Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sabirabadlı veteranlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib

Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər.
Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.
Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb.
Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-04-08 00:00:00
4414 baxış

Digər xəbərlər

Şuşada "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

Veteran.gov.az xəbər verir ki, 28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi nümayəndələri, habelə şairləri iştirak ediblər. İlk öncə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi Fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Samir Abbasov hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan olunduğunu və bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A. Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib. Akif Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında rolunun mühim əhəmiyyət kəsb etdiyini qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib. Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında Türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Məcid 2023-cü ildən Türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar. Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat vermişdir. Daha sonra "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər. Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaqdır. Qonaqlar səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə nümayəndəliyində olmuş və keçirilən tədbir, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçiriləcək işlər, layihələrə dair fikir mübadiləsi aparmışlar.

Hamısını oxu
Paşayeva Heydər Əliyevin şəxsi rejissoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi, avanqardı ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yanvarın 31-də veteranlarla Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə keçirilən görüşdə səslənib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Bildirilib ki, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən inamla və müasir dövrün tələblərinə uyğun davam etdirilməsi öz bəhrələrini verib. Azərbaycan gənclərinin intellektual inkişafı, sosial, mədəni problemlərinin həlli ilə bağlı müxtəlif dövlət proqramları icra olunub. Bu gün ölkədə gənclərin qarşısında geniş imkanlar yaradan fondlar, şuralar, ictimai birliklər və sair təşkilatlar fəaliyyət göstərir. Sevindirici haldır ki, gənclər onlara göstərilən etimadı doğruldurlar. Gənclər bütün istiqamətlərdə fəaldırlar və gələcəkdə daha da fəal olmalıdırlar. Bu isə onların bilikli, geniş dünyagörüşlü, intellektual, vətənpərvər insanlar kimi yetişmələrindən asılıdır. Ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi budur. Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Ötən ilin aprel hadisələri Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə qaldırılacağına inamımızı daha da artırır. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Böyük Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən Fatma Səttarova, veteranlar və digərləri çıxış edərək Gənclər Günü münasibətilə gəncləri təbrik edib, belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra veteranlar adından Azərbaycan gənclərinə müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur. Onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfələrini verməyə hazır olmalıdırlar. Dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı bu məsələnin Azərbaycan xalqının milli maraqlarına uyğun həll ediləcəyinə veteranların böyük inamı var. Azərbaycan Ordusunun ruh yüksəkliyi, əsgər və zabitlərimizin vətənpərvərliyi, qələbə əzminə köklənməsi bizi ruhlandırır. Veteranlar da bütün qüvvəsi ilə bu yolda ordumuza hərtərəfli dəstək olmağa daima hazırdır. Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar.  Tədbir bədii hissə ilə davam edib.

Hamısını oxu
Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,   Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.   1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.   Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.   Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.   Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.   Hörmətli media nümayəndələri,   Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu