Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.  

Hamısını oxu
General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib
General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki... - TƏHLİL!
ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki... - TƏHLİL!

28 fevral 2026-cı il tarixindən etibarən ABŞ-İsrail koalisiyasının İranla bağlı başlatdığı hərbi əməliyyatlar davam edir. Müttəfiqlərin hücumuna cavab olaraq İran ABŞ-ın Yaxın və Orta Şərq ölkələrindəki hərbi bazalarına da zərbələr endirir ki, bu da müharibə arenasının daha da genişlənməsi deməkdir.  Hələlik hərbi əməliyyatların nə zamana kimi davam edəcəyi bəlli olmasa da, müharibə milli, regional və qobal təhlükəsizliklə bağlı mövcud problemləri yenidən aktuallaşdırıb. Azərbaycanın cənub qonşusunda cərəyan edən hadisələr bir daha sübut edir ki, müharibə və münaqişələrin sürətlə artdığı dünyamızda heç bir dövlət tam olaraq hərbi müdaxilə və zorakılıqdan sığortalanmış deyil. Məhz bu reallıq hər bir dövlətin özlüyündə güclü olmasını, müdafiə və təhlükəsizlik qabiliyyətini dinamik şəkildə yüksəltməsini zəruri edir. Əslində ABŞ-İran müharibəsinin Prezident İlham Əliyevin uzaqgörənliyi ilə bağlı sübut etdiyi ən böyük həqiqət də məhz budur: Təhlükəsizlik bir nömrəli prioritetdir və heç bir halda ikinci plana keçirilə bilməz! Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın 2025-ci il üçün hərbi büdcəni 8,4 milyard manata çatdırdığına diqqət çəkib, bunu zəruri edən səbəblərə toxunub: “Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”. (https://azertag.az/xeber/azerbaycan_respublikasinin_prezidenti_ilham_eliyevin_dunya_azerbaycanlilarinin_hemreyliyi_gunu_ve_yeni_il_munasibetile_muracieti_video-3357987 ). Dövlət başçısı 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı zamanı da güc faktorunun müasir dünyamızda əsas rol oynadığını, bu faktorun alternativinin olmadığını bildirib: “Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq”. (https://president.az/az/articles/view/70689 ). Prezident İlham Əliyev bu və digər çıxışlarında səsləndirdiyi oxşar fikirlər, o cümlədən bu fikirlər fonunda dünyada baş verən proseslər Müzəffər Ali Baş Komandanın beynəlxalq aləmdəki prosesləri necə  dəqiq dərk etdiyini, bu qavrayışı xalqa necə aydın təlqin etdiyini göstərir. Dövlət başçısı öz çıxışlarında açıq şəkildə bildirir ki, Azərbaycanın hərbi büdcəsini mütəmadi surətdə artırması beynəlxalq aləmdəki vəziyyətdən, beynəlxalq hüququn zəifləməsi və zorakılığın artmasından qaynaqlanır. Bu səbəbdən də, Azərbaycanın müdafiə qabiliyyətini artırması seçim deyl, bir məcburiyyət olaraq ortaya çıxır. Bu gün cənub qonşumuzda davam edən müharibə - onun dağıdıcı təsirləri bir daha İlham Əliyevin təhlükəsizlik məsələsinə niyə bu qədər mühüm önəm verdiyini izah edir. Bu fakt sübut edir ki, çağdaş dünyamızda kimin haqlı olmasından daha çox, kimin güclü olması daha mühüm rol oynayır. Bu gün yalnız o dövlətlər pozulan hüquq və haqqını bərpa edə bilir ki, onun bunun üçün kifayət qədər gücü var. Və bu həqiqətin ən böyük örnəyi Azərbaycan, onun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdir. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycandan Fransa və Rusiyaya mərdlik dərsi - TƏHLİL!
Azərbaycandan Fransa və Rusiyaya mərdlik dərsi - TƏHLİL!

