Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Bir Ömürlük Qəhrəmanlıq: Ruşan Məhərrəmovun İbrətamiz Həyat Yolu

Tarixi yaddaş qəhrəmanların həyat yolu ilə yaşayır. Müharibələr millətlərin ən çətin sınağıdır və bu sınaqdan keçənlər tarix boyu unudulmaz iz qoyurlar. Azərbaycan xalqı da Böyük Vətən Müharibəsində öz fədakarlığı, igidliyi və qətiyyəti ilə seçilmiş, minlərlə soydaşımız cəbhəyə yollanaraq ümumi qələbəyə töhfə vermişdir.

Bu qəhrəmanlardan biri də Ruşan Məhərrəmovdur. Onun həyatı və döyüş yolu təkcə şəxsi şücaətin deyil, eyni zamanda xalqımızın ümumi xidmətlərinin güzgüsüdür. 1922-ci ildə Beyləqanda doğulan Ruşan Məhərrəmov gənclik illərində arzu və ümidlərlə dolu idi. Lakin 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu bu arzuları yarımçıq qoydu. Minlərlə azərbaycanlı gənc kimi o da könüllü olaraq cəbhəyə yollandı. Müharibə zamanı Ruşan Məmmədov 416-cı Taqanroq diviziyasının 73-cü motoatıcı polkunda pulemyotçu olmuşdur. Mazdok və Taqanroq şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərlə yüzlərlə alman hərbçisi və texnikasını sıradan çıxarmışdır.

Sambel təpələri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 22 yanvar 1943-cü ildə ağır yaralandıqdan sonra yeddi gün düşmən səngərinə yaxın döyüş sahəsində qalmışdır. Nəticədə 21 yaşında ikən hər iki ayağını itirmişdir. 1943-44-cü illərdə Qroznı, Mahaçqala və Bakıdakı hərbi hospitallarda müalicə almışdır. Müalicəsi tamamlandıqdan sonra bir müddət hərbi əlillər evində qalmışdır. Yaralandıqdan doqquz il sonra 1950-ci ildə ata yurduna qayıtmışdır. Bu qayıdış həm də mənəvi iradənin, xalqın ruhunun qələbəsi idi. Ruşan Məhərrəmov Müharibədəki fəaliyyətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Bu medallara nümunə kimi 1-ci dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni və “Mı Pobedili” (“Biz Qalib Gəldik”) medalı xüsusi yer tutur. Ruşan Məhərrəmovun həyatı sübut edir ki, qəhrəmanlar unudulmur.

Onların adı tarixdə, əməlləri isə ürəklərdə yaşayır. Ruşan Məhərrəmov 2008-ci ildə 86 yaşında Beyləqanda vəfat etmişdir. Əsrin dahi siyasi liderlərindən biri olan Ümummilli lider Heydər Əliyev müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioriteti kimi saxlamışdır. Onun təşəbbüsü ilə müharibə iştirakçılarının sosial təminatı yaxşılaşdırılmış, onlara yüksək ehtiram göstərilmiş və gənc nəslin onları tanıması üçün müxtəlif təşəbbüslər həyata keçirilmişdir. Heydər Əliyev deyirdi:“Keçmişinə sahib çıxmayan xalqın gələcəyi olmaz.” Bu düşüncə ilə o, Azərbaycanın qəhrəman oğullarının xatirəsinin əbədi yaşadılmasına çalışırdı.

Ruşan Məhərrəmovun həyatı və qəhrəmanlığı bizə bir daha sübut edir ki, igidlər təkcə döyüş meydanında deyil, həm də həyatın çətinlikləri qarşısında sınanmaqla qəhrəman olurlar. O, həm ön cəbhədə, həm də müharibədən sonra göstərdiyi iradə ilə əsl xalq qəhrəmanına çevrildi. Bu gün biz onu və onun kimi minlərlə igidin adını hörmətlə anırıq. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq salnaməsi, o cümlədən xalqımızın müharibədəki ümumi xidmətləri Heydər Əliyevin diqqəti nəticəsində unudulmadı. Ruşan Məhərrəmovun adı sadəcə tarixdə deyil, hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır. Onu xatırlamaq isə bu gün keçmişə ehtiram, gələcəyə ümid deməkdir.

2025-04-29 15:04:42
4011 baxış

Digər xəbərlər

“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”

Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm” “Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib: “XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”. Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi: “Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi. Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb.   Veteran.gov.az xəbər verir ki, polkovnik Cəlil Xəlilov Beynəlxalq Millətlər İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Birliyi tərəfindən elm, vətənpərvərlik və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki uzunmüddətli xidmətlərinə görə “Долг и Честь” ordeni ilə təltif edilib.   Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.   

