Ən son xəbərlər

Prezident İlham Əliyevin müxtəlif kateqoriyalar üzrə vətəndaşların sosial müavinətlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə böyük minnətdarlıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 2-də Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına münasibət bildirərkən deyib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Həmin addımlar cəmiyyət, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən də rəğbətlə qarşılanıb. Təşkilatın Rəyasət Heyəti bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir. “Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğı digər dövlətlərə nümunədir. Veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir. Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərdə təhsil alan kursantlar da dövlətimizin başçısının veteranlara qayğısını görürlər. Onlar bilirlər ki, Vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Həmin şəxslərin dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranları Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə mütəmadi görüşürlər. Müharibə veteranlarının arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər heç vaxt diqqətdən kənarda qalmırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir. Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Sərəncamda həmin kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən Prezident təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.
Hamısını oxu
“Aprel döyüşləri erməni ordusu ilə bağlı yaranan “mifi” alt-üst etdi. Sübut olundu ki, Azərbaycan ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib O bildirib ki, aprel döyüşlərindən öncə erməni tərəfindən yayılan yalan informasiyalar bu zəfərdən sonra bir daha aşkara çıxdı: “Həm dünya ölkələri, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan ordusu nə qədər güclüdür, silahların arxasında əzmlə dayanan əsgərlər və zabitlərimizin döyüşlə bağlı mənəvi, psixoloji hazırlığı yüksək səviyyədədir. Aprel döyüşlərində əldə olunan əsas qələbələrdən biri torpaqlarımızın müəyyən hissəsinin işğaldan azad edilməsi oldu. Bu baxımdan aprel döyüşləri bizim qürur mənbəyimizdir”. C.Xəlilov söyləyib ki, Böyük Aprel qələbəsi Azərbaycan tarixinə şərəfli tarix kimi daxil olub: “3-4 gün müddətində davam edən döyüşləri heç zaman unutmayacağıq. Azərbaycan ordusu bu gün də həmin döyüşlərə sadiqdir. Ordumuzun hazırkı döyüş hazırlığı, mənəvi-psixoloji durumu 3 il bundan öncəkindən də yüksəkdir”. Polkovnik vurğulayıb ki, döyüşlərdən çətin vəziyyətə düşən Ermənistan atəşkəsi bərpa etmək üçün bütün vasitələrə əl atdı: “Düşmən tərəfi qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll etməyə hazır olduqlarını ifadə etməklə, Azərbaycandan döyüşlərin dayandırılmasını xahiş etdi. Amma Ermənistan bundan sonra da sözünü tutmadı, danışıqları imitasiya etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışdı”. Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək səviyyəli diplomatiya nəticəsində bütün dünya ictimaiyyətinə məlum oldu ki, Ermənistan münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutur, problemin həlli istiqamətində heç bir beynəlxalq qanunu, tələbələri, qəbul olunan qətnamələri yerinə yetirmir: “Belə olan halda, Azərbaycan haqlı olaraq mübarizə aparmaq iqtidarına malikdir. Çünki, ölkəmiz heç kimə ərazi iddiaları irəli sürmür, əksinə öz torpaqlarını işğal altından azad etmək marağındadır. Ölkəmiz işğal altında olan torpaqlarında terrora, separatizmə, narkotik maddələrin becərilməsinə qarşı mübarizə aparır. Azərbaycan ərazi bütövlüyünün təmini nəticəsində ərazisində sülh yaranmasını istəyir, ermənilərin də ölkəmizin qanunlarına riayət etməklə başqa millətlər kimi Dağlıq Qarabağda yaşamaq haqqını istisna etmir”.