Paris və Moskva bu dərsdən nəticə çıxaracaqmı? ABŞ-İsrail koalisiyası ilə İran arasında başlayan müharibə dörd gündür ki, davam edir. Bu müddət ərzində yüzlərlə əcnəbi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək müharibə zonasından canlarını qurtararaq dövlətimizə pənah gətirib, buradan isə öz ölkələrinə yola salınıblar. İrandakı müharibə səbəbi ilə Azərbaycana üz tutanlar arasında Fransa və Rusiya vətəndaşları da olub ki, onlara da digər əcnəbilər kimi qayğı ilə yanaşılıb, bu şəxslərin öz vətənlərinə təhlükəsiz şəkildə getmələri üçün hər cür dəstək göstərilib. Məhz bu dəstəyin nəticəsidir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir "X" sosial şəbəkəsindəki payaşımında yazıb: “Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”. Səfir Sofi Laqutun bu paylaşımı Azərbaycanın Fransa vətəndaşlarına, onların həyat və təhlükəsizliklərinə olan qayğıkeş münasibətin rəsmi təsdiqidir. Bu, həm də Azərbaycanın insani-bəşəri dəyərlərə verdiyi önəmi göstərir. 2 mart 2026-cı il tarixli məlumata görə, Azərbaycan sərhədi vasitəsilə İranı 39 Rusiya vətəndaşı tərk edib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Buna görə Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib. Teleqram kanalında yer alan tməlumatda deyilir: “Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”. 3 mart 2026-cı il saat 10-a qədər isə Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiya vətəndaşlarının sayı 127-ə çatıb. Başqa sözlə desək, bugünə qədər 127 Rusiya vətəndaşı Azərbaycan sayəsində öz təhlükəsizliyini təmin edib. Azərbaycanın Fransa və Rusiya vətəndaşlarına göstərdiyi həyati yardım istər-istəməz adıçəkilən dövlətlərin ölkəmizə olan münasibətini yada salır. Hansı ki, 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirən Fransa, bu gün də Ermənistanı silahlandırmaqda, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirməkdədir. Rusiya isə 25 dekabr 2025-ci il tarixində öz səmasında vurduğu  “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi ilə bağlı ölkəmizin irəli sürdüyü tələbləri hələ də yerinə yetirmir, təyyarənin vurulması faktını inkar etməyə çalışır. Xatırladaq ki, AZAL-a məxsus təyyarənin vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi  ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır. Bəli, Azərbaycan məhz bu prinsipial, həyati məsələlərdə Fransa və Rusiyaya heç vaxt unudulmayan, heç vaxt unudulmaması gərəkən dərs verdi. İnci isə cavablandırılması gərəkən ən başlıca sual budur: Paris və Moskva bu dərsdən, lazımi nəticə çıxaracaqmı? Bax bunu, zaman göstərəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır”
“Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır”

“Azərbaycan “beş od” arasında sürətli inkişaf yolunda qətiyyətlə addımlamaqdadır” Sona Əliyeva: “Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək mümkündür” Məlum olduğu kimi, fevralın 28-dən Azərbaycanın cənub qonşusu olan İranda müharibə başlayıb. Hansı ki, şimal qonşumuz olan Rusiya  da 5-ci ildir ki, Ukrayna ilə müharibə aparır. Yerləşdiyimiz coğrafiyada əksər dövlətlərin müharibə və münaqişələrə cəlb olunduğu bir zamanda Azərbaycanın sülh siaysətinə sadiq qalması, öz bitərəfliyini və təhlükəsizliyini qoruyub saxlaması dövlətimizin, Prezidentimizin tarixi uğurlarından biri kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva Azərbaycanı regionun sülh adası kimi xarakterizə edib və bu reallığın Prezident İlham Əliyevin uzaqgörən siysətindən qaynaqlandığını bildirib: “Hazırda Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır. Şimal qonşumuz Rusiya beş ildir ki, Ukrayna bataqlığından çıxa bilmir. Cənubumuzda İranın durumu göz önündədir. İran dövlətçilik tarixinin ən ağır günlərini yaşayır. Ermənistan və Gürcüstanda da daxili böhran, siyasi hərc-mərclik zaman-zaman baş qaldırır. Amma Azərbaycan cənab prezidentin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində “beş od” arasında sürətli inkişaf yolunda qətiyyətlə addımlayır. Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutmuş, xalqın birgə iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və siyasi baxımdan möhkəmlənir, əhalinin rifahı yüksəlir. Dövlətimizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Bu gün Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək, öz maraqlarına əsaslanan qərarlar qəbul etmək mümkündür. Dünya miqyasında müharibələrin, qarşıdurmaların artdığı bir dövrdə ölkəmiz sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi fərqlənir. Bu isə bir daha göstərir ki, cənab Prezidentin ağıllı, məqsədyönlü və sistemli siyasəti Azərbaycanı regionun və dünyanın aparıcı ölkələrindən birinə çevirir. Bu gün Azərbaycan Qərblə münasibətlərində mühüm rol oynayır, eyni zamanda Yaxın Şərqdə, Afrikada və dünyanın müxtəlif bölgələrində fəal diplomatik xətt yürüdür. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz bu qələbələri, bu inkişafı yaşayırıq. Bu gün Qarabağ yenidən qurulur, dirçəlir və daha da inkişaf edir. Azərbaycan möhkəmlənir, güclənir və gələcəyə inamla addımlayır”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə veteranı Etibar Gülverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib
Müharibə veteranı Etibar Gülverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Müharibə veteranı Etibar Gülverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşəkkür məktubunu oxucuların diqqətinə çatdırırıq:  

Hamısını oxu
Müharibə cəhənnəmi içərisində sülh cənnəti... -TƏHLİL!
Müharibə cəhənnəmi içərisində sülh cənnəti... -TƏHLİL!

İlham Əliyev möcüzə yaratmaqda davam edir! Artıq bir neçə gündür ki, ABŞ-İran müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin də qatıldığı müharibədə on minlərlə hərbçidən, yüzlərlə hərbi təyyarədən, ən müasir raket sistemlərindən istifadə olunur ki, bu da müharibənin nəticələrini daha dağıdıcı və ölümcül edir. ABŞ-İran müharibəsi ilə bağlı diqqət çəkən nüanslardan biri də müharibənin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər, Oman, İordaniya kimi ölkələrə də yayılmasıdır. Belə ki, ABŞ-İsrail koalisiyasının hücumundan sonra Amerikanın Yaxın və Orta Şərqdəki bazalarını hədəf alan İran, bir sıra ərəb ölkələrinin ərazisinə raket hücumları reallaşdırıb. Nəticədə, mülki infrastrukturda ciddi dağıntılar və itkilər baş verib. Hansı ki, məlum hücumların növbəti günlərdə də davam etməsi ehtimalı böyükdür.  ABŞ-İran qarşıdurması müharibəsi müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda gərginliklərin azalmadığını, əksinə, artdığını göstərir. Bu isə hər bir dövlət və xalqın təhlükəsizlik problemini aktuallaşdırmaqdadır. Xatırladaq ki, bu gün dünyada qaynar nöqtələrdən biri də məhz Azərbaycanın yerləşdiyi coğrafiya hesab olunub. Azərbaycanın şimal qonşusu olan Rusiya 4 ildən çoxdur ki, Ukrayna ilə üzücü və qüvvətükədən müharibə aparmaqdadır. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstanda Abxaziya və Şimali Osetiya problemi mövcuddur ki, dondurulmuş vəziyyətdə olan məlum problemin nə zaman öz həllini tapacağı ilə bağlı xırda ehtimal belə mövcud deyil. Cənub-qərb qonşumuz olan Ermənistanda isə müharibə olmasa da, ölkə dövlət-kilsə qarşıdurmasından, habelə, müxtəliv siyasi qüvvələr və klanlar arasındakı mübarizədən əziyyət çəkməkdədir. Hazırda Azərbaycanın cənub qonşusu olan İranda baş verən müharibə isə bütün digər problemləri kölgədə qoymaqda, regionun gələcəyi ilə bağlı mövcud narahatlıqları daha da artırmaqdadır. Məhz belə bir şəraitdə yalnız Azərbaycan müharibə və qarşıdurmaların fövqündə dayanıb ki, bu da Prezident İlham Əliyevin uzaqgörənliyindən, nəhəng siyasi dühasından qaynaqlanır. Bu gün Azərbaycan müharibə cəhənnəmi içərisindəki sülh adası təsiri bağışlamaqda, müharibədən əziyyət çəkən insanlar üçün xilas mənbəyi, təsəlli rolunu oynaqmaqdadır. Fevralın 28-dən bugünə qədər İrandakı müharibə səbəbi ilə cənub sərhədləri vasitəsilə Azərbaycana yüzlərlə əcnəbi pənah gətirib ki, bu da ölkəmizin ənənəvi humanitar missiyasına sadiqliyindən xəbər verir. Bu gerçək bir daha sübut edir ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının siyasi səriştəsi sayəsində qaynar qazan təsiri bağışlayan planetimizdə öz təhlükəsizliyini və toxunulmazlığını uğurla qorumaqda, bütün təhdid və təhlükələri müvəffəqiyyətlə dəf etməkdədir. Bu fakt həm də İlham Əliyevin heyrətləndirmək bacarığından, möcüzə yaratmaq səriştəsindən xəbər verir. Dörd bir tərəfdən müharibə və münaqişələrlə dövrələndiyi bir zamanda Azərbaycanın sülhə sadiq qalması, öz bitərəfliyini qoruyub saxlaması diplomatiyamızın tarixi uğuru, tarixi nailiyyətidir. Və bu uğur Prezident İlham Əliyev 9 fevral 2026-cı il tarixində ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə görüşü zamanı səsləndirdiyi tarixi ifadəni yada salır: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Ağdamda şəhid Sərvan Göyüşovun doğum günü qeyd olunub
Ağdamda şəhid Sərvan Göyüşovun doğum günü qeyd olunub