Hamısını oxu
Xalqın və Dövlətin Qüdrəti: Heydər Əliyevin İrsinin Dərin İzləri

Tarix səhnəsinə çıxan hər bir dahi şəxsiyyət, xalqının yaddaşında işıq saçan bir ulduza çevrilir. Elə ulduzlar var ki, onların nuru əsrlər keçsə də, yolumuzu aydınlatmağa davam edir. Azərbaycan tarixinin belə parlaq ulduzlarından biri də Ümummilli Lider Heydər Əliyevdir. O, təkcə müəyyən bir tarixi dövrün deyil, bütöv bir millətin və insanlığın yaddaşına həkk olunmuş böyük bir şəxsiyyətdir. Azərbaycan xalqı tarix boyu Cavanşir, Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəmanları ilə fəxr etmişdir. Onlar qəhrəmanlıqları, dövlətçilik ənənələrini qoruyub yaşatmaları ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Lakin XX əsr Azərbaycan xalqına elə bir lider bəxş etdi ki, o, yalnız müstəqil bir dövlət qurmaqla kifayətlənmədi, eyni zamanda milli ruhun və azadlıq ideyasının memarına çevrildi. Bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev zəmanəsini qabaqlayan, hadisələrin mahiyyətini dərindən dərk edən və zamanın çətin sınaqlarında sınmayan bir lider idi. O, yalnız Azərbaycanın deyil, beynəlxalq siyasi arenada da söz sahibi olan nadir simalardan biri idi. Onun böyüklüyü təkcə siyasi fəaliyyətində deyil, həm də xalqının ruhunu duymaq, ağrısını hiss etmək və arzularını gerçəkləşdirmək bacarığında özünü göstərirdi. Çünki o, xalqın içindən çıxmış və həmişə xalq üçün çalışan bir lider idi. Bəzən tarix bir millətə əsrlər boyu gözlədiyi lideri bəxş edir. Heydər Əliyev də məhz belə bir lider idi. O, böyük bir imperiyanın ən yüksək pillələrinə qalxmağı bacaran, lakin xalqından və vətənindən heç vaxt uzaqlaşmayan fədakar bir vətəndaş idi. Onun liderlik bacarığı, iti zəkası və unikal siyasi düşüncəsi dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunmuşdur. Heydər Əliyevin hər addımı, hər çıxışı düşünülmüş və zamanın tələblərini qabaqlayan qərarlarla müşayiət olunurdu. O, Azərbaycanın siyasətini formalaşdırdı, ona yeni məzmun verdi və dövlətin təməllərini möhkəmləndirdi. Müstəqil dövlət qurmaq, onu gücləndirmək və dünyaya tanıtmaq nadir liderlərə nəsib olan uğurdur. Heydər Əliyev bu uğura imza atanlardan biri oldu. Bu gün biz Heydər Əliyevin 102-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Onun qurduğu və müəyyənləşdirdiyi siyasi kurs əsasında daha böyük zəfərlərə imza atırıq. Lider odur ki, xalqını çətin anlarda xilas etsin. Heydər Əliyev də belə bir məqamda, dövlətçiliyimizin ciddi təhlükə altında olduğu bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıtdı. İlk növbədə daxili sabitliyi bərqərar etdi. Sabitlik olmadan inkişaf ola bilməzdi. Sabitliyin təminindən sonra dövlət idarəçiliyi sistemi quruldu, ordu formalaşdırıldı, beynəlxalq əlaqələr möhkəmləndirildi. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev az bir müddətdə ölkədə sabitlik yaratmış, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlara başlamış, iqtisadiyyatın dirçəlməsi və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası, transmilli enerji layihələrinin gerçəkləşdirilməsi, Qərbə inteqrasiya xəttinin müəyyən edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi onun uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi layihələr Heydər Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində reallaşmışdır. Heydər Əliyevin siyasi irsi yalnız idarəetmə institutları ilə məhdudlaşmırdı. Onun fəaliyyətində insan amili, vətəndaş cəmiyyəti, milli mənəvi dəyərlərin qorunması və inkişafı xüsusi yer tutmuşdur. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik modeli bu gün müasir Azərbaycanın uğurla inkişaf edən yolunun əsası kimi çıxış edir. Dövlətin əsas dayaqlarından biri olan ordu quruculuğu sahəsində Heydər Əliyevin xidmətləri həm tariximizdə, həm də xalqımızın yaddaşında xüsusi yer tutmuşdur. Onun "Güclü ordu – güclü dövlət" prinsipi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması və inkişafı hələ o dövrdə ölkənin gələcək zəfəri üçün təməl olmuşdur. 