Hamısını oxu
“Milli maraqlarımız prezidentimiz ətrafında sıx birləşməyi, ona dəstək olmağı tələb edir” Bir müddət bundan öncə ölkə başçısının müxtəlif təbəqə və kateqoriyalardan olan vətəndaşların müavinətlərini artırması, onların mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandı. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə ölkə başçısının məlum sərəncamlarını şərh etməklə yanaşı, digər məqamlara da aydınlıq gətirməyə çalışdıq. -Cəlil müəllim, ölkə başçısı bəzi kateqoriyadan olan şəxslərin müavinətlərinin artırılması ilə bağlı sərəncam verib ki, bunlara müharibə əlil və veteranları da daxildir. Sizcə veteranların müavinətlərinin artırılması, onların sosial rifahının daha da yaxşılaşması ilə bağlı ölkə başçısının məlum qərarı bütövlükdə dövlətimizin sosialyönümlü siyasəti haqqında nə deyir? -Qeyd etdiyiniz kimi, ölkə başçısı Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobil təminatının həyata keçirilməsi, sosial müdafiəsinin gücləndirilməsi, aldıqları müavinətlərin artırılması və s. kimi məsələlər öz əksini tapıb. Təbii ki, bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Hansı ki, həmin addımlar cəmiyyət tərəfindən, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən rəğbətlə qarşılanıb.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından Azərbaycan Respublikasınn ali baş komandanına, ölkə başçısına təşəkkür məktubu ünvanladıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Veteranların təminatına dövlət başlıca məsələ kimi yanaşır, onların sosial rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Xatırladım ki, bu günə qədər müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya və protest mərkəzləri və s. inşa edilib. Bu müəssisələr müasir avadanlqılarla təmin edilib. Veteran və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Ölkə başçısının verdiyi son sərəncamlar da müharibə veteranı və əlillərinə olan qayğının təzahürüdür. -Bəzi müxalifət təmsilçiləri son aylar həyata keçirilən islahatları müxalif siyasi partiyaların həyata keçridiyi mitinqlərlə əlaqələndirir. Onlar iddia edir ki, guya bu mitinqlər vasitəsi ilə hökumətə “əzələ nümayişi” sərgilənib və buna görə də dövlət yeni islahatlar dalğasına start verib. Sizcə dövlət tərəfindən atılan fundamental addımları hansısa müxalifət qruplarının mitinqi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir? -Müxalifətin dövlət tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşması üçün atılan addımları hanssıa mitinqlərlə əlaqələndirməsi gülüncdür. Ölkə başçısı vətəndaşların sosial vəziyyətinin yaxşılaşması istiqamətində hər il ardıcıl addımlar atır, mühüm layihələr həyata keçirir. Onlar bu cür fikirlər səsləndirməklə cəmiyyətdə özlərinə hörmət yaratmağa çalışırlar. Insanları inandırmağa çalışırlar ki, guya onlar təzyiq hesabına bu dəyişikliklərə rəvac veriblər. Halbuki, bu yeniliklərin müxalifətlə hər hansı əlaqəsi yoxdur. Dövlətimizin sosial yönümlü çoxsaylı layihələri mövcuddur və bu yeniliklər də həmin layihələrin davamıdır. Təəssüflər olsun ki, bu gün bəzi müxalif dairələr ictimai rəydə çaşqınlıq yaradan fikirlər səsləndirir, intriqa və qarşıdurmalar yaratmaq istəyirlər. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağın azadlığı kimi mühüm məsələ dayanır. Hesab edirəm ki, Qarabağ boyda problemi olan bir ölkədə kimlərinsə intriqa və qarşıdurma yaratmasına yol vermək olmaz. Biz bütün vaxtımızı və enerjimizi bu problemin həllinə səfərbər etməli, ölkə başçısının bu yöndəki səylərinə dəstək verməliyik. Milli maraqlarımız bizdən məhz bunu tələb edir. -Cəlil müəllim, tez-tez xarici ölkələrə səfər edən bir şəxs kimi veteranlara göstərilən qayğı baxımından digər dövlətlərlə respublikamız arasında hansısa fərqlər görürsünüzmü? Azərbaycanda olduğu kimi başqa ölkələrdə də veteranlara bunca diqqət və qayğı göstərilirmi? -Sizcə açığını deyim ki, xarici ölkələrdə bizdəki qədər sosial layihələr mövcud deyil. Azərbaycanda bu, çox yüksək səviyyədədir. Veteranların pensiyasına diqqət edin. Bizdə veteranlar dövlətdən çox yüksək məvacib alır. Veteran ailələrinə dövlət tərəfindən ciddi yardımlar edilir. Digər dövlətlərdə veteranlara qayğı elə də yüksək deyil. Qonşu ölkələrə səfər edəndə və ya onlaırn təmsilçiləri Azərbaycana gələndə, ölkəmizdə veteranların aldğı məvacibi eşidəndə, bizə açıq-aşkar qibtə və həsədlə yanaşırlar. Onlar açıq şəkildə deyirlər ki, kaş bizdə də belə bir prezident olardı və bizim sosial rifahımızın qeydinə bu səviyyədə qalardı. Respublika Veteranlar Təşkilatında olan hər bir əcnəbi ölkələrin təmsilçiləri ölkəmizdə veteranlara yaradılan bu şəraitə heyranlıqla tamaşa edir. Mən fürsətdən istifadə edərək ölkə başçısına veteranlara yaratdığı bu şəraitə görə bir daha öz minnətdarlığımı bildirirəm. Onlar burada müxtəlif tədbirlər keçirmək, öz asudə vaxtlarını səmərəli dəyərləndirmək imkanı əldə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Bu gün bizim təşkilatda çalışan hüquqşünaslar son dövürdə qanunda edilən dəyişiklikləri, yeni qəbul edilən qanunları veteranlara çatdırır, hüquqi məsləhətlər verir, onların hüquqi problemlərinin həllinə yardımçı olurlar. Bütün bunlar veteranlara olan dövlət qayğısının bariz nümunəsidir. -Sizcə ölkə başçısının müharibə və əlillərə olan bu qayğısı gənc nəslin orduya olan marağının artmasına da təsir göstərəcəkmi? Dövləti öz vətəndaşının, veteran və əlilinin arxasında görməsi gənclərin vətənə qəlbən xidmətini stimullaşdıran amil hesab edilə bilərmi? -Təbii. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərimizdə təhsil alan kursantlar ölkə başçısının veteranlara göstərdiyi qayğını görür. Onlar görürlər ki, vətən üçün çalışan, vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən böyük qayğı var. Dövlət heç bir vətəndaşını diqqətsiz qoymur. Onun dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar isə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Ölkə başçısı, habelə I vitse-prezident Böyük Vətən Müharibəsi veteranları ilə mütəmadi şəkildə görüşürlər. Onlar müharibə veteranlarının arzu və istəklərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin anındaca həllini təmin edirlər. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər nə dövlət, nə də cəmiyyət tərəfindən diqqətdən kənarda qalmırlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının bu əməyini qiymətləndirməli, təqdir etməlidir. Ölkə başçısının əməyini görməmək, görülən işlərə qara yaxmaq olmaz. Biz görülən işləri qiymətləndirməli və öz işimiz, əməlimizlə ölkə başçısına dəstək verməli, onun ətrafında sıx birləşməklə yeni-yeni uğurların əldə edilməsinə öz töhfəmizi verməliyik. Ölkəmizin inkişafı, respublikamızın çiçəklənməsi, Qarabağımızın azadlığı baxımından da ən doğru yol məhz budur. Seymur ƏLİYEV
Hamısını oxu
