddüdləri var. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdə müşahidə edilən ləngimələr, Ermənistan daxilində səslənən cəfəng xarakterli revanşist fikirlər buna sübutdur. Lakin İrəvan anlamalıdır ki, bu kimi addımlar Ermənistan üçün ağır faciələrə səbəb ola bilər. Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-dən çoxunu məhv etdi. Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz çökən Ermənistan kapitulyasiyaya imza atdı. Əgər Ermənistan yaşadığı ağır məğlubiyyətdən də dərs çıxarmaq, ibrət almaq istəməsə, o zaman bir dövlət olaraq mövcudluğu sual altına düşəcək və heç bir qüvvə onu məhv olmaqdan xilas edə bilməyəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Bakı, 16 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi arasında görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, tədbirdən öncə qaziləri Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qaziləri təşkilatın fəaliyyəti ilə yaxından tanış edib, onların suallarını cavablandırıb. Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə çıxış edən təşkilatın sədri Fatma Səttarova, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın sadəcə milli tariximizə deyil, bütövlükdə dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib, qazilərə bayram sovqatı verilib. Seymur ƏLİYEV
Hamısını oxu
"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində vurğulanır ki, Teymur Əhmədov peşə fəaliyyəti dövründə ölkə jurnalistikasının inkişafına mühüm töhfələr verib, hər zaman mili maraqların, dövlətçilik maraqlarının keşiyində dayanıb. Şəhid ailələri, qazi və veteranlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşan Teymur Əhmədov, veteranlarla əlaqədar çoxsaylı tədbir və görüşlərin işıqlandırılmasında, onların arzu və istəklərinin əlaqədar qurumların diqqətinə çatdırılmasında, veteranlara dövlət dəstəyi ilə bağlı layihələrin ictimailəşməsində mühüm rol oynayıb. Bu səbəbdən də Teymur Əhmədov sadəcə yaxınlarının, media nümayəndələrinin, ictimai-siyasi fəalların deyil, eyni zamanda veteranların qəlbində hər zaman yaşayacaq, dərin hörmət və ehtiram hissi ilə yad ediləcək. Məlumat üçün qeyd edək ki, Teymur Əhmədov 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru olub.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir” 44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib: “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib. Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər. Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır. Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür. İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Xəzər rayonunda qazilərlə görüş keçirib. Veteran.gov.az xəbər verir ki, 12 mart 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər rayon VT nin sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən Müharibəsi iştiakçıları Nurlan Şıxəliyev, İlham Məmmədyarov, Mikayıl Zeynalov, Birinci Qarabağ müharibəsi veteranları Tahir Abdullayev, Əliqulu Məmmədov və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Daha sonra çıxış edən Adil Haqverdiyevin təşəbbüsü ilə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədrin müavini, polkovnik Cəlil Xəlilovun salamını tədbir iştirakçılarına çatdıran Adil Haqverdiyev, Vətən müharibəsi iştiakçıları ilə yaxından tanış olub. Azərbaycanın 44 günlük müharibədə düşmənlərə öz “Dəmir yumruğu”nu göstərdiyini bildirən Adil Haqverdiyev, ordumuzun bundan sonra da hər cür təxribatı qətiyyətlə dəf edəcəyini vurğulayıb. Daha sonra çıxış edən edən Xəzər rayonu VT-nin sədr müavini Samir Məmmədov Respublika Veteranlar Təşkilatının qazilərlə bu cür görüşlərini müsbət qiymətləndirib, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib. Xoş ovqat şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu