Ən son xəbərlər
Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib? Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub. Tədbirdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev xüsusi xidmət orqanlarımızın mövcud durumu ilə yanaşı, tarixi keçmişinə də nəzər salıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın inkişafı ilə bağlı gördüyü işlərə toxunan Xidmət rəisi, Ulu Öndərin həm də bu qurumun milliləşdirilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Əli Nağıyevin xatırlatdığı bu məqam Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən biridir və məhz bu addım ölkəmizi bir çox bəlalardan xilas edib. Azərbaycanın təhlükəsizik orqanlarında milli kadrların yüksəlişinə qoyulan “sirli maneə” Heydər Əliyev tərəfindən xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi xalqımızın gələcək inkişafı və təhlükəsizliyinə bilavasitə təsir göstərən mühüm hadisələrdən biridir. Ulu Öndər Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunduğu günə qədər, bu güc orqanında müxtəlif millətlərin nümayəndələri çalışır və adətən rəhbər vəzifələrə məhz onların təyinatı gerçəkləşirdi. Sovet rejiminin başında dayanan bəzi şəxslər, xüsusilə də Kremldəki erməni və ermənipərəst qüvvələr azərbaycanlıların bu qurumda yüksək vəzifə tutmasına imkan vermirdi. Nəticədə, azərbaycanlı kadrlar mühüm vəzifələrdən kənarda qalır, onların bəzisi bu ədalətsizliyə etiraz əlaməti olaraq xüsusi xidmət orqanlarını tərk edirdi. Nəticədə, vəziyyət milli kadrların sayı və onların proseslərə təsiri baxımından daha da ağırlaşırdı. 1967-ci il: Böyük dəyişikliklərin başlanğıcı və tarixi ədalətsizliyin sonu! Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni bir dönəm başlandı. Sovet sisteminin azərbaycanlı milli kadrlara qarşı qərəzli və ədalətsiz münasibətinə son qoyan Heydər Əliyev, həm mərkəzi aparatda, həm də yerlərdə mühüm vəzifələrə azərbaycanlıların təyinatını həyata keçirməyə başladı. O, şəxsi nüfuzundan və siyasi əlaqələrindən istifadə edərək sovet rəhbərliyini həyata keçirdiyi yeniliklərin zəruriliyinə inandırır, bunun daha məntiqli və ədalətli olduğunu diqqətə çatdırırdı. Heydər Əliyevin Dövlət Təhlükəszlik Komitəsində həyata keçirdiyi islahatlar qısa müddət sonra öz müsbət nəticəsini verməyə başladı. Azərbaycanlı gənclər arasında xüsusi xidmət orqanlarında çalışmağa maraq artdı. Bu qurum gənclərimizin çekist kimi yetişməsində, öz peşəkarlıqlarını yüksəltməsində mühüm rol oynadı. Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar edən Lider! Ümummilli lider Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların kariyera pilləsində sürətlə irəliləməsinə yardım etməklə, ölkəmizin müqəddəratı baxımından mühüm rol oynadı. O, Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar etməklə vətənə olan sədaqət və sevgisini bir kəs daha sübut etdi. Heydər Əliyevin dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alan milli kadrlar xalqımızın və dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həssas və qayğıkeş münasibəti ilə diqqət çəkir, Ulu Öndərin etimadını layiqincə doğruldurdu. Bu isə Heydər Əliyevdə iftixar hissi yaradır, onu qürurlandırırdı. Heydər Əliyev xüsusi xidmət orqanlarını milliləşdirməklə milli taleyimizi yad insanların vicdan və mərhəmət asılılığından xilas etdi. Bu gün general Əli Nağıyevin rəhbəri olduğu Azərbaycan DTX-sı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz yüksəlişinin zirvəsində qərar tutub. Və tarix sübut edir ki, bu yüksəlişə gedən yol məhz Heydər Əliyevən, onun xüsusi xidmət orqanlarımızda həyata keçirdiyi islahatlarla başlayıb. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 1 aprel 2026-cı il tarixində Binəqədi rayonunda rayon ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun ailə üzvlərini ziyarət və rayon ərazisində yerləşən parkdakı büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov iştirak edib. Tədbirə həmçinin hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də qatılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətov haqqında söhbət açaraq Birinci Qarabağ müharibəsi zamanı qəhrəman oğulların başlatdığı mübarizə yolunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində tarixi qələbə ilə nəticələndiyini qeyd edib. O, bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaq. Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası Salatın xanım şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Daha sonra Binəqədi rayon ərazisində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adını daşıyan parkda şəhidin büstü qarşısında qəhəmanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirib. Sevinc Süleymanova qeyd edib ki, şəhidlərimiz hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söyləyib ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun igid əsgər və zabitləri reallaşdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Bu, bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Natiq Vətən uğrunda canlarını qurban vermiş igidlərin ailələrinə dövlət tərəfindən gpstərilən diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırdı. Tədbir 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam edib. Vətənimizin ərazi bütövlüyünün bərpası, suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Hamısını oxuYeni üzvlərə vəsiqələr təqdim edilib, gələcək layihələr müzakirə olunub... 3 aprel 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı roluna toxunub, bu təşkilatın milli-mənəvi dəyərlərimizin təbliğindəki fəliyyətinə diqqət çəkib: “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər zaman öz aktivliyi, milli maraqlarımızın müdafiəsi, dövlət siyasətimizin təbliği, vətənpərvərlik tərbiyəsinin inkişafına yönəlik fəaliyyəti ilə diqqət çəkib, bu fəaliyyət xalqımz, cəmiyyətimiz tərəfindən təqdir olunub. Hörmətli Zərifə Quliyevanın rəhbərliyi altında fəaliyət göstərən bu təşkilat daim şəhid ailələrini, veteranları, həssas kateqoriyadan olan digər vətəndaşlarımızı diqqət mərkəzində saxlayır, onlara mütəmadi yardımlar edir, mənəvi dəstək nümayiş etdirir. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, həm də bir neçə kitabın müəllifidir. Hesab edirəm ki, Zərifə xanımın çoxşaxəli fəaliyyəti dövlət səviyyəsində təqdir edilməli, mükafatlandırılmalıdır. Mən “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni üzv qəbul edilən şəxsləri bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayıram. İnanıram ki, yeni üzv qəbul edilən şəxslər təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, dövlətimizin və Prezidentimizin hər bir çağırışına dərhal səs verəcək”. Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri təbrik edib, təşkilatın keçmiş fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib: “Mən təşkilatımıza yeni üzv seçilən hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Mənim üçün olduqca qürurvericidir ki, bu gün təşkilatımıza üzv olan şəxslər arasında şəhid ailələrinin üzvləri, qazilər də var. Hansı ki, bu gün biz sahib olduğumuz azadlığa, suverenliyə, təhlükəsizliyə görə onlara borcluyuq. Məhz onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni faşizmindən azad edilməsini təmin edib, bu müharibələrdə tarixi qəhrəmanlıqlara imza atıblar. Biz sonsuza kimi şəhidlərimizə və qazilərimizə borcluyuq və bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz daim bu insanları diqqət mərkəzində saxlamlı, onlara sevgimizi və minnətdarlığımız hər an hiss etdirməliyik. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib əməlləri bizim hər birimiz üçün örnək olmalıdır. Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin yürütdüyü siyasətin sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəklənməsi bugünə qədər olduğu kimi bundan sonra da fəaliyyətimizin əsasını təşkil etməlidir. Mən bir daha üzvlük vəsiqəsi alan hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”. Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinə üzv qəbul edilən şəxslərə təşkilatın vəsiqələri təqdim olunub, hədiyyələr verilib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Xatırladaq ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər il respublika miqyaslı böyük tədbirlər təşkil edir, layihələr həyata keçirir. Əsasən şəhid ailələri və qazilərlə bağlı olan vərənpərvərlik layihələrin cari ildə də davam etməsi nəzərdə tutulur. Seymur ƏLİYEV