Gələn il faşizm üzərində qələbənin 75 illiyi bəşəriyyət tərəfindən qeyd ediləcək. Bu tarixi olayla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin II Dünya Müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Nizami Cəfərov məlum təklifi dəstəklədiyini vurğuladı: “Şübhəsiz ki, Azərbaycanın faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin yada salınması, təbliği müsbət olar. Bununla bağlı muzeyin yaradılmasını da məqsədəuyğun hesab edirəm. II Dünya müharibəsi dünya tarixinin hadisəsidir. Azərbaycan bu hadisələrdə öz qəhrəman döyüşçüləri, nefti, iqtisadi potensialı və s. ilə iştirak edib. Mənim yadımdadır ki, bir vaxtlar Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi də qaldırılmışdı. Bunlar tariximizin bir hissəsidir. Hesab edirəm ki, bu məsələlərdə çox da təvazökar olmaq lazım deyil. Dünya müharibəsində hər bir xalqın iştirakçılıq səviyyəsi, ortaya qoyduğu mövqe dünya üçün də maraqlıdır. Odur ki, belə bir muzeyin yaradılması faydalı addım olar. 80-ci illərin sonu, 90-cıə illərin əvvəllərində bu müharibədə Azərbaycan xalqının iştirakı, göstərdiyi qəhrəmanlıq özümüz tərəfindən bir xeyli dərəcədə gözdən salındı. Amma ümummilli liderimizin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Heydər Əliyev bu müharibənin mahiyyətini, fəlsəfəsini bilən bir şəxs idi və buna görə də bu müsharibədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara lazımi diqqət göstərildi. Xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlqıların, fədakarlıqların təbliği günümüzün reallıqları baxımından da faydalı olar. ”. Seymur ƏLİYEV
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov II Dünya Müharibəsində Azərbaycanın iştiakçılığını, göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təşəbbüsü ilə çıxış edib. C.Xəlilov hesab edir ki, bu addım ölkəmizin bəşəriyyət qarşısındakı tarixi xidmətlərinin təbliğ edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlamasıdna bu təklifə münasibət bildirən II Dünya Müharibəsinin iştirakçısı, müharibə və əmək veteranı Fatma Səttarova təklifi dəstəklədiyini vurğulayıb: “Mən bu təklifi dəstəkləyir, belə bir muzeyin yaradılmasını zəruri hesab edirəm. Hesab edirəm ki, əslində belə bir muzey çoxdan yaradılmalı idi. Azərbaycan II Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində böyük töhfələr verib. Bu səbəbdən də ölkəmizdə belə bir muzeyin yaradılması arzuedilən olardı”. Seymur ƏLİYEV
Hamısını oxu
Martın 19-da Respublika Veteranlar Təşkilatının inzibati binasında "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi munasibəti ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənc nəslə çatdırlmasıdır. video Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov xüsusi xidmət orqanlarının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı taleyüklü fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlardan, prezident İlham Əliyevin milli təhlükəsizliyin hərtəfli təminatı sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlarının vətənpərvərliyini, əzmkarlığını, sayıqlığını yüksək qiymətləndirib. Bu sahədə Azərbaycanın dünyaya nümunə ola biləcəyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xüsusi xidmət orqanlarının Azərbaycan tarixindəki rolundan, Respublikamızda milli təhlükəsizliyin hər tərəfli təminatından, şəxsiyyətin, cəmiyyətin və dövlətin milli maraqlarının qorunmasından danışıb. C.Xəlilov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının formalaşdırılmasından və xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu sahədəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndər Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını hər zaman xatırlandığını bildirən Cəlil Xəlilov bu siyasətin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləib. C.Xəilov: “Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verilib. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı olub. Milli Təhlükəsizliyin hərtərəfli təminatı sahəsində Ulu Öndər fundamental işlər gördü. Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın”. Xüsusi xidmət orqanlarının bu günkü fəaliyyətinə nəzər salan natiq dövlətin təhlükəsizliyinin daxili və xarici sferalarda etibarlı təmin olunmasından danışıb. Cəlil Xəlilov dünya təcrübəsindən bəhrələnməklə müasir dövlətçiliyimizdə bu sahədə yüksək nailiyyətlərə imza atmış xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlığın qarşısının alınmasındakı fəaliyyətinə nəzər salıb. O, Ermənistanın düşmənçilik siyasətinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının daim hazır olduğunu qeyd edib. Cəlil Xəliov: “Dağlıq Qarabağ müharibəsində xüsusi orqan əməkdaşları fədakarlıqlar göstərmiş, əsl vətənpərvərlik, vətəndaşlıq nümayiş etdirmişdirlər. İnanırıq ki, bu gün gənclərimiz milli təhlükəsizliyimizin təminatı sahəsində əllərindən gələni edəcək, xüsusi xidmət orqanlarına hər cür dəstəyi və yardımı göstərəcəklər. Gənclər həyatlarını vətənə, millətə xidmətə həsr etmiş xüsusi xidmət orqanlarının əməkdaşlarından, veteranlardan örnək götürərək əsl vətənpərvər olacaqlar”. Çıxışında ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açan Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurdum”. Ş.Süleymanov Ümummilli Liderin sadəliyini və qayğıkeşliyini xüsusi vurğulayıb. O, həmçinin qeyd etdi ki, Ulu Öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də yetişməsinə çalışır, bütün sahələrlə maraqlanır, Azərbaycanın, xalqımızın inkişafı üçün əlindən gələni edirdi. O, Ümummilli Liderin apardığı əməliyyatların o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan olduğunu bildirdi. Digər çıxış edənlər təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirildiyini, Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilidiyi diqqətə çatdırıblar. Hər bir azərbaycanlının xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı olduqlarını ölkəmizin inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli olduqlarını vurğulayıblar. Tədbirin sonunda "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin bir qrup əməkdaşı Respublika Veteranları Təşkilatı tərəfindən yubiley medalı və fəxri fərmanla təltif ediliblər. Xatirə şəkli çəkdirib.
Hamısını oxu
Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bu günlərdə Novruz Bayramı münasibəti ilə imzalanan əfv sərəncamı 431 nəfərə şamil edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür. Təşkilatın sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bugünkü Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi. Respublika veteranları imzalanan əhf sərəncamını yüksək qiymətləndirir və inanır ki, əhv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər. Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.
Hamısını oxu
Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq. Kollektiv adından: Hörmətlə, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik T.Ağahüseynov
Hamısını oxu
Martın 14-də Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib. video Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb. C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları - Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”. Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar. Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Hamısını oxu
İbrahim Quliyev: “Bu təklifin reallaşması faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızın ruhuna ehtiram baxımından da arzuedilən olardı” Gələn il faşizm üzərində qələbənin 75 illiyi bütün dünyada qeyd ediləcək. Bu tarixi qələbədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin bu müharibədə iştirakçılığını, habelə göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. C.Xəlilovun fikrincə, belə bir muzeyin yaradılması Azərbvaycanın bütün bəşəriyyət qarşısındakı tarixi xidmətlərini əyani şəkildə nümayiş etdirməklə yanaşı, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi baxımından da mühüm rol oynaya bilər. Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev bu təklifi yüksək qiymətləndirdiyini vurğuladı: “Düşünürəm ki, bu, dəyərli və səmərəli təklifdir. 25 ildən artıqdır ki, bizim ərazimizin 20%-i işğal altındadır. 1 milyon 200 min nəfəlik qaçqını, məcburi köçkünü olan bir ölkədə vətənpərvərlik tərbiyəsi müstəvisində işin aparılması olduqca vacibdir. Belə bir muzeyin yaradılması vətənpərvərlik təbliğatı baxımından əyani vəsait kimi də mühüm əhəmiyyət kəsb edər. Bu, həm də II Dünya Müharibəsində, faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızın ruhlarına bir hörmət, bir ehtiram olardı. Bu səbəbdən də mən bunu çox dəyərli bir təklif hesab edirəm. Mən ümumiyyətlə Cəlil müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm. C.Xəlilov ictimai təşkilatlar içərisində hərbi vətənpərvərlik təbliğatı baxımından böyük işlər, mühüm layihələr həyata keçirən, bu sahədə xüsusilə fərqlənən bir insandır. O, tez-tez gənclər arasında, tələbələr arasında olur, onların arasında bu yöndə çox ciddi iş aparır. Cəlil müəllim ölkə başçısının hərbi vətənpərvərlik təbliğatı ilə bağlı siyasətini praktiki olaraq həyata keçirən dəyərli insanlarımızdandır. Mən ona bu şərəfli fəaliyyətində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
“Hər bir vətəndaş ordunun güclənməsi üçün əlindən gələni etməlidir” “Aprel döyüşləri sadəcə Ermənistana deyil, bütün dünyaya mesaj idi” Cəlil Xəlilov: "Əfsuslar olsun ki, İrəvan hələ də bu döyüşlərdən lazımi nəticə çıxarmayıb” Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə aprel döyüşlərinin önəmini, bu döyüşlərin tarixi əhəmiyyətini şərh etməyə çalışdıq. -Cəlil müəllim, bu il 2016-cı ilin aprel döyüşlərinin üçüncü ildönümü tamam olur. Peşəkar hərbçi kimi bu döyüşlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə bu döyüşlər Azərbaycan və Ermənistan ordularının güc nisbəti baxımından hansı həqiqətləri ortaya çıxardı? -Aprel döyüşlərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Erməni separatçıları uzun illər ərzində ordumuz haqqında mənfi fikir formalaşdırmağa cəhd ediblər. Ermənistan bəyan edirdi ki, Azərbaycan ordusu zəifdir, onun gücü yoxdur və s. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan güclü orduya, yüksək psixloji duruma və döyüş hazırlığına malikdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu hər an işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir. Aprel qələbəsinin digər baxımdan da mühüm nəticələri oldu. Bu, Azərbaycan ordusunun gücünü nümayiş etdirməklə yanaşı, xalqın orduya olan inamını da artırdı. Xalq bir daha əmin oldu ki, Azərbaycan ordusunda aparılan islahatlar, ordunun möhkəmləndirilməsi, güclənməsi istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir və bu işlər öz real səmərəsini verir. Bu gün aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərdə, Cocuq Mərcanlı kəndində Novruz bayramına hazırlıq gedir. İnsanlar yenidən Novruz sevincini öz doğma torpaqlarında böyük sevinc hissi ilə qeyd edirlər. Bütün bunlara görə biz Azərbaycan ordusuna minnətdar olmalıyıq. -Sizcə ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxardımı? Rəsmi İrəvanın addımlarında aprel döyüşlərinin "izini” müşahidə etmək mümkündürmü? -Əfsuslar olsun ki, ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxarmayıb. İrəvan problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, problemin həlli istiqamətində real addımlar atmaq istəmir. Həmişə əməli addım atmaq məqamı yetişəndə qeyri-konstruktiv mövqe nümayiş etdirir, əsassız iddialar səsləndirir. Bununla da danışıqlar prosesini pozmağa cəhd