28 fevral 2026-cə il tarixində Ağdam rayonunda anadan olmuş 44 günlük Vətən müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oğlunun doğum günü qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, tədbirdə Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, təşkilatın üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və veteranlar iştirak ediblər. Qeyd edək ki, Sərvanın atası Mehman Göyüşov Birinci Qarabağ müharibəsinin iştirakçısı, əmisi isə Birinci Qarabağ müharibəsinin şəhididir.  

Hamısını oxu
Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!
Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!

Ermənistan Baş naziri Nikol Paşinyanın Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış arasında imzalanan sənəd iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur. Siyasi dönüklük, yaxud, İrəvan yenə bir əldə iki qarpız tutmaqda davam edir... Erənistanla Polşa arasında imzalanan hərbi-texniki sazişlə bağlı xeyli sayda qəribə və şübhəli məqam mövcuddur. Bu məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu halda NATO üzvü olan Polşa ilə açıq hərbi əməkdaşlıq etməsidir.   Fərqli və bir-birinə aşkar zidd olan hərbi qurumlardan birinin üzvü olduğu halda, digər quruma üzv olan ölkə ilə əməkdaşlıq İrəvanın bir əldə iki qarpız tutmaq mərəzi kimi dəyərləndirilə bilər. Hansı ki, bundan öncə də Ermənistanın Rusiya ilə Qərb arasında kəskin manevrlər və dönüşlər etdiyi, bəzi hallarda isə özündə hər iki qütbə aid hərbi qüvvələri cəmlədiyi müşahidə olunub. Buna nümunə olaraq Ermənistanda illər uzunudur ki, Rusiyaın 102 nömrəli hərbi hissəsinin mövcudluğu fonunda, həm də Avropa İttifaqının hərbçilərdən ibarət monitorinq missiyasının fəaliyyətini göstərmək olar. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirməsi də rəsmi İrəvanın siyasi dönüklüyünün, qeyri-səmimiliyinin təzahürüdür. İrəvanın davranışları sülhdən daha çox müharibədən xəbər verir! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda sülh mətninin paraflanması iki dövlət arasında de-fakto sülhü təmin etdi. Ermənistan rəsmiləri post-müharibə dönəmində sülhlə bağlı yüzlərlə bəyanat verib ki, bu açıqlamaların hər birində sülhün etibarlı və uzunmüddətli olmasının vacibliyi qeyd olunub, İrəvan isə az qala sülh carçısı elan edilib. Lakin post-müharibə dönəmində İrəvanın atdığı əməli-praktiki addımlar Ermənistanın sülhdən daha çox müharibəyə hazırlaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa və Hindistandan çoxlu sayda silah-sursat və hərbi texnika alması, habelə, ABŞ, Yunanıstan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə cəhd göstərməsi və nəhayət Polşa ilə imzalanan məlum hərbi-texniki əməkdaşlıq sazişi buna nümunədir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli arasında dərin bir uçurum, böyük bir fərq mövcuddur və bu fərq hər ötən gün sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycandakı Hərbi Qənimətlər Parkının Ermənistan hesabına daha da zənginləşməsi ehtimalı var və bu ehtimalın reallaşmasına görə bütün məsuliyyət İrəvanın üzərinə düşəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral 2026-cı il tarixdə Respublika Veteranlar Təşkilatının iş planına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Elmira Ibrahimova, tarix müəllimi Sevda Bağırova, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, məktəbin müəllim və şagird kollektivi iştirak edibər. Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nümayiş olunan Xocalı soyqırımına həsr olunmuş videoçarxda, soyqırım hadisələri ilə yanaşı müasir dövrdə Qarabağda dinc quruculuq işlərinin vüsət alması əksini tapıb. Məktəbin şagirdləri dəyirmi masa ətrafında faciənin tarixi haqqında təhlili məlumatlarla çıxış edərək eyni zamanda, tədbir iştirakçılarını Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış ediblər. Tədbir çıxışlarla davam etdirilib. Çıxış edən qonaqlar, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova xalqımızın milli mübarizə tarixi və Respublikamızın ərazi bötövlüyünün qorunması uğrunda baş verən tarixi hadisələrdən bəhs ediblər. Xocalı faciəsinin tariximizə qan yaddaşı və tariximizin acı  səhifəsi kimi həkk olunduğunu bildiriblər.  Məktəbin direktor müavini Elmira Ibrahimova və tarix müəllimi Sevda Bağırova milli yaddaşımızdakı tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən  danışaraq milli vətənpərvərlik ruhunun qorunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən yüksək dəyərimiz olduğu qeyd edilərək, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda xatirə şəkli şəkilib.