1994-cü ildə Bişkek protokolunun imzalanması Azərbaycan üçün müvəqqəti bir atəşkəsdən çox strateji bir addım idi. Heydər Əliyevin diplomatik cəsarəti ilə atılan bu addım həm dövrün gərgin şəraitində Azərbaycan üçün vaxt qazandırdı, həm də mübarizənin gələcəkdəki zəfərə doğru yönəlməsini təmin etdi. Bu, sadəcə siyasi deyil, həm də psixoloji baxımdan mühüm bir dönəmdi, çünki xalqın ümidini və inamını artırdı. Heydər Əliyevin "Biz mütləq Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya, Zəngilana, Qubadlıya qayıdacağıq" deməsi sadə bir arzu deyil, həm də Azərbaycanın gələcək zəfəri üçün atılmış mühüm bir strateji addımın mesajı idi. O, bu sözləri söyləyərkən sadəcə bir lider olaraq xalqını ruhlandırmaqla kifayətlənməyib, bu məqsədə çatmaq üçün konkret addımlar atmış və ölkəni həmin hədəfə doğru hazırlamışdı. Bu həm daxili, həm də beynəlxalq səviyyədə uzunmüddətli strateji planların bir hissəsi idi. Heydər Əliyevin təməlini qoyduğu bu planlar Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirildi. 2020-ci ildə Qarabağda əldə edilən qələbə Heydər Əliyevin strateji planlarının və inamının reallaşmasının təntənəsi idi. Bu qələbə yalnız torpaqların geri qaytarılması demək deyil, həm də bu hadisə Azərbaycanın milli qürurunun, əzminin və dövlətin gücünün simvolu oldu. Bu Ulu Öndərin Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin davam etdirərək inkişaf etdirdiyi uzunmüddətli dövlətçilik irsinin nəticəsi idi. Heydər Əliyevin uzaqgörənliyi, onun dövlətə, xalqına və torpaqlarına olan sarsılmaz sevgisi, həm də bu Zəfərin mümkün olmasında ən böyük amil oldu. Bu bir xalqın mübarizəsinin və liderin inamının tarixə düşən hekayəsidir. Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə uğurlu inkişaf davam etdirilir. Ali Baş Komandan İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə güclü lider kimi tanınır. O, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunu uğurla davam etdirərək Azərbaycanın milli maraqlarını qorumaq və müdafiə etmək istiqamətində mühüm və tarixi addımlar atmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxili inkişaf, həm də xarici siyasət sahəsində əhəmiyyətli uğurlara imza atmışdır. Onun Ali Baş Komandan olaraq rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri ölkənin güclü müdafiə potensialını təmin etmiş, hərbi və siyasi planlar düzgün və strateji baxımdan uğurla həyata keçirilmişdir. Xüsusilə 2020-ci il İkinci Qarabağ Müharibəsi onun liderlik bacarığının və Azərbaycanın ordu quruculuğundakı uğurlarının ən böyük təntənəsi oldu. Bu Zəfər həmçinin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirdi və ölkənin beynəlxalq siyasətini təzələyərək onu yeni bir mərhələyə daşıdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi inkişaf sürətlənmiş, sosial xidmətlər genişlənmiş, təhsil və səhiyyə sahələrində islahatlar həyata keçirilmişdir. Dövlət başçısı xalqının mənafeyini hər zaman özünün ən önəmli prioriteti olaraq müəyyən etmişdir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmağa başlamışdır. O, ölkənin strateji maraqlarını qorumaq məqsədilə uğurlu diplomatik addımlar atmış, həmçinin Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün güclü beynəlxalq əməkdaşlıq və ittifaqlar qurmuşdur. Xüsusilə enerji siyasətində əldə olunan uğurlar neft və qaz sahəsində həyata keçirilən iri həcmli investisiya layihələri Prezident İlham Əliyevin iqtisadi inkişaf istiqamətindəki strateji baxışının bariz nümunəsidir. Onun liderliyi altında Azərbaycan regionun ən güclü dövlətlərindən biri olmuşdur. Bu gün Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycan inkişaf edir, sabitlik və təhlükəsizlik möhkəmlənir və ölkəmiz dünya birliyində güclü və nüfuzlu dövlət kimi tanınır. Heydər Əliyev yalnız tarixdə deyil, xalqın qəlbində də əbədi yaşayacaqdır. Onun ideyaları, siyasi uzaqgörənliyi və dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün əsl örnəkdir və milli dövlətçilik ənənələrinin bünövrəsinə çevrilmişdir. Bu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan daha parlaq gələcəyə doğru inamla irəliləyir.                             Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..

Bakı, 25 oktyabr, AZƏRTAC Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.   Prezident İlham Əliyevin çıxışı -Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir. Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm. Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına! Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil. Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Hamısını oxu