göstərirlər. Məhz Ermənistanın bu ikili siyasəti nəticəsində problemin həllinə nail ola bilməmişik. -Sizicə aprel döyüşlərindən beynəlxalq ictiamiyyət və beynəlxalq təşkilatların da çıxartmalı olduğu hansısa nəticə varmı? -Beynəlxaıq təşkilatlar da aprel döyüşlərindən nəticə çxıarmalıdır. Anlamalıdırllar ki, əgər Qarabağ problemi beynəlxalq hüquqi normativ aktrara uyğun olaraq həll edilməsə, o zaman Azərbaycan hərbi yola işğaldakı əraziləri azad etməyə məcbur olacaq. Problemin müharibə yolu ilə həlli ehtimalını ortadan qalıdırmaq üçün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə təzyiq göstərməlidir. -Cəlil müəllim, Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə qalması sizcə sadəcə Azərbaycan üşün narahatlıq kəsb edir, yoxa bu, həm də Qafqaz regionu və dolayısı ilə dünya üçün təhlükəlidir? -Bu münaqişə yalnız Azərbaycan üçün təhlükə deyil. Bu, həm də Qafqaz regionu üçün təhlükədir. Ermənistan işğal edilmiş ərazilərdə terroristlər hazırlayır. Narkotik plantasiyalar salırlar. Beynəlxalq axtarışa verilən dünya miqyaslı bir çox cinayətkar da bu ərazidə yerləşdirilir. Suriyadan, digər ölkələrdən müəyyən qüvvələr orda yerləşdirilir. Ermənilər işğaldakı ərazilərdə böyük vəhşiliklər törədib. Məscidləri, tarixi abidələri dağıdıb. Azərbaycan ordusu aprel döyüşləri ilə düşmənə mesaj verdi. Onları öz əsasız iddialarından, işğal siyasətindən əl çəkməyə çağırdı. Və onları başa saldı ki, bu siyasət onların özü üçün faciəvi sonluqla nəticələnəcək. -Sizcə dünya ictimaiyyəti, aparıcı dövlətlər ermənilərin işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar haqqında yetərincə məlumatlıdırmı? Dünya birliyi bu məsələdə yetərincə qətiyyət sərgiləyərsə, Ermənistan işğalçılıq siaysətindən imtina edə bilərmi? -Təbii ki, dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardılar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istiandə edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğladakı əraziləri tərk etsin. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan ordusu deyəcək. -Cəlil müəllim, son vaxtlar bəzi şəxslər xaricdə oturub Azərbaycan ordusu, Müdafiə Nazirliyi, onun müxtəlif strukturları haqqında böhtan xarakterli fikirlər səsləndirməkdədir. İddia edirlər ki, guya orduda rüşvətxorluq, intizamsızlıq mövcuddur, mənəvi-psixoloji durum qeyrei-qənaətbəxşdir və s. Sizcə Azərbaycan ordusunun bu şəkildə hədəf allınmasına səbəb nədir? -Bu fikirlər insanları çaşdıqmağa, xalqın orduya olan inamımı zəiflətməyə hesablanıb. Azərbaycan ordusu öz sözünü deyən ordudur. Azərbaycan ordusunun qapıları Azərbaycan ictimaiyyətinin üzünə açıqdır. Azərbaycan vətəndaşı ordu, ordudakı vəziyyət barədə hər an informasiya almaq imkanına malikdir. Tez-tez "açıq qapı”lar keçirirlər. Valideynlərlə əsgərlərin, komandirlərin görüşləri olur. Əgər hər hansı bir vətəndaş nədənsə narazıdırsa, nəyisə nöqsan hesab edirsə, bu nöqsanın aradan qaldırılmasını tələb edə bilər. Lakin ordudan xəbəri, məlumatı olmayan insanların ordunu müzakirə etməsi doğru deyil. Onlar düşməni sevindirən mənfi xarakterli, əsassız məlumatlar yaymaqla ordumuzun imicinə ziyan vururlar. Orduya, onun imicinə ziyan vurmaq olmaz. Ordumuzun döyüş hazırlığına, onun qələbə ruhuna sevinmək lazımdır. Onun güclənməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir. Bu düşmən dəyirmanına su tökməkdir. Əgər həqiqətən də orduda hər hansı nöqsan varsa, bu ordunun rəhbərliyi, komandanlığı mövcuddur və həmin şəxslər bu nöqsan barəsində ordunun rəhbərliyinə müraciət edə bilər. Bu məlumatları dəqiqləşdirmək əvəzinə bu informasiyaları ictimaiyyiləşdirmək yanlışdır. Seymur ƏLİYEV
Hamısını oxu