Hamısını oxu
“Soyqırım Memorial Kompleksi faciə qurbanlarına olan ümumxalq ehtiramının zirvəsidir”
“Soyqırım Memorial Kompleksi faciə qurbanlarına olan ümumxalq ehtiramının zirvəsidir”

“Xocalı şəhərində, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, Prezidentin və birinci xanımın iştirakı tarixi hadisədir. Soyqırım Memorial Kompleksinin məhz hadisənin baş verdiyi ərazidə inşa olunması, tarixi yaddaşın qorunması, erməni faşist-millətçilərinin həyata keçirdikləri soyqırım siyasətinin gələcək nəsillərə çatdırılması baxımından ən doğru vasitə, dərin düşünülmüş qərardır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, kompleks erməni faşizminin ifşasına da böyük töhfə verəcək: “Qətliamın törədilməsindən 34 il ötür. Hər il fevral ayının 26-da, ölkəmizdə və soydaşlarımızın məskunlaşdığı bir çox ölkələrdə, böyük hüznlə faciənin qurbanları yad edilir, ruhlarına dualar oxunur. Əfsuslar olsun ki, Xocalıda baş verənlərə dünya birliyi biganə yanaşdı. Azərbaycan hökuməti, paralel olaraq Heydər Əliyev Fondu tərəfindən, soyqırımının dünyada tanıdılması üçün sistemli siyasət aparıldı. Nəticədə, dünya Xocalıda baş verənlərdən məlumatlıdı. 10 dan artıq dövlət, ABŞ-nın bir çox ştatı tərəfindən tanındı. Gələcəkdə daha çox dövlətlər tərəfindən tanınacağına şübhə yoxdur. Bu gün əminliklə deyə bilərik ki, Xocalıda və digər bölgələrdə şəhid olmuş soydaşlarımızın ruhu şaddır. Torpaqlarımız tamamilə işğaldan azad olunub. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. Dövlət Başçısının açılışını etdiyi Soyqırım Memorial Kompleksi, faciə qurbanlarına olan ehtiramın zirvəsi hesab oluna bilər. Kompleks funksional olaraq, möhtəşəmliyi ilə seçilir və erməni faşizminin ifşası baxımından son dərəcə əhəmiyyətli abidədir”. Seymur ƏLİYEV  

Hamısını oxu