Hamısını oxu
Aprel ayı... Təbiətin oyanışının, baharın nəfəsinin duyulduğu bu ay Azərbaycan tarixində qəhrəmanlığın, qürurun və milli iradənin rəmzinə çevrilmişdir. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Həmin günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2 aprel tarixindən 5 aprelədək dörd gün davam edən bu döyüşlər təkcə hərbi qarşıdurma deyil, həm də milli qürurun bərpası idi. Azərbaycan əsgəri sübut etdi ki, o, yalnız səbr etməyi deyil, lazım gəldikdə qətiyyətlə irəliləməyi də bacarır. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhəri üçün ciddi təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Eyni zamanda Füzuli rayonu istiqamətində yerləşən, geniş əraziyə nəzarət imkanı verən mühüm strateji mövqe – Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi və burada üçrəngli dövlət bayrağımız ucaldıldı. Döyüşlər zamanı düşmənə ağır zərbələr endirildi, yüzlərlə canlı qüvvə zərərsizləşdirildi, çoxlu sayda texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texniki üstünlüyü bir daha öz təsdiqini tapdı. Aprel döyüşlərinin nəticələri qısa müddətdə özünü yalnız hərbi sahədə deyil, sosial həyatda da göstərdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yeni həyat qazandı. Burada müasir yaşayış məntəqəsi salındı, illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıtdılar. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının qəti mövqeyini bir daha ortaya qoydu: ölkə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bu döyüşlərdən sonra Ermənistan ordusunda ciddi sarsıntılar baş verdi, hərbi-siyasi rəhbərlikdə dəyişikliklər edildi və bu məğlubiyyət onların daxili vəziyyətinə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bu qələbəni yüksək qiymətləndirərək bildirmişdir ki, bu döyüşlər dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı tarix qəhrəmanların igidliyi ilə yazıldı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovdur. 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Samid İmanov gənc yaşlarından hərbi peşəni seçmiş, 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və 2003-cü ildə oranı fərqlənmə ilə başa vurmuşdur. O, xidmət etdiyi illər ərzində yalnız peşəkar zabit kimi deyil, həm də liderlik keyfiyyətləri ilə seçilən bir komandir kimi formalaşmışdır. Samid İmanov müxtəlif beynəlxalq hərbi təlim və kurslarda iştirak etmişdir. Türkiyədə komando hazırlığı, paraşütlə sərbəst atlayış kursları, “Anadolu” təlimləri, Pakistanda “antiterror” kursları, İsveçrədə dağ təlimləri və digər ixtisasartırma proqramları onun hərbi bilik və bacarıqlarını daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən Samid İmanov qrup komandirindən başlayaraq hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. Xidməti dövründə 6 medalla təltif olunması onun yüksək xidmətinin göstəricisidir. O, 2014-cü ildə düşmənin təxribatının qarşısının alınması zamanı rəhbərlik etdiyi əməliyyat nəticəsində düşmənə ciddi itkilər verdirərək uğurla geri qayıtmışdı. 2016-cı ilin aprel döyüşləri isə onun həyatının son, lakin ən şərəfli səhifəsi oldu. Aprelin 3-dən 4-nə keçən gecə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, o, döyüş mövqeyini tərk etmədi. Əksinə, əsgərlərinin həyatını özündən üstün tutaraq yaralı döyüş yoldaşının xilas edilməsini əmr etdi. Komandir kimi son əmri də insanlıq və vətənpərvərlik nümunəsi idi. Əsgərləri təhlükəsiz əraziyə uzaqlaşdıqdan sonra o, tək qaldı. Aldığı ağır yaralar nəticəsində qan itirərək şəhid oldu. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalada Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdır. Bu döyüşlərdə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir tarix, bir qəhrəmanlıq dastanıdır. Onlar son nəfəsində belə “Vətən sağ olsun!” dedilər. Bu sözlər bir xalqın ruhunu, iradəsini və gələcəyə olan inamını ifadə edir. Aprel döyüşləri ilə yazılan tarix sonradan qazanılan Böyük Zəfərin müjdəçisi oldu. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, dövlətin tarixində və dalğalanan bayrağımızda əbədi yaşayır.
Hamısını oxu
Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi. Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi. Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur. Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi. Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı. Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi. Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir. Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi. Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi. Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı. Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir. Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxuVeteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları,şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 01 aprel 2026-cü il tarixində tədbir təşkil ediblər. Tədbir Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Təşkilatın akt zalında baş tutub. “Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyəti iştirak edib. Tədbiri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Tədbridən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Aprel döyüşlərinin şəhidləri və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış etmək üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı: “Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi –pisxoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü , xalqımızın birliyini, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zamana qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi”. Daha sonra Nəbi Hacıyev çıxış edib, Aprel döyüşləri ilə bağlı maraqlı faktlara diqqət çəkib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri İsrafilov Elcan Fazil oğlu və Yusubzadə Cəsur Ravi oğlu Gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında və milli - mənəvi dəyərlərimizin təbliğindəki fəal iştirakına görə Respublika Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olundular. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
30 mart 2026-cı il tarixində Cəlilabad rayon Veteranlar Təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə ilə bağlı mötəşəm tədbir keçirib. Tədbirdə şəhid ataları, Əmək və Müharibə veteranları, tanınmış ziyalılar iştirak ediblər. Anım tədbirindən öncə soyqırım qurbanlarının, həmçinin dövlətimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman 1918-ci ilin mart ayından başlayaraq xalqımıza qarşı törədilmiş soyqırım fəlakətindən danışıb və qeyd edib ki, Bakıda, Naxçıvanda, Lənkəranda və ayrı-ayrı bölgələrdə rus-erməni cəlladları tərəfindən 50 mindən çox soydaşımız qətlə yetirilib. 31 Mart Soyqırımı xalqımızın qan yaddaşıdır və biz bunu heç zaman unutmamalıyıq. ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid Məzahir Ağayevin atası Fazil Ağayev, istefada olan polis polkovniki Rəsul Bayramov, Heydər Ata mükafatı laureatı şair Gülbala Teymur, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Qarabağ qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, tanınmış şairlər İman Abdulla, Sakit Üçtəpəli, ictimai fəal Zaman Qarayev və başqaları çıxış edərək zaman-zaman xalqımızın başına gətirilmiş faciələrdən söz açıblar. Vurğulayıblar ki, xalqımıza qarşı edilmiş soyqırım hadisələrinə 1998- ci ildə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib və hər il Martın 31-də Soyqırım qurbanları ölkəmizdə böyük ehtiramla yad olunur. Sonda qeyd edilib ki, belə tədbirlərin müntəzəm keçirilməsi xalqımızın tarixinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayır.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov 31 Mart soyqırımı ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ziyarət əsnasında Kompleksin önünə gül dəstəsi qoyan Ruslan Bədirov, soyqırımı qurbanlarının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim yad ediləcəyini bildirib. Qeyd edək ki, 31 mart soyqırımı Bakı ilə yanaşı, Quba qəzasında da xüsusi amansızlıqla həyata keçirilib. Qubada baş verən soyqırımı aktı həm tarixi sənədlər, həm də 2007-ci ildə təsadüfən aşkar edilmiş kütləvi məzarlıqla öz təsdiqini tapıb. 1918-ci ilin aprel-may aylarında Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Rəsmi mənbələrə görə, təkcə Quba qəzasında 16 mindən çox dinc sakin qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində stadion tikintisi zamanı aşkar edilən kütləvi məzarlıq, erməni vəhşiliyinin dünyada analoqu az olan sübutlarından biridir. Qazıntı işləri zamanı minlərlə insana məxsus sümük qalıqları tapılıb. Tədqiqatlar göstərib ki, insanlar quyulara doldurularaq qeyri-insani şəkildə qətlə yetirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb. Bu gün 31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və Qubadakı bu məzarlıq həmin faciənin ən bariz şahidi kimi ziyarət olunur. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV
Hamısını oxu
1918-ci ilin mart günləri Azərbaycan tarixində ən faciəli və eyni zamanda ən yaddaşlardan silinməyən səhifələrdən biri kimi qalır. Mart soyqırımı zamanı xalqımız ağır sınaqlarla üzləşsə də, milli birlik və yaddaş sayəsində bu ağrılı tarix unudulmayıb, gələcək nəsillərə çatdırılıb. Mediatvaz.com-a açıqlamasında Cəlil Xəlilov bildirib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən hadisələrdə Stepan Şaumyan rəhbərliyi altında fəaliyyət göstərən erməni-bolşevik dəstələri tərəfindən Bakıda minlərlə günahsız insan qətlə yetirilib. Bu hadisələr təkcə insan itkisi ilə deyil, həm də milli-mədəni irsə vurulan ağır zərbə ilə yadda qalıb. Həmin günlərdə Təzəpir məscidi top atəşinə tutulub, şəhərin memarlıq incilərindən sayılan İsmailiyyə binası isə yandırılıb. Bu faktlar göstərir ki, məqsəd yalnız fiziki məhv deyil, həm də xalqın mənəvi dayaqlarını sarsıtmaq idi.Sovet hakimiyyəti illərində uzun müddət gizlədilən və təhrif olunan Mart soyqırımı həqiqətləri yalnız müstəqillik əldə edildikdən sonra geniş şəkildə araşdırılmağa başlanıb. Tarixi yaddaşın bərpası istiqamətində aparılan sistemli tədqiqatlar nəticəsində 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən faciələrin real miqyası və mahiyyəti üzə çıxarılıb. Müstəqillik dövründə arxiv sənədləri əsasında aparılan araşdırmalar, nəşr olunan kitablar və elmi əsərlər bu hadisələrin təkcə lokal qarşıdurma deyil, məqsədli və planlı qırğınlar olduğunu sübut edir. Tarixçilər və tədqiqatçılar tərəfindən üzə çıxarılan faktlar göstərir ki, həmin dövrdə minlərlə günahsız insanın qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və milli-mədəni abidələrin məhv edilməsi sistemli xarakter daşıyıb. Bu istiqamətdə dövlət səviyyəsində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və bu tarixə rəsmi-siyasi qiymət verilib. Bu qərar, illərlə susdurulan həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm rol oynayıb.Bu gün İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində 31 mart hadisələri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət başçısının çıxışlarında bu faciəyə daim xüsusi diqqət yetirilir, tarixi ədalətin bərpası və həqiqətlərin dünya miqyasında tanıdılması prioritet istiqamətlərdən biri kimi vurğulanır. 31 mart hadisələrinin unudulmaması, bu faciənin dərslərinin gələcək nəsillərə ötürülməsi milli kimliyin qorunması və tarixi ədalətin bərpası üçün vacibdir.Bir zamanlar gizlədilməyə çalışılan bu faciə artıq elmi faktlar və tarixi sənədlərlə təsdiqlənmiş həqiqət kimi dünya ictimaiyyətinə təqdim olunur və Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Bütün bu ağrılı hadisələrə baxmayaraq, Azərbaycan xalqı öz tarixini unutmadı, şəhidlərin xatirəsini yaşatdı və müstəqillik yolunda irəliləməyə davam etdi. Bu gün həmin hadisələrin ildönümü yalnız kədər deyil, həm də milli yaddaşın gücü, ədalətə inam və gələcəyə ümid kimi qiymətləndirilir. Mart hadisələri bizə tarixdən dərs çıxarmağı, milli həmrəyliyi qorumağı və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladır.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib. Xatırladaq ki, Xalq artisti Rasim Balayev“Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. Allah rəhmət eləsin.
Hamısını oxu